Görkəmli
türk şairi
Yılmaz Ərdoğan 1967-ci il noyabr ayının 4-də Hakkaridə anadan olub. Çox
xoşdur ki, şeirlərinin
"Ədəbiyyat qəzeti"ndə dərc olunması əlli
illik yubileyi ilə
üst-üstə düşdü və biz fürsətdən istifadə edib, onu oxucularımız
adından səmimi-qəlbdən təbrik edirik. Yılmaz
Ərdoğan şair olmaqla
yanaşı, eyni zamanda,
tanınmış kinorejissor və aktyordur. Çəkdiyi filmlər,
oynadığı rollar iyirmidən çox mükafata layiq görülüb.
BƏMBƏYAZ
VƏRƏQ
Bir
bəmbəyaz vərəqdə
nə desən çəkmək olar:
məsələn,
təyyarə,
ya da,
rəngbərəng çərpələng,
göy qurşağı misalı,
ya da,
bir
ayağı gödək
sallaq masa,
ya da,
kainatın
o üzünə aşan
upuzun bir yol -
get ki, qurtaracaq,
get ki, qurtaracaq...
Bir
bəmbəyaz
vərəqdə
nə
desən yazmaq olar:
məsələn,
kiçicik bir şeir,
amma
misralarına
upuzun,
bütöv bir ömür sığar...
Bir
bəmbəyaz
vərəqdə
nə
desən yaratmaq olar:
məsələn,
sənin
çiçəyə
bu qədər bənzəyişini,
ya da,
mənim
çarəsizliyimi...
Bir
bəmbəyaz
vərəqdə
yazsam
anladıqlarımı...
Amma
anlamadıqlarım
da var -
məsələn,
torpaqla
günəş,
küləklə yarpaq
nə danışırlar
öz aralarında?..
Sevdiyim,
sən
mənə işıq
ver,
işıq,
açılsın gözlərim...
Budaqlarımda
o qədər
tumurcuq
var -
günəşə həsrət,
küləyə həsrət,
yağışa həsrət...
Sevdiyim,
bir
uzaq yoldan gəlirəm,
heybəmdə
sənə
layiq bir şeyim yox...
Nə qədər ağrıdan,
acıdan keçdim,
nə qədər
sancıdan
keçdim,
nə qədər
sevdadan
keçdim,
sinəm
bəmbəyaz
bir vərəq...
Sevdiyim,
gözlərin mərcan
mavisi...
Sənə baxmaq -
suya baxmaqdır,
sənə baxmaq -
möcüzəyə baxmaqdır,
sənə baxmaq -
bir bəmbəyaz
vərəqə baxmaqdır,
sənə baxmaq -
Allaha baxmaqdır,
sevdiyim,
dualarımı qəbul
et...
SEVƏ BİLMƏK EHTİMALI
Şəhərlərarası
avtobuslarda
vaz keçdim
çocuq olmaqdan,
ot
ətri
verən
bir tikə pendir vardı
heybəmdə -
halbuki
mən Veysəlqapıda
səninlə
bir xaşlama yemək
ehtimalını sevirdim...
Orta məktəbin
silgi
ətri verən
təbaşir ləkəli
illərində
Ankarada
payızın karbon iki oksidli havasında
hər
kəsin həsrətini
çəkməyə başladım...
Və
bu
həsrət
elə uzun çəkdi ki,
iliyimə, qanıma işlədi,
öyrəncəli oldum -
həsrətlərin həsrətini
çəkməyə başladım,
iki gözüm...
Bizim
Kəmaləddin
Tuğçularımız vardı
və
bir
də
pəncərə
şüşələrinin
tərləmiş üzünə
yazı yazmaq imkanımız...
Boş vaxtlarımızda
oyun oynayardıq -
mən - həkim olardım,
sən - tibb bacısı,
yerdə qalanlar
-
könüllülər...
Qırmızı hərflərlə
ümid dolu
sözlər yazardıq
rəngi getmiş divarlara,
həm də,
Türk Dil Qurumunun acığına
yeni bir türkçədə...
Yadındamı,
içimizdə biri vardı,
maraq göstərməsək
də,
"S"
hərfindən
çəkic və oraq düzəltmək idi
işi-gücü,
səhərdən axşama
qədər...
Və
Ankaraya
karbon iki oksid yağırdı,
üsul-üsul...
Qapalı
məkanlarda sevişməyi
məsləhət görürdü
axşam xəbərləri,
Ankarada
bir sevgi macəram
olmasa da,
radioya
diqqətlə qulaq asardım,
bəlkə
buna
görə
qınaqlıq
sevgim olmadı,
güllə yarası
almadım,
məhkəmə sənədlərinə
düşmədi adım...
Tək suçum
sənə şeir
yazmaqdı,
mən
sənin
mənimlə
Tunalı
Hilmi caddəsilə
gedə bilmək
və
məni
sevə bilmək
ehtimalını sevirdim...
Sən yox idin...
Ürəyim
yaz torpağı kimi
çat-çat olmuşdu...
Sağım - dəniz,
solum - dağ...
