Söz azadlığı tənqidimizə
nə verib?
Üçüncü məqalə
"Söz azadlığı" bir tərəfdən
böyük ədəbiyyatın yaranmasını tam şəkildə
istedadın öhdəsinə buraxırsa, o biri tərəfdən
də tənqidimizin həmin istedadı (şairi, nasiri,
dramaturqu) axtarmasını və tapıb ədəbi prosesə
gətirməsini tələb edir, ancaq biz bunu
görürükmü? -təəssüf ki, yox və bu
baxımdan tənqidimizdə açıq-aydın bir ətalət,
inertlik nəzərə çarpır. Bu
inertlik nəinki cavan istedadları axtarmağa, əgər
yoxdursa, belə bir vəziyyətin səbəbini göstərməyə,
nəzəri izahı ilə çıxış etməyə
imkan vermir, hətta artıq öz bədii sözünü
demiş, ədəbiyyatda özünü təsdiq etmiş
ayrı-ayrı yazıçıları da layiqincə qiymətləndirməyi
bacarmır. Bu cəhət isə öz növbəsində,
ədəbi prosesimizdə dediyim həmin keyfiyyət və kəmiyyət
qarşıdurmasında kəmiyyətin keyfiyyəti xeyli dərəcədə
üstələməsinə, aparıcı qüvvəyə
çevrilməsinə xidmət edir.
Bu
söylənənlər göydən asılı qalmasın
deyə, yəqin konkret misallara ehtiyac var və baxın, bizim tənqidimiz
orta nəslə (bəlkə də artıq yaşlı nəslə!)
mənsub Məmməd Oruc, yaxud Saday Budaqlı, yaxud da
Sadıq Elcanlı kimi görkəmli
yazıçılarımızın
yaradıcılığının elmi-nəzəri təsnifatını
veribmi, onların əsərlərinin bədii-estetik mündəricatını
təqdim etməyi bacarıbmı? - axı
bu gün bu səviyyəli
yazıçılarımızın sayı çox deyil,
ancaq bu sualın cavabında mənim üçün heç
bir tərəddüd yeri yoxdur: xeyir, verməyib.
Bilmirəm,
Saday Budaqlı "Zədə" romanını nə vaxt
yazıb, ancaq bundan asılı olmayaraq, bu roman mənim
üçün təzə əsərdir və yalnız ona
görə yox ki, ilk dəfədir oxuyuram, ən
başlıcası ona görə ki, buradakı Firidun bəy
Köçərli demişkən, təhkiyeyi-kəlamın səliqəsinə
və səlistliyinə, xislətin dərinlərinə varmaq
istəyinə və bacarığına, bu və ya digər
dərəcədə son illərdə barmaqla sayılası
Azərbaycan romanlarında rast gəlmək
mümkündür.
Saday
Budaqlı "Zədə"ni də
daxil etdiyi hekayələr və povestlər kitabını
hekayələrindən birinin adı ilə "Yolüstü
söhbət" (Aspoliqraf", 2015) adlandırıb, ancaq
buradakı əsərlər ("Şəbəkə" və
"Fevral" povestlərini də ayrıca qeyd etmək istəyirəm)
elə bədii-psixoloji emosiyalar palitrası yaradır ki, o
"söhbət" heç vəchlə yolüstü
deyil, müfəssəl və miqyaslıdır.
Sadıq
Elcanlının nəsri realist bir nəsrdir, onun hekayə,
povest və romanlarında həyatın realist təsviri əsas
yer tutur, ancaq bəzən onun istedadı və
düşüncələri, onun bədii təxəyyülü
realizm çərçivələrinə
sığışmır, o, fantastikaya, mifologiyaya müraciət
edir, ancaq bu zaman da söhbət mücərrəd mifik bir aləmdən
getmir, çünki bütün bunlar realist
yazıçının həyatda, real gerçəklikdə
gördüklərinin bədii-estetik inikası, yəni onun
dediyim həmin bədii təxəyyülünün ifadəsidir.
Sadığın "Zülmət" romanı
mifoloji-fantastik bir əsərdir və orada elə bir
münbit, bəzi məqamlarda isə polemik zəmin var ki, tənqid
bu romanın əsasında ədəbi prosesimiz
üçün vacib olan ciddi bədii-estetik problemlər
qaldıra, ciddi ədəbi polemika apara bilər. İnsan və cəmiyyət
- bu, ədəbiyyatın əbədi mövzularından
biridir və Sadıq Elcanlı əsərin qəhrəmanı
Butay Əhmədovun simasında, onun daxili aləminin psixoloji dərinliklərinə
vararaq, heç bir pafosa, yaxud da ah-uflara yol verməyərək
həyatın, yaşayışın nə qədər
mürəkkəb və ziddiyyətli olduğunu özünəməxsus
orijinal bir bədiiliklə göstərə və göstərdiklərinə
inandıra bilmiş, tənqid isə bu romanı ədəbi
prosesin faktına çevirə bilməmişdir.
Professor
Nizaməddin Şəmsizadə "Ədəbiyyt qəzeti"ndə
tənqid haqqındakı müzakirədə deyir ki, "tənqid
ədəbiyyatın mənafeyini" naşı oxucudan,
kütlədən qorumalıdır ("Ədəbiyyat qəzeti",
7 oktyabr 2017) və bu, doğru və aktual
çağırışa o zaman əməl etmək olar ki,
professional ədəbiyyatımızın çağdaş
nümayəndələrinin əsərlərini ədəbi
prossesin təqdir və təkdir obyektinə çevirək,
müzakirə predmeti yalnız adlarını çəkdiyim
bu yazıçıların yox, məhz bu tipli
yazıçılarımızın yeni-yeni əsərləri
olsun.
Onların
əsərləri haqqında adda-budda məqalələri mən
də oxumuşam, ancaq onların
yaradıcılığı, təkrar edirəm, tənqidimizin
mütəşəkkil diqqətini tələb edir, məziyyətləri
də, çatışmazlıqları da miqyaslı nəzəri-estetik
təhlil üçün layiqli bədii materialdır.
