Yurd yanğılı
şair
Bir rakursdan essevari baxış
Adil Cəmil müstəqillik illəri poeziyamızın
ən tanınmış şairlərindəndir, türkoloq
alimdir - manasşünasdır. Heç Orta Asiyada, lap
qırğızların arasında da, onun kimi hələm-hələm
manasşünas alim-türkoloq yoxdur! İstedadlıdır,
ilhamlıdır! Təngnəfəs şairlərdən deyil!
60
yaşını ötüb, 70-ə boylanır (63),
evli-eşikli, oğul-uşaqlı kişidir, xətri,
hörməti, qazandığı ziyalı izzəti...
"Gündoğandan gün batana" (kitabının
adıdır) tanınan adamdır! Ondan da xoşbəxt
adammı var?..
Kəlbəcərdə
sayılan-seçilən bir nəslin, Savalan kimi bir kişinin
oğludur, şairdir, tərcüməçidir, Azərbaycanın
Əməkdar jurnalistidir, filologiya üzrə fəlsəfə
doktorudur, Çingiz Aytmatov Akademiyasınin fəxri
üzvüdür, "Manas" eposu və türk
dastançılıq ənənəsi" kimi beynəlxalq türksoy təşkilatı
tərəfindən yüksək qiymətləndirilən
monoqrafik tədqiqatın, sözünün canı olan
neçə-neçə şeirlər, publisistik kitabların
müəllifidir, ay kişi, bu Adil Cəmil! Bundan da xoşbəxt
adammı var?..
Əslində
isə bu boyda istedadı, dəyərli poetik
yaradıcılığı, neçə-neçə
kitabın müəllifi, alim-şair Adil Cəmil bədbəxtlik
içində boğulan, faciələr içində
çabalayan, dərddən özünə bu gen dünyada
yer tapmayıb vurnuxan, "dərdə giriftar" şairdir!
Türk
dünyasının klassiki Bəxtiyar Vahabzadə yazırdi:
"Adil Cəmil nə gözəl deyib: "Yüksüz kəlmələrin
yükü ağırmış". Əvvəla,
fikrin bu şəkildə deyilişi qeyri-adi olduğu
üçün bu, şeirdir. Nədir bu qeyri-adilik?
Axı, bir şey ki, yüksüzdür, o, necə ağır ola bilər?
Bu ağırlıq fiziki ağırlıq
deyil, mənəvi ağırlıqdır. Bu cür ağırlığı çəki ilə
deyil, hisslə ölçürlər, o şey ki, hisslə,
mənəviyyatla ölçülür - bu özü
şeirdir". Bəli, Adil Cəmil söz
yükünün ağırlığını çiyinlərində
daşımağı, mənəvi ağrıları
yaşamağı bacaran şairdir və belə bir şair necə
xöşbəxt ola bilər?!
Mənim
sizlərə də, sualım var! Siz deyin, Kəlbəcər
boyda yurd-yuva, Dəli dağı, İsti suyu, Ceyran
bulağını, Gəlin qayasını, Taxta
düzünü, Keytini, Yüzbulağı, Uluxan
qalasını, Qoçdaşı, Soltan Heydəri, Ala
göllər yaylaqlarını itirən, düşmən
caynağında inləyən qartallı
sıldırımları gözü yolda qalan şair də
xoşbəxt ola bilərmi?! İçində, ürəyində dərdi
palıd ağacına dönən şair də xoşbəxt
olarmı? Ürəyi bu boyda dərddən çat verən,
Pəri çınqılı təkin qəlpə-qəlpə
olan şair də, özünü xoşbəxt hesab edərmi?
Qəlpə-qəlpə
çıxartmışıq
canımızdan kinimizi,
Yurda həsrət
bir adam yox
yığsan əgər minimizi.
Biz də
belə yaşayırıq
ömrümüzü, günümüzü,
Ötəriymiş,
keçəriymiş
qəlb
ağrısı, sinə dağı,
Unutmuşuq
Qarabağı,
unutmuşuq Qarabağı.
Əşşi,
başınıza dönüm, bu misraları yazan şairə
"xoşbəxtsən" demək, vallah günahdır və
mən belə günaha bata bilmərəm!
Kəlbəcərdə
doğulmuş, yalçın qayalarda qıyya çəkən
qartal balası Adil Cəmil kimi həssas, duyğulu,
yanımcıl, incə, zərif söz əhli Kəlbəcərsiz
xoşbəxt ola bilməz! Məncə,
yox, yox, bir də yox! Belə baxanda, bu bədbəxtlik
yükünü daşıyanlardan biri də mənəm, sənsən,
hamımızıq! Qarabağsız da, xoşbəxt
olmaqmı olar?! Adil Cəmil təpədən-dırnağa
yurdun Kəpəz boyda ürəyi dərddən
haçalanmış nisgilli şairidir, qeyrətli
şairidir:
Qaradağ,
Qarabağ-qədim mahalım,
Al sınıq könlümü, qoyma yuxalım.
Yetər
Savalana, yetər bu halım-
Yurdumun nisgilli Kəpəziyəm mən.
Deyəsən,
onun haqqında mərhum Məmməd Aslanın
sözüdür və mən də şərik
çıxıram:
"Adil Cəmil Dəlidağ duruluğunu poetik nəfəsində
hifz edib qoruyan, bununla da, bir qələm sahibi kimi fəxr eləyən
şairdir".
