Babadağda bir dəli
dağ kəli qalıb...
Lülədən sovuşub,
Güllədən qaçıb
Bir dəli dağkəli Baba dağında,
Yaman havalanıb daş ovlağında;
Yoxdu gözlərində qorxu əsəri,
Bütün oylaqları gəzir sərsəri.
Dəyirman daşına dönüb fırlanır,
Dağların başına dönüb fırlanır.
İskəndər quşları baş alıb gedir...
Qədim qoşqusunu salır yadına
Babanın gözünü yaş alıb gedir...
Əvvəl qoruqçular zəli deyildi,
Əvvəl dağkəlilər dəli deyildi,
Bu yollar heç
kəsə bəlli deyildi.
Onda dağkəlilər ona ram
idi,
Gecəli-gündüzlü gün aram idi,
Əkinli-biçinli vaxt davam idi...
İndi
bu işlərdə əlləri yoxdu,
Daha xırman üstə vəlləri yoxdu,
Buğdası qum oldu, daş oldu getdi...
Babanın gözləri yaş
oldu getdi...
Qeybdən səs gəldi
qulaqlarına:
- Can, ay
Baba, məni qoş!
- Yox, ay Baba, məni qoş!
- Boyunduruq mənimdir...
- Yox, indi də
məni qoş!
...Yastı-yastı belləri,
ho!.. ho!
Qıvrım-qıvrım telləri,
ho!..ho!
Ala-ala gözləri,
Qançır olub dizləri
ho!..ho!
Baba əkib-bitirsin,
Yeyib-yatsın özləri,
ho!..ho!
Dəlinin yadına daş
salan kimi,
Kəlin də beynində yaddaş oyandı.
O elə bildi ki, xırman vaxtıdı,
Ona qoşulubdur, vəl dalıncadı -
Kəl bir şimşək olub düşdü aşağa -
Bir qara buludun girib
qoluna,
Bilmirəm hardasa döndü işığa.
Keçdi Qurbangahdan Baba yoluna,
Bütün dağ-dərəni qoydu geridə.
Gördü tay-tuşları yoxdu
bu yerdə...
Gördü tənha qalmaq burda çətindir.
Eh,bir gün ovçusu kəməndə
düşər,
Düşəndə görər ki, qarmaq çətindir,
Dağ kəli olasan,
Dəli
olasan! -
Vəhşi qayaların yeli
olasan -
Bir də çırpılasan,
bir də çırpasan,
Bir də şimşək olub kirpik qırpasan,
Ayağın oynasın qaya daşında,
Bütün ömrün üçün
bir nişan
bilib,
Gedib dayanasan
bulaq başında.
Qəzəb daşıyasan, günah
çəkəsən,
Baxıb oylaqlara bir ah çəkəsən.
"Daş dələr ahın oxu" daş parçalana,
Boynunu burasan yetim halında
Gedib də itəsən dağlar dalında
Gedəsən, gedəsən qayıtmayasan...
Bir də ayılasan, bir də çapasan,
Qayadan ayrılıb, yerdən qopasan
Bir də buynuzunla qayanı ovub,
Salıb
qabağına yolları
qovub,
Yerdə
qaynayasan, çayda daşasan,
Göyün şimşəyilə ayaqlaşasan...
Necə
ki, oldu...
Nəfəsində yana qum səpələndi,
Bir anın içində qalxdı zirvəyə,
Elə bil başına odlar ələndi...
"Yoxdu!.. yoxdu! Burda da yoxdu..."
Göz alacalandı, can havalandı,
Atıldı qayadan intihar üçün
Nə bilim, taleyin tərs işi kimi
İlişib bir qaya daşında qaldı,
Axtarış sevdası başında
qaldı...
"Bəlkə başqa yeri hədəf seçiblər"
Bəlkə Dağıstana keçib gediblər?
İngilis ovlayıb, çexlər
qovlayıb,
Hansı daş divarda bəzəkdi durub?
Bəlkə Mazğalları uçub,
dardadı,
Bəlkə bir ərəbin villasındadır?
Nə deyim,Vallah..
Hardadı o qədər dağ
kəli, Allah?..
Dünyada o qədər kef adamı
var
Deyək
pul adamı, seyf adamı var,
Tamah adamına sərf adamı var -
Bu çaylar doldurmaz ağızlarını...
Dağın vüqarını güllələməyin,
Saxlayın icazə kağızlarını
Saxlayın baş-buynuz alverlərini…
Hanı dağımızın Həzrət
babası?
Gəlib
dağ kəlilər ona ram ola,
Əkinli-biçinli gün davam ola,
İnsan
xislətinə ehtiram
ola.
Gərək ki, bu yerlər səcdəgah olsun,
Ana təbiətdə bir ehram ola.
Hanı bu dünyanın qoruqçuları? -
Olub təbiətin
oğruçuları.
Hanı bu dünyanın baş deyənləri?
İndi də olublar xaş yeyənləri.
Olmaz ayaq halal, baş
haram ola
Özü çəkən olsun, həm də çəkdirən.
Hanı bu dünyanın düz tərəzisi? -
Şeytanın pərsəngi onu əyməsin.
