Yansam, "Vətən" deyər

göydə tüstüm ...

 

Yurdundan uzaqda olan insan üçün yurd yeri əslində nədir? İmkan tapan kimi qaçmaq istədiyin, saxta təbəssümlərdən, ətrafındakıların ürəkdən gəlməyən sözlərindən yorulanda qoynuna can atdığın, şəhərin üstünə hopmuş tozunu yurd yerinin yellərinə vermək, durulanmaq, çay suyunda paklanmaq üçün üz tutduğun, neçə yaşında olursan-ol, ağac  kölgəsindəki qocaların yanından salam verib keçəndə uşaq olduğun müqəddəs ocaqdır. Adil Cəmilin "Yurd yerim - dərd yerim" şeiri o müqəddəs məkanda fiziki mənəvi rahatlıq, hüzur tapanların yox, yurd yeri dərd yerinə çevrilənlərin. Ömür insana bir dəfə verilir. "Ömür gün bazarında" bu bir dəfə verilən ömrü uduzanların şeiridir bu şeir. Niyə uduzanların? Təkcə ona görə yox ki, itirdiyin yurd yeridir, uşaqlıq xatirələrinin, bir doğma sığalın yaddaşdakı ilıq izlərinin qorunub saxlandığı saxlancı, sənə aid olan muzeyi itirmisən. Ona görə yox ki, arzularınla gerçəklərin arasına keçə bilməyəcəyin tikanlı məftillər çəkilib, qəlbinlə qəlbinin can atdığı yerin arasında sədlər, sərhədlər salınıb. Uduzmaq, həm ona görə ki, sınaqdan üzüağ çıxa bilməmisən bu dərdlə, bu qınaqla yaşamağa məhkum olmusan. Ən pisi odur ki, bu qınağı özün özünə edirsən, səndən giley-güzar edən elə özünsən. İsti yatağını səngərə dəyişməyə razısan, cəbhədə döyüşməyə, hətta ölməyə hazırsan, amma bunu edə bilməmisən. Bu "səadət", bu "xoşbəxtlik" belə sənə çox görülüb. Babanın güvənc yeri, and yeri olan dağlar sənin üçün sınaq sözün o biri mənasında dağ yeri olub.

 

Ürəyim deyəni demir ha dodaq,

Dodaqla sınağa çəkilməyəydim.

 

Şairin ürəyi demək istəyirdi əslində? Ürəyinin demək istədiyini demək şövqü, həvəsi əlindən alınıb bu şairin. Bəlkə, Vaqif kimi bir el gözəlinin rəsmini çəkmək istəyib şair. Amma qəmzəsini, xatınlığını, ərkini, ərkyanalığını əsir düşmüş toy xonçasıyla itirən gözəlin nəyindən yazsın? Ya bəlkə, bir bahar çiçəyinin, bir yaz səhərinin, bir Novruz tədarükünün lövhəsini çəkmək istəyib qələmiylə, amma çoxdandır üzünü görmədiyi yazın nəyindən necə yazsın, şair?

Gəzir xəyalımda gəzdiyim yaylaq...

Xəyalında gəzdiyi yaylaqları gəzdirə - gəzdirə, özünü aldada - aldada, təsəlli verə-verə, dağları bir az dağlarına, meşəsi bir qədər meşəsinə, axşamları axşamlarına bənzəyən, qoxusu itirdiyi məmləkətin qoxusunu xatırladan yerlər gəzir, yəqin şair xəyalı. Dostları yaz, yay tətilinə kəndlərinə, el-obalarına yola düşəndə üz tutmağa yer axtaran şair ən azı saralmış yarpaq, qurumuş budaq qədər qərib olur şəhərdə.

gözəl olardı şairin bir təbiət, bir sevgi şeirinin üstünə işıq salardıq. Amma "Ədəbiyyat qəzeti" doğru olaraq Adil Cəmilin poeziyamızdakı məhz bugünkü poetik ovqatına uyğun şeir seçmişdir. Yansa, tüstüsü "Vətən" deyən, - şairdən başqa hansı ovqatda şeir seçmək olardı?

Adil Cəmilin ad günü idi bu günlərdə. Şairin ürəklə, ərklə qeyd etdiyi sonuncu ad günündən 24 il keçir. Adil müəllim, sizə, dəyişik bədii ovqatda görmək diləyilə hələlik - deyirik...

 

Aygün Bağırlı

 

Ədəbiyyat qəzeti.- 2017.- 4 noyabr.- S.23.