"Şairin cənnəti
könüllərdədir"
Rübailin ruhuna ehtiramla...
Rübailin yaradıcılığı haqqında bundan əvvəlki yazımın tarixi 2013-cü ilə aiddir və "Təzadın hikməti" adlanır. Orda şairin xalqın yaddaşındakı kodlardan idrakının gücüylə bəhrələnməsini xüsusi qeyd etmişdim. Və hər dəfə onun hansısa kitabını vərəqləyəndə də sanki eyni ünvana aparan müxtəlif cığırlardan keçirmişəm kimi hisslər yaşayırdım.
"Dar küçələr" şeirini isə internetdən oxudum. O qədər
marağımı çəkdi
ki, aylardır kompüterimin ekranında saxlayıram bu şeiri. Dəfələrlə oxumuşam, necə
deyərlər, şeirin
"o yanına-bu yanına
keçib düz gözlərinin içinə
baxmışam". Sonunda
anladım ki, şeir mənə tam fərqli bir fəlsəfə danışır...
Doqquz bəndlik
şeir Rübailin səfər təəssüratı
kimi də görünə bilər. Mənsə
şeirlə bir ayrı cür danışdım... Şeir
mənə ispan mədəniyyətinin alt qatındakı
macərapərəst incəsənət
fədailəri haqqında
"mühazirə oxudu"...
Barselonanın dar küçələrində dünya
tarixinin müxtəlif
dövrlərində ispan
təfəkkürünün "insan və zaman",
yaxud "bəşər
və bəşəriyyət" tənasübünü
necə həll etdiyini şair boyasız, rübəndsiz görə
bilib. Və gördüyünü də
oxucusundan gizlətməyib:
Bir ispan şəhəri...
Dar küçələri...
Bu dar küçələrin
kəlləri dəli...
Hardasan, hardasan,
Salvador Dali?
Gəl,
mənim şəklimi
çək bu şəhərdə!
Uşaqkən filmlərdən və
televiziya verilişlərindən
həyəcanla izlədiyimiz
matador döyüşlərindən tutmuş, çəkildiyi gündən
bu yana istər
incəsənətin elit
təbəqəsini, istərsə
də ən adi seyrçini belə təəccübdə
saxlayan "Yaddaşın
dəyişməzliyi" adlı tablo yaddaşımızda
an fərqiylə bir-birini
əvəz edir... Və bu an
sinir sistemimizi culğalayan ani həyəcan və arxasınca dərin-dərin
düşünməyə vadar edən cavabsız sual üzümüzdə olduqca
qeyri-adi bir mimika yaradır, əminəm...
Salvador Dali bu məhşur
əsərini yaradanda
kamamber pendirindən ilhamlandığını gizlətməyib. Pendirin tədricən
əriməsi onun üçün əsl enerji püskürməsi rolunu oynayıb. Və rəssam öz əsərilə sanki bütün yaradılışa
qarşı üsyan edir. Deyir ki, "zaman hər şeyi yox edir, silir,
yaddaşımızda bizimlə
birgə yaşayan xatirələr isə zamanı qarşısında
diz çökdürür;
onlar nəinki qocalmır, əksinə, gündən-günə yenilənir,
hər fürsətdə
körpə fidan kimi cücərir və hisslərimizlə qidalanaraq boy atır"...
Dediklərimin hamısını Rübailin
şeirinin alt qatında
oxuya bilərsiniz...
Şeirin ikinci bəndində Barselonanın dar küçələrinin romantikasının
əskik yönlərini
tapır şair. Özü də
necə tapır?
Bir Gəncə sevdalısı kimi... Deyir ki:
Burda da çinar var, Xan çinar
deyil,
Kölgəsi qonağa salmayır
meyl...
Bir dəli şeytan da arxadan deyir:
Yadigar Xan çinar ək bu şəhərdə.
