Həmin obrazı
bütün həyatım
boyu qəlbimdə
daşıyacam...
“Dördüncü divar” layihəsinin
bugünkü qonağı əməkdar artist Firdovski
Atakişiyevdir
Hüseyn Ərəbliniksinin həyatı
ilə tanış olan zaman fikrimdə müəyyən bir
obraz canlanmışdı. Bir neçə il sonra həmin obrazla
“Sənətkarın taleyi” tamaşasında Ərəbliniski
obrazını ifa edən Firdovsi Atakişiyevin timsalında
qarşılaşdım. Onun ifasında Ərəblinski sanki
yenidən səhnədə zühur edib öz ikinci taleyini
yaşayırdı. Firdovsi bəylə söhbətimiz də
əsasən “Sənətkarın taleyi” tamaşası və
sənəti haqqında oldu. Beləliklə
“Dördüncü divar” layihəsinin bugünkü
qonağı Rus Dram Teatrının aktyoru əməkdar artist
Firdovsi Atakişiyevdir.
-
Firdovsi bəy, gəlin elə “Sənətkarın taleyi”
tamaşasından başlayaq. Aktyor Hüseyn Ərəblinskinin
həyatını səhnədə canlandırmaq necə
hisdir?
- Bu tamaşa bildiyiniz kimi iki
teatrda səhnəyə qoyulub. Akademik Milli Dram Teatrında və Rus Dram teatrında. Hər
teatrın təbii ki, öz estetikası var. Bu tamaşada
Ərəblinski rolunu ifa etməyimi sənət həyatımın
hədiyyəsi kimi qəbul edirəm. Eyni obrazı həm rus,
həm Azərbaycan dilində müxtəlif teatrlarda ifa
etmişəm. Böyük bir məmləkətin kiçik
bir aktyoru kimi deyə bilərəm ki, Ərəblinski həqiqətən
də cəlbedici və dahi insan olub. Ərəblinski ilə mənim
həyatımda müxtəlif tale oxşarlıqları var.
Ən maraqlısı odur ki, bu tamaşadan sonra mənim həyata
olan baxışlarım dəyişdi. Bu gün qorxmadan deyə
bilərəm ki, əgər bundan əvvəlki obrazlar məni
peşəkarlıq baxımından püxtələşdirirdisə,
bu obraz məni hansısa mistik gücü ilə müdrikləşdirdi.
- Obrazı
iki dildə ifa etmək baxımından hansısa çətinliklər
yaşadınız?
- Dillə bağlı
xüsusiyyət mənim təbiətimdə
formalaşmış təbii haldır. Bu baxımdan heç
vaxt hansısa bir narahatlıq keçirmirəm. Şəraitdən
asılı olaraq hislərimi, arzularımı, qəzəbimi
hər iki dildə ifadə etməyi bacarıram. O ki qaldı
tamaşaya, burada da siz deyən çətinlik
yaşamadıq. Yazıçı Elçinin “Sənətkarın
taleyi” pyesi ilk dəfə 2013-cü ildə xalq artisti İranə
Tağızadə tərəfindən Akademik Milli Dram
Teatrında səhnəyə qoyuldu. Üstündən
üç il keçəndən sonra Rus Dram Teatrında səhnələşdirildi.
Rus dilində o tamaşada iştirak edərkən mən də,
tərəf müqabilim Nətavan Hacıyeva da mətnlə
bağlı bir balaca çaşqınlıq yaşadıq.
Çünki bədii tərcümə elədir ki, Azərbaycan
dilində deyilən söz bəzən rus dilinə və
yaxud başqa dilə çevriləndə öz
formasını, ifadə tərzini dəyişir. Amma bunun
tamaşanın quruluşuna hansısa təsiri olduğunu deməzdim.
Düzdür, səhnə baxımından müxtəlif
mizan, aktyor dəyişiklikləri oldu və bu da təbii ki,
tamaşanın atmosferinə sirayət etdi. Amma rejissor
imzası İranə xanıma məxsus olduğu
üçün tamaşanın bünövrəsi olduğu
kimi qaldı. Bünövrə sağlam olandan sonra isə təbii
ki, tamaşa da uğurlu olmalıdır.
Bilirsiniz, aktyor səhnədə
özbaşına hərəkət etməməlidir. Mizanlar
rejissor tərəfindən elə qurulmalıdır ki, aktyor səhnədə
çaş-baş, gücsüz və köməksiz
qalmasın. Bəzən tamaşalara baxanda görürük
ki, aktyor var gücü ilə çalışır, amma
rejissor tərəfindən idarəçilik
olmadığından aktyor səhnədə çox boş
görsənir. İstər rejissor, istərsə də aktyor
peşəkar olarsa, o zaman uğurlu tamaşadan, filmdən
danışmaq olar.