Sonrakı
ədəbi nəslə mənsub, misal üçün,
Mübariz Cəfərli, yaxud Şərif Ağayar kimi
yazıçıların əsərləri haqqında az
yazılmayıb, ancaq mən deyə bilmərəm ki,
professional tənqid onların
yaradıcılığını diqqətlə izləyir,
halbuki bu yazıçıların əsərdən əsərə
inkişafı, orijinal bədii təfəkkür tərzləri,
bir tərəfdən sırf milli özünüifadələri,
o biri tərəfdən isə mənəvi-psixoloji
problematikalarının artıq milli çərçivələrə
sığışmayan miqyası, sadə təhkiyə ilə
mətnaltı mürəkkəb və ziddiyyətli insani
hissiyyatlar, talelər mənzərəsini yaratmaq
bacarıqları həmin diqqəti tələb edir.
Tənqidimizin
müasir bədiiyyata məhz belə bir mütəşəkkil
diqqəti, eyni zamanda, bizim ədəbi prosesimizdə get-gedə
artan məhəlliçiliyin qarşısını almağa
yardımçı olar və yaranan diqqətəlayiq bədii
əsərlərin dinamikası ədəbi prosesdə də
özünün nəzəri inikasını tapsa, həmin ədəbi
prosesdəki çatışmazlığı aradan qalırmaq
üçün müsbət enerji verə bilər.
Tənqidimizin
"diqqətsizliyi" ilə bağlı başqa bir
xarakterik misal: mən həmişə təəssüf
etmişəm ki, bizim istedadlı nasirimiz Yaşar ildə bir
hekayə yaza, ya yazmaya, halbuki məhz "Söz
azadlığı" bu fitri hekayəçimiz
üçün geniş imkanlar yaradır və yadıma gəlir,
vaxtı ilə mən onun hekayələrinin insan psixolojisində
görünməyəni (gizlədiləni!) görmək və
mənalandırmaq bacarığına görə Qarşinin
hekayələrini xatırlatdığını
yazmışdım - təsir baxımından yox, istedadın
yönü (istedadın xarakteri!) baxımından.
Yaşarın istedadı ilə hekayələrinin
sayı tamam tərs mütənasibdir və bu yerdə mən
tənqidimizin biganəliyini bir daha vurğulamaq istəyirəm. Aydın məsələdir
ki, tənqid Yaşarın yerinə hekayə yazmayacaq, ancaq tənqid
onun yazdıqlarını ədəbi prosesin diqqət mərkəzinə
çəksəydi, öz ciddi nəzəri-estetik
sözünü desəydi, bir tərəfdən janrın
problemlərini ədəbi prosesin predmetinə çevirərdi,
o biri tərəfdən də,
güman edirəm ki, müəllif üçün bədii
stimul rolu oynaya bilərdi və yeri düşmüşkən
deyim ki, rus ədəbiyyatşünaslığından fərqli
olaraq, rus tənqidi də 70 illik fasilədən sonra - Sovet
dövründə Qarşin yaradıcılığı hakim
ideolojiyə doğma deyildi - X1X əsrin 80-90-cı, XX əsrin
10-cu illərində rus ədəbi prosesinin qəhrəmanlarından
biri olan, 33 yaşında həyatını faciə ilə
sona yetirmiş Vsevolod Qarşinin
yaradıcılığını yenidən ədəbi
prosesə qaytara bilməyib. Rus ədəbiyyatşünaslığı
Qarşin yaradıcılığını "Söz
azadlığı"nın
yaratdığı imkanlar daxilində tədqiq edir, ancaq ədəbi
prosesdə onun adı çəkilmir və bu fikirdə
ziddiyyət axtarmaq lazım deyil, söhbət klassik irs və ədəbi
prosesdəki bədii-estetik təmayüllərdən gedir.
Ancaq biz öz "cari" problemlərimizə
qayıdaq.
Tənqidin biganəliyi yazıçının öz
yaradıcılığına biganəliyə gətirib
çıxarmaq gücünə malikdir və hamı Vaqif Nəsib
ədəbi-bədii iradəsinə sahib deyil ki, onilliklər boyu
tənqidin biganəliyinə yeni-yeni elə hekayə, povest və
romanlarla cavab versin ki, bu əsərlər müasir nəsrimizin
uğurları olsun.
Bu mənada
mən aktiv və aktiv olduğu qədər də səviyyəli
qələm sahibi Nizami Cəfərovun "Afaq Məsud
dünyası" silsilə məqalələrini
xatırlatmaq istəyirəm, çünki Afaq Məsud bizim
az saylı o görkəmli müasir
yazıçılarımızdan biridir ki, tənqid son 25 ildə
onun haqqında az yazmayıb, ancaq o biri tərəfdən, mən
deyə bilmərəm ki, bu yazıların nəzəri-estetik
ehtiva dairəsi Afaq yaradıcılığının bədii-estetik
mündəricatı haqqında tam təsəvvür
yaradır. Nizami Cəfərovun silsilə məqalələrinin
əhəmiyyəti ondan ibarətdir ki, bu məqalələr
Afaq yaradıcılığının canlı bir orqanizm kimi
bütöv, tam bədii-estetik portretini təqdim edir və bu
məqalələrdə toxunulan (və qaldırılan) ciddi
yaradıcılıq problemləri ilə, o problemlərin
izahı (təhlili və həlli) arasında üzvi bir vəhdət
var, yəni problemin ciddiliyi ilə onun həllinin elmi-nəzəri
səviyyəsi üst-üstə düşür.
İndii başqa tipli bir misal gətirmək istəyirəm.
