Sən gələndə
Gedirdim mən,
əllərimdən xatirələr
tökülürdü birər-birər.
toplamağa nə güc, nə hal
qalmamışdı.
qayıtmağa nə vaxt, nə yol
qalmamışdı...
Sən gələndə gedirdim mən
uzaqlara, uzaqlara,
fərq etməzdi necə, hara
ümidlərim ürəyimin
ətəyindən
uşaq kimi yapışmışdı
ağlayırdı...
Ürəyimsə "gələn olmaz
daha"
deyib qapıları bağlayırdı...
Sən gələndə gedirdim mən
gedirdim mən sən gələndə
mən gedirdim gələndə sən.
İndi
isə
İşə bir bax,
gələn də sən,
gedən də sən...
***
Mərhum qum hissəciklərindən
yaranmış
kirli şüşə
qarşısında dayanıb
düşünürəm:
gecəni biz uydurmuşuq
darıxmaq,
darıxmaq,
darıxmaq üçün!
Mərhum
qum hissəciklərindən
yaranmış soyuq divarlar arasında
dayanıb düşünürəm:
Keçmişi biz uydurmuşuq
Darıxmaq,
Darıxmaq,
Darıxmaq üçün!
Yəni,
Məni
dustaq edən keçmiş
işıq da verə bilər...
Ondan nə yaratdığına
bağlı...
Məsələn,
mən Tanrını uydurdum ki,
Özümü bağışlaya bilməyəndə
O, məni bağışlasın...
Səni
isə uydurdum ki,
Özümü öldürə bilməyəndə
Sən məni öldürəsən...
***
Bax, əzizim,
Bu gün
qonşumuzun balaca
qızı
getmək üçün
ilk addımını atdı...
Daha üzülmürəm.
Anladım ki, insan
Lap əvvəldən
sandalları,
gəmiləri,
maşınları,
qatarları,
getmək üçün
yaradıb...
Daha yaxşı,
daha səssiz
və
daha uzağa
insan
"getmək" felinin zamana görə dəyişməsidir
Getdi,
Gedir,
Gedəcək...
Və arxanca yellədiyim bəyaz yaylıq
Vidalaşmaq üçün yox,
Tanrıya təslim olduğumu
bildirmək üçün
idi...
***
Qonşu evdən
Yenicə
doğulmuş körpə
səsi gəlir
Yəni,
kimsə
Tanrının ömrünü bir
insan da uzadıb...
O uşaq qədər
dünya da,
yaşayacaq hələ...
Lənətə gəlsin!
Bu dünyanın sonuncu küçəsidir,
Buranı
da keçsək, mənzilə çatmış
sayılırıq
O yerlərdə ki, sakinləri körpələr
olan
bağçalı evlər
var.
O evlər ki, çəpərləri mavi
qızılgüllərdən hörülmüş
O güllər ki, Tanrının ətəyində
əkilmiş
O Tanrı ki, heç vaxt göydə deyilmiş...
Uzaqdaaa,
lap uzaqda
Lap,
lap, laap uzaqdaaaaa
Kiçik bir nöqtəymişik
biz.
etiraf edirəm:
mən
dörd əlli qarışqayam
ikisi yerdə,
ikisi səmada əllərimin,
ayaqlarımsa yoxdur,
olsa çoxdan gedərdim...
***
Mavi Ay çıxıb
Qırmızı gecə düşəndə
bağışlayacaq Tanrı
Bütün günahsız insanları
onda
bütün körpə qucaqları
dünyanın qibləsi
olacaq
Yaşıl torpaq
bəyaz yarpaqlarla
öpüşəndə
qanadlı olacaq insanlar
sevdiklərinin pəncərəsinə
qonacaqlar
onda bütün divarlar
insanların "hər
kəsi" olacaq.
Mavi Ay çıxıb
qırmızı gecə düşəndə
yaşıl torpaq bəyaz yarpaqlarla
öpüşəndə
və
qarışqalar apardıqları
yemi
quşlarla
bölüşəndə
bağışlayacaq Tanrı
bütün günahsız
insanları...
Cahanxanım Seyidzadə
Ədəbiyyat qəzeti.- 2017.- 4
noyabr.- S.2.