Şopenhauer ölümə gedir
(Qısametrajlı
bədii filmin ədəbi ssenarisi)
Murad – 35–40 yaşlarında
Zeynəb – 25–30 yaşlarında
Elçin – 8 yaşında
Və başqa epizodik obrazlar...
Hadisələr Bakıda cərəyan edir.
1. Epizod.
Axşam.
Şəhərin işıqlı küçələrinin birində avtobus hərəkət edir. Yağış yağır. Avtobusda bir neçə adam oturub. Radioda həzin mahnı oxunur. Zeynəb küçəyə baxıb düşünür. Köks ötürür. Yorğundur, başını şüşəyə söykəyib yuxulayır.
2. Epizod. Axşam. Həmin Avtobus. Həmin vaxt. Arxa oturacaqda Murad oturub. Fağır, sakit görkəmi var. Saqqallıdır, səliqəsiz geyimdədir. Zeynəbə göz qoyur.
3. Epizod. Zeynəb birdən diksinib gözlərini açır. Nədənsə narahatdır, həyəcandan sinəsi qalxıb-enir. Telefonunu çantasından çıxarıb uşaq şəklinə baxır, gülümsəyir. Şəkli öpür.
Zeynəb: (Pıçıltı ilə) Ana sənə qurban olsun...
Dodaqları titrəyir. Gözləri dolur.
4. Epizod.
Avtobus dayanacaqda saxlayır. Zeynəb düşür. Onun
arxasınca da Murad düşür. Qız bir az
uzaqlaşandan sonra onun arxasınca addımlayır. Qaranlıq, tör-töküntülü məhəllə.
Zeynəb addımlayır.
Zeynəb: (Daxili səs) Yenə həmin
yol, həmin küçə. Bir də həmin ev... Ev də yox e, tabut. Qəbir yeri. Ancaq uzanıb ölə
bilərsən. Arvad da qapını kəsdirəcək
ki, puldan nə xəbər?
Hələ vermirsən? Offf...
Birmərtəbəli evin həyət qapısını
açıb içəri girir. Bağlayıb
qapının arxasından üzü küçəyə tərəf
öz-özünə gülümsəyir.
Epizod 5. Bir həftə əvvəl.
Axşam. Avtobus. Murad avtobusda Zeynəbin əvvəlki epizodda
oturduğu yerdə oturub. Yenə
saqqallı, üst-başı nimdaşdır. Fikirlidir. Hərdən
yuxulayır, sonra gözünü açıb küçəyə
boylanır.
Epizod 6. Zeynəb avtobusun arxa oturacağında, Muradın əvvəlki
epizodda oturduğu yerdə oturub. Murada göz qoyur, hərdən
nə isə düşünüb öz-özünə
gülümsəyir.
Epizod 7. Avtobus dayanacaqda
saxlayır. Murad düşəndə
sellofan torbası yaddan çıxıb oturacağın
üstündə qalır. Zeynəb də
onun arxası ilə düşür, əl atıb torbanı
götürür. Murad məhəllədən
keçib gedəndə qız onu izləyir.
Murad:
(Daxili səs) Görəsən, indi neynir? Hardadır?
Ki.. ki...minlləə-diirr?
Bəlkə axtarıb tapım? Bəlkə peşman olub, qayıtmağa üzü
gəlmir? Yox, səni istəməyən
adamdan uzaq ol. Uzaq ol, uzaq... Uzaq ol səni istəməyən
adamdan...
Murad bir qapıya yaxınlaşır, qapını
açıb içəri girir. Bir az sonra Zeynəb
həmin qapıya yaxınlaşır. Torbanı qapıdan
içəri qoymazdan əvvəl açıb baxır, Artur
Şopenhauerin “Dünya: iradə və təsəvvür kimi”
kitabını görür. Torbada yemək
qabı, çörək tikəsi, iri pomidor olur. Zeynəb pomidoru götürür, torbanı
qapıya qoyub həyətdən sakitcə çıxır.
Küçədə pomidoru dişinə
çəkib yeməyə başlayır, sonra
uzaqlaşır.
Epizod 8. Flaşbeklər.
Murad gecə yarısı Zeynəbin
qaldığı evin həyət qapısına
yaxınlaşır, qapını açıb içəri
girir. Cibindən
çıxardığı zərfi evin qapısının
altından içəri atır. Zeynəb
səhər yuxudan durub zərfi görür, açıb
baxır. 100 manat pul və gül ləçəyidir.
Ləçəyin üstündə qələmlə
smaylik (J) qoyulub.
Murad
ayaqqabısını geyəndə hiss edir ki,
ayaqqabının içində nə isə var.
Ayaqqabının içini yoxlayır. Əlinə
kağız keçir. Kağızda yazılıb: “Hər
şey üçün çox sağ ol.
Mənim maraqsız keçən günlərimə rəng
qatdığın üçün çox sağ
ol. İstəmirəm bir-birimizi yaxından
tanıyaq. İstəmirəm sənə
dərd gətirim. Ən yaxşısı
elə uzaqdan-uzağa tanışlıqdır. Oyuna
davam... J”
Epizod 9. Günorta. Murad metrodan çıxıb yolu keçir,
binanın altındakı “Ləzzət” kafesinə girir.
İçəri girən kimi Zeynəblə
rastlaşır. Göz-gözə gəlirlər.
Zeynəbin üzündə
çaşqınlıq var, həyəcanlanır. Əlindəki iki pivə bardağını
müştərinin qabağına qoyub qayıdır. Murad keçib oturur, salfet kağızına “Pivə”
yazıb stolun üstünə qoyur. Zeynəb
ona yaxınlaşır, salfeti oxuyub pivə gətirməyə
gedir. Qayıdanda əlində pivə
bardağı, başı gicəllənir, əlini stola atsa
da, özünü saxlaya bilməyib yıxılır. Bardaq çiliklənir, pivə dağılır.
Murad qaçıb onun yerdən qaldırmağa
çalışır. Ətrafdakılardan
biri kimsə su gətirir, qızın əl-üzünə
vurur.
Müştərilərdən
biri: İndi təcili yardım çağıraram...
Murad:
Özüm aparacam onu. Narahat olmayın. Bizim qonşudur.
Zeynəbi qucağına götürür, kafedən
çıxır. Hava dəyir, Zeynəb bir az
özünə gəlir. Murad taksiyə əl
edir, minirlər.
