Daha gözəl şeylər icad etmək...

 

Esse

 

Bədii əsərdə, onun hansısa yuxulu qatında elə proseslər gedir ki, ürəyinə sirayət edən fanilik duyğusu həm də gələcəyin sürəkli dəyişməsi anlamına gəlir. Bəli, bizim intizarla gözlədiyimiz gələcək. Sənin heç bir zaman çata bilməyəcəyin gələcək. Buna görə, bədii mətndən həmişə bir səs də gəlir: günlər əriyib damcı-damcı keçmişə töküldükcə, gələcək də ilmə-ilmə sökülür, yox olur, gəlmir, ələ keçmir, elə keçmişdə qalır. İndinin nəsrində personaj və oxucuların cəlb edildiyi oyun strategiyası fərqli paradiqma təklif edir. Amerika yazıçısı Besterin "Çarpaz xətlər" hekayəsində eyni göyün altında, fəqət fərqli zamanlarda yaşayan insanlar təsvir edilir. Dünyada hər şey yalandı, həqiqətsə fiksiyadır. Bu yalandan xilas olmağın yolu yoxdu, sənə yalnız onunla oyun oynamaq şansı verilib. Bir rus yazıçısının hekayəsində belə bir situasiya var: çalğıçı gecənin bir yarısında, həm də sərxoş halda toydan qayıdır, ayağı nəyəsə ilişir, yarğana düşür, gözünü açanda canavar gözlərini görür, əlini biixtiyar skripkasına uzadır, çalır və canavar fikrindən vaz keçir. Yorulan kimi yenə canavarın gözlərini görür. Qorxudan yenə çalır, yenə, yenə... Beləcə, yorğunluq keçmiş və gələcək arasında bölüşdürülür. Bu bölgü "reyestri" harda baş verir, bunu kim bilə bilər? Heç kim.

Elə mətnlər var ki, yazan adamın son sözünə çevrilir, onun özünü əvəz edir, onun yerinə susur və gizlində daş kitabələrə sızaraq oralardan toz basmış arxivlərin içinə nüfuz edir,  "şpion viruslar" (spy....) kimi keçmişin ən son qatında qərar tutub ordan gələcəyin necə dəyişməsini müşahidə edir. Bu hadisə olsun ki, adlarını əzbər bildiyimiz və hardasa bizə yaşamaqda mane olan böyük klassiklərin başına gəlmir, az (bəlkə də səhv-!) tanıdığımız bir şairin düşüncəsində yuvalanır. Metodlar, araşdırma üsulları dəyişdikcə, bir-birini əvəz etdikcə, bu mətnlər fərqli-fərqli donlara girir, göz qamaşdıran libaslarda peyda olur, ancaq... sirr deyilən nəsnə daha dərin qatlara ötürülür. Məsələn, Nəbati... Yaxud, Şəhriyarın yaradıcılığında olduğu kimi...

Şairin, yazıçının yazı manerası, gerçəkliyin qapısını üzünə qapayıb dünyadan ayrılmaq, tək qalmaq, onu saya saymamaq, ondan daha gözəl şeylər icad etmək cəhdləri bəlkə də sonda yazıçı üçün çox fərqli bir perspektiv yaradır: bizim intizarla gözlədiyimiz gələcəyin hər an dəyişdiyini hiss etmək, bilmək, ancaq bunu sözə çevirə bilməmək. Sözə sığmayan şeylər bəlkə də həmin o gələcəyin anonim yazıçısının yazması üçündür, ya da yox, əbədi sükunəti hifz etmək üçün...

"Mən sözəm" deyən şairlər çox olub. Amma qədimlərdə bunu heç kəs demirdi, bununla yaşayırdı, söz kimi danışırdı və susurdu. Məsələn, Əl Məəri necə deyirdi: "Le temps est un oiseau qui prend l'espace. Attrape le! Toute la sagesse tiendra dans ta main. " ("Autres Pensies de Al Maari.") Yəni: zaman məkanı tutan, onu işğal edən quş kimidir. Onu tut! Bütün müdrikliyi ovcun içində görəcəksən."

Şair ya sözə çevrilir, ya da ondan kənarda qalır.

Söz olmaq istərdim,

Təkcə tənha,

Tərkidünya söz....