Üsul-üsul
avtobus olurdum,
yanımdan keçən
qatarlarla yarışırdım,
çocuqluğuma yaxınlaşdıqca,
sən olurdum,
anam olurdum,
atam olurdum...
Və
şəhərlərarası
avtobuslarda
vaz keçirdim
çocuq olmaqdan,
ot
ətri
verən
bir tikə pendir vardı
heybəmdə...
Mən
səninlə
bir gün Vanda,
bir qəhvəxanada,
mən
səninlə,
sadəcə,
tanımağa məcbur
qalanların
tanıdığı
bir yolüstü lokantada,
mən
səninlə
Ağrı
dağına
mistik və dəmlənmiş
çay kimi
baxan
Şərqi Bəyazidin
istənilən bir
torpaq evində,
mən
səninlə
hər hansı bir insan əlinin
cod
coğrafiyasında
olma ehtimalını
sevirdim...
Mən
sənin
məni sevəbilmə
ehtimalını sevirdim!
HAMISI
BU QƏDƏR
Dəyişən mən deyiləm...
Eyni şey imiş
yaşlanmaqla islanmaq.
Bir
yağışın
kölgəsində
qocalmadıqmı?
İndi
ölüm
bəs eləmir
sancılarımızı
çəkməyə.
Dostlar
xatirələrlə dolu
bir sahildə
mürgüləyirlər
-
salamları
bıçaq kimi
kəsir üz-gözümü...
Dəyişən mən deyiləm...
Vaxt çatmır
yaşadığımızı düşünməyə...
Yenə
də
gecə
işıqları
bu şəhəri
gözəlmiş kimi göstərir,
istər-istəməz,
Əhməd
Həşimin
qafiyələri düşür
yadıma...
Səni
ağlıma
çəkib gətirən
Yerin
cazibə qüvvəsi
yox,
yalancı ulduzlardı
-
elə yaxınsan ki,
üfürsəm sönəcəksən,
elə uzaqsan ki,
okean kimi,
qucaqlamaq mümkün
deyil...
Yəni,
bir
eşqə
yetəcək qədər
acılarımız
və hər an
xatırlada biləcək
səbəbsiz ölümümüz
var...
Hamısı bu qədər...
YASAQ
Gözlərinə baxmaq,
Əllərindən tutmaq
mənə yasaq.
Gözündə yaşın,
fikrində təlaşın,
suçun,
bəraətin olaydım,
Ana yurdun,
vətənin olaydım,
yanına sürgün
olaydım,
dörd bir yanım bağlı -
səndən başqa
bir kəsi görməyəydim,
fəqət yasaq,
gözlərinə baxmaq,
əllərindən tutmaq...
SƏSSİZ-SƏMİRSİZ
ŞEİR
Bu imkansızlıqlar,
bu yaralar,
hamısı,
hamısı insan əməli.
Sevda deyə
hayqıran üzün,
bu kitabın
ən sirli sətri,
bir də
bir
də yanıqlı səsindi
məni mənə düşmən edən.
Ağladığım gecələrin
tək şahidi
və
dünyanın
heç bir yerində
bənzəri olmayan üzün,
yəni,
başdan-ayağa sən!
Bu baxışlar,
bu mis dadı,
Hamısı,
hamısı insan əməli...
YAĞDIQCA
Yerlə-yeksan,
islaq saçlı,
qıyıq gözlü,
qəvim köçlərindən
bəri
ağlayan,
adı
qəlbimdə
gizli qalan
bir qadındı İstanbul.
Bu şəhərə yağış
yağdı,
mən ağladım.
Kim
daha
çox yalan soyutdu
çay fincanlarında,
hansı talandı
dəmli öpücüklərin
və
buğda
itirdiyimiz
kimin adıydı?
Bir eşqdən
başqa bir eşqə
neçə saata
getmək
olar?
Yağış şəhərə
elə yağdı,
mən ağladım.
Gedəndə
özümlə ən
çox
səni götürdüm,
yaralarım yardan ərmağandı,
ən müqəddəs
kitabım -
sevgi atlası,
mən sevməyi,
bəlkə də sevilməyi
heç bacarammadım,
sevgimə əngəl
acılarım vardı...
Mən yağış ağladım,
bir şəhərə
yağdı
mən şəhərə
ağladım,
bir yağış
yağdı.
Mən
bir
ağladım,
bir ağladım,
şəhərə yağış
yağdı...
Mən...
Yağış...
Ağladım...
ALIN YAZISI
Ummadığım
masmavi bir gündə
gözləmə salonunun
yalnızlığına bürünmüşəm,
iliklərimdə itirdiyim
bir eşqi axtarıram -
bu qədərmi unutqanmışam?
Şeiriyyətini
o qədər də anlamadığını
bir Paris axşamında
qəlbimin daş piləkənlərini
sayıram -
içimdə ayaq izlərin,
ovuclarımda yaz,
səni xatırlayıram,
səni xatırlayıram...
Yılmaz ƏRDOĞAN
Hazırladı: Dilsuz
Ədəbiyyat qəzeti.- 2017.-
4 noyabr.- S.16-17.