Vaqif Bayatlının həndəsəsiz
aləmi
Bir gün bir an gələcək
bu göy də o dağlartək
aşağıya çəkiləcək
keçir indi ordan da O,
sənin heç
vaxt duymadığın
başqa göyə
baxa-baxa,
ordan da başqa dünyanın
Ayı kimi çıxa-çıxa,
günü kimi doğa-doğa...
Tanrı ilə eyni dünyada
yaşamaq istəyinə
görə ərzdən
ərşə (və
ərşdən də
o tərəfə) adlayan
Vaqif Bayatlının fəhmində Peyğəmbər
belə merac edir. Salvador Dalinin rəsm
etdiyi "Ayın aydınlatdığı fəlsəfə",
yəni metafizika da elə budur.
Vaqif Bayatlı
həmin o göylərin
ahəngində bir yerüzü qurmaq istəyir. Bu, öz
mistik və metafizik məqamında və halında ayrıca, yerlə göy arasındakı mavi boşluqda, yaşıl zolaqda "sevgidən-sevgiyə, ulduzdan-ulduza"
uçan, "yorulanda
göyün yaxasına
qonub eşq yuxusuna gedən" Bayatlının duru və həndəsəsiz
aləmidir. Bilmirəm, onu
başqa cür necə adlandırmaq olar?
...Ən yaxın qonşu ulduzdan,
Bir kişi çıxır
gecəyə.
Baxa-baxa
bizim göyə...
...İçindən qışqırır
ahı:
Allahı
istəyrəm! Allahı!
Bu dünyanın
ən şirin yuxusutək,
ən ətirli dumanı,
ən ətirli qoxusutək
Allahı
istəyirəm...
Sonra çatmaq bu dünyanın,
Zamanın son sahilinə,
Çatmaq, çıxartmaq başını
Bu dünyadan bir qırağa -
Allahın bizi buraxıb
Bu dünyadan birdəfəlik
Baş alıb getdiyi çağa,
Bizi neçin atdığını
Elə orda göy üzündə
Diz çöküb
sormaq Allaha.
Elə
o anda o kişi
Dözmür, susdurur ahını,
O beləcə heç bir gecə
Qıymır böyük Allahına
-
Gedib Allaha çatmağa
İmkan
vermir ahına,
Qayıdır girir evinə
Ahı doymaya-doymaya,
Salmaq istəmir Allahı
Allahın min illər öncə
Onu saldığı dünyaya...
Bu "otantik varlıq...
bizləri heç bir zaman çata
bilməyəcəyimiz varlığı
düşünməyə yönəldən şərtdir"
(Haydigger).
"Yerüzü, bütün
kainatın tək ibadət yeri"dir - qənaəti təsəvvüf
olsa da, Yerin Göyüzünün
ən uca nöqtəsi olduğunu duymaq, bunu xəbər
vermək təsəvvüf
deyil, bəlkə göyüzündə yuvarlanan
"yupyumru bir eşqdir". Elə buna görə də yağış damlası kimi balaca və sıxılımış varlığın
hansı mistik partlayışdan sonra
"mütləq bir toza" deyil, başqa dünyalara və kainatlara çevrilməsini anlamaq üçün Vaqif Bayatlı üslubuna keçid zəruridir. Neçə illərdir ki, Orxan Vəlinin
biz uyqudaykən göyüzünü
rəngləyən Dalğaçı
Mahmudundan fərqli olaraq, Vaqif Bayatlı
Göyüzünü Yerüzünün
qəmli və bir az da
sürreal rəngləri
ilə boyamaqdadır:
"Gün işığındandı
fırçası / ay işığındandı
fırçasının köynəyi,
donu..."