Mənim üçün rejissor cərrah,
aktyor isə alətdir. Əgər cərrah bıçaqdan
düzgün istifadə etməsə, bu fəlakətə gətirib
çıxarar. Eləcə də rejissor aktyordan istifadə
etməsə, onu düzgün yolla aparmasa, nəticə ürəkaçan
olmaz. Bu cür qeyri-peşəkar rejissorlara qarşı məndə
ikrah yaranıb. Çünki, aktyorun hesabına
tamaşanın sonunda səhnəyə çıxıb
baş əymək, alqış qazanmaq günah və cinayətdir.
Və bu cinayətin ardından qeyri-peşəkar teatrın gələcəyi
nəzərə çarpır. Mən bu cür qeyri-peşəkarlığın
əleyhinəyəm. Bir də bilirsinizmi, istənilən sənətdə
insan faktoru yox, sənətin önə çəkilməsi
çox vacibdir. Fərz edək ki, istedadlı bir aktyordan
sosial cəhətdən bir neçə pillə yuxarıda
dayanan insan onu insan kimi bəyənməyə bilər. Amma
aktyor kimi onun yaratdığı rolların, istedadının
üstündən xətt çəkə bilməz. Bu hər
yerdə belədir. Amma təəssüf ki, bizdə belə
deyil. Bizdə kiminsə kimdənsə xoşu gəlmirsə,
cəhd edir ki, onun üzərindən bütövlüklə
ötüb keçsin. Adamlar var ki dini kitabları oxuduqdan
sonra böcəyin, qarışqanın və ya hansısa
heyvanın əzilməsinə qarşı nitqlər irad edir.
Amma bu nitqləri irad edərkən həmin adamlar insanı əzirlər.
- Elə
Ərəblinski də əslində məhz bu cür
qeyri-peşəkarlıqla mübarizə aparırdı.
- Bəli. Ərəbliniski də
öz dövründə başa düşülməyib.
İnsanlar ona təzyiq göstəriblər, təhqir ediblər.
O, olmazın əziyyətlərə tuş gəlib. Həm də
Ərəblinski istedadı olmayan, heç nə başa
düşməyən insanların, heçliklərin
ambisiyalarına toxunurdu. Ətrafında baş verənlərə
isə heç vaxt əhəmiyyət vermirdi. Çünki,
bilirdi ki, bu həyatdakı, sənətdəki missiyası nədən
ibarətdir. Məhz bu səbəbdən də az
yaşadı, yaşamağa tələsdi.
Mən
tez-tez onun məzarı üstünə gedirəm. Onunla daxili
dialoqlarım da olur. Və həmişə də sonluqda bu qənaətə
gələrək deyirəm: “Heç nə dəyişmədi,
Hüseyn!”
Bu gün “Sənətkarın taleyi”
tamaşasında Ərəblinski rolunu ifa etmək mənim
taleyimə yazılıb. Bu yazı mənim qismətimdir. Hətta
bu yazı o qədər dərin və qalıcıdır ki,
mən bu rolu iki dildə və iki teatrın səhnəsində
ifa etmişəm. Bəzi adamlar Ərəblinskinin taleyinin mənim
taleyim olması faktı ilə artıq
barışmalıdılar.
Taleyimə yazılmış bu
uğurlu işi mənə təqdim edən iki insana
yazıçı Elçinə və tamaşanın
rejissoru İranə Tağızadəyə isə hər zaman
öz təşəkkürümü bildirirəm.
- İranə Tağızadə ilə
iş prosesi necədir?
- İranə xanım bayaq
qeyd etdiyim kimi tamaşanın bünövrəsini, təməlini
o qədər möhkəm qoyur ki, sonralar biz aktyorlar
hansısa narahatlıq yaşamırıq. O, rejissor kimi işə
öz canını qoyur. Bu baxımdan bizdə bir az ərköyünlük
də yaranıb. Başqa rejissorlarla işləyəndə
çətinlik yaşayırıq.
İranə xanımla bizim çox
obyektiv iş münasibəti var. Çünki o, heç vaxt
nəyəsə görə mənə rol verməyib. Həmişə
məni hansı obrazda görübsə, lazım bilibsə həmin
obrazı verib. Misal üçün “Karamazov qardaşları”
tamaşasında o, əvvəlcədən məni Dmitri
Karamazov roluna təyin etdi. Mən hətta ondan xahiş etdim
ki, mənə Pavel Smerdyakov rolunu versin, amma İranə
xanım razılaşmadı. Məni məhz Dmitri Karamazov
obrazında gördüyünü vurğulayaraq həmin rolu
həvalə etdi. Yəni bəzən elə olur ki, ümumiyyətlə
İranə xanımın tamaşasında iştirak etmirəm.