Murad: Xəstəxanaya
gedək. Bu yaxındakına.
Zeynəb:
Yox... Lazım deyil.
Murad: Səni
həkimə göstərmək lazımdır.
Zeynəb:
Narahat olma, keçib getdi. Məndə hərdən
belə şeylər olur.
Maşın Muradın qaldığı evin
qabağında saxlayır. Düşürlər.
Muradın otağına keçirlər.
Yuxarı başda böyük hərflərlə
yazılıb: ”Qadına tüpür”.
Divarlarda bu sözlər:”Qadının Tanrının xətasıdır”.
“Qadın saçı uzun, ağlı qısa
varlıqdır”. “Qadının yanına
gedəndə şallağı unutma”. Zeynəb
içəri girən kimi bu cümlələrin
qarşısında uzun müddət dayanır.
Murad: Mən
mağazaya dəyib gəlirəm. Nə istəyirsə
alım?
- Siqaret.
- Siqaret?
- Hə.
İstəsən, bir dənə də çaxır al.
Murad tutulsa da, çalışır, biruzə verməsin. Qapıdan
çıxır. Zeynəb Muradın kitab
şkafına baxır, kitabları vərəqləyir, divarda
qadın haqqında yazılan nifrətlə dolu cümlələri
oxuyur. Murad əlində torba qayıdıb
gəlir. Çörəyi, kolbasanı, siqareti, meyvəni,
çaxırı və s. stolun üstünə
düzür.
Murad: İndi özünü necə
hiss edirsən?
-
Yaxşıyam. Heç əvvəl də pis
deyildim. Amma səni qorxutdum.
- Deyəsən,
kafedə özündən xəbərin olmadı. Bir az keçsəydi, öləcəkdin.
- Mən
yerə yıxıldım, sən də inandın?
- Necə
yəni inandın?
- Fikir
vermə, özüm qəsdən elədim. Oğraş
uşağı, adamla nökər kimi davranırlar. (Səsini
qaldırır) Günə on manat pul verirlər, hələ
istəyirlər... Nə isə. (Siqaret yandırır). Gördüm
gəlmisən, istədim fürsətdən istifadə edim.
Heç olmasa, iki gün işdən canım
qurtarsın.
- Həə.. Belə de.
- İncimədin məndən?
- -Yoo-x, yox, niyə inciyim ki?
-
Düzdür, yazmışdım ki, istəmirəm bir-birimizi
yaxından tanıyaq. Onda daha maraqlı
olardı də. Amma... nə bilim. Həm
də yazdığım kimi: sənə dərd gətirmək
istəmirdim.
- Gəl
belə danışaq, bizim bir-birimizə sözümüz deyəsən
çoxdur, ona görə oturub nə isə yeyək,
çaxır içək, görək, başımıza nə
gəlir (Gülür).
- Mən
deyirəm sənə dərd gətirmək istəmirdim, sən
gülürsən.
Zeynəb əlindəki
kitabı şkafa atır, səsini qaldırır. Murad qorxaq nəzərlərlə ona baxır, susur.
- Qədim
buddistlər deyirdilər ki, dünya əzablarla doludur. Doğulmaq əzab, qocalıq əzab, xəstəlik
və ölüm əzab, sevdiyin insandan ayrılmaq əzab.
Elə Şopernhauer də bunu deyirdi. Dünya əzab və mənasız boşluqdan
başqa bir şey deyil. Bütün bunlara
isə arzuları öldürməklə qalib gəlmək
olar.
Zeynəb lağ-lağı mənasında
qaşlarını qaldırır, başını tərpədir.
- Yoldaş filosof...
- Yox,
filosof deyiləm, amma deyəsən, həyat məni filosof etmək
istəyir. Sadəcə, fəlsəfə ilə
maraqlanıram. Bax, orda mənim
kitablarım var. Hamısını özümüz çap
etmişik. Hər gün mətbəədə
beş-altı kitab çap edirik, mağazalara
paylanılır, insanlar oxuyur, öyrənir.
- Soruşmaq ayıb olmasın, sənin
kitablardan öyrəndiyin ancaq bu olub? (Otağın
başındakı “Qadına tüpür” şüarına
işarə edir).
- Onun əhvalatı
başqadır. Dedim axı, bizim bir-birimizə deyəcəklərimiz
çoxdur.
- İndi mən də “Kişiyə tüpür”
yazıb divara vurmaq istəsəm, bunun üçün
çox oxumalıyam?
- İstehzanı başa düşürəm.
Murad stolu düzəldir,
çaxır süzür.
- Götür, sənin
sağlığına.
- Sağ
ol.
İçirlər.
- Mən hər gün evə bilirsən
necə gedirəm? Elə bil, tabuta girəcəm.
Özümü söyə-söyə gedirəm.
- Narahat
olma, biz ikimiz də bir-birimizin tayıyıq. (Gülürlər).
Zeynəb:
Səsimi qaldırmağımdan incimə. Bağışla
sən Allah. Özümdən asılı
deyil. Hamısı əsəbdəndir.
-
Darıxma, müalicə alarsan, keçib gedər. İndi de görüm, biz necə oldu rastlaşdıq.
Zeynəb:
Görürdüm ki, hər gün mənimlə eyni vaxtda,
eyni avtobusa bir oğlan minir. Pinti, amma
üz-gözündə qəribə sakitlik, rahatlıq olan
birisi.
- Aha,
maraqlıdır...
- Məni
də elə qəribə sakitlik özünə çəkdi.
Daha doğrusu doğmalaşdırdı.
- Sən
emosional adamsan. Görünür, mənim
sakitliyimlə sənin çılğınlığın
bir-birini tamamlayır, ona görə sən özün də
hiss etmədən öz
yarımçıqlığını mənimlə
bütöv etmək istəmisən. Bir-birini
ən çox ovsunlayanlar bir-birini ən çox
tamamlayanlardır.
- Heyf ki mənim
savadım bunu izah etməyə imkan vermir. (Gülürlər).
Mən ancaq hiss etdiklərimi deyə bilirəm.
- Bu da
bizim tam olmağımızın şərəfinə. (İçirlər).
Zeynəb qutudan siqaret
çıxarıb yandırmaq istəyir.
Murad: Hələ yandırma.
- Çəkmək
istəyirəm.
