Dar ağacı kimiyəm

 

Bir gün

məni eşitmək istəsən,

sükutumu dinlə:

danışmağa hey nələrim var.

Bilirəm,

dar ağacı kimiyəm,

amma ki, meyvələrim var...

Daha

gələcəyimdə olmasan da,

keçmişimdə varsan.

Keçmiş həyatımın bir parçasısa əgər,

deməli, həmişə həyatımdasan,

həmişə yanımdasan...

Bilirsən

səndən sonra qəlbimi

bir-iki musiqi isidir.

Bütün ruhuma hopan

bu nəhəng darıxmaq da

həyatımın fon musiqisidir...

Dar ağacı kimiyəm, .

Daha sənə yaşada biləcəyim

tək duyğu əzabdır, ağrıdır.

Çünki...

Çünki

insanı unutmamaq yox,

xatırlamaq ağrıdır...

 

Səhərə qalmaz

 

Səhərə qalmaz...

keçər gedər bütün ağrılar bədənindən,

çevrilər bütün doğmalar yada.

Necə ki, keçib gedər yanından yüzlərlə

tanımadığın adam.

Səhərə qalmaz...

bir adı da unudarsan bu gecə,

silərsən yaddaşından.

Səhərə qalmaz,

Görərsən heç əvvəlki deyil,

ya da... Ya da sən hər şeyə yadlaşırsan.

Səhərə qalmaz...

Yarımçıq içki şüşəsini

taparsan soyuducudan,

Sonuncu siqareti paltonun cibindən.

Onlar da, səhərə qalmaz...

 

***

 

Mənə elə gəlmişdi ki,

elə mənə gəlmisən.

Sən demə

mənə elə gəlmisən...

 

***

 

Tanrım,

təlaşdır,

qorxudur.

Hərdən

Yaratdığın dünya

məni çox qorxudur.

Ac qalan körpəsinə

çörək ala bilməyən atanın

gözlərindən axan yaşa bax.

Hərdən

ayaqları olmayan birinin

yeriməyə çalışmaşına bənzəyir

bu həyat adlandırdığımız yaşamaq.

Tanrım,

Sən yoxdan var yaratdın,

bizsə yaxınlardan uzaq.

Hərdən

insanı çox üşüdür,

sarıla biləcəyi ən doğma qucaq.

Hərdən

yox olmaq istəyir insan,

yaşamaq hamıdan aralı,

yaşamaq hamıdan xəlvət.

Tanrım,

insanlar insan olsaydı,

qorxutmazdı bizi cəhənnəm,

lazım olmazdı bizə cənnət.

 

***

 

Sevmək - ruhumuzun

bədən adlı zindana qarşı üsyanıdır.

Sevişmək - ruhumuzun

ilk azadlıq hayqırışı.

 

Payız küçənizi kəssə bu gecə,

küləyin əlindən tutub rəqs et səssizcə.

Akvariumdakı kiçik balığın

qulağına da pıçılda ki:

"bu gün sevgi məni rəqsə qaldırdı".

 

Yağan yağışlara qucağını gülümsə,

qoy yağış silsin qəlbindən bütün izləri.

Payızı görüb buraları tərk edən

                        quşlara da de ki,

o boz buludların arxasında

sapsarı bir Günəş gizlənir.

 

Sevmək - ruhumuzun

bədən adlı zindana qarşı üsyanıdır.

Sevişmək - ruhumuzun

ilk azadlıq hayqırışı.

 

Yaza bilmədiyim

bütün gözəl sözlər

öpsün saçlarından...

 

Ulucay AKİF

 

Ədəbiyyat qəzeti.- 2017.- 11 noyabr.- S.5.