7 noyabr ərəfəsində
bəzi fikirlər...
Son vaxtlarda Rusiya
KİV-lərində çox
müzakirə olunan əhəmiyyətli hadisələrdən
biri də məhz bu tarixdir. 7 noyabr - Böyük Oktyabr Sosialist inqilabının qarşıdan
gələn 100 illiyi.
Müxtəlif analitik verilişlər
və yazılar, tarixi paralellər və portretlər qarşıda gözlənilən
bu hadisəyə həsr olunub. Bizdə isə bu tarix,
yəni 7 Noyabr ən yaxşı halda unudulmaz bəstəkarımız Tofiq
Quliyevin məhz həmin tarixlə üst-üstə düşən
100 illik yubileyi ilə səciyyələnəcək.
30 il əvvəl
1987-ci ildə "oktyabrın
yaşıdı" sayılan
bu böyük bəstəkarla apardığım
müsahibə, onun unudulmaz melodiyalarının
yaranma tarixçəsi
barədə xatirələri,
"mənim mahnılarımı
mahnı edən Şövkətlə Rəşidin
ifası olub" sözləri və s. və i..
Eyni zamanda, radionun başqa studiyalarında o dövrün
əmək qəhrəmanları,
müharibə və inqilab veteranlarıyla qarşıdakı yubileylə
əlaqədar müsahibələr
də yazılırdı. Bu adamlar da mənim
yubilyarım kimi öz zəhmətlə dolu, şərəfli, zəngin həyat tarixçəsindən bol-bol
danışır, biz gənclərə
nəsihət və məsləhətlərini verirdilər.
Bəli,
Böyük Sosialist inqilabının 70-ci ildönümü
ərəfəsində baş
verirdi bunlar. Düz 30 il
keçir o vaxtlardan. Bu tarix ərəfəsində
doğulan qızımın
da 30 yaşı var indi.
O günlərdə müsahibə
aldığımız insanların
da çoxu haqq dünyasına köçüb indi. Bu il oktyabrın
əvvəlində rəhmətə
getmiş Sosialist Əməyi qəhrəmanı
Ömər Ağayev kimi. Səssiz-səmirsiz, nekroloqsuz köçür
vaxtilə məşhur
bir qəhrəman.
Həyatda olanlar isə
çox az-az xatırlanırlar.Yeni dövrün
qəhrəmanları deyil
artıq onlar.
1987-ci il həm
də ona görə xatirəmə
həkk olunub ki, şəxsən mənim üçün bu tarix bir
mərhələdir, bir
ana xətdir. Bundan sonra, yəni Böyük Oktyabr Sosialist inqilabının
70 illik yubileyindən sonra yeni bir
dövr, yeni bir hesab xətti
başlayacaqdı. Başladı
da!..
İllərlə bizim üçün
nümunə seçilən
insanların həyatı
və uğurları laqeyd bir bioqrafik
fakta çevrilməyə
başladı.Gündəmimizə başqa "qəhrəman"lar gəldi. Sosialist realizminin qanun
- qaydalarına zidd
anti-qəhrəmanlar. O ərəfədə
biz bilmirdik ki, cəmi bir il
sonra təmtəraqla nümayiş keçirilən
bu meydanda "Topxana" meşəsinin
ermənilər tərəfindən
qırılması ilə
əlaqədar aramsız
mitinqlər keçiriləcək,
xalqı sakitləşdirmək
üçün Mərkəzi
Komitə rəhbərliyinin
göndərdiyi dünənki
qəhrəmanlar fitə
tutularaq kürsüdən
qovulacaqlar. Artıq kütlə, xalq yeni obrazlar , yeni simalar,
yeni qəhrəmanlar tələb edəcək. Belə dövrdə hər ortaya atılan qəhrəman çox
az gündəmdə qalır, vurğunluq peşmanlıqla əvəz
olunurdu ki, nə mətbuat, nə də ədəbiyyat bu qəhrəmanları xatirələrdə
həkk etməyə macal belə tapmırdı. Artıq kütlə dünənki
"avtoritetlər"dən çimçişir, bəzən
də onlara kinayə hissi ilə yanaşırdı.
Birinin ağsaqqal nəsihətlərindən
bezikir, bir başqasının qırğının
qarşısını almaq
üçün baş
yaylığını ayaq
altına atmasını
lağa qoyurdu.Təkcə
sosializm realizmi deyil milli adət
və ənənələr
də təsirini itirəcəkdi. Yeni sirli
müəmmalı bir
dövrün gəlişindən
xəbər verirdi bu ərəfə - Böyük Oktyabr Sosialist inqilabının yubileyinin sonuncu dəfə təmtəraqla
qeyd olunduğu həmin 1987-ci ilin 7 noyabr tarixi.
Deyirlər ki, bəşəriyyət
keçmişindən gülə-gülə
ayrılır. Əlbəttə, bu kəlamda
bir həqiqət var. Mən də keçmişimizə baxanda
bir sıra şeyləri təbəssümsüz
xatırlamaya bilmirəm.
Məsələn, Sovet
dövründə MİS-də
yağ və
ət talonu növbəsində durmağımız,
hər bazar günündə Bakı bulvarında pianino növbələri, kapitalist
ölkəsinə turistik
səfərə getmək
üçün rayon partiya
komitəsindən zəmanətlər
və daha nələr-nələr... Sovet dövründə
keçən gəncliyimizin
acı təbəssüm
dolu xatirələri.