- Bunu
xahiş kimi qəbul et. Siqaret
çəkməyini istəmirəm. Əgər
çətindirsə, başa düşürəm. Onda heç olmasa mənim yanımda çəkmə.
İstəmirəm sənin əlində siqaret
görüm.
Zeynəb tutulur, amma heç nə
demir. Siqareti qutusuna qoyur.
-
Çalışaram.
- Başa
düşüdüyünə görə sağ ol. Hə,
söhbətimiz yarımçıq qalmışdı, davam et. Bir-birimizi
tanımağımızdan danışırdıq.
- Hə. Hər dəfə rastlaşanda
çalışırdım ki, səndən arxada oturum, sənə
fikir verim. Sonra bir dəfə hardansa ağlıma gəldi ki, sənin
ardınca düşüm, yaşadığın yeri öyrənim.
Murad heyrətlə baxır.
-
Sumkanı qapıdan içəri sən qoymuşdun?
- Hə.
İçində Şopenhauerin kitabı və pomidor var idi.
- Həə,
var idi.
-
Kitabı qoydum yerinə, pomidoru yedim.
- Aha...
aydındır. (Yavaşdan öz-özünə) Pomidor qadının özü-özünü yeməsinə
işarədir.
- Nəyə
işarədir?
-
Heç, fikir vermə.
- Yox-yox,
maraqlıdır, dedin nəyə işarədir?
-
Pomidor... bilirsən, necə... deyim... pomidor vaginanın
simvoludur. Yəni bir qadın küçədə diri pomidor
yeyirsə, deməli, təkdir, həyatında heç kim yoxdur, özü-özünü yeyir. Bu
Freydin psixoanaliz nəzəriyyəsində...
-
Bağışla, onda kişi də... xiyar yeyirsə,...
- Həə-hə,
yoo..x-yox, bilirsən...
Zeynəb gülür.
Zeynəb: Nə isə. Ondan sonra da sən məni izləməyə
başladın.
- Hə,
təəssüf ki, yaxınlaşmağa cəsarətim
çatmadı. Ancaq onu bacardım ki, gecə gəlib
qapının altından evə zərf atım.
- Sən
hardan bildin ki, mənim pula ehtiyacım var, evin pulunu verə
bilmirəm?
- Bunu bilməyə
nə var? Tək yaşayan bütün
qadınların pula ehtiyacı olur. Nə
isə, içək.
İçirlər.
Murad: Sən özün haqqında
danışmadın.
- Bəlkə
birinci sən danışsan?
- Olar. Amma nə danışım? Mən
bədbəxtin biriyəm. Bir kişini ki
arvadı atıb gedə, ondan nə gözləyirsən?
- Necə
yəni atıb gedə?
-
Çox sadə. Günlərin birində deyir
ki, başqasını sevir və ona qoşulub gedir. Həmin vaxt nələr çəkdiyimi sənə
başa sala bilmərəm. (Kövrəlir).
Zeynəb Muradın əlindən
tutur, oxşayır.
- Başa düşürəm.
Amma... Amma bilirsən bu dünyada sənə
ehtiyacı olan nə qədər qadın var?
- Mənim
heç kimə ehtiyacım yoxdur. Bədbəxtlikdən
hələ də gözləyirəm ki, o nə vaxtsa
qayıdacaq.
-
Çox nahaq... Gedibsə,
deməli, belə də olmalı idi. Amma
niyə getdi?
- Deyirdi,
fərqli adamlarıq, vaxtında səhv etmişik. Mən onun üçün hər şeydən
keçməyə hazır idim. Başa
düşürsən? Hər şeydən.
Pis odur ki, o məni yazığı gəldiyi
üçün sevib. Yox, sevib yox, özünü
elə göstərib. Əslində isə
məni heç vaxt ürəyinə yaxın buraxmayıb.
Bir tərəfdən də uşaq olmadı.
Mənim üçün çətin oldu,
çox çətin. Bunu sənə
başa sala bilmərəm. Ondan sonra
bütün qadınlara nifrət edirəm. Hamısına.
- İndi başa düşdüm ki, “Qadına
tüpür” nə deməkmiş.
- Bilirsən,
əslində qadın namərd məxluqdır. Yarımçıqdır. Yəqin
ki, sözlərimdən inciməzsən. Qadının
əzabını çəkib, axırda axmaq vəziyyətə
düşən tək mən deyiləm. Məsələn...
Yenə deyəcəksən filosofluq edir. Elə götürək Şopenhaueri. Onun qadına nifrəti lap uşaqlıqdan
başlamışdı. Səni yormuram?
- Yox, yox,
danış.
-
Götür, bunu da içək.
- İçək Şopenhauerin sağlığına.
Murad tənəli nəzərlərlə
ona baxır.
Zeynəb: Yaxşı, incimə.
(Onun əlini tutur, oxşayır) Zarafat edirəm
də. İstəyirəm, ortalığa bir az yüngüllük gəlsin, fikrin
dağılsın. Amma elə bilmə ki, mən lap
savadsızam ha. Sənin kimi universitet bitirməsəm də, məktəb
vaxtı o qədər kitablar oxumuşam ki... Nə
isə. İcazə versən, sənə
Şopenhauer deyim.
Murad qeyri-ixtiyarı
gülür.
- Şərəfə, Şopenhauer.
- Şərəfə.
İçirlər.
Zeynəb:
Hə, danış da, yarımçıq qaldı.
- Həə...
Şopenhauer lap balaca olanda anası onu atıb.
Deyilənə görə bir diplomata qoşulub
qaçıb. Sonralar peşman olsa da,
Şopenhauer bu qadının məktublarına cavab verməyib.
Nəinki cavab verməyib, anasına o qədər
nifrət edirmiş ki, ölənə qədər onu lənətlə
xatırlayıb. İkinci dəfə isə
qadın ona daha böyük bədbəxtlik gətirir. Məsələ belə olur ki, bir nəfər
Şopenhauerin bacarığını qiymətləndirir və
onu təqdimat məktubu ilə şair Bayronun yanına
göndərir. Bayron... Ohooo... Əjdaha.
