Bayatı qədər qəhərli
Esse
Bir vaxtlar Şekspirin sonetlərinin birində belə bir məqamla rastlaşmışdım. Biz insanlar yuxuların yapıldığı nəsnədənik, qısaca həyatımızın sonunda bir yuxuya dalar, keçib gedərik...
Ancaq bundan qabaq başqa bir mətndən bəhs
etmək istərdim. Söhbət Oktavio Pasın şeirindən gedir. Şeirdə
iki zahirən əks ifadə var.
Dinlə
məni, yağışın səsini dinləyən kimi
Nə
diqqətli, nə yayğın,
Çiskinli
yağışın yüngül ayaq səsi,
Havada əriyən
su, zamanın toxuduğu hava,
Gün
çıxıb getməklə bitmir,
Gecə
düşsə də gəlməyib,
Adda-budda
dumanlıqlar
Küçənin
küncündə
Topa-topa
zaman buludu
bu
zamanın tinində,
dinlə
məni yağışı dinləyəntək,
qulağını tut,
içimdə gözləri açıq
yuxulu
sözlərimi dinlə,
hər
bir yuxudan oyanmış mənanı gör
yağır, yüngül addımlar, hecaların uğultusu,
hava və
su, yüpyüngül sözlər:
nə
idik, nəyik indi
günlər və illər, bu an belə,
çəkisiz zaman, çəkilməz ağrı
dinlə
məni, yağışı dinlədiyintək...
"... içimdə gözləri açıq,
yuxulu sözlər", bir də "yuxudan oyanmış məna...". Eyni mətnin
içində sözlərin yuxuya dalması və oyanması
mətndə gərginlik sahəsini tam olaraq özündə
cəmləyən vahidlərdir. Diqqət
edin, şeir oxunduqca gərginlik sanki gizlədilir, onun yerini
yağışın narın səpələnmə effekti,
suyun havada əriməsi və sair bu kimi ifadələr tutur.
Ancaq bu müvəqqətidir, keçicidir,
çünki "zamanın toxuduğu hava" şeirdə
"batan" mənanın üzə çıxması
üçün daha önəmlidir. Bu bəlkə min
illərdi yağan yağışın təsvirində
küçənin küncü (yağış düşməyən
yer...) belə fokusa gətirilir, yada salınır, burdakı
adda-budda dumanlıqlar bir azdan çəkilib gedəcək,
amma zamanın tinində yağış damcıları kimi
yerə düşən sözləri min illərdi heç kəsin
dinləməməsi anidən "kadrda"
görünür və "pozulur". Müəyyən
hadisələrin, bəlkə həmin hadisələrin ixtiyari
fraqmentlərinin bu şəkildə mətndə
oynadıqları gizlənpaç mənanın təbii şəkildə
yaranma mexanizminə təsir edir, yəni şair bunun fərqində
belə deyil, hər şey müəllifin hakim olduğu məkana
qədəm basır, sakitcə görünür və yoxa
çıxır, daha doğrusu, şeirin məntiqindən
çıxış eləməli olsaq, yuxuya dalır. Burda
bunu deyək: şairə (istənilən...) yalnız məkan
(ucsuz-bucaqsız...) verilir, hər şey, hətta sözlər
belə unudulur. Yuxarıda nəzərə
çarpdırdığımız səs o qədər dərinlərdən
gəlir ki, bu yağışın, bu damcıların o
tayına keçib onu dinləyə bilməlisən,
çünki fürsətdi: yuxudan oyanmış mənaları
görə bilərsən. Şeirdə
yağışın yağması anidən poetik mətnə
çevrilir, yəni yağış damcıları tez bir
zamanda söz və hecalarla əvəzlənir. Çəkilməz
ağrını bir belə "yüngül" ifadələrlə
təsvirə çəkmək qəribə üsuldur, ancaq
şeirin daxilində yuvalanan daxili nitqdəki enerjini hiss etdikdən
sonra vəziyyət aydınlaşır. Şeiri oxuduqda ilk təsəvvürümüzdə
canlanan nə ola bilər? Kağıza
çəkilmiş rəsmdən boyanın hiss edilməyən
ritmlə axması, yəni, özünü, ruhunun dərinliyini
incidən ağrını tablonun "çərçivəsindən
çıxmaqla" ifadə etmək cəhdi. Baxırsan, rəsmdə
çox sakit bir mənzərə çəkilib, həm də,
sakitliyin lap "susduğu" anda rəngin görünməməsi,
özünə, içinə çəkilməsi, ancaq bu
zahirən belədir, boyanın yox olması, sadəcə
yerini nişan verməklə yoxa çıxması dərdə,
ağrıya işarədir. "Nə idik, nəyik
indi?" Sadəcə yada salınır, səs
yağışın - yerə, torpağa aramsız şəkildə
düşən hecaların uğultusu arasından güclə
eşidilir. Lirik "mən" daxilən
parçalanıb, ikiləşib, yağışa baxıb
onun o tayındakı, "kadr arxasındakı" hadisələri
sezdirmək, boyası axan bir tablonun içindən, qəlbindən
keçirib görükdürmək (həm də usta şəkildə
gizlətmək, bunun olduğunu az qala
danmaq-!) mətndə bədii qavrayış və dərkin
hansı səviyyədə əyaniləşməsinin
sübutudur. Oktavio
Pasın çox sakit bir mənzərənin fonunda
bitib-tükənməyən ağrını verməsi bizim
bayatıları yada salır.