Ərəb şairi Adonisin bir sözü var: Gələcəkdən gəlirəm! Biz yuxarıda bədii mətnin içində hifz olunan gələcək duyğusundan (...gələcəyin sürəkli dəyişməsinin izlənməsi!) danışdıq. Keçmişdən təəssüflə danışmaq, Koreya şairi Ko Un demişkən "sonsuz keçmişlə sonsuz gələcəyin kəsişdiyi yerdə baş vermiş "zəlzələnin" izləri nə vaxtsa dilə gəlir, metafora deyilən nəsnənin qabığını yarıb gerçəklikdən başqa dünyalara qədəm basır. Yəni, elə mətnlər var, yazılır ki, tək qalsın, yəni, bu mətni kimsə bir daşın altına qoyub, o inamla ki, kimsə mütləq gəlib götürəcək və oxuyacaq. Yəni, kimsə bunu yazıb və gedib. Dar macalda yox, sadəcə iş belə gətirib. Orda deyilən sözlər sondur, sözün bitdiyi və başlanmadığı bir yer. Müşfiqin şeirləri kimi.  Əvvəlcə Əli Kərimin "Nə xoşbəxt imişəm..." şeirinə baxaq.

Mətnin diktə elədiyi həqiqət budur ki, şair məhz bu şeiri yazıb və köç edib. Son şeir. Bundan əvvəl heç nə olmayıb, bütün yazılanlar pozulub. Bax, bu duyğu, bir şeirin (daha doğrusu, onun içində dərdlə təskinliyin qol-boyun yaşaması-!) şairin bütün əvvəlki mətnlərini "aradan qaldırması" bambaşqa bir kateqoriyadır. Bu kateqoriyanın nüvəsində, məğzində o durur ki, əvvəlki mətnlər səhradakı toz dənələri kimi qalxıb, havada cəm olub yeni bir nəfəs ("poetik fiqur"- !) yaradıb, onlar yeni yaranan nəsnənin ən dibindəki rişələrin qəlbinə sızıb və yoxa çıxıblar. Edmond Jabe bir məqaləsində deyir ki, kitab bir gün səhrada əlinə aldığın qum dənəsi kimidir, bir neçə addımdan sonra nə olacağı bilinmir. Belə bir hərəkilik, dərinlərdə cövlan edən hərəkət və dinamikanın yaratdığı "qəfil" assosiasiyalar gözümüzə çökən yalanları dağıtmaq məqsədini güdür.

Şeirin ("... Nə xoşbəxt imişəm...") sonradan arxivdən çıxarılaraq dərc edilməsi faktı da bunu "təsdiqləyir". Bütün hallarda belə bir şeirin meydanda olması başqa versiyalara da imkan yaradır: bu mətn son olmaqla bərabər, həm də çox kədərli bir insanın yaradıcılığının davamıdır. Ən azı ona görə ki, "bir sözün qoşa hecası kimi ayrılmazdır qəlbimiz" deyən şairin gələcəkdən gəlməsi sadəcə "metafora işi" deyildir. Metafora keçmişdə qalıb, keçib gedib, tükənib.

Gecələr toranlı vüsal məskəni,

Hər səhər ruhumun səhəri imiş...

Metaforadan bu şəkildə "azad olması" nə deməkdir? Bu şeir, onun içindəki xiffət, yalqızlıq duyğusu, bəlkə daha artığı, bircə anlığa gerçəklikdən yaxa qurtarıb mətnin içiylə keçib getmək, indiyə qədər görmədiyin şeyləri görmək duyğusunu canlandırır.

Yuxarıda adını çəkdiyimiz Ko Un yazdığı mətnlərin içindən keçərək beləcə "yoxa çıxırdı". Onun bir mətni var, orda adicə köpəyin ölməsindən bəhs edilir, onu bir ağacın altında dəfn edirlər. Yağış yağır, bir azdan yamyaşıl budaqlar itin "hürüş"üylə rəngdən-rəngə düşür. Belə bir keçid anını hər şair yaşaya bilmir, bu halı yaşamaq şeirdən bir addım, bir qarış... geridə qala bilməkdir.

Müşfiq. Çox yox, bir neçə şeirində bu "anlaşılmaz keçidi" ifadə edə bilmişdi. Bunun üçün şair ürəyini, beynini, bütövlükdə xəyalını zəbt etmiş bütün "ənənədən" xilas olmalıydı, oldu da. Müşfiq ənənəvi formalarda yeni məzmunun, yeni mənaların ifadə edilməsində demək olar yeni cəbhə açdı.