Bayron öz nüfuzundan istifadə edib gənc
Şopenhaueri ingilis cəmiyyətində bəzi dairələrə
təqdim etməliymiş. Şairlə
görüşməyə gedəndə nişanlısı
da Şopenhauerin yanında olub. Deməli, hər ikisi
Bayronun mülkü qarşısında dayanıb onu gözləyirmişlər,
bir də görüblər, ağ atın
üstündə gəlir. Və bu yerdə
Şopenhauerin nişanlısı özünü saxlaya bilməyib
deyir ki, Bayron, İlahi, Bayron. Şopenhauer
bilirdi ki, qadın naqis məxluqdur. Ona
görə məktubu elə həmin vaxt cırır,
Almaniyaya qayıdır. Sonra ömürlük
ayrılırlar. Bax, belə... (Ah çəkir).
Qadın xəyanəti dəhşətdir.
Süküt. Bir-birinə baxırlar. Musiqi. Murad köks
ötürür.
Murad:
Bağışla, səni yordum.
Zeynəb fikirli-fikirli gülümsəyir.
Zeynəb:
Eybi yox, bir az da mən səni yoraram, olar əvəz-əvəz.
Gülümsəyirlər.
Zeynəb:
Səncə, hansı daha bədbəxtdir: tək qadın,
yoxsa tək kişi?
- Yəni
səni də... yəni səni də atıb gediblər?
- Kişi
hardansa başlaya bilər, qadın isə... deyəsən,
qadının bədbəxtliyi çox uzun çəkir hə?
- Hə...Bəlkə də. Qadın
üçün daha çətindir.
- O
qadın həm də anadırsa, onda necə.
- Bu daha
pis. Uşaq var?
- Hə...
mənim oğlum var. Bilirsən
hardadır?
-...
- Uşaq
evində. Mən onu öz yanımda saxlaya bilmirəm.
-
Çıxararıq ordan. Qalar sənin
yanıda. Mən nə bacarıramsa,
kömək edərəm.
- Amma ona
köməyi sən yox, atası etməliydi. Atası da ki...
-
Hardadır?
- Həbsxanada...
Bacısını şəhərdə bir
oğlanla tutmuşdu. Tutmuşdu deyəndə
ki, elə belə, şəhərdə, əl-ələ gəzirmişlər.
Oğlanı bıçaqlayıb
öldürdü.
-
Vay-vay...
- (İstehza ilə) Qeyrəti yol verməyib də. Qeyrətli
çıxıb. (Gözü dolur) İndi
mən bir uşaqla küçələrdə
qalmışam.
-
Neçə il iş veriblər?
- On
üç il idi, üç il keçəndən
sonra qardaşları pul verib bir az azaltdılar. Bizdən
də xəbərləri yoxdur ki, necə yaşayırıq,
nə yeyib-içirik.
- Nə
vaxt çıxacaq?
- Hadisə
2009-ci ildə olub. Uşaq təzə
doğulmuşdu. Deyəsən, üç il azaldıblar. Çıxmağına hələ
üç il var.
- Harda
yatır?
- Şəmkirdə.
-
Yanına gedibsən?
- Əvvəllər bir-iki dəfə getdim, sonra
tüpürdüm. Bağışla məni, üzümə
deyirdi ki, axşam... kimə veribsən? Mən
ona yemək, paltar aparırdım, o məni hamının
içində belə alçaldırdı. Onsuz da o alçağı əvvəldən istəmirdim,
evdən məcbur elədilər. Hələ
tutulmamışdan əvvəl mənə verdiyi zülmləri
ona heç vaxt bağışlamayacam. Atamı-anamı
da bağışlamayacam ki, məni bədbəxt etdilər.
O qədər arzularım vardı ki... (Ağlayır) Oxumaq istəyirdim. Tələbə
olmaq ən böyük arzum idi.
-
Uşağın adı nədir?
-
Elçin...
-
Hansı uşaq evindədir?
- Binədə.
“Ümid” uşaq evində. Elə
ağıllı uşaqdır ki. İstedadlıdır.
Çox istedadlı. Yaxşı
şəkil çəkə bilir.
Murad ayağa
qalxır.
- Qalx ayağa...
- Noldu?
(Çaşqın)
- Qalx deyəcəm.
- Axı
noldu ki?
- Gedirik
uşağı gətirməyə.
- Yox, hələ
lazım deyil.
- Gəl...
( Qapıdan çıxır).
Epizod 10. Uşaq evinin
qarşısı. Murad küçədə
fikirli-fikirli gəzişir. Uzaq plan. Zeynəblə oğlu uşaq evindən
çıxırlar. Kamera onları arxadan
göstərir. Murad uşağı
öpür. Yolun kənarında taksiyə
əl edirlər. Minib gedirlər. Taksi Zeynəbin qaldığı evin qabağında
saxlayır.
Epizod 11. Nat. Şəhər. Hava küləklidir. Murad
saqqallı bir nəfərlə söhbət edə-edə uzaqdan
gəlir. Əlində kağız var,
tez-tez ona baxıb nə isə danışırlar. Beşmərtəbəli binanın blokundan içəri
girib üçüncü mərtəbəyə
qalxırlar. Rəssam emalatxanası. Hər yer şəkildir. Həmin adam Murada müxtəlif qadın-kişi portretləri
göstərir. Murad əlindəki vərəqi
büküb rəssama verir. Sonra əlini
cibinə salıb pul verir, sağollaşırlar.
Epizod 12. Zeynəbin
evi. Oğlu ilə oynayır, evdə
bir-birini qaçıb-qovurlar, oğlunu əzizləyir.
- Ay ana, mən
bir də ora getməyəcəm, yaxşı.
-
Yaxşı, ana sənə qurban olsun. Qoymayacam
səni ora gedəsən.
- Məni
yanında saxla.
-
Saxlayacam. Amma mən işə gedəndə sən
evdə necə tək qalarsan?
- Qalaram. Qorxmuram. Evdə şəkil
çəkərəm, yazı yazaram başım
qarışar.
-
Yaxşı, səni yanımdan heç yerə aparmayacam.
-Ana o əmi
kim idi?
- Əmi...
Əmi bizim dostumuzdur. Sənin
böyük dostun.
- Həə...
Mənə kim incitsə, ona deyə bilərəm?
- Hə,
niyə demirsən. O qoymaz heç kim səni
incitsin.
- Ana, mən
acmışam e.
- Ay, balam
acıb. Balamın qarnı boşdu (Uşağın
qarnına yüngül vurur, gülürlər)
Elçinə yemək verir, o yeyəndə Zeynəb
gülləri sulayır. Sonra telefonuna zəng gəlir.
