Öz əsərini danışdır

 

Hədiyyə Şəfaqət - "Qapı"

 

Öz nəfəsi, ruhu olan şairdi Hədiyyə Şəfaqət. Yeni dövr poeziyamızda adını inamla çəkə biləcəyimiz tək imzalardandı. Bu yaxınlarda yeni kitabı işıq üzü gördü: "Qapı". Hər dəfə "Öz əsərini danışdır" layihəsində o danışdırıb kitab müəlliflərini. Bu dəfə özü danışacaq öz əsəri haqda. Redaksiyamıza gəldi, danışdıq, dərdləşdik. Yağışlı bir payız günündə Hədiyyə ilə ədəbiyyat söhbəti etməyin həzzi başqaydı. Günün şeiri isə çoxdan yazılmışdı:

Hamının ovcunu yağışa

açmağa ehtiyacı vardı

Amma heç kim

Səhər əlini günəşə uzatmamışdı...

Elnarə Akimova

 

- Hədiyyə xanım, xoş gördük. Yeni kitab münasibətilə təbrik edirik sizi.

- Təşəkkür edirəm, Elnarə xanım.

- Həmişə siz kitab müəlliflərini danışdırmısız. Bu gün özünüz danışacaqsız. Necə hissdi?

- Qəribə hissdir. Başqa müəllifi əsəri barədə danışdırmaq həm xoş, həm bir mənada asandır. İndisə narahatam, nə deyəcəyəm, niyə deyəcəyəm? Ehtiyac varmı, dəyərmi? Çətindir...

- İlk kitabdı, deyəsən.

- İlk kitabdır. Amma yox, ilk kitab deyil, təxminən iki il əvvəl bir şeir kitabım çıxıb, cəmi bir nüsxə. Təsəvvür edirsiniz, cəmi bir nüsxə. Gedib Xırdalandan götürüb gəlmişdim, avtobusda əlimdə tutmuşdum, tez-tez də gizli-gizli baxırdım, ürəyim uçunurdu. İndiyə qalmaz o kitab, çoxdan yox olub getmiş olacaq...

- Təklif kimdənsə gəldi, yoxsa düşündünüz ki, artıq vaxtdı - poeziyada ciddi kitabla görünməyin zamanıdı?

-  Təklif üç il əvvəl gəlmişdi. Elçin bəy (Elçin İsgəndərzadə) gözlənilmədən yazıb görüşmək istədiyini bildirəndə və görüşdüyümüzdə bir şeirlər kitabımı çap etməyi düşündüyünü deyəndə həm təəccüblənmişdim, həm sevinmişdim. O zaman hekayələrim bilinirdi. "Barış"lı günlərdi. Hekayələr yazırdım. Şeirə başqa cür yanaşırdım, düşünürdüm yazıram, içimdən yazmaq gəlir, ruh halımı ifadə edirəm. Heç təklifə dəyəcək şeirlərim də yoxdu. Elçin bəy nə hiss etmişdisə, bir-iki şeirimdə kitab təklif etmişdi. Burda da gözlənilənin əksinə getdim. Oturduq, danışdıq, üç ay sonra şeirləri verəcəkdim, kitab sentyabr ayında çap olunacaqdı. Üç il çəkdi. Bir neçə dəfə şeirləri sildim, tapıldı, qayıtdı, yeni şeirlər yazdım, köhnə şeirlərdən vaz keçdim...  Redaktə, ləngimələr. Düşünürdüm ki, heç bir naşir üç il gözləməz, hətta arada həvəs edib başqa nəşriyyatlarla maraqlandım. Dostlar da israr edirdilər, lazımdır deyirdilər. Razılaşırdım, ən azından pərakəndə, necə gəldi yazıb harda gəldi saxladığım şeirləri  bir yerə yığıb qorumaya alacaqdım. Amma necə edəsən, gecikmişəm, utanıram da deməyə ki, Elçin bəyin fikri dəyişməyib ki?.. Bir dəfə necə oldusa, özü  paylaşımın altından yazdı ki, hələ də kitabı gözləyir. Son dəfə qərara aldım ki, daha bəsdir, hazırladım, apardım verdim.

