Bənövşənin kölgəsində
Hekayə
Hava qaralmağa
başlayanda onlar da gəlirdilər. Hava soyuqlaşır,
zamanın necə keçdiyi duyulmurdu.
Gündüz qarşılıqlı münasibətlərdə mülayim
olan insanlar indi alt-üst dəyişirdilər. Heç
kim, əslində,
nə baş verdiyini anlamır və ya anlamaq
barədə düşünmürdü.
Hər şey duyulmayacaq ani zamanda gerçəkləşirdi.
Rənglər tutqunlaşarkən müdriklər bunun elmi əsaslarını izah etməyə çalışırdılar. Gözə görünən hər şeyi süni işıqlar göstərirdi.
Kamillər əsəblə
Günəşin əsl
rəng və hiss mənbəyi olduğunu vurğulayanda, inanclılar
mələkləri sonsuz
nurda təsvir edirdilər. Bitkilərin yaşıllığı öz əhəmiyyətini
itirirdi. Beləcə,
onların intizam qaydalarını kimsə istəsə də poza bilmirdi...
Bircə Həqiqət onları duymaqda çətinlik çəkmirdi. Bunu elə edirdi ki, onlar öz
bilinməzliyindən şübhələnmirdilər.
Əslində, bütün bunların
sadə bir izahı vardı, amma vəziyyət aydınlaşmağa gələndə,
onları ifadə edəcək söz tapmırdı. Zaman ötdükcə
artıq dərk etmişdi ki, insanlar hələ onlara ad fikirləşməyiblər.
Ən azından, zamanın necə keçdiyini yalnız o və bəlkə də, dünyanın harasındasa
onun kimilər duyurdular. Çünki insanların yalnız
dəbdəbəli saatları
vardı, zamanın varlığındansa bixəbər
yaşayırdılar.
Həqiqət də insanların saatlarına görə böyüyürdü. Artıq yetkin
qız olmuşdu, amma ictimai qaydalara
nəzərən əqli
çatışmazlığı vardı. O, Azər oğlu İbrahimin nə etdiyini lap yaxşı anlayırdı.
İctimai şüurların
uydurduğu vəzifələr
onu maraqlandırmırdı,
hətta peyğəmbərlik
də... İnsanların
çərçivəli düşüncə
tarixi hələ qadın peyğəmbər
görməmişdi, axı
insan yer üzünün sakini olandan bəri heç kim
buna cəhd göstərməmişdi. Heç indi
də bu möcüzə baş verməyəcəkdi, ta ki, təqvimə görə, otuzuncu ildə bir kifir
cadugər qarı Həqiqətə qarşı
şəhadət barmağını
tuşlamayınca. İnsanlar cadugərə
həmişə olduğu
kimi tez inandılar. Öncə Həqiqətə
payız alması yedizdirib torf bataqlığında boğdular.
Bir xeyri olmadı. Növbəti dəfə onu
Afrika cəngəlliklərində
qovaraq tutub, nizəni qıçlarının
arasından ağzından
çıxana kimi soxdular. Dirildi. Sonra onun adını
Janna Dark qoyub tonqalda yandırdılar. Yenə sağ
qaldı. Tarix onu
tankın tırtılları
altına kimi sürüdü, arabir qulağına Fatimə, İndira, Salatın deyə pıçıldadı.
Bir dəfə onu zəhərləyib tabutda
uzadarkən, kimsə dişini ağardaraq "Gözlərindən lap Klara
Setkinə oxşayır"
demişdi. Amma o, yenə
yaşayırdı. Sonda insanlar
istirahətə çıxıb
gündüz gördüyü
işlərlə məşğul
olmağa getdilər.
Onda cadugər qarı da xeyli məşhurlaşmışdı,
amma məzarı pir olarkən.
Bu müddət ərzində
Həqiqət Budda barəsində də eşitmişdi. Sonralar İsa və Məhəmmədi hiss edəcək,
İsgəndərin güzgüsündə
özünə baxacaqdı.
Qəzetlərdən Məhəmməd Əmin və Çe Gevara haqqında oxuyacaqdı.
Zərdüşt və Maniyə
kitablarda rast gələcəkdi. Və hava
qaralmağa başlarkən
onların ruhunu özünə dayaq hesab edəcəkdi.
O, min illər və ya bir an
ərzində gecə
gələnlərə ad fikirləşməyə
çalışdı. Onlar yenə
də Həqiqətin
gözü qarşısında
min oyundan çıxırdılar.
Həqiqət lap sonralar
anlayacaqdı ki, onlar elə gecəni yaradan mahiyyət, gecənin tam özüdürlər. Hələ də
əksər müharibələrin
qərarları gecələr
verilirdi. Yenə də
gecə təkcə gözləri yox, həm də qəlbləri qara örtüklə ovudurdu.
Gecə qətl və günahların usanmaz şahidi idi. Bu gecələrin birində Həqiqət anladı ki, onlar onu lap çoxdan
duyub və bütün bu olanlarla ondan qisas alırlar. O, tək və zəif idi, lap kimsəsiz və çəlimsiz uşaqlara
bənzəyirdi. Gəcələr düşündüklərini gündüzlər
əmələ çevirən
insanlar yenə də onu təqib
edir, yeni cəza üsulları axtarırdılar. O, İbrahimin
qırdığı bütlərə
tamaşa etmə qalibiyyətini həsədlə
xatırlayırdı.
Və nəhayət,
Həqiqət insanlardan
gizlənmək üçün
bənövşənin kölgəsinə
çəkildi. Bilirdi ki, bənövşə
ən utancaq çiçəkdir və
onun ismətinə heç vaxt xəyanət etməz.
İndi
o, tənhalığını daha dərin hiss edirdi. Qadınların ən gözəl
səviyyədə bacara
bildikləri iki şeydən birini - ağlamağı özünə
həmdəm seçdi.
Sayını unutduğu günlər
qədər, göz yaşları bənövşəyə
qiyamətə kimi kifayət edincəyə qədər ağladı.
Zaman ötdükcə insanlar elə həmin zamanın daxilində Həqiqəti axtarırdılar,
onlar üçün
həyat öz marağını itirmişdi,
çünki əzab
verməyə başqa
məbudları yox idi. Yalnız bir dəfə
gecəni sevgilisiylə
başa vuran bir aşiq dağın
yamacından bənövşə
dərib ona iylətdi. Həqiqətin göz yaşlarından
qidalanıb yaranan ətri qız bütün vücuduna yayılacaq qədər sinəsinə çəkdi.
Bu vaxt Həqiqət
uzun zamandan sonra azacıq Günəşə tərəf
boylandı və gülümsədi. Yeni
həqiqətlər doğulacaqdı.
Səbuhi Şahmursoy
Ədəbiyyat qəzeti.- 2017.- 11
noyabr.- S.7.