Bizim iki
görkəmli yazıçımızın - Kamal
Abdullanın "Yarımçıq əlyazma" və Aqil
Abbasın "Dolu" romanlarının meydana
çıxması "Söz azadlığı"
dövrü ədəbiyyatımızda əhəmiyyətli
hadisə oldu və bu əsərlər haqqında da az
yazılmadı, ancaq yazılan o məqalələr "Söz
azadlığı" dövrü tənqidimizin hadisələrinə
çevrilə bildimi?
Xatırlayıram,
1964-cü ildə İlyas
Əfəndiyevin "Sən həmişə mənimləsən"
pyesinin tamaşası teatr aləmində etap səciyyəli
bir hadisəyə çevrildi və bu tamaşa haqqında Cəfər
Cəfərovun "Təklik faciədir" adlı məşhur
məqaləsi də teatrşünaslığımızda
etap səciyyəli hadisəyə çevrildi, nəzəri-estetik
enerjisi ilə teatr tənqidənə yeni nəfəs gətirdi. Yaxud
Yaşar Qarayevin 1970-80-ci illərdə
"60-cılar"ın yaradıcılığı
haqqında yazdığı məqalələr tənqidimizdə
həmin yaradıcılıqla bağlı yeni bir yolun, hətta
magistralın açılışında az
rol oynamadı.
Kamalın da, Aqilin də romanları haqqında
üç-dörd məqalədən başqa, qalan məqalələr
müasir ədəbi prosesimizdəki "məqalə
axını" içində izsiz-soraqsız axıb getdi. Eyni sözləri
bizim başqa bir görkəmli yazıçımız Seyran
Səxavətin romanları ilə bağlı da söyləmək
olar və bütün bu dediklərimdə söhbət, təbii
ki, bu əsərləri quru-quru tərifləməkdən yox,
onların konseptual təhlilindən gedir.
Yaxud,
baxın, əsas etibarilə görkəmli şair və
publisist kimi tanıdığımız Sabir Rüstəmxanlı
bəhs etdiyimiz dövrdə bir sıra romanlar yazıb və
mən deyə bilmərəm ki, tənqid bu romanları
görməyib, görüb, onlarla bağlı təqdimatlar,
görüşlər keçirilib, ancaq bu yazılanlar, bu təqdimatlar,
görüşlər Sabirin romanları haqqında bir küll
halında "Söz azadlığı"nın tələb
etdiyi nəzəri-estetik miqyası ehtiva etməyi
bacarıbmı? Güman etmirəm ki, bu
sualın da cavabı müsbət olsun və təkrar edirəm,
söhbət obyektiv konseptual təhlildən gedir.
"Söz
azadlığı" dövrü ədəbiyyatımızda
"roman axını", "hekayə axını",
"şeir axını" ilə eyni dövrün tənqidindəki
"məqalə (və məqaləciklər)
axını" arasında zəncirvari bağlılıq var
və bu şırhaşır axan güclü axının
qarşısını almaq, aydın məsələdir ki,
asan iş deyil, bu, "Söz azadlığı" dövrünün
miqyasına, yaratdığı imkanlara ekvivalent olan nəzəri-estetik
savad, səriştə, eləcə də ədəbi fədailik,
təpər və böyük də məsuliyyət tələb
edir.
Simptomatik
bir misal da çəkmək istəyirəm: bizim böyük
tədqiqatçımız Zümrüd Quluzadə tam bir səmimiyyətlə
(və məsuliyyətlə!) etiraf edir ki, "mən 55 ildir
sufizmi öyrənirəm, hələ deyirəm heç nə
öyrənməmişəm" ("Aydın yol", 26
dekabr 2014), ancaq əlinə yenicə qələm alaraq ədəbi
prosesin taybatay açıq və gözətçisiz
darvazasından dərhal içəri girmiş bir kimsə heç
bir əsas gətirə bilmədən öz quru hökmü
ilə hansısa bir şairi (istedadsızı və yaxud da
istedadlını) sufi adlandırır, səriştəli tənqidimiz
isə susur və nəticədə, sufizmin adını
eşidib mahiyyətindən xəbəri olmayan həmin
hökm verən kimsə sufizmdən xəbəri olmayan həmin
şairi sufizmdən xəbəri olmayan kütləyə sufi
şair kimi tanıdır, yəni mahiyyət qalır bir tərəfdə,
səriştəsizlik sufizm haqqında bəsit bir təsəvvürlə
ədəbi prosesi az qala idarə etməyə başlayır.
Bu yerdə
mən bir mühüm məsələnin də üzərində
dayanmaq istəyirəm: gənclik və ədəbi proses, yəni
gənclərin yaradıcılığı və bu
yaradıcılığın ədəbi prosesdəki təqdimatı.
Yaşları
aşağı-yuxarı elə "Söz
azadlığı" dövrünün yaşı ilə
üst-üstə düşən maraqlı bir yeni ədəbi
generasiya artıq özünü ifadə etməyə
başlamışdır, poeziyada da, nəsrdə də elə
nümunələrə rast gəlirsən
ki, müəllifi tanımasan da, intuitiv hiss edirsən: bu, məhz
"Söz azadlığı"nın gətirdyi yeni nəfəsdir,
hələ pöhrədir, ancaq indidən gələcəyin
miqyaslı qol-budağından xəbər verir, ancaq bu
generasiyanın yaradıcılığının ədəbi
prosesdəki inikası nədən ibarətdir? - bəzi dayaz məqalələr, müsahibələrdəki
um-küs, giley-güzar, primitiv mülahizələr.
Nə üçün belədir?
Bəli,
professional tənqid bu yeni yaradıcılığa
lazımı diqqət yetirmir, ancaq güman edirəm ki, əsas
məsələ (strateji məsələ!) bunda deyil, əsas
məsələ ondadır ki, ədəbi prosesdə bu yeni
generasiyanın öz tənqidçi nəsli
görünmür, yoxdur və bu yerdə mən yaxın
keçmişimizə kiçik bir ekskurs etmək istəyirəm.