- "Qapı" adlanmasını özünüz istədiniz? Yəni, bir növ simvolik xarakter daşımır ki? Hədiyyə Şəfaqət bununla poeziyanın qapısından adladığını düşündü...

- Son anacan qəribə bir istəksizlik vardı, nəsə bir sızıltı vardı. Şeirlərə baxırdım, baxırdım, sonra qapayırdım məsələni.  Duyurdum ki, bunu etməliyəm, amma edəmmirdim. Anlam verəmmirdim.  Neçə dəfə sildim bütün şeirləri. Kitab üçün düşündüyüm heç nə olmadı. Özlüyündən olmadı. Ad isə tamamilə təsadüfən belə alındı. "Alma çiçəklərinin fəsli" demişdim əvvəl, sonra "Usta və kəpənək" düşünmüşdük dostlarla. Hətta teatrdan rəssam, Nicat bəy çox gözəl də üz qapağı işləmişdi, xeyli zəhmət çəkmişdi. Həmin gün danışmışdıq, Elçin bəy universitetdə məni gözləyirdi, aparıb verməliydim şeirləri. Qapıdan qayıtdım, noutbuku açdım, əlimi uzatdım ki, faylı silim. Yükə çevrilmişdi, çiynimdən basırdı aşağı. Əslində çox pis olurdum, istənməyən uşaq kimiydi...  Silmədim. Amma adı dəyişdim, son anda. Fikirləşdim ki, gəlib-gəlib kandara yetişmişəm, çıxmaq lazımdır qapıdan, bitirmək lazımdır. Bilirdim ki, Elçin bəyin əlinə yetişsə, geri dönüşü yoxdur, çapa gedəcək. Əlimi silmək üçün uzatdım, adı dəyişib çəkdim, son anda, "Qapı" yazdım...  Üz qabığı da internetdən rast gələ bir qapı şəkli...  Elə bil, tələsirdim ki, qalsa, yenə bir xatası çıxacaq. Sonra yaxşı qarşılandı, anlamlı ad oldu. Mən bir az axışına gedən adamam, qarşıma çıxdısa, necə deyərlər, qarşılaram, qəbul edərəm, o anda düşünmədən yazdım, amma indi düşünürəm, görürəm ki, varmış bir hikmət.

- Bu hissi dəfələrlə yaşamışam deyə, bilirəm, hər kitab çıxanda adam övladını qucağına götürürmüş kimi bir hiss yaşayır.

- Kitab çapdan çıxanda gedib götürmüşdülər, dedilər neyləyək kitabları? Dedim qoyun  bir tərəfə. Amma bir yandan da xəbər çıxıb, təbriklər gəlir, dostlar sevinirlər. Soruşdular ki, özünə göndərməyək? Dedim yox. Amma göndərdilər, bir axşam tanış olmayan bir adam zəng etdi ki, Bakıdan sizə kitab yollayıblar, binanın qabağındayıq, düşün götürün. Banu getdi gətirdi...

Səhər işə gedəndə teatra apardım, Mirbala müəllimin otağına girdim, dedim kitab gəlib çıxıb..  Çox qəribədir, Mirbala müəllimin üzü bir işıqlandı, bir sevinc yayıldı üzünə, məəttəl qaldım...  Əlinə elə aldı kitabı, hələ də xatırlayıram. Elçin bəy zəng eləmişdi çapdan sonra, səsində bir fərəh vardı, o an nəsə sevindim, amma keçdi getdi... Sonra başqa dostlar...

İmza günü üçün israr edirdilər, danlayırdılar. Kitabsevərlər qrupundakı dostlarımız qərara aldılar ki, təşkil etsinlər, razılıq verdim, o dəqiqə də peşman oldum. Təqdimat günü də özümü qoymağa yer axtarırdım...

Təəssüf ki, içimdə qırılan nəsə daha güclü çıxdı, fərəhini heç yaşamadım... Heç... Heç bu barədə danışmaq da istəməzdim.

