Selincersayağı tənhalıq
"Özünü
xilas edə bilsən, başqalarını
da xilas edə bilərsən".
Tarkovski
Hər kəs tənha doğulur...
Hər kəs tənhalıqda doğulur...
Hər kəs tənhalıqdan doğulur...
Yeni günün yalnızlığına
beşcə dəqiqə
qalıb... İnsanların məni canlandırmağa,
yenilənməyə, güclü
olmağa dəvət
edən ümid dolu sözlərini xatırlayıram...Yox, cazib görünmür, indiki halda zəif
olmaq güclü olmaqdan daha yaxşıdır.
Və mən bütün şələ-küləmi
yığışdırıb uzaq meşələrin qoynundakı, olmayan "malikanə"mə çəkilmək
istəyirəm...
Həm də həyatımın ən məşhur əsərini hələ yazmamışkən...
Həm də mənim müharibədə olduğum
vaxt başqa biriylə evlənən sevgilim də yoxdu...
Həm də mən müharibədə insanların
qarışqa kimi öldüyünə şahid
də olmamışam...
Amma ən az
Selincer qədər tənhayam... Və Ən az
Selincer qədər
Holden Koldfildəm...
***
Selincerin bioqrafiyasını yazmaq niyyətində deyiləm.
Lakin qeyd etməliyəm
ki, Devid Cerom Selincer 1919-cu ildə Amerikada anadan olmuşdur. Çünki mənə görə Selincerin anadan olduğu il ilə
doğulduğu il üst-üstə düşmür.
O, əslində, tam olaraq
1965-ci ildən sonra doğulmuşdu.
Yəni, qazandığı
bütün şöhrəti
dünyalı insanların
arasında qoyub inzivaya çəkildiyi vaxtdan...
"Çovdarlıqda uçurumdan
qoruyan" əsərini
oxuduğum andan bəri daim ağlımda bu fikirlər dolaşıb: görəsən, niyə
Selincer şöhrətin
ən son nöqtəsinə
çatdığı və
bütün dünyanın
diqqət mərkəzində
olduğu bir vaxtda hər şeydən imtina edərək həyatı
boyu insanlardan qaçmışdı?
Həqiqətən də yorulmuş
və məsumca həyatını sükut
içində tamamlamaq
istəyirdi, yoxsa əsl niyyəti yaddaşlarda daha çox
qalmaq idi?
Məncə, heç biri...
Selincer tənhalığı
özünü xilas etmək üçün
seçmişdi...
Biz insanlar, adətən,
yaşamadığımız, uzaqdan şahidi olduğumuz hadisələr
barədə ağızdolusu
və pafosla danışmağı sevirik. Məsələn, "müharibə çox dəhşətli bir şeydir!" cümləsi
kimi. Lakin bu dəhşəti müharibədə iştirak
etmiş insan qədər kim
daha yaxşı dərk edə və bunu yaşantısına
çevirə bilər?!
Hansı birimiz yanmış insan ətinin qoxusu ilə tanışıq?
Hansı birimiz qulağımızın
dibində partlayan minanın gurultulu səsi altında insan bədənlərinin,
əl və ayaqlarının havada uçuşmasına şahid
olmuşuq?
Hansı birimiz bütün bu dəhşətlər içində yaşam uğrunda mübarizə aparmağa çalışarkən
bizi həyatda saxlayan yeganə qüvvəni - sevgimizi itirdiyimizi qəzet səhifələrindən oxuyub
sarsılmışıq?
Belə
olan halda hansı birimiz Selinceri daha yaxşı anlaya bilər?...
Selincer müharibədə
olarkən dəlicəsinə
sevdiyi Unaya yazırdı ki, məni silahım yox, sənə olan sevgim qoruyur. Una isə
onun sevgisinə məhəl qoymadan özündən yaşlı
və güclü olan Çarli Çaplinlə ailə qurmuşdu. Həyat bəzən bu
qədər acımasız,
anlamsız və mürəkkəb olur. Selincer o zaman anladı
ki, özünü bu kabus sevgidən
xilas etməlidir.
Lakin bu olduqca çətin idi... Şəms Təbrizinin dediyi kimi, sevgi elə
bir səfərdir ki, o yola çıxan
hər kəs bu səfərdə dəyişəcəyini mütləq
bilməlidir...
Müharibədən qayıtdıqdan sonra yazmağa və yazdıqlarını çap
etməyə başlayan
Selincer qısa müddətdə məşhurlaşdı. Lakin birdən
hər şeydən vaz keçib insanlardan uzaqlaşdı.
Çünki yaşadıqlarını, gördüklərini unuda
bilmirdi və heç nə olmamış kimi davranan, həyatlarına davam edən insanlar onun ürəyini
bulandırırdı. "Çovdarlıqda uçurumdan
qoruyan" Selincerin
"ürəkbulanma"sı idi və o, bu əsərlə daxilindəki bütün çalxantıları, sarsıntıları
və aldanışları
bəşəriyyətin üzərinə
"qaytardı"...
Müharibə bitdikdən sonra
Almaniyaya gedərkən
Heminqueylə görüş
zamanı onların arasında belə bir dialoq olmuşdu:
" - Heç olmasa burda nə axtardığını
bilirsən?"
- Xeyr! Amma nəyi itirdiyimi
bilirəm."
Bu cümlə düşündürür
məni. İnsanlar nəyi itirdiklərini
doğrudan da bilirlərmi? Məncə,
Selincer o yaşa qədər çox şeyi - sevgilisini, dostlarını, silah yoldaşlarını, qorxusunu,
dünyəvi olan nəyi varsa itirmişdi... Geriyə
"heç nə"
qalmışdı. "Çovdarlıqda uçurumdan
qoruyan" Selincerin
"heç nəyi"
axtarması idi və bu axtarış
romanın əsl mahiyyətini bütünlüklə
ifadə edə biləcək bir cümlədə gizlidir:
"Mərkəzi Parkın
cənub girəcəyindəki
göldə olan ördəkləri görmüsünüz? O göl
donanda ördəklər
hara gedirlər?"
***
Hər kəsin
həyatında bir cizgi, xətt olur. Həmin cizgidən o tərəfə
minalı ərazi başlayır. Hər
gün addım atdığın bir yerdə partlamaq təhlükəsi ilə
həyatını cəhənnəmə
çevirəcək ehtimallar
ərazisi...
Və mən nəyisə itirdiyimi, amma nəyi axtaracağımı
bilmədiyim anlarda çoxlu-çoxlu düşünməyə
başlayıram:
Görəsən, niyə ağaclar
yeraltı su ehtiyatının daha çox olduğu yerlər üçün
müharibə etmirlər?..
Cahanxanım Seyidzadə
Ədəbiyyat qəzeti.- 2017.- 11
noyabr.- S.7.