Laylay
dedim yatasan,
Qızıl gülə batasan.
Qızıl
gülün içində
Şirin yuxu tapasan.
Bu gözəl, qənirsiz, həm də bəlkə
milyon sözün içindən seçilərək misraya
düzülən sözlərin belə bir strukturda yer
alması onu dinləyən hər bir kəsi içdən qəhərə
boğur. Məsələ təkcə onu kimin oxumasında
deyil. Beşik başında bunu ötən
qadın sadəcə illərin o tayından qulağına gələn
sözləri deyir. Əsas məsələ
bu kiçik mətndə "daxili nitqin", həm də
artıq dünyada olmayan kəslərin dedikləri sözlərin
içində mənanın "oyanma mexanizmindədir".
Professor Asif Hacılı yazır ki, "...Bayatılarda daxili
nitqin fəallığı bədii təfəkkürün fəlsəfi
dərinliyi və psixoloji incəliyi ilə
bağlıdır; bayatı subyektinin özünüdərki
elə yüksək həddə çatır ki, lirik "mən"
daxilən ikiləşir, batini və zahiri "mən"lərə
parçalanır və bu iki tərəf arasında ziddiyyətli
mükalimə başlayır. Bayatıda ali
tərəf olan batini "mən" digər obraza-daha
konkret, həyati, gerçək subyektə, zahiri "mən"ə
hökm edir, onu sınayır, sorğulayır. Söyləyici
əsasən əmr, sual, nida şəklində öz iç
dünyasına müraciət edir və öz ikiləşmiş
ruhunu dərkə çalışır. Buna görə də
bayatılarda daxili dialoq sorğu və sınaq tonu, ümumən
imperativlik intonasiyası ilə seçilir və əsasən
əmr formasında ortaya çıxır: Bu yoldan ötənə
bax // Köynəyi kətana bax// Qürbətdə
gözün açma // Açanda vətənə bax // - Qərib,
tənha subyekt özüylə dialoqdadır: vətənə
çəkən hisslər (batini "mən") "bu
yol"la gedən yolçuya (zahiri "mən") hakim kəsilir.
Lirik subyektin ikiləşmiş daxili aləmi təzadlı
olduğundan (dəruni "mən" əbədiyyətə,
makrokosmosa, ideala yönümlüdür; biruni "mən"
isə aniyə, mikrokosmosa, gerçəyə səmtlidir)
bayatıda daxili dialoq yüksək hissiyyat və həyəcanla
seçilir...." Başqa bir bayatı:
Göydə
ulduz xoş keçdi,
Cavan ömrüm boş keçdi.
Fələk,
gəl sübut elə,
Hansı günüm xoş keçdi?!
Deməli, makrokosmosla mikrokosmos arasındakı ziddiyyət
mətnin ritm və intonasiyasını yaradan, canlandıran əsas
mahiyyətdir.
"Bədii təfəkkürün fəlsəfi dərinliyi..."
Şekspirin sonetinin içindəki məna öz yerini
alır: biz insanlar yuxuların yapıldığı nəsnədənik...