Adilin son
illər poeziyasının yuxarıda dediyim başlıca motivini
ümumiləşdirəsi olsaq, onun sizə təqdim edilən
"Yurd yerim - dərd yerim" şeiri bu motivin leytmotivini özündə
əks etdirir:
İlahi,
yurd yerim dərd yerim oldu,
Torpaqla sınağa çəkilməyəydim.
Dağlara
baxıram dağlanır sinəm -
Bu dağla sınağa çəkilməyəydim.
Şeiri
izah eləməzlər, şeir şərhə
sığmır! Əsl şeir odur ki, o,
izahsız, şərhsiz özü daşıdığı
poetik informasiyanı, duyğunu, hissi birbaşa oxucuya
çatdırır, onun duyğusunun əsəb
uclarını qıcıqlandırır, sevincdirsə sevinc
yaradır, kədərdirsə, kədər yaradır.
"Yurd yeri - dərd yeri"nə çevrilən Adil
və onun lirik qəhrəmanı neyləsin? Bu qəhrəman
torpaqla sınağa çəkilib, yurd yerini itirib. Adil
burada istifadə etdiyi poetizm ənənə - təcnis
bulağının poetikasından su içir,
"dağ" sözü qarşılaşdırılaraq
tragik bir ovqat yaradır: "Dağlara baxıram
dağlanır sinəm!" Bu cür gediş əslində
yüksək səviyyəli bədii ifadə yaratmaq
ustalığıdır... Poetik dil hadisəsidir...
İnsan
həyatında ən çətin məsələ
sınağa çəkilməkdir! Bu əzəli
və əbədi bir duadır "İlahi, sən məni
sınağa çəkmə!" Adil Cəmilin
özü də, lirik qəhrəmanı da dəhşətli,
faciəvi sınaq qarşısındadır. Onu tale, zəmanə Vətən itkisi, yurd həsrəti
ilə çətin sınaq qarşısında qoyubdur.
"Gəzdiyi yaylaqlar xəyala çevrilib!
Əslində bu xəyal dərddir, onu
saralmış yarpağa, qurumuş budağa döndərib.
İçindən qurudub, deməyə
sözü qalmayıb. Ürəyindən
qaynayıb dilinə gələn söz də dodağında
donub. El arasında belə bir qınaq dolu deyim də var:
"Sənin də dilin var, danışırsan?!" Yəni, elə bir qəbahətə
yol vermisən ki, danışmaq, söz demək iqtidarına
malik deyilsən! Adil yana-yana içindəki bu dərdli hissi
şeirlə belə ifadə edir:
Gəzir
xəyalımda gəzdiyim yaylaq,
Saralmış yarpağam, qurumuş budaq.
Ürəyim
deyəni demir ha dodaq,
Dodaqla sınağa çəkilməyəydim.
Kişiliyin,
mərdliyin, əyilməzliyin, qeyrətin simvolu papaqdır!
İlahi bizi papaqla sınağa çəkdi, bədbəxt
olduq, Qarabağ boyda yurd itirdik! Koroğlu babamız deyib ki, "Müxənnətdir
qorxan bir qaşıq qandan!" Dədə
Qorqud babamız demişdi ki, "Torpağı qorumasan əkib-becərməyə
dəyməz, əkib-becərməsən qorumağa dəyməz!"
Böyük Türk şairi Mithat Cemal Kuntay demişdir:
"Bayraqları bayraq yapan üstündəki kandır,
Toprak, əğər uğrunda ölən varsa,
Vatandır." Adil Cəmil
dib-dəhnədən gələn bütün bu əxlaq və
mənəviyyat dərslərini ustalıqla dördcə
misraya yerləşdirir, bədbəxtliyimizə səbəb
olan milli dərdimizin poetik anatomiyasını yaradır:
Bilmirəm
qorxduqmu bir qaşıq qandan -
O torpaq
uğrunda keçmədik candan.
Kişilik
çıxmadı bu imtahandan,
Papaqla sınağa çəkilməyəydim.
Dərd sənin
özünü özündən küsdürür!
Yaşamını itirirsən, özün-özünə az qala nifrət eləyirsən! Dərd səni
odsuz-ocaqsız yandırır, tüstün ərşə
dayanır...Türkə, türk
döyüşçüsünə yataqda ölmək
böyük qəbahətdir! Vətən uğrunda şəhidlik
türkün fəxr və fəxarət yeri olan min illik ənənəsidir:
Adiləm,
özümdən bəzən küsdüm də,
Yansam
"Vətən" deyər göydə tüstüm də...…
Döyüşdə
öləydim ayaq üstündə,
Yataqla sınağa çəkilməyəydim.
Amma təsəllimiz,
qözü yolda qalan umidimiz ondadır ki, inanırıq ki, bu
paslı qıfılı aça biləcək Ali Baş
Komandanımız və onun qüdrətli ordusu var ki, bizlərə
Lələtəpə sevincini yaşadacaq, "Tanrı bizə
yar olacaq" (kitabının adıdır) Vətən
bayrağımız Qırxqızda, Qoşqarda, Murovda, Dəlidağda
dalğalanacaq və
onda "Adil Cəmil bir qələm sahibi kimi fəxr eləyən
şair olacaq" və onda deyəcəyəm ki, Adil Cəmil
həqiqətən xoşbəxt şairdir!..
Son olaraq,
deyim ki, Adilin qələm dostu Azər Turana həsr etdiyi
"Yaşadım" şeirindən belə bir misra
keçir: "Sözümün canına hopub
yaşadım!" Adil Cəmil həqiqətən də
sözünün canına hopub yaşayan şairdir!
Yaxşı şairdir!..
Qurban Bayramov
Ədəbiyyat qəzeti.- 2017.- 4 noyabr.- S.23.