İndi,
aradan bu qədər illər keçdikdən sonra, fikirləşirəm
ki, 60-cı illər sovet dövrü ədəbiyyat tarixində
bütün ziddiyyətlərinə baxmayaraq, ideoloji mənada
nisbətən liberal, hətta hansı bədii-estetik məqamlardasa
romantik onillik idi və bu kontekstdə liberallıq sosrealizm
doqmalarından yorulmağın, dediyim həmin bədii-estetik
məqamlarda isə aşkar bir etirazın ifadəsi idi. Məhz
həmin romantika öz-özlüyündə yalnız
"kiçik insanın" deyil, "böyük kiçik
insanın" oxuculara təqdim edilməsində böyuk rol
oynadı və bu cəhət əvvəlki ədəbi nəslin
ayrı-ayrı nümayəndələri,
"60-cılar"ın isə bütün ədəbi nəsli
üçün səciyyəvi idi.
Bu o demək deyil ki, "60-cılar"ın
hamısı ancaq və ancaq gözəl əsərlər
yaradırdı, yox, ancaq onların
yaradıcılığının diferesial mahiyyətindən
asılı olmayaraq, bu yaradıcılıqda bir küll
halında o romantizmin ab-havası var idi. Güman edirəm, elə bu
cəhətə görə də çox çəkmədi
ki, "60-cılar"ın öz tənqidçi nəsli
yarandı - həmin romantika doğma bir cazibə ilə onları özünə çəkdi
və onlar "60-cılar"ın əsərlərinin
mahiyyətinə varmağı bacararaq, nəzəri-estetik təhlilləri
ilə bu yazıçıları ədəbi prosesə təqdim
edə bildilər.
Bir az tez, bir az gec tənqidə gəlməklərinə
baxmayaraq Yaşar Qarayevlə başlayan bu güclü tənqidçi
nəsli ədəbi prosesin aparıcı qüvvəsinə
çevrildi və qısa zamanda özünü təsdiq
etdi. Onların əksəriyyəti bu gün nüfuzlu
professorlar, akademiklərdir və onlar yalnız
"60-cılar"dan yazmırdılar, onların
yaradıcılığı klassik ədəbiyyatımızı,
folkloru, dünya ədəbiyyatını da ehtiva edirdi,
onların arasında dilçilər, türkoloqlar var idi və
"60-cılar"ın özünüifadələri,
dediyim kimi, onlar üçün də doğma və məhrəm
idi, məncə, hətta yaradıcı bir stimul rolu
oynayırdı.
Ədəbiyyat,
aydın məsələdir, fərdi hadisədir, heç bir ədəbi
nəsil kollektiv şəkildə roman, yaxud şeir yazmır,
söhbət ümumi ədəbi prinsiplərdən gedir, hətta
deyərdim ki, yeni bədii-estetik və ədəbi-nəzəri
manifestdən gedir və həmin tənqidçilər nəslinin
o zamankı uğuru onda oldu ki, "60-cılar"ı bir
küll halından hadisə kimi qəbul və təqdim etməyi
bacardılar. Ola bilsin ki, bu, təhtəlşüur
bir qavrama idi və "təhtəlşüur" dedikdə
bunu mən indiki kontekstdə bədii ədəbiyyatın ədəbi
tənqidlə sinxron inkişafının ifadəçisi
kimi, təbii qanunauyğunluq mənasında işlədirəm.
Onların nəzəri-estetik hazırlıqları imkan verdi
(hətta onları sövq etdi) ki, "60-cılar"
yaradıcılığını diferensial olaraq da
oxumağı bacarsınlar və "60-cılar"ın fərdi
üslub xüsusiyyətlərini analizdən keçirib, ədəbi
prosesə gətirsinlər, "60-cılar"a həm bir
bütöv kimi, həm də fərdi olaraq qiymət versinlər.
Mən Azərbaycan
ədəbi prosesinin bu təcrübəsini ona görə
xatırladıram ki, yuxarıda haqqında
danışdığım həmin yeni ədəbi
generasiyanın, onlarla həmfikir olan, onların
uğurlarını da, çatışmazlıqlarını
da onlarla birlikdə bölüşən, onlara yuxarıdan
aşağı baxmayan tənqidçilər nəsli hələ
ki, ədəbi prosesdə iştirak etmir. Tək Qan Turalı
ilə iş aşmaz, Qan Turalı kimi öz üzərində
işləyən (bunu onun məqalə və esselərindən
hiss etmək çətin məsələ deyil) başqa
imzalara - bütöv bir ədəbi nəsil
anlayışını yaradacaq imzalara ehtiyac var, həm də
buna yalnız o gənc yazıçıların, şairlərin
yox, "Söz azadlığı" dövrü Azərbaycan
ədəbi prosesinin ehtiyacı var.
Mənim bu dediklərimdən belə
çıxmasın ki, yaşlı nəsil nümayəndələrinin
gənclər haqqında yazmağına ehtiyac yoxdur - belə
bir nəticə kökündən yanlış olar, söhbət
ədəbi nəsillərin həm bədiiyyatda, həm də
tənqiddə bir-birini əvəz etməsindən gedir;
söhbət nəsillərin bir-birini daha yaxından hiss etməsindən
gedir. Klassik
misal: Belinsi Puşkindən bir az
böyük, Qoqol və Lermontovla təxminən yaşıd
idi və məhz Belinski Puşkini də, Qoqolu, Lermontovu da hələ
XIX əsrin birinci yarısında rus ədəbi prosesinin
faktına çevirdi, onların böyüklüyünü
gördü və bunu göstərməyə nail oldu.
Bizim
Tehran Əlişanoğlu, yaxud Cavanşir Yusifli, yaxud da Əsəd
Cahangir kimi ədəbi prosesdə nüfuz qazanmış tənqidçilərimiz
artıq "Söz azadlığı"
dövrünün
"qocamanlarıdır", Nərgiz Cabbarlı, Elnarə
Akimova, Südabə Ağabalayeva, Günel Eyvazlı, Samirə
Əşrəf … gənc və istedadlı qələm sahibləridir
(görürsüz, deyəsən, "Söz
azadlığı" xanımları özünə daha artıq
cəlb edir!), ancaq deyə bilmərik ki, onların əsas diqqət
mərkəzi gənclikdir. Ədəbi prosesdə
imzaları yeni-yeni görünməyə başlamış
müəlliflərin də gənclər haqqında
yazılarına, hətta bəzən ciddi və səriştəli
yazılarına rast gəlmək mümkündür.