- Alo... Salam. Kimdir?
Həə... Yaxşıyam, sən necəsən?... Evdəyəm. Səndən
bir xahiş etmək istəyirəm... Çox sağ
ol. Mənə bir də zəng vurma. Olar? Yox, yox... İncimə, sən
Allah. Yəqin başa düşürsən
də. Hə-hə, va-r... Çox sağ
ol... Hə. Yox təzəlikcə. Yox-yox, tanımırsan. Eybi yox, xoşdur, amma sən
Allah... Başa düşdüm. Çox sağ ol...
Zeynəb telefonda bir
neçə nömrəni silir. Sonra nə
fikirləşirsə, telefonun nömrəsini
çıxarıb sındırır.
Epizod 13. Zeynəbin işlədiyi kafenin uzaqdan
görüntüsü. Zeynəb pilləkənlərdən
asta-asta çıxır. Ağlayır.
Çiskin yağır. Plaşının
boynunu qaldırır, yavaş-yavaş addımlayır. Zəng vurur.
- Alo... Murad. Məni işdən çıxardılar. Dedilər, özünü müalicə etdir. Niyə gülürsən? Şəhərdəyəm,
özümə iş axtaracam... Yox, yox... İşdən
çıxma. Mənə görə icazə alma. Yaxşı-yaxşı.
Qalxıram Nizami metrosuna tərəf.
Yaxşı... Gözləyəcəm. Mən də səni öpürəm.
Metronun
qarşısında gəzişir. Murad
metrodan çıxır. Uzaqdan Zeynəbi
görüb gülür. Görüşürlər.
Murad Zeynəbi qucaqlayır, başını sinəsinə
sıxır.
- Niyə gülürdün, Murad?
- Mən
elə sənə demək istəyirdim ki, işdən
çıx. Müdir sağ olsun, məni
başa düşdü.
- Necə
yəni səni başa düşdü?
Zeynəb Qaşlarını düyünləyib
ciddi-ciddi onun üzünə baxır.
- Yox, mən
heç kimə heç nə deməmişəm.
- Mənim
işləməyim lazımdır.
- İşləməsən də olar. Bir-iki ay dincəl,
Elçin də səni doyunca görsün. Sonra işləyərsən.
Zeynəb onu
qucaqlayır. Başını sinəsinə
söykəyir.
- Çox sağ ol. (Yavaşdan
öz-özünə) Nə yaxşı ki,
varsan. Nə yaxşı ki, sənə
rast gəldim.
Murad: Bir saat vaxtım var, gedək
bir az gəzək.
Gedirlər.
- Əlindəki nə
kitabdır?
- Hə...
Nitşenin kitabıdır. “Zərdüşt
belə demişdi”. Tanıyırsan Nitşeni?
- Ancaq
adını eşitmişəm. Bir də onu
bilirəm ki, filosofdur. (Gülümsəyir).
- Alman
filosofudur. Bədbəxt adam olub. Qadın sarıdan bəxti heç gətirməyib.
Luiza Salome adlı bir qadını dəlicəsinə
sevib. Rus generalının
qızını. Luiza ərköyün, qəribə
qadın olub. Özü də Nitşedən
17 yaş böyükmüş. Nitşe
istəyir ki, Luiza ona ərə gəlsin. Amma
qadın razı olmayıb. Nitşe, Luiza, bir də
dostları Paul Re bir yerdə yaşayıblar.
- Necə yəni bir yerdə?
-
Çox sadə. Onların çılpaq şəkilləri
var. Üçü bir yerdə, tamam çılpaq. Nitşenin Elizabet adında bir bacısı olub.
Elizabetə ölənə qədər nifrət
edib. Deyilənə görə Elizbet onu
sevirmiş. Nitşenin xatirələrində var ki, gecələr bacım
yanıma gəlirdi, deyirdi mənimlə seviş. Hətta etiraf edirdi ki, bacımın barmaqları
qarşısında aciz idim. Ona görə
də Elizabet qardaşını Luizaya qısqanırdı.
Onlar ayrılandan sonra Nitşe bax, bu kitabı yazır və
belə bir ifadə işlədir: “Qadının yanına gedəndə
şallağı unutma”.
- Sən niyə axı ancaq
qadına nifrət edənlər haqqında oxuyursan? - - Belə şeyləri adama həyat öyrədir.
- Həyat
öyrədir, mən tərgitdirərəm.
Gülürlər.
- Bəs sonra nə olur?
- Hə. Luiza ona görə qəribə qadın idi ki,
heç kimlə yatmaq, sevişmək istəmirdi. Bir neçə
dəfə ərdə olub, amma şərt kəsirdi ki,
aramızda heç nə olmayacaq. Sonralar
onun iradəsini sındırırlar. Bir
siyasətçiyə ərə gedir, axır ki, bakirəliyini
itirir. Sonra ondan başanır və gəzmədiyi,
sevişmədiyi kişi qalmır. Ağıllı qadın olub. Sevgili
olanda da bilirmiş kiminlə sevgili olmaq lazımdır. Məsələn, məşhur şair Mariya Rilke ilə.
Onlar bir yerdə Rusiyada Tolstoyun
görüşündə olublar. Sonra Luiza Freydlə tanış olub, onunla bir yerdə
yaşayırmış. Hitler hakimiyyətə
gələndə Nitşenin bacısının əlinə
yaxşı fürsət düşür. Onu yəhudilərə kömək etməkdə
günahlandırır və tələb edir ki, rədd olub
Almaniyadan getsin. Bilirsən də, Hitler yəhudiləri
özünə düşmən bilirmiş.
- Aha, bilirəm.
- Luiza qorxmur, xəbər göndərir
ki, bura mənim vətənimdir, heç yerə getməyəcəm.
1937-ci ildə xərçəngdən
ölür. 76 yaşında...
- Bəs Nitşenin
axırı nolur?
- Nitşe o qədər bədbəxt
adam olub ki. Həyatı lap
uşaqlığından gətirməyib. Beş
yaşında atasını itirib. Evdə anasından,
bacısından və üç qarımış bibisindən
başqa heç kim olmayıb. 21 yaşı olanda pritona gedir.
- Priton nədir
ki?