Burada artıq yaradıcı tandem öz sözünü
deyir.
-
Firdovsi bəy, tamaşanın ikinci hissəsi başlayanda, pərdə
qalxdı, zal qaranlığa büründü və mənim
daxilimi qəribə bir kədər bürüdü. Bu həm
Ərəbliniskinin, həm digər sənət fədailərimizin
taleyinə qarşı baş qaldıran kədər idi. Sizin
özünüz həmin rolu ifa edərkən hansı hissi
yaşayırsınız? Kədər, sevinc, ya minnətdarlıq...
- Ümumiyyətlə mən bu əsəri
simfonik orkestr üçün yazılmış simfonik musiqiyə
bənzədirəm. Müəllifi Elçin, dirijoru İranə
Tağızadə, ifaçısı da mən Firdovsi
Atakişiyev.
Mənim bir pərəstişkarım
var. O, bir dəfə mənə dedi ki, o tamaşada ifa
etdiyiniz zaman mənə elə gəldi ki, siz bütün
tamaşa boyu obrazın ölümünə gəlib
çıxmaq üçün can atırsınız. Bu fikir
mənim üçün çox maraqlı gəldi. Əvvəllər
bu nüansa fikir verməmişdim. Ancaq sonra
düşündüm ki, həqiqətən də mən məhz
həmin son ana can atmışam. Əslində Ərəblinski
də öz taleyini bilir, ölümünü hiss edirdi. Yəni
onun ölümünə can atması həm də mənim
finala can atmağıma bənzəyir. Sonda da obraz Yeseninin “Mənə
bir əyləncə qaldı” şeirini ifa edir. Rejissor bununla
həm də digər sənət adamı Yeseninin faciəli
taleyinə öz tamaşası vasitəsi ilə göndəriş
edirdi.
- Tamaşanın sonunda Ərəblinski
onu sevən və dünyasını dəyişən tərəf
müqabili Mayanı xatırlayır. Sanki, xoşbəxtliyinin
məhz bir az da Maya ilə əlaqəli olmasını hiss
edir. Bəlkə sənət adamları da real həyatda tapa
bilmədikləri xoşbəxtliklərə sənətdə
nail olmaq üçün sənəti seçirlər?
- Mən özüm
haqqımda onu deyə bilərəm ki, mənim
üçün ən birinci xoşbəxtlik öz ailəmdə
və şəxsi həyatımdadır. Bu səbəbdən
də mən rollarımı rahat ifa edirəm. Faciəni
tamaşaçıya çatdıra bilirəm. Xoşbəxtliyi
heç vaxt sənətdə axtarmamışam. Əgər
müəyyən bir vaxtda mənə belə bir seçim təklif
olunsaydı, istisnasız ailəmi seçərdim. İnsan sənətdən
məhrum olsa, ona heç nə olmaz. Amma
yaxınlarının, sevənlərinin sevgisindən məhrum
olsa, bu çox pis olar. Bu səbəbdən də mənim
üçün birinci ailədir. Bəlkə də mən
teatrsevərləri məyus edəcəm. Amma bu belədir.
Ərəblinski obrazından sonra isə bu fikrim daha da möhkəmləndi.
- “Karamazov qardaşları”
tamaşasını Rus Dram Teatrında, rus dilində ifa etmək
sizə Fyodor Dostoyevskini nə dərəcədə hiss etmək
imkanı yaratdı?
- Təbii ki, dərindən
hiss edirdim. Tamaşanın rejissor İranə xanım, istər
rus ədəbiyyatını, istərsə də dünya ədəbiyyatını
çox gözəl mənimsəyib. Və o bu tamaşada
Dostoyevskinin qəhrəmanlarının və dolayı yolla həm
də onun yaratdığı qəhrəmanların digər
insanlara görünməyən tərəflərini
açmağa nail olub. Ümumilikdə isə belə məlum
olur ki, Dostoyevski dindar yazıçı olub. Onun öz
obrazlarına qarşı təəssübkeşliyi həm də
onun dindarlığından qaynaqlanırdı. Dmitri Karamazovun
tale tərəfindən ordan-ora atılması və
Dostoyevskinin bu obrazı daxilən təmiz biri kimi təqdim etməsi
onu göstərir ki, elə bu obraz həm də Dostoyevskinin
özüdür. Bu baxımdan onun əsərlərindəki
obrazları canlandırmaq çox çətindir.