Əbədiyyətlə aninin bir sintaksisdə,
düşüncədə baş-başa gəlməsi
bütün gücü ilə daxilə yönəlir, orada
olmazın təbəddülat yaradır, insanı sükutun
dilində danışmağa məcbur edir. Belə
olduqda oyaqlıqla yuxuda olmağın sərhədi pozulur, bu fonda sözlərin əsl obrazı, əsl mənası
açılır, onların üzündəki niqab
götürülür, həm də elə bir vəziyyət
yaranır ki, sözün işarə etdiyi əşyanın
dünyada olub-olmaması sual altına düşür. Bayatının poetik sistemi sübut edir ki,
reallığı, gerçəyi bütün
aydınlığı ilə verə bilmək
üçün ondan sərf-nəzər etmək, ondan
ayrılmaq, onu görməməzliyə vurmaq lazımdır.
"Əkilməmiş ağacdan dərilməmiş bar gətir"
deyilən bayatıda ağac əslində daxili qürbətə
çəkilmiş insan obrazıdır, bütün nəsnə
və əşyaların içində it-bata
düşmüş insan...
Vüsal... Məhəmməd Füzulinin
şərhində bu söz elə Şekspirin sonetindəki məna
qəlibində verilir. Vüsalı yuxuda
tapmaq gerçək şeylərin içində ən
gerçək olanıdır. Şeirdə (qəzəldə)
belə deyək, "yuxu dumanının" gəlməsi və
çəkilməsi eyni anda baş verir, yuxudan oyanmış
mənayla gözü açıq yuxulu sözlərin
"qütbləşməsi" sözlərin gerçək
danışıqdan keçməyən, bura güzarı
düşməyən işarəsidir. Yuxuyla
oyaqlığın gizlənpaç oyunu elə şəkildə
davam edir və qurulur ki, hər şey - eləyə biləcəyin
hərəkətlər, atacağın addımlar yadına
düşsə də əyaniləşmir, çünki bu,
yuxulu sözlərin diktə etdiyi obrazdır. Sanki səninlə o işarələr arasında
görünməyən bir pərdə çəkilib, sən
bu virtual aləmdə hər şeyi-nəsnəni ən
xırda detalına qədər seyr edə bilirsən.
Borxes yazırdı: "...Yuxuda hər bir insanın bir balaca əbədiyyət
payı var, bu da onun yaxın keçmiş, bir də heç
uzaqda olmayan gələcəklə görüşrə bilməsidir".
Sonra, "Yuxunu görən adam
bütün bunları, bütün kosmik prosesləri
özünün hüdudsuz əbədiyyətindən seyr edən
Allah kimi bir baxışla tutur." "Vəhşilər
və uşaqlar üçün yuxu həyati epizoddur,
şairlərdə və mistiklərdə isə -
bütün həyat yuxudur". Daha sonra: "Yuxuda belə
də olur, bizdən nəsə soruşurlar, biz isə cavab
vermək iqtidarında deyilik, cavabı, elə bil ki, kimsə
qulağımıza pıçıldayır, bu isə bizi
tamam karıxdırır"
Bu
vüsalə yuxu əhvalı demək mümkün idi,
Əgər olsaydı yuxu dideyi-giryanimizə.
Bir xəyal
ola məgər gördüyümüz,
yoxsa nigar,
Mütləqa xatirə gəlməz ki, gələ
yanimizə.
Yar
mehmanımız oldu, gəlin, ey canü könül,
Qılalım
sərf nəmiz var isə mehmanimizə!
Dilbərin
canə imiş qəsdi, Füzuli, gəl kim,
Can verib
dilbəra, minnət qoyalım canimizə.
Əbədi kitab obrazının başqa bir tərəfi
məhz Füzuli qəzəlində təqdim edilir. Kitabı
açırsan, sözlər yuxudan oyanıbmış kimi,
gözlərini açır, gerçəkliyə (insanın
daxilindəki sonsuz əraziyə - taleyin qürbət adlı
ölkəsinə) baxıb dilinə gələn bütün
sözlərin arxa planındakı sirləri faş edir.
Orta əsrlər poetikasında belə bir məqam
maraqlıdır: divan ona görə bağlanır ki,
dünyanı öz içinə, bətninə
yığaraq tutsun, içində həbs edib saxlasın; daha
sonra əks proses gedir - bir kitab içinə
sığınan dünya qəliblərin içindən
çıxaraq açılır və beləcə
dünyanı əvəz edən kitab zaman keçdikcə bir
ovuc içinə sığınır.