- Adil Mirseyidin belə misraları var: "öz rəsmlərimdən çıxmış bir adam kimi  yaşayıram ömrümü". Siz həmişə mənə bu misraları xatırladırsız. Şeirlərindən çıxmış adam...

- Eh... gidi Adil Mirseyid...  Nə gözəl ifadədir - Şeirlərindən çıxmış adam...  Deyəsən, heç çıxa da bilmirəm, deyəsən, heç çıxmaq da istəmirəm, çıxanda sıxılıram, boğuluram, özümə yer tapmıram da... "Şeirsəllik". Bunu mənə deyənlər çox oldu, öygü kimi də deyildi, qaxanc kimi başıma da çaxıldı. Axmaq da dedilər, düşüncəsiz də, böyük adam da. Bilirsinizmi, bir divar var, mən onun hər iki üzündə eyni anda yol gedirəm. Bu üzdə əzab çəkirəm, o üzdə uçuram. O üzdə, şeirdə mənim sığınacağım var. Onu tərk etmək zərbə altına düşməkdir, faciədir, qəriblikdir. Qapı adına deyindik ha, düşünürəm, elə əsas məna da burdadır, hansı qüvvə mənə o adı yazdırdı, bilmirəm, amma bir işarədir - deyir ki, bu üzdən o üzə keçmək gərəkdir, qayıtmaq gərəkdir. Mən bu dünyada yaşaya bilmirəm, amma təəssüf ki, divarın bu üzündə də bir həyatım var, zorluqlarım, öhdəliklərim, borclarım var. Bir gün ümid edirəm onlardan azad olacam və tamamilə o üzdə qala biləcəyəm. Qapımı bu aləmə qapamaqsa mənim səadətim, yüksüzlüyüm olacaq.

- Bu qədər gərginliyin içində necə yazırsız? Yaradıcılıq prosesi necə reallaşır sizdə?

- Əgər söhbət sırf şeir yazmaqdan gedirsə…  "bilmirəm" ən doğru cavabdır. Ən gözəl,  işıqlı, söyləmək böyük çıxmasın, sevilən  şeirlərimi ən ağır üzüntünün içində yazdığımı xatırlayıram. Əlimi uzatdım, əlimə qondular sanki. "Mənim kəlmələrim qəlbimdən deyil, əllərimdən doğulur"…  Dərdləşməkdir şeir yazmaq. Bir də səhv anlaşıldığım hər şeyin cavabında şeir yazaraq ovundum indiyəcən. Amma necə olur nəyi yazıram, həqiqətən bilmirəm. Boğulan adam son anda əlini atıb bir yerdən yapışar ha, amma bilməz yapışdığı nədir - elə. İlk kəlməni yazıram, sonra ilk misranı. Eləcə, nə gəlirsə...  Sonacan davam edirəm, sonacan bilmirəm nə yazıram. Sadəcə yazıram, çox zaman gözüyumulu yazıram… Amma görərək yazıram, bəzən əlimin birini rəqs edirmiş kimi havada gəzdirirəm… Bəzən eləcə, məsələn, yol gedərkən pıçıldadığım şeirlər olur, amma çıxıb gedirlər, sonra bir kəlməsini də xatırlamıram.   İndi dostlar oxuyub deyəcəklər ki, yenə öz havasındadır…