Müşfiqin həyat yoldaşının da xatırlatdığı kimi, birdən olurdu ki, gecələr hövlnak yerindən durur, yuxuda gördüyü şeirləri vərəqlərə köçürürdü. Xarakterindəki çılğınlıq, xəyalının çevrələdiyi səmanın sonsuz, geniş olması (Əl Məərinin sözlərini yada salın: bütün müdriklik ovcunuzun içində olacaq...), ruhunun yazıda çox incə, həssas məqamlara tuş gəlməsi... bütün bunlar onun poetik mətnləri haqqında xüsusi modusda bəhs etməyi şərtləndirir. Rəzul Rzanın Müşfiqə həsr etdiyi poemanın adı da təsadüfi deyildi: qızılgül olmayaydı. Bu xəyalın, incə ruhun özəlliyi onun ürək yandıran gözəlliyində idi. Saib Təbrizi demişkən: ....könül pərdələrində eşqi pünhan eyləmək olmaz. Yaxud elə Müşfiqin özü demişkən: "Mehribanım, baği-eşqin ey müəttər süsəni/ Qoyma öpsün gizlicə hər bülbülü-bədxa səni..." Elə bir şahanə gözəllik ki, bədbəxtlik həmişə yanını kəsdirir, bir addım belə ondan aralanmırdı. Müşfiqin şeirlərində bu damar, bu keyfiyyət həmişə hiss edilir, onları oxucunun qəlbinə yaxınlaşdıran xüsusiyyətlərdən ən ümdəsi zənnimizcə, elə bu olmalıdır. Bu kateqoriya ("şair xəyalı") klassik poeziya havasında cilvələnərək klassik aşıq poeziyasından incə bir xətt kimi keçən və fikrimizcə, aşıq yaradıcılığının tədqiqatçılarının bütün təsadüflərdə nəzərindən qaçan "könül" obrazı ilə birləşir və dünyaya təkrarsız bir şair gətirir. Onun məşhur "Küləklər" şeiri adı keçən təkrarsız şairin naturasını bəlirləmək mənasında xarakterikdir. Elə bu məqsədlə bayaq yada saldığımız könül obrazına qayıdaq. "Könül" aşıq poeziyasında bəlkə də anadillərin çağırdığı, bulmaq istədikləri nəsnədir, elə bir nəsnə ki, aşiqin, aqilin... eşq dəryasına batan hər bir kəsin özündən qabaqda gedir, əlac ona qalır ki, əl atıb tuta bilmədiyi könlünə başına gələnləri danışsın. Dərdin danışıldığı bu nəsnə bir də görürsən şikayət obyektinə də çevrilir. Bu hər şeyin fəna pisləşdiyi, qəliz vəziyyət yarandığı anda hər şeyi könlünün, dəli könlünün üstünə yıxması aşıq poeziyasında xüsusi ortam yaradır. Nəvaidə işlənən "telba könül" (dəli könül), Abbas Tufarqanlıda "dəli könlüm" (dəli könlüm nə divanə gəzirsən...) sırası müasir poeziyada, XX əsr ədəbiyyatında ilkin sifətini qoruyub saxlayır. Hətta "könül" sözünün işlənmədiyi qoşmalarda belə onun yeri, damğası, daha doğrusu, qarsıdığı yer apaydın görünür. Bu çərxi-fələyin nərdivanı var / düşən ağlayarmış, qalxan gülərmiş...

Müşfiqin ritm sistemində iki şeyin baş-başa gəlib sonra haçalanması və nəhayətdə qovuşması hadisəsi baş verir. Klassik poeziyanın yaddaşında yaratdığı son dərəcə orijinal anımlar, obraz və detallar yaddaşın elə bil dünən yaşanan, dolan hissəsinə keçid edir, folklorun ondan kəskin fərqli işarələri ilə yüklənir, bu iki sistem onun poetik ladında elə qovuşur ki, şeirin hansısa boşluğu labələb doldurması təəssüratı yaranır: Şairləri qanadında bəsləyən/ İnsanların həyatını süsləyən / İncə ruhlu mələklərə and olsun/ Boynundakı dalğa-dalğa tellərə/ Qaşlarının altındakı sellərə/ Qəlbindəki istəklərə and olsun!

Müşfiqdə bu müraciətlərini "ürək sarsıntıları" şkalası üzrə izləsək, çox qəribə bir mənzərə yaranar:

Beləliklə:

Şimşək kimi buludları qovaraq,

Verdim parlaq çiçəklərə könlümü...

Sonra:

Mənim könlüm deyir ki,

Hələ bunlar nədir ki...