-
Fahişəxana. Orda zəhrəvi xəstəliyə
tutulur. Onun həyatını Şopenhauer
dəyişib. Daha doğrusu Şopenhauerin
fəlsəfəsi. Sonralar Fransa-Almaniya
müharibəsində iştirak edir və müharibə onun
sağlamlığında problemlər yaradır. 35 yaşında olanda tibb fakültəsində
keçirilən bütün xəstəliklərdən əziyyət
çəkirmiş. Bir tərəfdən
də gözləri tutulurdu. Tək
yaşayır, kasıb restoranlarda yeyib, ucuz otaqlarda
qalırmış. Get gedə ruhi xəstə olurdu. Bir dəfə küçədə
yıxılır, möhkəm əzilir. Qarşısına
çıxan atın boynunu qucaqlayıb ağlayır. Amma Avropa onu öldüyü ərəfədə
daha yaxından tanımağa başlayır. Nitşe öləndən sonra bir daha kəşf
olunur. Arxivi yaradılır və həmin
arxivin açılışını Hitler özü edir.
- Maraqlıdır. (Muradın
qoluna girir). Mən də oxuyub sənin kimi maraqlı adam olmaq istəyirəm.
- Boş
şeydi. Maraqlı adamı arvadı atıb
getmir. Nə isə. Sənə
kitablar verəcəm, oxuyub öyrənərsən.
- Olar bir
söz deyim?
- Aha...
- Amma
incimə, yaxşı?
- De, incimərəm...
- Nə
yaxşı ki, o səni atıb gedib.
- Başa
düşmədim?
- Deyirəm,
nə yaxşı ki, o səni atıb gedib. Yoxsa
mən səni hardan tanıyacaqdım?
- Bəs
mənim əzablarım?
- Sən
özün o gün dedin ki, dünya əzablarla doludur.
- Hə. Bir məsəl var e, onu eşidibsən?
-
Hansı?
- Deyir,
atı-atın yanında bağlasan, həmrəng olmasalar da,
həmxasiyyət olarlar.
(Gülürlər)
- Murad: İndi sən də mənim
kimi yavaş-yavaş dəli olursan... Təbrik
edirəm, böyük qələbədir.
- Mən
sənin o gün dediyin sözü əzbərləmişəm.
Kitablardan birinin arxasına yazmışdın.
-
Hansı sözü?
- Qədim
buddistlər deyirdilər ki, dünya əzablarla doludur. Doğulmaq əzab, qocalıq əzab, xəstəlik
və ölüm əzab, sevdiyin insandan ayrılmaq əzab.
Elə Şopernhauer də bunu deyirdi. Dünya əzab və mənasız boşluqdan
başqa bir şey deyil. Bütün bunlara
isə arzuları öldürməklə qalib gəlmək
olar.
- Səni bir daha təbrik edirəm.
(Gülürlər).
- Hələ kitabların arxasına
yazdıqlarından birini də əzbərləmişəm. Deyim?
- De gəlsin
ee.
- Şopenhauer deyirdi ki, əzab həyatın ayrılmaz
hissəsi olmasa, həyatımızın bir məqsədi
olmaz. Şübhəsiz, bədbəxtlik
özlüyündə nə isə qeyri-adi hadisə kimi
görünür, amma ümumilikdə bu, həyatın
qanunudur.
- Birini də mən deyim?
- De.
Sokrat deyirdi ki, qadını gözəl olan adam
xoşbəxt olar, gözəl olmayan isə filosof. İndi mən
bunu dəyişirəm: kişisi ağıllı olan
qadın xoşbəxt olar, olmayan isə filosof.
Gülürlər.
Epizod 14. Zeynəbin otağı. Elçin
şəkil çəkir. Zeynəb
qab-qaşıq yuyur.
- Ana...
-Ay can...
- Mən Muradın şəklini çəkim, o məni
yenə karuselə aparsın. Yenə Zooparka gedək,
yaxşı?
-
Yaxşı, ağıllı balam.
- Mən
axşama çəkib qurtaracağam.
- Sabah da
onun ad günüdür. Sürpriz eləyərik.
- Bəs
birdən yaxşı oxşada bilmədim?
(Zeynəb gülür)
- Elə çək,
oxşasın. Səni bilirsən ona nə qədər
tərifləmişəm.
- Birdən
oxşamadı?
-
Heç nə olmaz. Əsas odur, çəkirsən.
Şəkil ona oxşamasa, o sənə görə
özünü şəkilə oxşadacaq.
15. Epizod. Muradın
otağı. Zeynəb süfrə
hazırlayıb, yemək bişirib. Elçinin çəkdiyi
şəkil evin yuxarı başına qoyulub, üstünə
ağ örtük çəkilib. “Qadına tüpür” şüarı
“Qadını sev” sözləri ilə əvəz olunub.
Divara qadın haqqında ən yaxşı sözlər
yazılıb: “Qadını gözəl olan adam
xoşbəxt olar, gözəl olmayan filosof. (Sokrat).
“Qadın hər şeyi fitrətən bilir,
kişi kitablardan öyrənir”. (Budda).
“Qadın haqqında pis düşünəndə
onu da fikirləş ki, qadından doğulmusan. Qadın həyatın özüdür”. (Naməlum).
Qapı
döyülür. Murad içəri girir.
Elçin və Zeynəb bir yerdə:
- Təbrik edirik. Biz səni
çox istəyirik. Təbrik, təbrik, təbrik.
Dünyaya xoş gəlmisən.
Murad onları
qucaqlayır, öpür.
- Elçin sənin şəklini
çəkib. Ad günü hədiyyəsidir.
Murad təəccüblənir.
Zeynəb: İndi, şəklin təntənəli
açılış mərasimini keçirməliyik.
(Gülürlər).
Şəklin üstündən ağ örtüyü götürürlər.
Murad inanmır.
- Bunu doğrudan sən çəkmisən?
Elçin:
Hə, iki günə çəkdim. Amma az
oxşayır hə?
- Yox, əladır.
Çox əla. Afərin sənə.
Sənin nə boyda istedadın varmış.
Murad divarlara baxır.
Sonra mənalı-mənalı Zeynəbi
süzür.
- Murad: Mən də bir rəssama
portret sifariş vermişəm.
- Kimin?
- Sənin
deyil, sevinmə.
Gülürlər.
- Murad: Şopenhauerin portretini. Lap böyük portret olacaq. Bax,
ordan, evin yuxarı başından asacam.
- Zeynəb:
Şopenhauer bizim evə xoş gələcək.
