Ağlayan yağışa
Gözünün yaşını tökmə. Bu soyuq ahı yığışdır,
Bu bulud süni buluddur. Bu yağış saxta yağışdır.
Dünənin qəhqəhəsiylə - Bu günün naləsi eyni,
Gülüşün ağlamağınla - Arası
bircə qarışdır.
Məni
yorma, sənə qurban,
Bu yağış saxta yağışdır...
Həyəcanla dolu sözlər
- Bu tərəddüd dolu
gözlər -
Üşüyən nəmli baxışlar - İti kirpikdəki yaşlar -
Mənə çoxdankı tanışdı
Daha yox təsiri qəlbə,
Bu yağış saxta
yağışdı.
Necə
ağlarsa buludlar, - Necə oynarsa umudlar
Necə
şimşək çaxar
olsa, - Necə sellər axar olsa,
Soyuq olsun ya da isti, - Nə olar,
ağlama bəsdi.
Fərqi
yox, yazdı ya qışdı,
Nə qədər yağsa da yağsın,
Bu yağış saxta yağışdı...
Bu yağış saxta yağışdı...
Gecə sərsəmləmələrindən...
Günah
içində ömrüm, əsən soyuq küləkmiş,
Məqam
gələr, deyərsən,
ölüm nə yaxşı
şeymiş...
Çəkən
qəmi, əzabı, bu sonsuz iztirabı,
Sınıq-sökük ürəkmiş. Urək nə yaxşı
şeymiş..
İnanmaz
idim, ey can, şirindi gözdəki qan,
Biləndə tamı nəymiş, dedim nə yaxşı şeymiş...
Rəzalət içrə böylə,
batıb gedəndə, söylə,
Qəza-qədər beləkmiş. Qədər nə yaxşı
şeymiş...
Həyat yorubsa, heyhat, bürün ağa, uzan yat.
Kəfən deyil, bələymiş...
Bələk nə yaxşı şeymiş...
Yay ekspressiyaları
Ehtiyat et, sürüşüb düşmə
Qadın gözlərinə,
Ki qadın
gözlərinin məhbəsi
hədsiz nəm olur.
Elə məhbəsdi
bu ki, qaçmağa yox zərrə ümid,
Qapısı bir neçə qat, dər-divarı möhkəm olur.
Elə məhbəsdi bu ki, pəncərəsindən yaş axır,
Məhbusa verdiyisə qupquru dərdu-qəm olur.
Elə məhbəsdi bu ki, zulməti bitməz bir ömür,
İşıgın ömrü isə bircə nəfəs, bir dəm olur.
Elə məhbəsdi
bu ki, ağı da seçməz qaradan,
İstisi öldürücü, şaxtasısa
məlhəm olur.
Elə məhbəsdi bu ki, tək qalasan, ağlarsan,
Amma bir kəs də gələ -
qan tökülür, matəm olur.
Elə məhbəsdi
bu ki, təsvirinə söz çatmır,
Bura insan düşən, axır
böyüyüb Adəm olur.
Buz heykəl
Məni
küsdürmək asandır, məni ağlatmaq asan,
Məni
çaşdırmaq asandır,
məni aldatmaq asan,
Məni
ləngitmək asandır,
məni saxlatmaq asan,
...Mənim olmaq nə çətin...
Məni
buzlatmaq asandır, məni dondurmaq asan,
Məni
laxlatmaq asandır, məni sındırmaq asan,
Məni göstərmək asandır,
mənə əl vurmaq asan.
...Mənə çatmaq nə çətin...
Mənə zülm etmək asandır, məni incitmək asan,
Məni
alçaltmaq asandır,
məni əskiltmək asan,
Məni
tərk etmək asandır, məni tərgitmək asan,
...Məni sevmək nə çətin...
***
Ağlama
ömrüm-günüm, ağlamaq olmaz sənə...
Gözləri qan-yaş ilə
bağlamaq olmaz sənə...
Hər nə
qədər dərd ki, var, indi gərək mən çəkim,
Ən kiçicik dərdi də, saxlamaq olmaz sənə...
Ruhuma bənzər
bu çöl, sən də ki, tənha ağac,
Əssə də hər gün külək, laxlamaq olmaz sənə.
Sakit axan çay təki sahilin hündür deyil,
Sel kimi birdən coşub-çağlamaq olmaz sənə...
Yağma
yağışlar kimi, yollarımı bağlama,
Fəhmiyə bax, ağlama, ağlamaq olmaz sənə...
İlqar Fəhmi
Ədəbiyyat qəzeti.- 2017.- 4
noyabr.- S.19.