Dünənlə bağlı bir yaşantım var. Atam çox böyük adamdı mənim, gözləri gülən, həzin, sevgi dolu. Mənə sevgini öyrədən adam. Vuran-yıxan duruşu yoxdu, bir acı sözünü eşitməmişdik nə anam, nə mən. Dost adamdı, mən insanlara atama görə  inana bilirəm. Kimsədən pislik gözləmirəm. Çox da üsullu, qaydalara uyan  uşaq olmamışam, heç yeniyetməliyimdə, gəncliyimdə də…  Amma atam, dost adam, məni hər şeyimlə duyan adamdı.  Oturduğum yerdə qalxıb atamın başına fırlana-fırlana rəqs edərdim. Musiqisiz filansız. Anam sərt qadındı. Heç sözümüz tutmurdu, sonacan da tutmadı. Baxmayaraq ki, şair ruhum ondan gəlir, ağır xarakterim də. Mən qalxıb atamın başına dolanmağa başlayanda hirslənirdi,  atama şikayət edirdi - "Şəfaqət, bir söz de qıza, qıraqdan görən deyəcək dəli olub. Yenə radioda filanda bir musiqi çalınsa, deyərəm hə. Bu qız nəyə oynayır?"  Atam o dərin, ilahi, o unuda bilmədiyim gülümsəməylə coşurdu, anama deyirdi ki, işin yoxdur, onun musiqisi içində çalınır…

Bir dəfə, atamdan sonra şəhərin orta yerində bir adamın gözünün içində atamı gördüm. Bir anda əllərim yuxarı qalxdı, başladım çaşıb qalmış adamın başına dolanmağa…  Dəlilikdir…

Heç nə dəyişməyib, mən hələ də birdəncə qalxıb içimdə səslənən o musiqiylə rəqs etmək istəyirəm. Amma etmirəm, şeir yazıram.

- Həzin xatirədi. Duyğulandım çox… Onda gəlin  o musiqiylə yazılan şeirlərinizin havasında gəzişək. Zaman bitib...

Güzgülərdən

Dünyanın ən aldanmış adamları kimi baxırıq

özümüzə

Mən və mən...

 

Bir səssizlik, həzinlik var şeirlərinizdə. Belə misranız da var: "Sükut - daha çox söz gətirir ardından... Hədiyyə Şəfaqət içini acıdan şeylərin üstündən necə, sakitcə keçə bilirmi?

- "Üsyan bitib"… Hə, üsyan etdiyim oldu, sükutdan sonra söz fırtınasını da keçdim, anladım ki, bu həqiqətən heç nəyə yaramır ünsiyyətdə, sevgidə, düşmənçilikdə-həyatda… Amma indi susub. İçimi acıdan şeylərin arxasıyca gülümsəyirəm, amma gözlərim dolur.

- Əksər şeirləriniz hekayə siqlətlidir. Ümumiyyətlə, deyim ki, müstəqillik dövrü poeziyasında əsas forma xüsusiyyətlərindən biri epik şeirin önə çıxması oldu. Şeirdə daha çox təhkiyə elementlərinin yer alması, epik vüsət, təsvirə meyillilik əsas üslubi əlamətlər kimi qabardı. Sizdə də belədir. Həyati müşahidələrinizi, bəzən hədsiz dərinlərə işləyən şüur oynaqlıqlarını təhkiyə elementlərinin gücü ilə verməyə çalışırsız. Yazılan şeirləri içdə yaşanılan ideyaların bədii təcəssümünə çevirirsiz və təsadüfi deyil ki, bu cəhd şeirlərinizin poetik strukturunun fərqli olması ilə nəticələnir.

- Özünə məktublar yazan adamın şeirləri.  Bir az dostsuz adamam.  Ya da xeyli dostsuz adamam. İnsanlardan qorxmuram, həyatım boyu heç pis insanla qarşılaşmadım.  Amma həyatım boyu heç kim olmadı ki, ona danışım, çoxlu danışım, çoxlu-çoxlu danışım, məni dinləsin. Əvəzində yəqin ki, dediyiniz o şeirləri yazdım… Nələrsə dərinləşdikcə daha çox anladım ki, danışmaq olmaz, yazmaq olar.

- Ümidlə ümidsizliyin eyni məkanda qovuşması var sizin şeirlərdə.

Xəyallar yarıda qırılmaz heç zaman

Kim demişsə inanma, qırılmaz!

İnsan

Yaşamdan heç vaz keçməz

Xoşbəxt olmaqdan yorulmaz...