Murad:
Portretin hazır olmağı hələ üç-dörd
ay çəkəcək. Amma onu asmaq üçün
böyük mıx almışam, kömək edin, onu vurum. (Ayağının altına stul qoyur).
Elçin...
- Həə...
- O siyirtməni
çək... Ay sağ ol. Orda
çəkic var, onu ver mənə.
Zeynəb:
Yaxşı, siz onu vurun, mən yeməyi hazırlayım.
Elçin çəkici
verir, Murad mıxı vurur.
- Möhkəmdir. Əla.
Bundan portret nədir, adam da asmaq olar. (Gülür).
Zeynəb:
İraq olsun. O nə sözdür? Mənim sənə
bir hədiyyəm də var.
Zeynəb kitab
şkafının arxasından ayaqqabı qutusu
çıxarır. Qara, ipli tuflidir.
- Ayaqqabın köhnəlib,
bunları geyərsən.
-
Çox sağ ol, əzizim.
- Nərimanov
metrosunun yanından bir mağazadan almışam. Hər dəfə ordan keçəndə vitrində
görürdüm. Çox xoşuma gəlirdi.
Fikirləşirdim, görəsən, mənim də
elə bir əziz adamım olacaq ki, bunu həmin adama hədiyyə
alım? Bir dəfə bir qadın o
ayaqqabını soruşdu. Ürəyim
titrəyirdi ki, indicə alıb aparacaq. Alıb
apardı da. O qadına elə həsəd apardım ki. Arxasınca düşdüm. Xeyli
getdik, sonra gördüm, özümü saxlaya bilməyib
ağlayacam, qayıtdım. Gördüm,
onun yerinə təzəsini qoyublar. Elə
sevindim ki. Amma gizlətmirəm... ürəyimdə
yalvarırdım ki, kaş oğluna, ya da qardaşına
alsın. Qəribədir hə?
Başa düşürəm, paxıllıq etmişəm,
onun xoşbəxtliyinə sevinməmişəm... amma neynim, mən
də o qadın kimi bunu (Ayaqqabını göstərir)
alıb bağışlamağa adam
arzulayırdım.
Murad Zeynəbi
öpür. Qucaqlayır.
- Məni kövrəltdin. Sənin nə
boyda ürəyin var...
Musiqi. Yemək yeyirlər. Saatı
görürük. 11-i göstərir.
Elçin yatıb. Zeynəblə
Murad çaxır içirlər. Hər
ikisi sərxoşdur.
- Zeynəb: Hər şeyə
görə çox sağ ol. Hər şeyə görə. Nə
yaxşı səni tanıdım. Nə
yaxşı ki, sən varsan.
- Sən
də yaxşı ki, varsan. Mənə çox
şeyi unutdurmusan.
Zeynəb
ağlayır. Qəfildən yerindən
durub Muradın ayaqlarını qucaqlayır.
- Nə yaxşı ki, səni
tanıdım. (Hönkürür). Nə yaxşı ki, varsan. Hər
şeyə görə sağ ol.
Murad onu qaldırmaq istəyir.
- Yox, bu olmadı. Qalx.
Zeynəb.
- Mən sənə hər şeyi
unutduracam. Söz verirəm. Həmişə
yanımızda ol. (Onun dizlərini
buraxmır).
Murad onu
qaldırır.
Murad: Bu gün mənim də sənə
hədiyyəm var. Siz də həmişə mənim
yanımda olacaqsınız. Bu gündən burda
qalacaqsınız.
Epizod 16. Şəhər. Qar yağır. Zeynəb oğlu ilə qartopu oynaya-oynaya gəlir.
Böyük marketin yanından keçəndə Zeynəbin
gözü elana sataşır: “Satıcı tələb
olunur”. İçəri girir, işlə maraqlanır.
Bayıra çıxıb Murada zəng vurmaq
istəyir, sonra nə isə fikirləşib telefonu cibinə
qoyur. Elçinin əlindən tutub yola
davam edir. Yolüstü
dəftər ləvazimatları satılan dükana girirlər.
Elçinə rəngbərəng
karandaşlar, rəngbərəng kağızlar, albom
alırlar. Çıxıb evə gəlirlər.
Əyinlərini dəyişirlər. Bu vaxt Zeynəbə zəng gəlir.
- Alo...
Epizod 17. Murad marketdədir. Bazarlıq edir. Ət, yağ,
penir və s. alır. Sonra Zeynəbə suvenir,
Elçinə balaca gitara alır. Marketdən
çıxır, evə gəlir. Qapıdan
girəndə Zeynəbin səsini eşidilir. Zeynəb ağlayır. Murad əlindəkiləri
yerə qoyur, ayaq saxlayıb dinləyir. Zeynəbin
hönkürtüsü yenə eşidilir. Murad içəri girir. Zeynəb
üzüqoylu çarpayıda balıncı qucaqlayıb
ağlayır.
- Nolub sənə?
Zeynəb ağlayır.
- Eşitmədin? Nolub
sənə? Elçin hardadır?
(Onun saçını oxşayır) Qalx
ayağa. (Qolundan tutub qaldırmaq istəyir).
Zeynəb nəsə
demək istəyir, amma hıçqırığı imkan
vermir.
- Zeynəb,
(Səsini qaldırır). Qalx ayağa, de
görüm nə olub?
- Onu
buraxacaqlar. Gələcək.
- Başa
düşmədim?
- Pul verib
çıxarırlar. Qardaşları
çıxartdırır.
- Kim dedi?
- Evdə
darıxırdım, bibim qızına zəng vurdum. Təzə nömrəmi bilmirdi, deyir neçə
vaxt idi səni axtarırdım. (Hönkürür).
- Sakit ol,
axıra qədər danış.
-
Qardaşları qohumları ilə gediblər onun yanına. Hardansa eşidiblər ki, mən səninlə
yaşayıram. Qohumlarından biri onun
yanında ağzından qaçırıb. O da deyib
çıxıb ikisini də öldürəcəm. Namusum təmiz olsun, bura yenə düşərəm.
-
Yaxşı, özünü qorxutma. Mən də
deyirəm, nolub.
- Necə
nolub? Sən onu tanımırsan. O elə
qorxulu adamdır ki, sənə başa sala bilmərəm.
Murad onu ayağa qaldırır. Gözünün
silir, sakitləşdirir, qucaqlayır.