Misal üçün, mən Gülnar Səmanın
"Ədəbi gəncliyimizin 2015-ci ildəki fəaliyyətinə
bir baxış" ("Ədəbiyyat qəzeti", 4 iyun
2016) adlı xülasə tipli məqaləsini maraqla oxudum və
bu məqalənin yaxşı cəhəti ondadır ki,
oxuyursan və aşkar hiss edirsən: haqqında bəhs olunan,
bax, bu gəncləri oxumaq lazımdır, onların
yaradıcılığından daha ətraflı, daha
artıq bir təfərrüatla, daha mütəmadi yazmaq
lazımdır.
Ədəbiyyat
canlı orqanizmdir və onun inkişafı, ədəbi nəsillərin
bir-birini əvəz etməsi düz xətt boyu getmir, bu,
serpantin bir dağ yoludur, əyrisi-üyrüsü,
enişi-yoxuşu var və bu kontekstdə sinxronluq çox əhəmiyyətlidir:
ədəbi nəslin tam şəkildə özünü
ifadə və təsdiq etməsi üçün nəsrin,
poeziyanın və tənqidin vəhdəti olduqca effektli bir cəhətdir.
Bizim ədəbi gəncliyin yaradıcılığının
ədəbi prosesin aparıcı qüvvələrindən
birinə çevrilməsi üçün onu daha artıq dərəcədə
hiss edən və anlayan, təqdirini də, təkdirini də
məhz bu hissiyatın, bu qavramanın sayəsində ədəbi
prosesə çıxara biləcək öz həmnəslinə
ehtiyacı bu gün açıq-aşkar görünməkdədir.
"Gənc
tənqidçi nəsli" dedikdə mən estrada
ab-havasından (əvam inkarçılıqdan, effektsiz haray-həşirdən,
primitiv çayxana söhbətlərindən - elə
"Söz azadlığı" dövrü bir daha
sübut etdi ki, bu, tamam mənasız bir işdi!) uzaq, ədəbiyyatın
maraqları ilə yaşayan, ədəbiyyatın geniş mənada
missiyasını axtaran və həvəskarın yox,
professional yolla addımlamağa başlamış ədəbi
qüvvəni nəzərdə tuturam. Biz həvəskar
şairin, yaxud nasirin yazdıqlarını həvəskar tənqidçi
(!) tərəfindən ədəbi prosesə təqdim olunmasına
azmı təsadüf edirik? Bu - ədəbi prosesimizin xəstə
cəhətlərindən biridir və bəyəm, bunu təsəvvür
etmək olar ki, həvəskar pilot 250 sərnişini olan təyyarənin
sükanı arxasında otursun?
Qısaca olaraq, bəzi digər məsələlərin
də üzərində dayanmaq istəyirəm.
Mətbuatımızı,
saytları izlədikdə, aşkarca görünür ki,
"qruppa" mənafeyini güdmək, nəzəri-estetik təhlil
əvəzinə bəsit və məhdud təbliğatçılıqla
məşqul olmaq, hətta bəzən "Söz
azadlığı"nı söz terrorizminə çevirmək
cəhdi - bu gün bizim ədəbi prosesdə xeyli dərəcədə
yayılmış bir cəhətə çevrilməkdə,
hətta get-gedə təmayül (mənfi təmayül!) "səlahiyyəti"
qazanmaqdadır. Deməliyəm ki, bu xəstəlik bizdə təzə
bir şey deyil, hələ keçən əsrin 20-ci illərində
də (sinifi mübarizə demaqogiyası, yeni dünya qurmaq
fanatizmi), 30-cu illərdə də (sonu güllələnmə
və Sibirlə qurtaran ifşaçılıq), müharibədən
sonra, xüsusən 19-cu partiya qurultayında Malenkovun məruzəsindən
sonra 40-50-ci illərdə də (konfliktsizlik "nəzəriyyəsi",
kosmopolitizmə qarşı mübarizə), nisbətən
sakit 60-70-ci illərdə də siyasi konyukturadan istifadə
olunmaqla müxtəlif formalarda mövcud idi. Bu xəstəlik
80-ci ilin ikinci yarısı,
90-nın əvvəllərində siyasi-ictimai kataklizmin
problemləri içində göründü, yəni mənfi
əhəmiyyətini itirmədi, sonrakı illərdə isə
nisbi (qısa müddətli!) sakitlik yaransa da, yenidən
yavaş-yavaş baş qaldırmağa, bu dəfə də
"Söz azadlığı"ndan bəhrələnməyə
başladı.
Bu xəstəlik yalnız bizim ədəbi prosesin hadisəsi
deyil.
Baxın, V.Artamonov uzun illərin məşhur rus tənqidçisi
Andrey Turkov ilə söhbətində deyir: "Tənqidçi
həmişə sözün həqiqi mənasında tənqidçi
olmur, bəzən bir-biri ilə atışan qüvvələrin
əlində silaha, ya da təbliğatın alətinə
çevrilir." Turkov isə bu fikrə münasibət bildirərkən:
"Allaha şükür ki, bunlar məndən yan
keçib"- deməklə canını qurtarır. ("Literaturnaya qazeta", 22 iyun 2016.)
Məsələ
bir tənqidçinin, iki tənqidçinin "məndən
yan keçib"ində deyil, məsələ bizim tənqidimiz
üçün də əyləc rolu oynayan və ümumi nəzəri-estetik
keyfiyyəti aşağı salan bir kəsirdədir, ancaq bu və
buna bənzər "kəsirləri" kim
açıb göstərməlidir, kim bu cür "kəsirlərə"
qarşı ədəbi mücadiləyə
qalxmalıdır? Aydın məsələdir: tənqidin
özü! Başqa bir yer, başqa bir
ümidgah yoxdur ki, orda kömək axtarasan.
