Şişupalanın təhqir limiti
Əgər başladığın işdə uğur qazanmaq istəyirsənsə, həmin işinin ən azı üç adama faydasını düşün və bunun üçün çalış.
Co Vitale
Hind mifologiyasında bir Şişupala obrazı
var. Özünün və
sözünün yerini,
dəyərini, bir də bu dünyada
"limit" deyilən bir
nəsnənin olduğunu
anlayıb bilməyən
axmaq bir obrazdır. Bəxtinə düşən şahzadə
həyat tərzinin ona verdiyi yekəxanalıqla
yetənə yetən,
yetməyənə daş
atan, böyük-kiçik,
qadın-kişi, Allah-bəndə
fərqi demədən
hamını təhqir
etməyə öyrəşmiş
Şişupalanın anası
onun üçün narahat olduğuna görə, bir gün Tanrıya yalvarıb, oğlunun ona ünvanlanacaq təhqirlərini görməzdən
gəlməsini təvəqqe
edir. Məqamca kşatriy sayılan, mahiyyətcə şudradan
da aşağı keyfiyyətli xarakterli oğlunu karmik cəzadan uzaq tutmaq istəyinə görə hər gün göz yaşları ilə dua edib yalvaran
qadına bir gün Tanrı söz verir ki, məhz ona
xətir Şişupalanın
təhqirlərini görməzdən
gələcək… lakin
yalnız yüz təhqirə dözəcək,
yüz birincidə Şişupala cəzasını
alacaq. Çünki onun davranışı
həm hörmətli
arilər arasında, həm sadə rəiyyət içində
pis nümunədir.
Qadın sevincək təşəkkür
duası edib o andan etibarən oğlunun taleyindən arxayın olur.
Lakin qadının
ağlına gəlmir
ki, Şişupala yüz təhqiri keçə biləcək
dərəcədə arxayınlaşar.
Və Şişupala
məqam düşdükcə
Tanrını təhqir
edir. Hər təhqirdən
sonra cəzasını
almadığı üçün ürəklənib,
daha yeni əzmlə Tanrıya meydan oxuyur.
İlahi sayğac isə dayanmadan işləyir, təhqirlər bir-bir sayılıb hesablanır.
Yerində və vaxtında cəzalanmayan Şişupalanın
gözləri yalançı
eqosunun təsiri ilə dumanlanır, çarəsiz bir qadının dualarına görə əldə etdiyi cəzasızlıq limitini özünün əlahiddə keyfiyyətli
fövqəl biri olması qənaətinə
gəlməsi təkəbbürü
altında toxunulmazlıq
kimi qəbul edir.
Və Şişupala
Tanrıya etdiyi həqarətlərin sayını-hesabını
itirmiş olur.
Bir də o zaman ayılır ki, dil-boğaza qoymayaraq, şövqlə, ləzzətlə,
ideal bir arxayınlıqla
özünün yüzüncü
təhqirini etməkdədir
və…və Tanrının "sudarşana-çakra" (çərxi-fələk
kimi bildiyimiz formada, odlu disk ) adlı silahı hamının gözləri
qarşısında Şişupalanın
başını bədənindən
ayırır.
Şişupalanın kəsik başı belə təhqirlərə
davam edərək səsini kəsmir.
O zaman Tanrı təmkinlə pıçıldayır:
"Sakitləş…"
Limit, əndazə, hədd, senzura və sair bu kimi
məfhumlar iki tipdədir: insanın özünün özü
üçün və
özünə qarşı
olanlar üçün
tərtib etdiyi
individual olan, bir də cəmiyyətin, dövlətin, dinin, milli dəyər kodeksinin qəbul, həm də tələb etdiyi ümumi olan.
Hər ikisi insanın özünə
və ətrafına ziyanlı olmayacağı
dərəcəsində gərəklidir.
Xüsusən istedadı olan ədəbiyyat, yazı adamları üçün.
Çünki yazı yazmaq istedadı - Tanrının
birbaşa özünün
yaradıcı aspekti olan keyfiyyətindən bir zərrə qoparıb insana bəxş etdiyi əmanətdir.
Bu əmanətə şəxsi
və yalançı
eqo diktəsiylə yanaşıb onu çirkləndirmək olmaz.
Yazı
adamı ona verilən istedadı öz səhlənkar mahiyyəti ilə təhqir etməməlidir,
onu insanlar üçün faydalı
bir halda sərf edib, hər gün daha bir az işığını
artırmalıdır.
Nikolay Rerixə
görə, bizim bu dünyada yeganə missiyamız qaba materiyanı incə (astral) materiyaya çevirib onu kainatın nəhayətsiz
dalğalarına ötürməkdən
ibarətdir. Çəkdiyimiz
və çəkdirdiyimiz
hər bir ah, hiss etdiyimiz və hiss etdirdiyimiz hər bir xoşbəxtlik, qəhqəhələrimiz, fəryadlarımız
biz istəsək də,
istəməsək də
kainatın bitməz-tükənməz
energetik dalğaları
boyunca fəzada yayımlanır. Hər birinin də
qarşılığında bənzər enerji qalığı qayıdır.
Sanki marketdən alış-veriş edirsən,
bu qədər bəsit.
Və siz bir anlıq təsəvvür edin, sizin yazdığınız
kəlmələrin energetik
yüklənməsi necədir,
nədən ibarətdir
və fəzada necə qəbul olunur.
Bəli, istedadlı yazı adamı həqiqətən
də yazı yazaraq öz incə (astral) dünyasını
yaratmaq şansı olan biridir. Gözəl şansdır,
deyilmi? Sadəcə,
bir nüansı unutmamaq şərtilə:
hər kəs yaratdığı dünyanın
mütləq şəkildə
həm də sakinidir.
Elə dünya
yaratmaq lazımdır
ki, Tanrı onu dağıtmağa qıymasın.
P.S. Şişupala
Hind mifologiyasında Tanrının
bacısı oğlu idi.
Cavi Dan
Ədəbiyyat qəzeti.- 2017.-
11 noyabr.- S.6.