Ay işığı, dolu ürək, yaşıl bağ,

Qızğın günəş, sərin çeşmə, qarlı dağ...

Yaxud:

Ah, bu uzun sevda yolu

Vurulurmu başa, könül!

Nişan aldım, kaman tutdum,

Dəydi oxun daşa könül!

Bir od düşdü buluduna

Yandı könül eşq oduna,

Qaldın hicran umuduna,

Ey qırılan şüşə könlüm!         

nəhayət, "Küləklər" - bu şeirdə könlün özü var, şair bir işarə kimi yoxa çıxıb, gerçəkliyin əngəllərindən qurtulub. Şair mətndə son damlasına qədər əriyib yoxa çıxıb. Belə bir deyim var: o uzun bir ömür yaşadı, qırx yeddisində öldü... Belə bir deyim də var: Müstəbidlər başa düşmür şairləri, o zaman ki, başa düşür, fərman verir ölümünə... Hegel yazırdı ki: "mənim nitqimdə elə bir xəbərdarlıq ehtiva edilir ki, bax, elə bu dəqiqə dünyaya ölüm göndərilib, o, qəfildən mənimlə, danışan şəxslə mənim müraciət etdiyim adam arasında peyda olub; bu ölüm bizi ayırır, aramızda elə bir məsafə yaradır ki, həm də ayrıla bilməyək". Ölüm yazanın həm nişangahı, həm də bəraətidir. Başqa bir müəllifdən: "...ölüm dilə yiyələnir, onu bir məmləkət kimi ələ keçirir və o, total dematerializasiyanın, mortal karnavalın növbəti qurbanına çevrilir; o artıq özünün əsas funksiyalarını icra edə bilmir: təsvir etmək, göstərmək, müəyyənləşdirmək: ancaq dil - ölüm,-deyə səslənə bilər. Və burada partlayış baş verir - məkan dışına açılan pəncərə, qara xronotop deşiyi, bu məkanda ölüm dəqiq təsəvvürün sərhədlərindən kənarda, sərhəddən o taydakı şizoid diskurs ilğımında necə olmasa da dəf edilən və yaşanan işarəvi hadisəyə çevrilir".

Yuxuda olacaq şeylər gerçəklik qatına çıxarılana qədər mətn yuxunu, yuxu isə gerçəkliyi əvəz edir və bu "gizlənpaç" oyununda əsas ağırlıq mərkəzi mətndənkənar əlaqələrin üzərinə düşür, çünki "yuxudan oyanmaq" sadəcə sürəkli silkinməni tələb edir. Mətndənkənar əlaqələrə güclü və sürəkli meyl janrın hərəkt ritmini dəyişdirir, şərtilik işarələri ilə gerçək işarələr arasında əvəzlənmə oyunu sıxlaşır. Bədii mətndə elə şeylər danışılır ki, az qalır ki,  "bu lap yuxuda ola bilərdi!" deyəsən. Müşfiqin şeirləri və ölümü də belədir: bu lap yuxuda ola bilərdi...

Adonisin bu sözləri doğrudan möhtəşəm səslənir : gələcəkdən gəlirəm ! O, görünməyəni, yəni, hələ deyilməmiş sözləri eşitmək, onların ifadə etdiyini öz gözləriylə görmək istəyir. İçindəki sorğu-sualın ani hərəkətini yerli-yataqlı təsvir edir, azır ki, şeylərin içindəki sirdən qurtulsun. Addımladıqca addımlayır və onun poeziyasının ritmi təkbaşına addımlayan insanın ayaq səslərini xatırladır, ancaq bu ritm şəhərlərin uzaqdan hiss edilən qarışıq qoxusundan xali deyildir.

Müşfiq kimi bir şairin şeirlərini bəlkə də sətirlər arasından oxumaq lazımdır. Onun ...Sənin hər qəhqəhən Ay kənarından // Keçən buludmudur, uçan quşmudur? - misraları digər şeirlərindən, repressiyaya uğradıqdan sonra taleyinə çökən nakamlıqdan süzülən hisslərin təsiri altında dəyişir, dünyanın, elə könlünün də şad-xürrəm vaxtındfa (?) sevdiyi qızın gülüşünü Ay kənarından keçən quşa (həm də buluda) bənzətməsi dəyişir, quş bir nar budağına dönür, oda tutaşır, külü səhralara səpələnir. Adonissə bu külü keçmişinə "qaytarır", Müşfiqin xəyalındakı sözə sığmayan şeyləri dilləndirir:

Sual verdim dedilər ki,

Oda tutaşmış budaq

Quşmuş

Dedilər ki, sifətim bir əlçim ləpə

Dünyanın üzüsə güzgüymüş

Səhərin doğuşunda ağrı

Gəlib çıxdım

Yolumun üstündə

Mürəkkəbim dünyaydı

Cümlələr tir-tir əsirdi

Xəbərim yoxdu ki, aramızda

Körpü atılıb - od topaları və kahinlik

Qardaşlıq körpüsü

Xəbərim yoxdu ki, üzüm

Qayığa dönmüşdü

Qığılcımlar içində üzürmüş...