Günahı varsa da, bir qram ola…
Bu münaqişələr, yanan
meşələr,
Bu batan çeşmələr,
yerdəyişmələr,
Daşqınlar, tufanlar,
bu sürüşmələr,
Bu havapozmalar, bu subasmalar
Bizə
təbiətin qarğışlarıdır,
İskəndər quşunun göz yaşlarıdır.
Aləmin bizimlə savaşmağıdır.
Ay aman, itirən,
ötürən Vətən,
Buna təbiətin əli
neyləsin.
Qırx
qıfıl altından
qızılı gedən
Bu açıq dağlarda
kəli neyləsin?
Olmasın Dağ kəli dəli, neyləsin?!
…Bəsdi, kəli getdi, kəlçəsi getdi,
Mədəndən qıpqızıl külçəsi
getdi.
Eldən
Kəlbəcəri, Göyçəsi
getdi,
Dərbəndi Dağ kəli belində getdi.
Bağdadı "durnanın teli"ndə
getdi,
Qarabağ erməni felində getdi.
Getdilər, getdilər, qayıtmadılar,
Bizi bu uyğudan ayıltmadılar.
O qədər yanğılı
dərdlərimiz var,
Ürək alovlanıb, sinə dağ olub.
Bəlkə Dəlidağ da
Babadağ imiş,
Əliyi qırılıb dəli dağ olub.
Havaxan doğrudan havada xandı,
Əsəd qayası da ona baxandı.
Birinin başında bulud tayası,
Birinin başında
Ayın ziyası.
Mən dedim yəqin ki, bayıldı getdi,
Sən demə
təzədən ayıldı
getdi.
Ayın
ziyasından çıxdı
dəli kəl,
Baxdı
tay-tuşundan əsər
də yoxdu,
Dağkəli sürüsü Əsəddə
yoxdu -
Bir az da, bir az da
qalxdı yuxarı.
Cüt gölə baxırdı dağın axarı,
Əksini
görəndə atıldı
suya,
Göldə dostlarını görürdü
guya.
Özü çırpınırdı...
yoxdu özündə,
Buynuzu üzürdü
suyun üzündə.
Üzürdü, batırdı, çıxırdı
qəfil.
Sularda ildırım çaxdı
elə bil
Elə cür səs salıb haray qopardı,
Deyəsən səsini özü apardı.
Özünü qayadan atdı yenidən,
Qaldı ürəyində yenə
də əhdi.
Yenə
ayaq üstə düşdü, ölmədi,
Keçdi Ağcabərə yaylaqlarından,
Orda Baltaqaya, o yanı zindan,
Bura Qızılqaya - dağdan,
dərədən,
Fırlanıb dikəldi Toğludərədən
Elə bil qol-qanad açır
dünyadan,
Alıb buynuzunu qaçır dünyadan.
Qaçır Babadağın dəli-dolusu,
Gedir arxasınca eli-ulusu,
Qaytarın geriyə öz
dənimizi,
Qoyun əl üstünə öz əlimizi,
Baxın,
bu qayanın daşı da gedir,
Müqəddəs İskəndər quşu
da gedir.
Təzə yol salmağa imkanımız yox,
Onlar bu məkanı imkan bilirlər,
Qaytarın geriyə imkanımızı.
Qoymayın daşları düşüb
dalınca,
İskəndər quşları düşüb
dalınca
Həmişə qar altda çürüməz qalan
Dağ kəli
otları düşüb
dalınca.
Daşda
daşqapanlar sürüşüb
gedir,
O çayda çapanlar uçuşub gedir.
Vaxt vardı yazmışdım:
- Şah dağı şahımdı, kürsüsü
uca
Babadağ babamdı, müdrik bir qoca.
Birində əzəmət, birində
hikmət,
Biri fərman
verir, biri nəsihət.
Qalmışam mən iki dağ
arasında.
Deyəsən özüm də
dəliyəm, vallah,
Qalmışam sol ilə sağ arasında.
Nə sollar, nə də ki, sağlar
qurtarmır,
Çaylar ha daşıyır, dağlar qurtarmır...
Durmuşam Şeytanadaşatılanda
Qalmışam şeytanla daş
arasında
Şeytanlar qurtarmır, daşlar
qurtarmır
Böyük savaşlara marşlar qurtarmır.
Yer var ki, quyruğun
heç verməz ələ,
Biz elə veririk
başlar, qurtarmır.
Di qoyun əl üstə
öz əlimizi,
Qaytarın geriyə öz dəlimizi.
Doxsan doqquz ilə girov saxlanan
Elin meşəsini
qaytarın geri.
Hasarla cığırda yolu bağlanan
Yaz bənövşəsini
qaytarın geri.
Dağ kəli belində durna telində
Gedən
guşələri qaytarın
geri,
Yenotun əlilə qovulanları
-
O gözəl yolları, qırqovulları,
Saqqız
ağacını, quşarmudunu
O nadir ovları qaytarın geri.
Əvvəl qoruqçular zəli
deyildi,
Onda dağ kəli də dəli deyildi,
Bu dağlar çoxuna
bəlli deyildi.
Buna təbiətin əli neyləsin,
Qırılan neyləsin, bitən
neyləsin,
Olmasın dağ kəli dəli, neyləsin?!
Musa Yaqub
Oktyabr-2017
Babadağ-Buynuz-Bakı
Ədəbiyyat qəzeti.- 2017.-
4 noyabr.- S.18.