- Sualı dinləyirəm və düşünürəm, necə də inamlıyammış o misraları yazanda…  İndi yazammaram.  Xəyallar  yarıda qırılır, yaşamdan da vaz keçilir… Amma tək bu sözümün üstündə dururam - İnsan xoşbəxt olmaqdan yorulmaz, hətta kiçik bir təhlükə duydumu, özünü daşa-divara, yerə-göyə çırpar ki, xoşbəxtliyi əlindən getməsin...

- Sən ey sükut adam,

Sən ey ruh adam,

Bütün dincliyimi qaçıran adam.

Sən ey doğma adam,

 

Sən ey yad adam,

Ev adam, çöl adam,

Uçurum adam-

Səni sevirəm...

Burda səssizlik, pıçıltı yoxdu amma. Cəsarət var. Sevgi və cəsarət...

- Bu şeirlə, bu cəsarətlə, bu dürüstlüklə son anacan fəxr edəcəyəm. Əvəzində həyatımı göz qırpmadan girov qoyduğum, haqqını hər şeyiylə  verdiyim şeir. Eşq! Halaldır mənə.

- Mən 90-cı illərdən sonra poeziyamızda qadın başlanğıclı şeirlərin vüsət alması haqda ayrıca yazı yazmışdım. Sizdə feminist şeirlər yoxdu. Qadın var bütün hallarda, təslim olan qadın ruhu da deyil əslində. Öz içinə yıxılıb yaşamağı tərcih edən qadın... Çünki bu qadının hüzuru hansısa iddia, istəklər sırasında deyil. Ruhun dincliyini tapdığı anda xoşbəxt olur, tapmayanda səssizliyə çəkilib ağlayır. Qınamır, taleyini ittiham etmir, üsyana qalxmır, sadəcə ağlayır...  Bax kitabda rast gəlmədiyim, amma hardasa oxuyub duyğulandığım belə bir şeiriniz var:

İnsan -

Hər anında bir şey tapır, bir şey düşünür.

Məsələn,

Mən indi anlayıram ki, səssiz rəqslərin   

melodiyasını harda gəzdirirəmmiş indiyəcən.

Qum üstündə növbəti dalğayadək

         oxunacaq nəğməmi bəstələyirəm...

Dəstələyirəm düşüncələri

                   gözlərimin dərinliyində

Orda bir dəli parıltı vardı

                   az qala dünənəcən - ölüb...

Dönüb heç nəyə və heç kimə baxmadan

açmaq istəyirəm pəncərələri - əl saxlayıram,

Qanadlarıma güvənmirəmmiş daha

Ağlayıram...

- Düz deyirsiz, bu şeir kitabda yoxdur. Nə ara yazdım, nə ara üzə çıxdı, heç bilmirəm…  Son zamanlarda pianoda çalmağa başlamışam. Heç bir not təsəvvürüm yoxdur. İndi düşünün nə çalıram… Təəssüf edirəm, yəqin ki, o çalınan musiqi kimi dolaşıq bir ruh halının, yıxılmışlığın şeiridir, kaş heç aşkara çıxmayaydı. Sarsıntıların şeir olmaq haqqı yoxdur, gizli yaşanmalıdır

- Çöl, günəş, yağış, külək, dəniz, qağayı... sizin üçün yalnız müraciət obyekti deyillər. İnsanın mənəvi tənhalığı ilə müvazi verilir təbii, amma bu da deyil, əslində. Həm də kosmik başlanğıc, harmoniya, düzənə dəvət mənasında simvollaşırlar. Məsələn, kitabdakı bu şeiri çox sevdim:

... Qadın

Səhərdən

Bir ovuc günəş işığı saxlamışdı...

Axşamüstü

Əllərini göylərə açıb

Qəfil yağan yağışın altına tutdu...

Damcılar günəş işığına qarışdı...

Qadın dalıb getmişdi...

Yağışdan qaçıb

Daldalanmağa tələsən adamlar

Qadına toxunmamağa çalışırdılar

Ovcundakı dəlilik dağılmasın deyə...

Əslində

Hamının ovcunu yağışa

 açmağa ehtiyacı vardı

Amma heç kim

Səhər əlini günəşə uzatmamışdı...