Mən Rübailin
yerində olsaydım,
mütləq o dəli
şeytana uyardım. Buna görə məni şeytanpərəstlikdə günahlandırmaq
lazım deyil. Axı mənim xalqımın minillikdən
süzülüb gələn
şüurunda "dəli
şeytan" obrazı bugünkü psixologiyanın
cidd-cəhdlə izah etməyə çalışdığı
genetik yaddaşın təzahürüdür. O yaddaş
ki, qatilin oğlu vicdanlı polis olsa da, nəvəsi
mütləq adam öldürməyə
meyil edəcəkdir.
Rübailə Barselonada Xan çinar əkdirmək istəyən onun genetik yaddaşı idi. O yaddaş
ki, hər gün Rübailin beyninin içindəcə
onunla birgə Gəncə çinarlarının
altından keçib Azərbaycan Dövlət Aqrar Universitetinə "işə gedirdi". Yaxud auditoriyada qəfildən pəncərədən
eşikdə yenə bir çinar yarpağına sancılırdı
baxışlarla...
Şeirin sonrakı bəndində genetik yaddaş dumana bürünərək
zühur edir. Lakin bu dəfə bu yaddaş daha da mühafizəkardır.
Və dünyada ən gözəl dar küçələrin olduğu
məkanın qürurunu
yaşamaqda israrlıdır.
Memar Qaudisi əlyetməz hünər,
Dahilər yetirib bu dar
küçələr.
Düşür xatirimə İçərişəhər,
Sükuta
batıram tək bu şəhərdə...
Memar Qaudi... Bu adı eşidərkən həmişə
"Müqəddəs Ailə
kilsəsi"nin o ürküdücü heyrətə
sürükləyən şəkli
gəlir gözlərim
önünə.
Bəlkə çoxları
bilmir ki, Qaudi də genetik
yaddaşın ona daim göstərdiyi "keçmişdən fraqmentlər"dən ilhamlanıb. Axı onun atası misgər idi. Misgərliyin tarixi qədər də Qaudisinin dünəninə
heyranlığı boy atmışdı
içində... Hələ
uşaq ikən atasının mis üzərindəki yaradıcılığı
gələcək memarın çərçivəyə
sığmayan zəkasını
"qidalandırırdı"... Belə bir memarın
yaratdığı sənət
nümunələri (hansı
ki, illərə yox, əsrlərə meydan oxuyacaq qüdrətdədir) dünyanın
bütün insanları
üçün mənəvi
qida mənbəyidir...
Və Rübailin yadına düşən İçərişəhər... Şirvanşahlar sarayı...
Qız qalası... Bəşəri sərvətlər
sırasında dayanan
milli qürurumuzun bərraqlığı...
Şeirin
sonu isə yaranışdan
bəri bütün xalqların folklorunda ən dərin qaynaq olan "Xeyir və Şər"
mübarizəsinə köklənib.
Və burda da, əlbəttə
ki, bir şair
ruhu Xeyirin qələbəsini alqışlamağa
hazır dayanıb.
Bilməm, bütün oxucular
mənimlə eyni düşüncəni bölüşərlərmi,
amma məncə, insanlığa xidmət etmək elə Xeyiri alqışlamaqdır.
Daşüzlü küçələr göz dikib göyə,
Sanki şəhər yola etibar salıb...
İnsanlar mehriban dolansın
deyə,
Yolsalan küçəni belə
dar salıb...
Hər addımda, hər gördüyündə, hər
duyduğunda bəşəriyyətin
humanistliyini düşünən
bir şair idi Rübail... Bu yazının son cümlələrini
yazırdım onun bu dünyadan köçünü çəkib
getdiyini eşidəndə...
Ən sonuncu cümləni ruhumuzun dərdləşməsinə
saxladım. Deyəcəyim
bir neçə kəlmə qalmışdı
artıq dilimin ucunda, onu da
hamıdan eşitdim...
Deyirdilər ki: "Məkanın cənnət
olsun, Rübail!" Ürəyimdən
keçəni dilimə
gətirmədim: "Şairin
cənnəti könüllərdədir"...
01.11. 2017
Gəncə
Şəfa Vəli
Ədəbiyyat qəzeti.- 2017.- 4
noyabr.- S.27.