Qarabulaqda səhər

 

Ağasəfanın 75 illiyinə

 

Dua oxuyuram səninçün, Vətən,

Əllərim Tanrının ətəyindədir.

Çətin günümüzdə üz tutub gedən

Qürbətdə olanı yurduna gəlir.

 

Dua oxuyuram, açsın güllərin,

Böyründə-başında qanqal bitməsin.

Hopsun ləçəklərə şirəsi yerin,

İşcil arıların uzaq getməsin.

 

Dua oxuyuram ana dilində:

Ana sözlərimiz kökdən düşməsin.

Yersiz görünməsin bir vergülün ,

Var olsun dilimin söz birləşməsi.

Bu şeirin  müəllifi Ağasəfa Yəhyayevdir. On beş yaşında-1957-ci ildə ilk şeirini çap etdirən, illər keçdikcə poeziyamızda orijinal yazı tərzi üslubu ilə seçilən Ağasəfa. Artıq ondan yuxarı şeir kitabı çıxıb. Xızı diyarının yetirdiyi bu istedadlı şairi oxucularımız çox yaxşı tanıyır. Ağasəfa Bakıdan, Sumqayıtdan  uzaqda, doğulduğu Qarabulaq kəndində yaşayır. Gediş-gəlişi çox çətin, müasir sivilizasiyanın zəif hiss edildiyi bu balaca kənddə hamı onu sevir, hörmət edir. Ağasəfa bu kəndin ağsaqqalıdır. Neçə il bundan əvvəl qəti qərara gəldi ki, şəhərdə yaşadığı bəsdir, köçünü-külfətini yığışdırıb birdəfəlik Qarabulağa köçdü.  İstedad varsa, ən ucqar bir kənddə suyu qurumayan çeşmə kimi çağlayacaq.

 

Mənim balaca kəndim,

İlk nəfəsim, ilk havam.

Onun qucağındadır

Kiçik daxmam-quş yuvam.

Ağasəfa yenə yazır-yaradır, yolun çətinliyinə baxmayaraq Bakıya özü yol alır, şeirləri ən çox "Azərbaycan" jurnalında dərc olunur. Lap bu yaxınlarda  onun şeirləri lirik poemalarıından ibarət "Dözüm" kitabı çapdan çıxıb. Kitab böyük şairimiz Nəbi Xəzrinin 1984-cü ildə "Ədəbiyyat incəsənət" qəzetində  çap olunan "Nəslin nəğməsi-əsrin nəğməsidir" məqaləsi ilə açılır o məqalədə ustad şair Ağasəfaya poeziyanın çətin yolunda uğurlar diləyir.

İllər keçdi, Ağasəfa Nəbi müəllmin sözlərini həqiqətə çevirdi. Çətin səfərdən uğurla çıxdı, amma o səfər hələ bitməyib, necə deyərlər, Ağasəfa hələ yol gedir.

Bütün ömrü boyu Ağasəfa bir şairin heyranı olub. Şeirlərində həmişə o şairi ehtiramla yad edib.

 

Müşfiqin şeirsiz günü yox idi,

mənim Müşfiqsiz günüm yoxdur.

 

Etiraf edir ki, Müşfiqi oxuyandan sonra  şeirə, ədəbiyyata bağlandım:

Çoxdan adlamışam Müşfiq yaşını,

Özümə təsəlli tapıram hər gün,

Atımı dördnala çapıram hər gün.

Günlərim xatırlar yaz yağışını,

Tökülüb torpağa hopuram hər gün.

Həyat şirinmiş

Dırnaqlarımla

Tutdum qayalardan, qaçdım ölümdən.

Şeir pıçıldadım dodaqlarımla

Bir an da düşmədi Müşfiq dilimdən,

Uçdum qanadında alovlu şeirin...

Ayağım altında dərələr dərin,

Başımın üstündə buludlar bəyaz

Yenə Müşfiqə borcluyam bu yaz.…

"Müşfiqə borclyam" poeması Ağasəfanın böyük şairə həsr etdiyi birinci əsər deyil, onlarla şeirlər, bir "Qanlı imza" poeması da var. Etiraf edir ki, hər dəfə əlimə qələm alıb şeir yazmağa başlayanda Müşfiqin xəyalı  heykəli durur qarşımda.

Ağasəfa milli duyğularla, böyük Azərbaycan məhəbbəti ilə yaşayan şairdir. Ancaq onu deyim ki, Ağasəfanın son illərdə yazdığı şeirlərində elə bir nümunə ilə rastlaşmadım ki, orada vəsf, tərənnüm, nəyi isə, kimi isə tərif görüm.  Vaxtilə Azərbaycanı, onun gözəlliklərini tərif edən şeirlər yazıb, amma indi onun ağrı-acılarından yazır. Bu gün şerimizə yol alıb: hansı biznesmenisə ya vəzifə sahibinisə tərif yağışına qərq edirlər. Var belə xeyirxah insanlar, amma Ağasəfa başqa yol seçir, millətin, xalqın dərdini çəkməyən, kürsülərdə qəhrəman pozasında durub əslində, işi ilə əməli, sözü ilə hərəkəti arasında uçurum görsənən nakəsləri satira hədəfinə çevirir.  Bu gün dilimizə yad sözlər, yabançı kəlmələr axışır, Ağasəfa buna dözə bilmir:

Ana dilimizə yad sözlər dolur,

Ana dilimizin qoruqçusu yox.