- Bu şeirin bu qədər diqqət çəkəcəyi ağlıma gəlmirdi. Qəribədir, siz müsahibə barədə yazdığınızda mən bu şeiri pıçıldayırdım, o da hardan doğmuşdu, bir gün əvvəl bu şeiri yanımda müzakirə edirdilər, mən də dinləyirdim.  Birdəncə başa düşdüm ki, burada güclü bir arzu var. İnsanlara demişəm ki, ovcunda dəlilik olan adamlara toxunmayın, dağıtmayın o dəliliyi. Əvvəl bütün diqqətim o dəlilikdə, o ovucda qarışan işıq və sudaydı, o qadındaydı.  Amma indi anlayıram ki, "mənə toxunmayın, yanımdan ötüb keçin, mənə toxunmayın" demişəmmiş…  Özüm və əllərində dəlilik gəzdirən hər kəs üçün.

- "Tanrı" sizin üçün şeirin metafizik ruhunu formalaşdıran sakral obrazdır. Mətn içində mətn kimi çıxış edir: "Tanrını bilən adamların sualları yoxdur../...yeganə cavab sevgidir/...Və Tanrı soruşulmuş suallara cavab vermir"... və s. Yaxud "Çəkilmək/Hələ heç nəyin olmadığı o nöqtəyə ki,/Orda/Tanrı hələ düşünməkdədir-/Yaratmaq, /ya Yaratmamaq?... kimi misralarda məsələn...

- Mən normal, əslində bu yanda dil tapmadığım  halımla bu şeirləri yazacaq adam deyiləm. Ən azından elmə marağım var, fizikayla, kimyayla bu gün də maraqlanıram, məqalələr oxuyur, mühazirələr dinləyirəm.  Yəni, quru polemikada dirəşə bilərəm ki, bəsdir, boş-boş danışmayın, hər şey elmlə sübut oluna bilər, olunmayanlar da olunacaq. Gəl ki…  Mənim Tanrım  özü nədir, onu izah edəcək durumda da deyiləm. Tanrı - axıb gəlməkdə olan bir bütöv, əzəl partlayış, bir enerji, bizi ayaqda tutan hava basıncı, cazibə qüvvəsi, kimyəvi elementlərin harmoniyası, qara dəlik, kainatlararası bağlantıdır bəlkə də...  Amma bir qatda da onun sanki hər şeyi qəribə bir nizamla  sahmana salan əli var. Bəlkə də, nizamlı şəkildə dolaşdıran əli. Fərqi yoxdur o bunu bizim istədiyimiz kimi edir, ya  yox. Bu deyimə istinad edərəm çox zaman - Yaratdı və getdi. Amma hər halda bir yerlərdə nəsə baş verir. Bəs o "bir yerlər" hardadır? Əlimi köksümə qoyuram və deyirəm-burda… Bunun  qətiyyən dini, inancı bir bağlanışı  yoxdur. Tanrıyla arama üçüncü heç nə girməz. Bu məni çox rahatladır, Tanrı mənə mane olmur, heç nədə. Mən özümə mane olduğumu necə düşünə bilərəm?

- Hədiyyə xanım, poeziya elədir ki, təxəyyül oyunu olmadan, poetik yaşam duyulmadan ədəbiyyat mümkünsüzdür.  Sizdə poetik yaşam güclüdür. Bəlkə, poetik mexanizm bütün gücüylə işləmir, amma poeziya dalğası nəğmə kimi həzinləşdirir insanı.

Bəlkə

Bir köynək qoxusudur sevgi,

Bəlkə

Bir dəstə çöl çiçəyi ətri...

- Hə...   Bir köynək qoxusudur sevgi, bir dəstə çöl çiçəyi ətridir...  Mən başqa cür yaşaya bilmirəm, bunun başqa izahı yoxdur. Ordan çıxdımsa, sizi də narahat edən həmin o durumda tapıram özümü. "Niyə?" də deyən deyiləm, heç nəyin izahı yoxdur. Poeziya - artıq ciddi məsələdir, mən onu heç cür dəyərləndirə, qiymətləndirə bilmək haqqına sahib deyiləm. Amma nə gizlədim, "sən kimsən?" sualı qarşısında az-çox verə biləcəyim bir cavab varsa, o da qorxa-qorxa da olsa, "şairəm" deyə bilməyimdir..