O, ədəbiyyatda və düşüncədə BÖYÜK TUFANI doğurmadı, amma milli obrazların varlığını qlobal
tufanlardan - estetikalardan
xilas edə bildi. Bayatlının şeirlərində doğma, çox doğma və munis bir Azərbaycan
var. Elə bir Azərbaycan ki, ondan daha şairanəsi,
daha poetiki Vaqif Bayatlıyaqədərki
şeirimizdə ya çox nadir hallarda görünüb, ya da heç görünməyib. "Bu dünyaya
göy payıtək göydən gələn"
Azərbaycan "...hər
an Tanrının kirpiyilə yırğalanan
anabeşik"dir ki, hamımız onun içində körpəyik,
köyrəyik, çiçəyik...
Araz axar bircə-bircə,
Ölər diricə-diricə.
A bürcü-bürcü-bürcü!
A bürcü-bürcü-bürcü!
Yurdum bir ah çəkəndə
Dağları bürcü-bürcü!
Göyləri tuncu-tuncu!
... A bürcü-bürcü-bürcü!
Vətən dara düşəndə
Qırılanda dağları,
Qırılanda qılıncı
Göyə qalxıb ulayar
Analar bürcü-bürcü!
Vaqif Bayatlı
Odərin qanad taxıb göyə qaldırdığı obrazlar
sistemi bizdə heç də hər zaman birmənalı qarşılanmayıb. Deyiblər ki,
Azərbaycan türkcəsində
anaların ulaması anlayışı yoxdur.
Azərbaycan dilində heç
bürcü deyilən
bir söz də yoxdur. Amma bu heç kəsə
haqq vermir ki, Vətən dara düşəndə göyə qalxıb bürcü-bürcü ulayan
analara görə durub Vaqifi qınasın.
Bir halda ki, bu
hadisə, hadisəni ifadə edən söz dilimizin mifik və magik
yaddaşı ilə bağlı bir prosesdir. Göydən
enib Oğuz xana süd verən
Boz Qurd, necə ola
bilər ki, Vətən dara düşəndə Göyə
qalxıb və Göy üzünün üstünə qonub tuncu-tuncu göylərin altında bürcü-bürcü
ulamasın?
Dilin
universal mahiyyəti ondan
ibarətdir ki, bu yaddaş ərazisində xalqın bütün inanc dövrləri dibə sovrulur… Olur belə! Diri yaddaş üçün
bu vaqeələr şairanə və gözlənilməz deyil,
real, sabit bir əsasa malik olsalar da, hər
halda Arazın bircə-bircə axması
da, diricə-diricə
ölməsi də, göy atların göydən, ağ atların dan üzündən gəlişi
də, qılıncın
qayadan, Qıratın dəryadan çıxması
da, Vətən dara düşəndə göyə qalxıb ulayan analar da,
nəinki poeziyamız
üçün, ümumiyyətlə,
çağdaş Azərbaycan
şeir dili üçün yeni hadisələrdir. Və onları
dilimizin semiotik harmoniyasını yarada bilən iki-üç şairimizdən biri Vaqif Bayatlı yazıb. Elə ona görədir
ki, Vaqifin dilində (şeirində)
Araz bircə-bircə axar, diricə-diricə ölər. Çünki Bütöv
Azərbaycanın son göyüzündən
görünən mənzərədə
"Arazın qaçan
tikanlarına ayaq qoya-qoya özümüz də ayaqyalın qaçırıq".
Vaqif Bayatlı iyirminci əsrin səksəninci illərində ənənəvi baxışlar sistemini bəlli ehkamlara məhəl qoymadan dağıtdı. XXI yüzilin ilk şeirlərini isə "Qanad açmadan uçanlar, nəfəs açmadan sevənlər, səs açmadan oxuyanlar, yıxılırkən özündən başqa hamıya dua açanlarçün sözsüz şeirlər" olaraq yazdı. Ayrıca poetik bir sistem, yeni bir paradiqma doğurdu. Şeirimizin ana yoluna içərisində çağımızın insanları, bu insanların taleyi ilə dolu "Tanrı tramvayları", "Göy faytonları" qoşuldu...
Azər Turan
Ədəbiyyat qəzeti.- 2017.-
4 noyabr.- S.3.