Ana sözlərimiz lal-dinməz qalır,

Alimin dilində sözün duzu  yox.

Yad dillər, yad sözlər dolur bu yurda,

Ana dilimizi yad dillər əmir.

Daşlar quzulayır çöldə, çəməndə,

Ana sözlərimiz doğub-törəmir.

 

Uyub  yad sözlərə neçə bəy, ağa,

Dili salıblar dəyiş-düyüşə.

Ana sözlərimiz qalxsın ayağa,

Ana sözlərimiz girsin döyüşə!

Ağasəfa gözəl lirik şeirlərin müəllifidir onun əvvəlki şeir kitablarında  onlarla təbiətə, gözəlliyə, sevgiyə aid şeirlərlə rastlaşmışam. hiss etmişəm ki, mənəvi dünyası dopdoludur. Həm şeirlərindəki bədii təsvirlərin, təşbehlərin, metaforaların bənzərsizliyi ilə üzləşmişəm.

Dərələr keçmişəm, dağlar aşmışam,

Küləklər o ki var, dəyib sinəmə.

Dağlara şirincə layla qoşmuşam,

Dağlar da başını əyib sinəmə.

Almışam döşümə ildırımları,

İndi bilmişəm ki, canım poladdır.

Hələ yol gedirəm Günəşə sarı,

Mənə torpaq arxa, səma qanaddır.

İşığın eşqi var dəli başımda,

Qəlbimi Günəşlə yoğuracağam.

Lap son nəfəsimdə

Zirvə qaşında

Bir papaq qar kimi ağaracağam.

Ağasəfa bizim poeziyada bir satirik şair kimi tanınır xüsusən, onun son on-on beş illik yaradıcılığında Sabir ənənəsi özünü davamlı şəkildə büruzə verir. 2012-ci ildə onun "Rüşvət dünyası" adlı şeirlər kitabı çapdan çıxıb bu kitabdakı şeirlər  doğrudan bizə haqq verir deyək ki, XXI əsrdə Sabirin XX əsrin əvvəllərindəki missiyasını davam etdirən şairlərimiz var. Onlardan sonuncusu Baba Pünhan idi, indii Ağasəfa o yolu davam etdirir. Rüşvətin-rüşvətxorun millət üçün dəhşətli bir bəla olduğunu böyük şairimiz Rəsul Rzanın hələ sovet dönəmində yazdığı bir şeirində oxumuşuq. Ağasəfa da 1983-cü ildə yazmışdı ki:

 

Lənkərandan kürü gəldikcə yaxır əppəyinə,

Az qalıbdır belə iştahla şişib köpməyinə.

Baxmışam şəftəlini dürtmələyib təpməyinə,

Görməmişdim Xocasan balqabağından rüşvət.

 

Söyləyirlər: evinə xalça gətirmiş birisi,

Ona üç qulpu olan dolça gətirmiş birisi,

Bir gördüm ona turş alça gətirmiş birisi,

Görməmişdim bu sayaq xeyli yaxından rüşvət.

 

Çəkmə rüşvət verənə qəh-qəh ilə gülmüşdüm,

Qəhqəhəmdən uğunub az qala lap ölmüşdüm,

Növbənöv "hörmət" olur, rüşvət olur, görmüşdüm,

Görməmişdim, a dədəm, çəkmə bağından rüşvət.

Göründüyü kimi, bu şeirdə rüşvət "ərazisinin" mənzərəsi rəsm olunur. Amma sonrakı illərdə Ağasəfa təkcə rüşvəti deyil, rüşvəti doğuran başqa bəlaları da şeirlərində hədəfə çevirdi.  Elə rüşvət qədər  qorxulu olan yerlibazlıq, yaltaqlıq, var-dövlət hərisliyi, sərvət toplamaq ehtirası, mafiozluq Ağasəfanın şeirlərində əks olundu.  "Rüşvətxor günəş" şeirində Ağasəfa artıq 1983-cü ildə ifşa elədiyi xırda rüşvətxorları deyil, azman, yırtıcı rüşvətxorları bizə nişan verir:

Fikir vermişəm ona:

Nəfsi göyə dırmaşır.

Günəşə göz dikib,

Boylanır yana-yana

Gözləri qamaşır.

İmkan versələr əgər,

Qoltuğunda gəzdirər

Günəşi qovluq kimi.

Ya da bükər, büktələr,

Dürtüşdürər cibinə

Qırmızı onluq kimi.

Son illərdə Ağasəfanın həyatında kədərli hadisələr olub. Bir gözəl oğlunu itirdi. "Üzümü dərdə söykədim" şeirlər kitabında oğlunu, həyatdan nakam gedən əzizlərini xatırladı.

Yola saldım, ötürdüm,

Uçdu getdi şahbeçəm.

Şahbeçəm-Qabil balam,

Sən gedəndən

Mən heçəm.

Ata kədərinə şərik oluruq. Amma sən heç deyilsən, AğasəfaŞair  sözü əbədidirsə, o, heç ola bilməz!

 

Vaqif YUSİFLİ

 

Ədəbiyyat qəzeti.- 2017.- 4 noyabr.- S.21.