"İnsan danışır. Ayıq olanda da, yuxuda
da. Biz bir kəlmə söz tələffüz
etmədən, dinləyəndə və mütaliə edəndə,
işləyəndə və istirahət edəndə də
danışırıq. Hər necə
olur-olsun...danışırıq. Ona
görə danışırıq ki, bu bizim üçün
təbii xassədir. İnsan dili təbiətdən
alıb. Belə bir təlim var ki,
heyvanlardan və bitkilərdən fərqli olaraq, insan
danışan varlıqdır. İnsanı insan edən
də dildir...." (Haydeger).
Məşhur
filosofun fikrinə dəstək kimi, deyə bilərik ki, dil...
həm də insanı dəyişdirir,
üz-gözü öyrəşən dünyadan
qaçmağa məcbur edir. Dil "qurtaran" kimi, insan
ölür (Haydeger: dil həm də dərin uçurumdur). Bəs yazmaq necə, onun insanın
yaşamısına və ölümünə - həyatına
münasibəti necədir? Təkcə bu məlumdur:
yazı çoxlarının güman etdiyi kimi, insanı
açıb ortaya qoyan vasitə deyil, daha çox onu öz sərhədləri
içində kilidləyən, göyün yeddi qatına və
yerin ən dərin təkinə qədər gizlədən
bir nəsnədir. Danışıqdan fərqli olaraq
yazıda, bədii mətndə ən işlək sfera,
fikrimizcə arxa plandır, yazı - bədii mətn zaman-zaman
bu saxlanca yığılan enerjinin hesabına təsir göstərir,
onun içindəki potensial qətrə-qətrə
açılsa da, birdən təsir göstərir, beyindəki
"yuxu şırımları" oyanır, bir
anlığa ölümü həyat və əksinə həyatı
ölüm kimi qavrayırsan, yazıda deyilə bilməyən
sözlərin, açıla bilməyən mənaların
yaratdığı bu cazibə sahəsi - dilin arxa planı
real olanın irreal fakturasını açıb-göstərir.
Kamyunun "Qonaq" hekayəsində bu təsir
mexanizmi - ölümə yollanan insanın beynindəki, ürəyindəki
bütün düyünləri açır, heç bir təəssüfə
yer qoymayan zalımlıqla qardaşının
başını çinləməsi...bu əhvalatı
özü üçün dəfələrlə
danışır, küydən beyni uğuldayır, amma onun səsini
heç kəs eşitmir. Dilin arxa
planı bu eşidilməyən səslərdən yaranır.
Hekayədə qatil ərəb birdən yerdən
götürdüyü daşı göyə tolazlayır, elə
atır ki, daş elə bil bir də yerə
qayıtmayacaqdı. Bu hərəkət "səssiz
dildir", insanın özü-özünə dil deməsidir...
Hüsserl özünün "Zamanın daxili dərkinin
fenomenologiyası" əsərində yazırdı ki, insan
şüurunda daimi, əzəli formalardan özgə heç
nə mövcud deyildir. İnsan üçün keçmiş,
olub bitmiş hadisələr "daşlaşmış",
əşyalaşmış proseslər dünyasıdır.
Gələcəyə əl çatmır, ən
iti baxışlar belə onun qatı dumanını yarmağa
qabil deyildir. Real dünyanın harasında
olursa-olsun - olduğu, durduğu nöqtə onun
üçün dünyanın mərkəzidir. Belə bir müvazinət insanın mövcudluğu
üçün hava və su kimi lazımdır. Zaman
axdığı, öz yolu ilə varıb getdiyi
üçün heç bir nöqtəsində
öz-özünə bərabər olmur, hansı yaşdasa
görüb-götürməkdən, təcrübədən
asılı olaraq hiss eləyirsən ki, kimsə
qulağına pıçıldayır: heç bir şey
gördüyün kimi, yaxud göründüyü kimi deyil. Bu, dünyanın altını üstünə
çevirən böyük bir paradoksdur. Ancaq
bu ilahi sözün deyilişinə qədər min bir qat
açılmalı, çarpazlaşa-çarpazlaşa
bir-birinin içinə keçən çevrilmələrin
heç olmazsa bir zərrəsini dərk eləməlisən.