7 noyabrda möhtəşəm
nümayişləri ilə
ziddiyyətli sovet tarixiylə və heç də gülüş doğurmayan
qəhrəmanlıq səhifələri-salnamələri
ilə yaddaşlarda qalmışdır. Bu xatirələr bizim hafizəmizdə əbədi
qalacaqdır, müsbətilə-mənfisilə,
qəhrəman və
anti-qəhrəmanları ilə.
Yeni sirli və müəmmalı saydığımız dövr
bizə, ədəbiyyatımıza
hansı qəhrəmanları
gətirdi?
Bax bu gün məni bir sıravi ziyalı kimi düşündürən də
budur.
Təxminən 1 ay əvvəl Şəhriyar
klubunda dostum Nadir Bədəlovun müəllifi
olduğu "Şəhadət"
sənədli filminin təqdimatında iştirak
edirdim. Dini Qurumlarla İşlər Üzrə Dövlət Komitəsinin sifarişi ilə çəkilmiş
bu filmin qəhrəmanları bir tərəfdən Aprel şəhidlərimiz idi,
o biri tərəfdən
müxtəlif dini qruplaşmalara qoşulmuş,
Suriyada, İraqda və başqa qaynar nöqtələrdə
vuruşanlar idi, yəni anti- qəhrəmanlar.
Film barədə danışmaq
istəmirəm. Məqsədim indinin
qəhrəmanı və
anti- qəhrəmanlarına diqqət çəkməkdir.
Bir tərəfdə vətən
uğrunda şəhid
olanlar, digər tərəfdən evindən
ailəsindən uzaq düşərək hansısa
ideya uğrunda ölənlər. Mövzu çox
genişdir. Əlbəttə,
müasir texnoloji zamanın qəhrəmanları
da 30 il
əvvəlkindən fərqlənməlidirlər.
Əgər 7 noyabr
1987-ci ildə bu qəhrəman bəstəkar,
əmək qəhrəmanı,
anti-qəhrəman da tüfeyli və ya işdən yayınan adam
idisə, indinin qəhrəmanı çox-çox
fərqlidir.
Bu xüsusda bir müddət əvvəl iş yoldaşımla bir söhbətim yadıma düşdü. Türkiyədə qətlə yetirilən növbəti "qanuni" oğrunun dəfninin nə qədər dəbdəbəli keçdiyini tərif edən iş yoldaşımı məzəmmət edib dedim ki, bütün hallarda təriflədiyin şəxs oğrudur. İstər qanuni olsun, istərsə qeyri-qanuni. Sənin atan müəllimdir. Tərifləmək üçün örnək obraz o iş yoldaşımın atası olmalıydı əslində. Əməkdar müəllim, yüzlərlə adamın təhsilinə vəsilə olmuş, ləyaqətli insan, dürüst ailə başçısı... Lakin təəssüf ki, ədəbiyyatda, qəzet səhifələrində, internet saytlarında belə adamlardan bəhs etmirlər indi... Kimdir bu gün ədəbiyyatımızın qəhrəmanı, yazılmayan oçerklərin, esselərin, povest və poemaların əsas obrazı?... Nəyə görə yenicə azadlığa buraxılan "lotu" ləqəbli birisinin obrazına mətbuatda bir neçə gün ayrılır, filan müğənni ilə hansısa toy çalan arasında qalmaqala televiziyalarda palaz-palaz vaxt ayrılır, haqlarında vaxtilə poemalar, səlnamələr yazılmış Tərlan Musayeva, Həcər İsababayeva, Sərdar İmrəliyev kimi ancaq zəhmətləri ilə, dürüst yaşamları ilə nümunə olanlarsa kölgədə səssiz-səmirsiz yaşamlarını sürdürürlər. Çünki onlar deyil bu günün manşetlərinin qəhrəmanı. Örnək Nümunə?.. Başqalarıdır. O keçmişin qəhrəmanları ilə, onların nümunəsi ilə reytinq yığmaq olmur.
Bu gün müsbət qəhrəman yoxdur, mənfi qəhrəman da tam mənfi deyil deyə anladıq. Səbəbini də qloballaşmada, müasir texnologiyalarda, sosial şəbəkələrdə gördük. Bəs sevgiyə, məhəbbətə nə deyirsiz ?!. Onu da gündəmdən bu texnologiya deyilən anlayışlarmı çıxarıb?
Xəbəriniz var ki, indiki gənclərimiz məhəbbət kimi ülvi hissdən də kinayə ilə danışırlar? Artıq məhəbbət məktubları belə, yoxdur. Qısa mesajlar, smslər var. Bütün bunlara baxanda kədərdən savayı bir hiss qalmır adamda. Məncə, gülə-gülə ayrıldığımız zahirən o boz keçmişimizdə əmək və müharibə qəhrəmanları, veteranlar, ağsaqqallar, ağbirçəklər sevgi məktubları yazan romantiklər və onların varlığı daha cəlbedici idi. İndiki gözəl komfortlu məişətimizin quru respektal, içimizi günü-gündən kasıblaşdıranlardan, kriminal qəhrəmanlarından daha məzmunlu idi onlar.
Bu, 7 noyabr
ərəfəsində bir köhnə
yazarın düşüncələridir. Bilmirəm kimin üçünsə maraqlı olar ya yox.
Ən azından unudanların yadına böyük
bəstəkarımız Tofiq Quliyevin 100 illik yubileyini xatırlatdım, bu
da yetər. Allah
keçənlərə rəhmət etsin!
Əliheydər QASIMOV
Ədəbiyyat qəzeti.- 2017.- 4
noyabr.- S.11.