Tənqidçi
Barxatov isə elə həmin "Literaturnaya qazeta"nın səhifələrində "Tənqid?
Hanı o tənqid?"- deyə
soraqlaşır və yazır ki, "tənqid indi sadəcə
eskort-xidmətə çevrilib." (4-10 mart
2015.) Tənqidin "eskort-xidmətə çevrilməsi"
də yeni hadisə deyil, ancaq sovet dönəmində bu hadisə
ikili xarakter daşıyırdı: tənqid həm hakim
ideolojinin eskort-xidmətinə çevrilirdi, həm də
ayrı-ayrı yazıçıların. Bizdə isə tənqid
adı ilə ədəbi prosesə həmlə edən
yazılar artıq dediyim həmin "kütlə
zövqü"nün ifadəsi olduğu üçün,
elə ona, yəni "kütlə zövqü"nə
eskort-xidmət gəstərir, professional tənqid isə
öz sözünü demir.
Tənqid
Balzakın madam de La Şanteri kimi dərdini içinə
salıb, yalnız adda-budda comərdliklə məşqul ola bilməz, çünki tənqiddə
xeyriyyəçiliyin təbiəti başqadır, o ədəbi
kəsirlərə, əngəllərə, yəni ədəbi
prosesin ümumi mənzərəsini solğunlaşdıran cəhətlərə
qarşı mübarizə tələb edir.
Tənqidimizdə
qəribə bir proses baş qaldırıb - janr öz
simasını itirir. Dörd-beş çap vərəqi
həcmində bir əsər roman adı ilə çap olunur
və tənqidimizin də bu əsərə münasibəti
romana münasibəti ifadə edir, buna görə də
çox zaman uğursuzluğa düçar olur. Bəzən
də müəllif yox, elə tənqidin özü nəyə
görəsə (?!) belə əsərin roman olduğunu ədəbi
prosesin boynuna qoymaq istəyir, ancaq buna nail ola
bilmir, çünki müddəalarının bünövrəsi
yanlışdır və həmin müddəalar
özünü doğrultmur.
Məlum
məsələdir ki, bədii-estetik "povest"
anlayışı bizə rus ictimai fikrindən keçib və
ən başlıcası isə, Azərbaycan nəsrində
janrlaşıb (yalnız elə İsa Hüseynovun povestlərini
yada salaq), ədəbiyyatımızın xəritəsində
geniş miqyaslı bir yer əldə edib, indi biz bu janrı nəsrimizin
nəzəri təsnifatından çıxarmaqla nə
qazanırıq?
Xarici
klassikaya nəzər salaq: çağdaş Azərbaycan ədəbiyyatının
və tənqidinin yeni yaranmış meyarları ilə
yanaşsaq, onda, misal üçün Sveykin, yaxud da Merimenin,
yaxud da başqa bir yazıçının iri həcmli hər
novellası bir romandır - görün, bu
yazıçıların neçə romanı olur? Hamıya aydın olan bir həqiqəti bəyəm,
bir daha təkrar etməyə ehtiyac var ki, məsələ
janrda yox, əsərdədir? Bəyəm,
dörd-beş çap vərəqi bir əsəri roman kimi təqdim
etmək (və tərifləmək) onun əhəmiyyətini,
bədii siqlətini artıracaq?
Tənqidimiz
üçün nisbətən təzə bir problemə də
toxunmaq istəyirəm: "Söz azadlığı" Azərbaycan
ədəbiyyatşünaslığında yeni bir sahə -
mühacirşünaslıq yaratdı və tənqid də
bunu ədəbi prosesin predmetinə çevirə bildi. Bizim
mühacirətşünaslığımız barədə
düşünəndə, bəzən pessimist notlar meydana
çıxır ki, misal üçün, yalnız elə
rus mühacir ədəbiyyatınada üç Nobel
mükafatçısı var, bizim mühacir ədəbiyyatımızda
kim və nə var?
Əlbəttə,
bu, metodoloji baxımdan yanlış bir təfəkkür tərzidir
və hərgah belə meyarlarla yanaşsaq, yalnız
mühacir ədəbiyyatına deyil, ümumiyyətlə, ədəbiyyata
münasibətimiz belə olsa, onda, bir halda ki, Servantes, Rable,
Tolstoy var, bizim nasirlərin özlərinin və tənqidin də
onlardan yazmağının mənası nədir? Şekspir olan yerdə… - davam etməyək və
kökündən səhv olan bu sualları
yarımçıq kəsək - hər bir xalqın ədəbiyyatı
(və ümumiyyətlə, sənəti!) onun tarixinin,
taleyinin və dilinin kontekstində qiymətlidir.
Mən
Nikpur Cabbarlının doktorluq dissertasiyası ilə
bağlı bu barədə ayrıca yazmışam
("525-ci qəzet", 10 iyul 2017) və söhbəti uzatmaq
istəmirəm, elə bilirəm ki, məsələ
aydındır, ədəbi mühacirətşünaslığımızın
yaranması son illərin əlamətdar hadisəsidir, ancaq bir
şərtlə: hissə qapılmayaq, tədqiqat və təqdimatlarımızda
vətənpərvərlik emosiyaları bədii-estetik dəyərləri
üstələməsin, yəni, misal üçün,
hansı bir mühacir şairimizsə qürbətdə vətən
həsrəti çəkdiyinə, bir insan kimi taleyinin
acılığına görə sənətkarlıq dərəcəsinin
fərqinə varmadan, onu Mikayıl Müşfiq, yaxud da Səməd
Vurğunla, Süleyman Rüstəm və Rəsul Rzayla eyni
sıraya qoymayaq. Ədəbiyyat olduqca sərt
bir məfhumdur, onun bədii-estetik meyarlarına
sentimentallıqla yanaşıb, güzəştə getmək
olmaz və əslində bu, heç mümkün də deyil,
geci-tezi var, zaman hər bir qələm sahibinin yerini dəqiq
müəyyənləşdirir.