Adonisin poeziya ilə bağlı fikirlərinə qayıdaq :"Mənim şair kimi bütün yaradıcılığım belə bir inamla aşılanıb ki, sənət, poeziya varlığı, yaxud insanı ifadə etmir, onları tamamlayır. Hər hansı nəsnəni ifadə etmək ən yaxşı halda onun hər hansı aspekti haqqında söz deməklə məhdudlaşa bilər. Mən danışdığım an özümü ifadə etmirəm, nümayiş etdirirəm. Sənət və poeziya varlığın davamıdır. Onlardan istifadə etməklə mən gerçəkliyi çoxaldıb artırmıram, onu tutmağa çalışmıram, yalnız elə bir yeni gerçəklik uydururam ki, içindən çıxdığı gerçəkliyi eyni zamanda həm unutdursun, həm də yada salsın".

Varlığın, gerçəkliyin, onun səthindəki nəsnələrin ani hərəkətdən canlanması, qəribə hallar yaratması həmin o sürəklə dəyişən gələcəyin "küləyi"nin təsiri ilə baş verir, bizsə şeiri oxuyub orada keçmişin "xarabazarında" azırsan, yaşadığın yerləri tanımırsan, çünki sən birbaşa gələcəkdən gəlibsən. Hər şey min verstlikdəki dənizin qabarmasına bağlıdı:

Laçın yatağıdır bizim məkanlar,

Yavaş-yavaş gedin səsiniz anlar,

Qorxuram toxuna ötən zamanlar,

Sürbəniz dağılıb çaşa, durnalar!

"Ötən zamanlar" bütün məlum şərhlərə, izahlara əlavə olaraq həm də həyatının bəlkə heç bununla birbaşa əlaqəsi olmayan fraqmentlərində daha düzgün aşkarlanır.  Qasım bəy Zakirin kəndinə yerli hakim qonaq gəlir, el qaydasıyla qonaqların qabağına çıxır, əllərini qandallayıb, atın döşünə qatıb aparmaq istəyirlər. Bu məqam onun həyatındakı normal ritmi pozan bir həlqədir, bu andan etibarən onun mətnlərində "durnaların baş-başa verməsi", "sürbəsinin dağılması" və bu kimi hadisələr becidləşir. Zamanın birdən donması, donuşluğa düşməsi və ani hərəkətdən açılması, məhz bu "əsəbi" hərəkət mətndə şeirin yazıldığı dövrün dərinliklərini göstərir. Zakirdə tarixilik duyğusu bu səbəbdən onunla eyni dövrdə yaşayan bütün şairlərdən daha güclüdür.

Müasir ingilis şairəsi Marqaret Atvud bunu bilirmiş kimi sözlərin damarlardan axmasını təsvir edir. Onun bir şeirində keçmişlə (keçmişə axan indiki zamanla) gələcək anidən görüşüb qəribə təəssürat formalaşdırır. "Damarlarınızda axan sözlər" ifadəsinə qədər şeirdə lap elə vizual görkəmdə cüzi, ancaq qarşısıalınmz dəyişikliklər baş verir. Ağacların "güllə səsindən" əyilməsi (uşaq tapançasından atılan) vizualdır, gələcək vizual olaraq kadr önünə gəlir, virtual bir çaşqınlıq yaranır...

Çöldə uşaqlar oyuncaq

                        tapançadan atdıqca

ağaclar əyilir.

Onları tək buraxın

Onlar başlarına gələcəkləri

Oynayırlar.

Onlara su,

Təmiz portağal qabığı verirəm

Sizi tutub saxlamaq üçün

Orda

Damarlarınızda axan

Sözlər bəs deyilmi...

Doğrudan da, sözlər bəs deyilmi? Bəs deyil..

 

Cavanşir YUSİFLİ

 

Ədəbiyyat qəzeti.- 2017.- 4 noyabr.- S.4-5.