Bizim poeziyamızda özünə möhkəm yer alan - ...Dünya duracaq yer deyil... Gəl
gedək bu yerlərdən... nidaları ilə müşahidə
edilən dünyadan qaçmaq, qurtulmaq motivi də məhz
yuxarıdakı anlamın ekvivalentidir. Həm də adi,
bu motivin strukturyaradıcı özülü seyrçi
gözlə görünməyən çevrilmələrdə,
daim hərəkətdə olan, özü-özünü
basdalayıb keçən bir əşyaya bərabər
tutulur, ya da bu motiv vasitəsi ilə heç olmazsa sonsuz hərəkət
obrazı yaradılır:
Bu çərxi-fələyin
nərdivanı var,
Düşən
ağlayarmış, qalxan gülərmiş...
XVII əsr ispan barokkosunun ən parlaq nümayəndəsi
Pedro Kalderonun "Həyat yuxudur" dramında yuxu
metaforası vasitəsilə insan varlığı və təbiətinin
həqiqi mahiyyəti açılır. "Həyat
yuxudur" pyesi üç "xornad"dan ibarətdir.
"Xornad" sözü ispan mənşəlidir,
mənası "insanın gün ərzində keçdiyi həyat
yolu"dur. Dramın bədii zamanı da elə
üç günü əhatə edir: birinci gün
(Sexismundo - həbsxanadada məhbus) qəhrəmanların
konflikt mövqeyinə daxil olmalarını bildirir; ikinci gündə
(Sexismundo artıq sarayda şahzadədir) gərginlik kulminasiya
həddinə çatır. Üçüncü
gündə isə (Sexismundo məhbus və gələcəyin
kralı) razvyazka baş verir.
Birinci
gün Sexismundo vəhşi heyvandan az fərqlidir.
Bütün ömrünü yalın qayalar
arasında keçirmişdir və ona yalnız insan hissləri
və əxlaqının olmadığı bu təbii
varlıqlar tanışdır.
Təbii
mühitindən ayrılan qəhrəman özünü əsl
vəhşi heyvan kimi aparır - amansız, qaniçən,
alçaldığına görə hər kəsdən
qisas alan, o cümlədən doğma
atasından. İkinci gün hakimiyyət
Sexismundoda ən pis keyfiyyətləri də açır.
Eqoizm, hövsələsizlik və şəhvət.
Gözünü həbsxanada açan keçmiş
şahzadə belə bir nəticəyə gəlir ki, "həyat
yuxudur" və Risauradan özünə aid real detalları
öyrəndikdən sonra da bu qənaəti dəyişmir. Kalderon Sexismundonun diliylə
bütün zamanların və xalqların xristian
imanını dilləndirir: bu dünyada oyanana qədər
yatmalıyıq. Hakimiyyətindən nəşələnən
çar yatır, yalnız cizminion qeydinə qalan varlı da
yatır, həyatının acısı dodaqlarında
kasıb da yatır, gec ya tez, bir gün ölüm gələndə
hamı bu yuxudan oyanacaq. Bunu dərk edən
Sexismundo xeyirxah işlər görmək istəyir, ona görə
bu, yeganə iz salan işdir - həm yuxuda, həm də insan
kimi fəaliyyətində.
Bu əsərində
Kalderon insan həyatının heç bir
çıxış yolu olmayan faciəvi ziddiyyətlərini
göstərir, həyat üzücü iztirab kimi təsvir
edilir, dünyadakı səadət adına
heç nə real deyil, real həyatla yuxunun sərhədləri
aradan götürülüb. İnsan hissləri belə
etibarsızdır... Xəyal... bəla gətirir...
Varlığın mənası haqqında fəlsəfi
suallarla dolu olan "Həyat yuxudur" dramında tale (qədər)
və onun azad iradəylə aradan qaldırılması
problemi qaldırılır. Hamilə
qadının qorxunc yuxularından və astroloqların öncəgörmələrindən
qorxan kral Basilo yeni doğulan yuxularını həbsxanada
dustaq etmək qərarına gəlir. Beləliklə,
adi insani qorxu Sexismundoda yırtıcı heyvan
zalımlığının yaranmsına təkan verir.
Özünün heyvani hisslərinin öhdəsindən o,
yalnız həyatla tanış olduqdan
sonra gəlir. Beləliklə, təsdiq edir ki, bizim
hər birimizin içində hər şeyə rəğmən
bir şəfqət hissi var, onu dinləmək lazımdır.
Yağışın
səsini dinlədiyin tək...
Cavanşir
YUSİFLİ
Ədəbiyyat qəzeti.- 2017.- 11
noyabr.- S.2-3.