"Söz
azadlığı" dövründə müsahibələrin ədəbi
prosesdə aktiv iştirakında təəccüblü bir
şey yoxdur - müsahibəni aparan da istədiyi sualı verə
bilir (və verir), müsahibə verən də heç nəyi
gizlətmədən və heç nədən çəkinmədən
bu sualları cavablandıra bilər, ancaq müsahibələr
çox zaman da səviyyəsiz müsahibələr ədəbi
prosesin simasını müəyyənləşdirməyə
başlayanda - bu, pis, hətta çox
pisdir.
Müsahibəni
nəzərdən keçirirsən və dərhal hiss edirsən
ki, müsahibə aparanın müraciət etdiyi
yazıçının əsərlərindən xəbəri
yoxdur - bəzən müsahibə götürən bunu
heç gizlətmir də. Ya da müsahibə verənin
primitiv fikirləri, ədəbiyyat haqqında bəsit
düşüncələri, sənətə ibtidai
münasibəti, özünü heç vəchlə
doğrultmayan iddiaları və s. ilə
rastlaşırıq.
Yaradıcılıq, ədəbiyyat, ümumiyyətlə,
sənət haqqında söhbət, həyata münasibət
haqqında düşüncələr qalır bir tərəfdə,
um-küs, arağı nə qədər içmək,
bayağı "ilk məhəbbət", gizli, ya da tamam
aşkar obıvatel intriqası söhbətləri
başlayır, yəni müsahibə -
öz-özlüyündə maraqlı və lazımlı
bir janr - ədəbi prosesə obıvatel əhval-ruhiyyəsi
aşılayır. Araq içməyi ictimailəşdirmək
obıvatel reytinqini yəqin ki, çoxaldır, ancaq ədəbiyyatın
təxirəsalınmaz problemləri, fərdi
yaradıcılıq psixologiyası, eləcə də, dediyim
kimi, həyata, varlığa münasibət bu operativ janrdan kənarda
qalır. Sonra da kütlə ədəbi
zövqünün kütləşməsindən
danışırıq… Əlli ildən sonra kiminsə həvəsi
olsa və bu tipli müsahibələri oxusa, yəqin fikirləşəcək
ki, deyəsən, cəmiyyət bir az xəstəhal
olub.
Bu
yazıda mən tez-tez tənqidin elmi-nəzəri
hazırlığı məsələsinə toxunuram, ancaq
bu gün tənqid üçün mühüm cəhətlərdən
biri də onun fədailiyi, zəhmətkeşliyidir (tənqidlə
bağlı zəhmətkeş deyən kimi, ilk olaraq bizim
hörmətli tənqidçimiz Vaqif Yusifli yadıma
düşür!), çünki həm bədii (çox zaman
da qeyri-bədii) təsərrüfat, həm də ədəbi
prosesdə saf-çürük ediləcək yazı-pozu kəmiyyət
etibarilə o qədər çoxdur ki, bunları oxuyub, ədəbi
mücadilənin öhdəsindən gəlmək
böyük zəhmətkeşlik, fədailik tələb
edir. Bu yerdə mən Tehran Əlişanoğlunun hər dəfə
böyük əzab-əziyyət və fədakarlıqla (mən
bunun şahidiyəm) meydana çıxartdığı
"Tənqid.Net" jurnalını xüsusi qeyd etmək istəyirəm,
çünki jurnalın indiyə kimi nəşr olunmuş
nömrələri bir küll halında "Söz
azadlığı" dövrü tənqidimizin özünəməxsus
mini-ensiklopediyasıdır.
Sovet dövrü ədəbi-elmi cameədə
böyük nüfuza malik olan "Voprosı literaturı"
jurnalı nəşr olunurdu (həcmi və tirajı xeyli
azalmış bu jurnal indi də - hələ ki! - nəşrini davam etdirir)
və 80-ci illərdə o jurnalın müəlliflərindən
biri olduğum
üçün, oradakı redaksiyanın işi ilə
yaxından tanış idim. Jurnalın redaksiya işçilərinin
də, fəxri yox, işgüzar redaksiya üzvlərinin də
çoxu Rusiyanın tanınmış tənqidçi-ədəbiyyatşünasları
idi və "Voprosı literaturı" onların
müştərək gərgin əməklərinin bəhrəsi
idi. "Tənqid.Net"i isə Tehran müəllim
tək hazırlayırdı və deməliyəm ki, milli ədəbiyyatımız
və tənqidimiz, eləcə də ədəbi ənənələrimiz
kontekstində bu nəşr məhz "Söz
azadlığı" dövrünün yaxşı bir
faktıdır.
"Söz
azadlığı" dövrünün başqa nümunəvi
uğurları barədə də danışmaq olardı və
misal üçün, siz baxın, tənqidçi kimi hələ
sovet dönəmində formalaşmış Vilayət Quliyev,
yaxud İsa Həbibbəyli, Nizaməddin Şəmsizadə,
yaxud Şirindil Alışanov, o zaman lap cavan olan Nizami Cəfərov
kimi qələm sahiblərimizin yazdıqlarını 25-30 il
bundan əvvəl yazdıqları ilə müqayisə edin - əsaslı
bir fərqi görəcəksiz və bu fərq yalnız təcrübənin
gətirdiyi inkişafın göstəricisi deyil, eyni zamanda,
"Söz azadlığı"nın gətirdiyi nəzəri-estetik
çərçivəsizliyin, sərbəstliyin ifadəsidir.