- Narahat olma, heç nə olmayacaq. Nə vaxt çıxır?
- Dəqiq
bilmirəm, amma bir-iki aya işi həll olunmalıdır.
-
Özünü qorxutma.
- Yox, o
deyibsə, edəcək.
- Türmə
görən adam ikinci dəfə o qələti
eləməz.
- Niyə
eləmir? Azdır belə adam. Sən onu tanımırsan, ona görə rahatsan.
Qardaşları deyib onda üç il də
burda yat, çıxmayacaqsan. Bir az
qorxudublar, amma bilirəm, çıxaracaqlar. Xəstədir,
onu orda qoymayacaqlar.
- Sən
mənə arxayın ol, yerdə qalanı ilə işin
yoxdur.
- Yox, yox,
vallah, sən onu tanımırsan. Bilmirsən necə
dəhşətli adamdır. Mən ondan
qorxuram, çox qorxuram, başa düşürsən? Neçə dəfə xəbər göndərib
ki, mənim yanıma gəlmir, çıxıb, hesabını
istəyəcəm. Mənim də vecimə deyildi,
çünki vaxta çox var. Amma düzünü deyim, həmişə
içimdə qorxu olub ki, günlər gec getsin, onun vaxtı
bir az uzansın.
Epizod 17. Axşam. Murad,
Zeynəb, Elçin yatıb. Zeynəb
narahatdır, ora-bura çevrilir. Birdən
qışqırıb ayılır. Elçin
diksinir, Murad oyanıb onu sakitləşdirir. Su gətirir.
Sakit ol, keçib gedəcək.
Məni öldürürdü. (İsterika içindədir).
Zeynəb...
Sənə bir şey olmayıb?
Zeynəb
özünə gəl...
Yox, nolar bizə dəyməsin.
Heç kim bizə heç nə edə bilməz. Mənim bir aydır sənə
danışdıqlarım boşuna gedib? Sən
söz vermişdin.
Mən bacarmıram. O... bizi bədbəxt... edəcək.
Səni də öldürəcək, məni də.
Səni həkimə aparmaq lazımdır. Sabah həkimə
gedək.
Elçin gəlib anasının boynunu qucaqlayır.
Ana, nolar, qorxma.
Zeynəb onu qucaqlayıb ağlayır.
Epizod 18. Zeynəb şəhərdə
yolu keçir.
(Öz-özünə)
Bilirəm, mən bilirəm ki, o
çıxıb dediyini edəcək. İlahi,
mənə niyə rahatlıq vermirsən? Mən ki, rahatlığa təzəcə
çıxmışdım. Niyə
çox gördün onu mənə? Özümü
öldürməkdən başqa çarəm qalmayıb.
Ölsəm, Muradla uşağa dəyməz.
Heç olmasa onları qoruyaram. Onsuz da onun işi mənimlədir. Qisası mənimlədir. Mən
bədbəxtlə.
Gözlənilmədən
maşının qabağına çıxır. Maşın təkərlərinin tükürpədici
səsi gəlir. Sürücü
başını çıxarıb qışqırır.
Ay
bacı, ay xanım (Titrəyir). Yola baxııın...
Bağışlayın, bağışlayın. Siz allah,
bağışlayın. Fikirli idim.
Məni niyə bədbəxt eləmək istəyisən? (Bağırır).
Bir qadın arxadan Zeynəbə yaxınlaşır.
Qızım, sənə nolub?
Fikirli idim. Vallah, fikirli idim. (Qorxa-qorxa)
Sən fikirli deyilsən, düzünü de,
özünü maşının altına atmaq istəyirdin?
Yo-yoo-x, vallah yoxx. Mənim balam var, niyə özümü
maşının altına atım?
Gəl su
iç, özünə gəl.
Zeynəb su içir.
- Allah
şahiddir ki, qəsdən etmədim.
Epizod 19. Zeynəb evdə
özünü asmaq istəyir. Kəndir əlindədir.
Gözünün qabağına oğlu, Murad gəlir,
keçirdiyi günləri xatırlayır. Ağlayır. Üsyan edir, kəndiri
yerə vurur, sonra yandırır.
Epizod 20. Evdə. Zeynəb Murada yalvarır ki, Bakıdan gedək.
Bəsdir...
(Murad hövsələsini basa bilmir) Nə qədər
olacaq bu?
Qurban olum, gedək Bakıdan.
Mənim
heç yana getmək fikrim yoxdur. Neçə dəfə deyim sənə? Heç yerə gedən deyiləm. Dedim ki, hər
şey yaxşı olacaq.
Zeynəb ağlayır. Murad onu qucaqlayır,
öpür.
Bəsdir, səbirli ol, mən sənin yanındayam.
Mən həm də səni qorumaq istəyirəm. Qurban olum,
yalvarıram.
Mənim heç kimdən, heç nədən qorxum
yoxdur. Heç yerə getməyəcəyik.
Epizod 21. Zeynəb
oğlunu geyindirir.
Get, qonşuda oyna, səni şəhərə
gəzməyə aparacam.
Yola salır. Özü yır-yığış edir.
Güzgüyə yazır: “Səni sevirəm”. Divarlara
Elçin üçün dəftərxanadan
aldığı rəngbərəng kağızlara “Sən mənim
gördüyüm ən yaxşı adamsan”, “Nə
yaxşı ki, səni tanıdım”, “Məni
bağışla”, “Buna məcburam, səni də,
özümü də qorumaq üçün bunu etdim”, “Gedirəm,
amma özümü həmişə bu evdə səninlə
bir yerdə hiss edəcəm” və s. sözlər yazır. Muradın Elçin çəkdiyi şəklini
öpür, onu qucaqlayır. Ağlayır.
Çıxır.
Epizod 22. Uzaqdan bir nəfərin
ayaq səsləri eşidilir. Kadrda ayaqlar.
Muradın evinə yaxınlaşır. Bıçağın ucu ilə qapını
döyür. İtələyir, qapı
açılır. Qapıdan evin yuxarı
başında Şopenhauerin portreti görünür. Divara söykənib. Yuxarıdan
iki ayaq sallanır. Ayaqlarda Zeynəbin Murad
üçün aldığı ayaqqabılar... Musiqi...
Cavid Zeynallı
Ədəbiyyat qəzeti.- 2017.- 20
may.- S.6-8.