- Poeziyanın əsas problemini bir qələm adamı kimi nədə görürsünüz?

- Mən düşünmürəm poeziyanın problemi olsun. Poeziya divarın o üzüdür, rahat, öz halında, çoşqusunda. Aydınlığında, lap elə çırpınışında, dolaşıqlığında, amma yenə də özü olaraq. Problem varsa belə, ondan kənardadır, bu üzdədir. O da eynən bizim kimi, nə əziyyət çəkirsə, bu üzdə çəkir. Bu ondan heç nə almaz, toxum, ilkin hüceyrə həmişə qorunmadadır. Bəzən deyirlər ki, poeziyanın vaxtı bitib, şeirin dövranı keçib. Bağışlasınlar, lakin bununla razı deyiləm. Şeir hər yerdədir. Onun olmadığı heç nə yoxdur. Əlbəttə, anlayıram nə barədə soruşursunuz. Amma problem hər yerdəki kimidir. Bu, şairlərin problemidir. Məsələn, məndən rus dilində şeirlərimi istədilər, Rusiyada yayımlanması üçün. Olmadı, tərcümələr yoxdur, etdirməyə də macal tapmadım. Almaniyada antologiya çıxacaqdı, tərcüməçi tapmadım. Bir az da can atmadım. Bilirəm, bu yayılmaq, şöhrət üçün, tanınmaq üçün vacibdir. Bu cür səbəblərdən, qətiyyən özümü nəzərdə tutmuram, yaxşı şeirlər qalır kənarda, əvəzində başqaları yol tapır. İndi bizdə şeirə sahiblik edəcəyini, təyinat verəcəyini, qiymət kəsəcəyini  düşünən adamlar çıxıb. Amma olsun, nə olacaq ki? Şeir - sevişməkdir. Şeir yazmaqla sən öz məhrəmliyini yaşayırsan, ehtiyacını yaşayırsan. Bunu qətiyyən paylaşa bilməzsən. Sadəcə deyə bilinər ki, sən yaxşı aşiqsən...

- Yadımdadı, kitab, mütaliə, çağdaş ədəbiyyatın zəif təbliği ilə bağlı bir etirazınız yayınlanmışdı. Bəs çalışdığınız Şəki ədəbi mühitində vəziyyət hazırda necədir?

- Hə, bu mənim yaralı yerimdir. Elə "Öz əsərini danışdır" da bundan doğdu. "Ədəbiyyat qəzeti" bu təklifi müsbət qarşılayanda düşünməzdim bugünkü qədər diqqət çəkəcək, amma nəsə etmək istəyirdim. Davam etdikcə inandıq ki, heç də səbəbsiz deyil. Müasir ədəbiyyatımızın tanınmasıyla bağlı zaman-zaman cürbəcür  planlar qurmuşam. Məsələn, Şəkidə kitab-kafe açmaq fikri, təbii ki, tezliklə yaratdığı səs-küyün arxasında itib qaldı, hələ danlaq da qazandım. Azərbaycandakı uşaq evlərini dolaşıb, hər həftə birində müasir Azərbaycan ədəbiyyatından seminarlar vermək istəyirdim. Alınmadı, ortaya o qədər bürokratik məsələlər çıxdı ki, qaldı. Mən belə şeylərə sadəcə nifrət edirəm, haralarasa yazmaq, xahiş etmək, əsaslandırmaq, qapıdan-qapıya getmək, izn istəmək. Amma Şəkidəki uşaq evindən bu yaxınlarda razılıq alınıb, oradakı uşaqlarla edəcəyik bunu. Şadam ki, indi teatrda da bunun üçün imkan yaradılıb, teatr studiyasının tələbələriylə birlikdə kiçik klubumuz var. Kənardan da arzu edənlər qoşula bilirlər. Uşaq evindəki dostlarımız da gələcəklər. Təxminən üç ay olar "Müasir Azərbaycan kitabı" qrupu yaratmışam. Son 25 ildə çap olunmuş kitabların arxivini yığıram, təbliğatını aparıram. Dostlar da yardım edirlər arabir, sağ olsunlar. Qrupun ortaya çıxmasından sonra eyni adda sayt təklifi də almışam. Sadəcə mənim işə başlamağım tələb olunur. Təəssüf ki, son zamanlar hər şeyi axsatmışam…  Mənə inanan, gözləyən adamlar qarşısında əlimdən təkcə üzr istəmək gəlir...