Ancaq ümumilikdə bu azadlıq tənqidimizə nə
verib? Çağdaş ədəbi prosesimiz "Söz
azadlığı" sınağından çıxa
bilibmi? Bu sualların cavabı artıq deyəsən,
özümü təkrar edirəm, təəssüf ki, tənqidimizin
xeyrinə deyil. "Söz
azadlığı" tənqidimizə hələ ki, bu
azadlığa layiq bir bədii-fəlsəfi dərinlik və
nəzəri-estetik miqyas gətirməyib.
Mən
uzun zaman tənqidin tədqiqi ilə məşğul
olmuşam və deməliyəm ki, bəli, ədəbi
prosesin simasını tənqid müəyyən edir, ancaq tənqidçi
heç vaxt ədəbi prosesin sevimlisi olmayıb,
çünki bədiiyyatın tənqidçi ilə dil
tapmağı elə də asan məsələ deyil və bu,
tarixən belə olub. Anekdotvari bir əhvalat yadıma
düşür: Aleksandr Dümadan məşhur bir tənqidçini
dəfn etmək üçün beş
frank istəyirlər. Düma on frank verərək deyir: "-
Alın bu on frankı, iki tənqidçi dəfn edin." Bu,
əlbəttə, zarafatdı, ancaq hər halda,
yazıçının (incimiş yazıçının!)
tənqidçiyə gözəl münasibətinin ifadəsi
deyil və nəinki yazıçının, tənqid edilən
tənqidçinin də öz həmkarına münasibəti,
bəzən dözümsüz olur, hətta aşkar bir indi dəbdə
olan sözlə desək, stress keçirir, həmin mənəvi
sarsıntı içində tələsik elə bir cavab
yazır ki, "özünümüdafiə" naməsi tənqid
edilən yazısından da aşağı səviyyədə
olur.
Bu tipli
yazıların üstündə dayanıb, vaxt itirməyək,
onları bir kənara qoyub, bu həqiqəti deyək ki, tənqid
həmişə tənqid olunub, ancaq tənqidi tənqid edən
də elə tənqid özü olub və bu yazının əvvəllərində
də qeyd etdiyim kimi, tənqid özünü tənqid edə
bilirsə, bu özünütənqidin nəzəri-estetik səviyyəsi
varsa, deməli, bir tərəfdən tənqidin zəifliyini
göstərirsə, o biri tərəfdən özünün
qadirliyini də ifadə edir.
Sovet
dönəmində tənqidin tənqidi ilə bağlı Azərbaycan
tənqidinin çox tutarlı bir ənənəsi
yaranmışdı və Məmməd Cəfər Cəfərovun,
Cəfər Cəfərovun, Kamal Talıbzadənin, Yaşar
Qarayevin tənqid haqqında məqalələri dediyim həmin
ikiliyi - öz zəifliyini göstərmək
bacarığını - ifadə edən yaxşı
nümunələr idi, ancaq bu məqalələrin özləri
də ideoloji çərçivələr arasında
sıxılırdı, demək istədiyi sözün
miqyası o ideoloji çərçivələrə dirənib
qalırdı.
Ancaq biz deyə bilərikmi ideoloji çərçivələrdən
azad olmuş tənqidimizin həmin ənənəsi bu gün
qol-budaq atıb? Yox, nəinki qol-budaq atıb, ilin
sonundakı bəzi icmal məqalələri (məruzələri)
nəzərə almasaq, o ənənələr unudulmaq
üzrədir. Aydın məsələdir, "Söz
azadlığı" olmadan böyük ədəbiyyat
yaratmaq çətin işdir, ancaq eyni zamanda, "Söz
azadlığı" anti-ədəbiyyat üçün də
münbit zəmin yaradır və bu baxımdan bizim tənqidimiz
həm "Söz azadlığı" şəraitində
böyük ədəbiyyatın (yəni istedadın,
professional, geniş bədii-estetik mündərəcata malik ədəbiyyatın!)
təəssübünü yaranmış əlverişli
şəraitə layiq şəkildə çəkə
bilmir, həm də ədəbi prosesdə özünütənqidə
adda-budda rast gəlirik..
Hələlik belədir.
Mən bu
qeydləri yazmağa başlayanda dedim ki, 25 il az deyil, yəni
25 il öz-özlüyündə hesabat üçün ciddi
bir zaman vahididir, digər tərəfdən isə həmin 25
il ədəbiyyatın tarixi müqabilində bir andır,
ancaq biz bilirik ki, hər anın da öz hökmü var.
Bu
müddətdə biz tənqidimizdə "Söz
azadlığı"nın
yaratdığı imkanlardan tam istifadə edə bilməmişik
və ədəbi prosesimiz bunu aydın şəkildə
göstərməkdədir. Orasını da nəzərə
alsaq ki, bu müddət təməlqoyma dövrüdür, deməli,
itkilərimiz daha artıq əhəmiyyət
daşıyır və bu itkilər növbəti 25 ildə
daha qlobal itkilərə aparıb çıxara bilər.
Allaha təvəkkül, yoxsa qələmə?
Ancaq mən bu yazını daha pozitiv bir nöqtə ilə
bitirmək istərdim və elə buna görə də bu
yaxınlarda, xatirimdə deyil, hansı mətbuat orqanındasa
gözəl lirik şair A.Kuşnerin söylədiyi bir fikir
yadıma düşdü. Deyir ki, yasəmən ağacı
sovet hakimiyyəti zamanı necə çiçək
açırdısa, indi də elə çiçək
açır və məncə, bu sözlərdə çox
vacib bir həqiqət var: istedad epoxal dəyişiklərin belə,
fövqündədir, çünki hansı epoxa olur, olsun,
istedad o yasəmən ağacının çiçəklənməsini
mütləq görəcək və bəşəri ədəbiyyatın
min illərlə tarixi bunu çoxdan sübut edib.
Tənqidçi də həqiqi tənqidçidirsə,
əlbəttə, o da istedad sahibidir və öz
missiyasının öhdəsindən gələcək.
Sadəcə, vaxt itirməyək.
2017.
ELÇİN
Ədəbiyyat qəzeti.- 2017.- 4
noyabr.- S.8-10.