O gözlərin bənövşəyi
işığı...
İki
gündür Arturun gözlərinə baxıram.
Yorulanda
başqa gözlərə baxmağa çalışıram.
Emili Dikinsonun, Puşkinin, Bulqakovun, Anna Axmatovanın...
Sonra
aynada öz gözlərimə baxmağa cəhd edirəm...
görmürəm.
Artur
gözlərimə hopub sanki.
Arturun
gözlərinə hopan gözlərin bənövşəyi
işığı kimidir aynam. Özümü mənə
göstərmir...
Rəngləri
çox sevirəm.
Və
Arturun "Saitlər" şeirini gördüyüm ilk anda
içimdə oyanan müdhiş maraq mənə bu şeirdəki
misraların bir başqa rəsmin sirri ilə
boyandığını pıçıldadı.
Marağımın
ardınca düşüb, şeirin ingilis, rus, fransız
versiyalarını eyni vaxtda qarşıma düzdüm və
misra-misra, söz-söz, təkrar-təkrar oxudum.
Oxuduqca
Artura baxırdım, internetdən tapdığım fotoşəkillərində
axtarmağa çalışırdım "Saitlər"
şeirindəki rənglərin tam rəsm halında ola biləcək
sirrini.
Axı
ola bilməzdi ki, Artur Rembo sadəcə əlifbadan sait hərfləri
seçib ayırsın və oturub o sait hərflərə
şeir həsr eləsin. İnsan nə qədər bekar və
zarafatcıl olmalıdır belə bir boş işə vaxt sərf
etmək üçün, deyilmi?
Amma Artur
bekar və zarafatcıl deyil.
Gözləri
mənə deyir ki, bu şeir o gözlərin
gördüyü, həm də o gözlərdən başqa
kimsənin görmədiyi sirli-sehrli bir tablodan bəhs edir. Nə
o rəssam bəni-adəmdir, nə o rənglər yerdə
var...
"Saitlər"in
Nikolay Qumilyov tərcüməsinə baxıram.
Sonra təəccüblə
Qumilyovun rəsminə, daha doğrusu, gözlərinə
baxıram.
"Səndəmi
görmədin? Axı sənin gözlərin fərqlidir,
boş deyil, dünyasız deyil, niyə görmədin o
tablonu, niyə axı? - soruşuram.
"Gördüm,
amma görməyəcəklər deyə, göstərmədim"
- deyir sanki.
İnanıram.
Və təbəssümlə
şeirin son misralarına çəkirəm diqqəti:
O - zvona
mednoqo qluxoe okonçanğe,
Kometoy,
anqelom pronzennoe molçanğe,
Omeqa,
luç Ee sirenevıx oçey.
Qadın
gözlərindən bəhs edilir bu tərcümədə.
Elə
ingilis dilinə edilmiş tərcümədə də
qadın gözləri kimi verilir son misralardakı gözlər:
O, sublime
Trumpet
full of strange piercing sounds,
Silences
crossed by Worlds and by Angels:
O the
Omega, the violet ray of Her Eyes!
Lakin elə
deyil, Artur qadın gözlərindən danışmır.
O, supreme
Clairon plein
des strideurs etranges,
Silences
traverses des
Mondes et des Anges:
- O
l'Omega, rayon violet de Ses Yeux ! -
Məhşər
günündən bəhs edir Artur.
Sur səsindən
danışır, aləmlərdən, mələklərdən...
Və
"O gözlərin bənövşəyi
işığı"ndan yazır.
Məsihin
gözlərindən.
Siz hələ
də Arturun gözlərinə diqqətlə
baxmamısız?..
İsa
var orda.
A - qara, E
- ağ, İ - al, U - yaşıl,
O - göy... Hərflər,
Mən
sizin sirrinizi açıb tökəcəm bir gün.
A - qara məxmər
dontək bir milçək sürüsünün
Üfunət
üzərində səs-küyü ilə ötər...
Kölgə
tək... ; E - çadırlar və tüstü
ağartısı,
Dağ
buzları ucları, ağ hökmdar, ağ çiçək...
İ -
gözəl dodaqların təbəssümüdür -
ürkək,
Qəzəbi
qan dadında, tövbəsi həzz ağrısı.
U - dənizin
ilahi dalğalı təlatümü,
Talada
örüş yeri, tarlada əkin şumu,
Və
fikirli adamın alnının qırışığı.
O - gizli cəngavərin
Surunun sirli səsi,
Aləmlər
və mələklər
sükutunun nəfəsi:
Omeqa! O
gözlərin bənövşəyi işığı...
Cavi Dan
Ədəbiyyat qəzeti.- 2017.- 4
noyabr.- S.2.