Şəki ədəbi mühitindən köhnə dostlar xaricində heç kimi tanımıram. Kitablar da çıxır, təqdimatlar da olur, tədbirlər də keçirilir. Hansı səviyyədə, bu  suala təəssüf ki, heç bir cavab yoxdur. Xəbərsizəm. Əvvəllər dəvət edərdilər, gördülər getmirəm, etmədilər. Gedəndə də dayanmaq olmur. Əvvəllər Şəkidə yaxşı ədəbi məclis olurdu, mənim uşaqlığımın xatirəsidir. İndi yoxdur, o yoxluq çox şeyi kölgələyir. Beş-üç adam qalıb, onlar da bilmirlər nə edirlər... Digər tərəfdən də, heç kimin buralardan xəbəri olmadığı kimi, buraların da demək olar, Bakıdan, müasir Azərbaycan müəlliflərindən xəbəri yoxdur.

- Bir qədər də qarşıdakı planlardan danışaq.

- Heç bir plan. Həqiqətən. Həyatım boyu heç zaman gələcək günlə bağlı planlarım, o planlara bir yol çəkməyim olmadı. Bütün bu qırx ili axışında getdi. Olan oldu, olmayan da olmadı. Xəyallar vardı, amma onlar da "yarıda qırıldı", yenilərini isə qurmağa ehtiyac yoxdur... Mətnlərimlə bağlı da gələcəyə heç nə hesablanmayıb.  Üç ay sonra çıxmalı kitabı üç il ləngidən adamam. Heç kiminlə uzun zaman üçün birgə işə razılıq vermirəm, adamları yarı yolda qoymaqdan utanc duyaram, davam etmək məcburiyyətində qalaram, daha çox boğularam. Lakin bu  elə təsəvvür yaratmasın ki, mən məsuliyyətsiz adamam. Yox. Çalışdığım yerdə, çalışdığımız insanlar təsdiq edə bilərlər ki, kimə ki söz vermişəm, cavabdehlik duyğularım qaydasındadır.  Etiraf edirəm ki, bunun xilasedici tərəfləri də ola bilər, məsələn, redaktə. Redaktə məsuliyyət tələb edir, vəfa tələb edir, dostluq tələb edir. Hara qoyub qaçasan? Yəni, hələlik məni narahat etməyən  işlər də var.  Uşaqlarımla bağlı diləklərim var, ölkəm adına diləklərim var, insanlar adına diləklərim var. Həyat bir an sonra bitə biləcək bir şeydir - son anacan gülümsəmək və yaxşı nələrsə etmək. Bu sadə missiyadır, təkcə mənə məxsus olan xüsusi ayrıcalığı da yoxdur. Beləyəm. Həmişə müvəqqəti bir qonaq kimi davranıram.  Özümü də qonaq kimi aparıram, yerimi bilirəm, heç nəyə "mənimdir" deyib əlimi uzatmıram. Bir anda hər şeydən vaz keçə bilərəm, bir anda ölə bilərəm...  Amma dua edirəm, "dua edirəm ki, Tanrı qapıları bağlamasın"...  Mən o üzə keçə bilim...

 

Söhbətləşdi: Elnarə Akimova

 

Ədəbiyyat qəzeti.- 2017.- 4 noyabr.- S.14-15.