Həmin o tamaşaya baxmaq
üçün Moskvadan tənqidçi gəlmişdi. O,
özü də məəttəl qalmışdı ki,
rejissor Bakıda yaşaya-yaşaya rus xristian ruhunu bu qədər
dərindən hiss edib, duya bilib. Eləcə də Lomonosov
Universitetinin müəllimləri bu tamaşanı izləyəndən
sonra bildirdilər ki, bu tamaşada yaxşı mənada
böyük rus ürəyinin döyüntüsü hiss
olunur.
- Fəxrəddin
Manafovla kinoda tərəf müqabili olmaq istəsəniz də
iş elə gətirib ki, teatrda qarşı-qarşıya gəlmisiniz.
Fəxrəddin Manafov necə tərəf müqabilidi?
- Fəxrəddin müəllimlə
bir sənətdə, səhnədə olmaq mənim
üçün çox böyük qürurdu. Sənət
həyatımda özüm üçün çox gözəl
bir dost tapmışam. Çünki, Fəxrəddin bəy,
özü də mənə dost deyir. Mən də bu
sözü böyük incəliklə, ehtiyatla qəbul
etmişəm. Sənət tanışlığından əvvəl
bizim bir-birimizə qarşı çox sərbəst
münasibətimiz olub. Amma səhnə məşqi zamanı
biz səhnədə artıq öz münasibətlərimizi
qururduq. Mən səhnədə od-alovam, o, isə təmkinlidir.
Bu mənfi müsbət birləşmə bizim uğur
qazanmağımıza, həm də bir-birimizə
qarşı olan dostluğun, məhəbbətin daha da
möhkəm olmasına şərait yaradır. Onunla iş
prosesi çox böyük məsuliyyət tələb edir.
Ondan səhnə arxası aktyor davranışı barədə
özüm üçün çox şeylər öyrənib
kəşf etdim. Çox xoşbəxtəm ki, bu gün Fəxrəddin
Manafovla bir səhnəni paylaşıram. Hal-hazırda Azərbaycan
teatr sənətində iki kişi aktyor var ki, onlar bu gün
aktyor sənətini yüksək tutmağa insanları məcbur
edirlər. Bunlardan biri Fuad Poladov, digəri isə Fəxrəddin
Manafovdur. Onlar hər ikisi aktyora, aktyorluq sənətinə
hörmət edilməyin formasını saxlayan sənətkarlardılar.
Mən çox sevinirəm ki, məndən yuxarıda dayanan
bu iki insan var.
-
Mümkünsə bir az keçmişə qayıdaq. Nəsir
Sadıqzadənin tələbəsi olmusunuz. Müəlliminizi
necə xatırlayırsınız?
- Həyatımın ən
böyük xoşbəxtliyi kimi xatırlayıram Nəsir
müəllimi... Birinci kursda mən əsgərliyə
getmişəm. Əsgərlikdən qayıdandan sonra Nəsir
müəllimin kursunda oxumağa başladım. Amma bundan əvvəl
birinci kursda oxuyanda həmişə gəlib qapının
açar yerindən Nəsir müəllimin dərs keçməsini
müşahidə edirdim. İş elə gətirdi ki, onun
kursuna düşdüm.
Bu gün mən onun mənə
dediklərini, öyrətdiklərini xərcləyirəm. O,
həddindən artıq dahi bir pedaqoq idi. Bizə heç vaxt
icazə verməzdi ki, möhkəmdən danışaq. Həmişə
deyirdi ki, gözlərinizlə danışın. Yenə də
qeyd edirəm, mən çox xoşbəxtəm ki, onun tələbəsi
olmuşam.
-
Obrazlarla vidalaşmaq necə bir hisdir. Çətinlik olurmu?
- Mənim həyatımda bir
obraz həmişə yaşayacaq. Həmin obrazı
bütün həyatım boyu qəlbimdə daşıyacam.
Bu da Tennessi Uilyamsın “Arzu tramvayı” əsərindəki
Stenli Kovalski obrazıdır. Bizdə bu tamaşa çox
gözəl hazırlanmışdı. Sadəcə olaraq bu sənət
paxıllığının qurbanı oldu. Bu səbəbdən
həmin tamaşa ilə vidalaşmaq mənim
üçün çox ağır oldu. Amma əsər və
obraz hər zaman yaddaşımda yaşayacaq.
- “İçərişəhər”
filmi ilə bağlı tənqidçilər tərəfindən
tənqidi fikirlər səsləndi. Buna münasibətiniz necədir?
- Tənqidçilər evdən
çıxarkən artıq tənqid üçün
çıxırlar. Bu onların işidir. Özünü
başqalarında ağıllı hesab edən insanları
sevmirəm. Yaxşı olardı ki, tənqidçilər
hansısa filmi tənqid etməzdən əvvəl gəlib
bir gün bizim həyatımızı yaşasınlar.
Ədəbiyyat qəzeti.- 2017.- 20
may.- S.10-11.