Tutinaz
hekayə
Ruh bir quş kimi çırpınırdı. Aradan ötən
uzun illər boyunca ilk dəfə idi, bu cür
çırpındığı. Hələ
ki, xilası mümkünsüz idi. Özünü
qadının cisminin iç divarlarına çırpırdı.
Qadının gözlərindən daxilinə süzülən
işığa aldanaraq, özünü pəncərəyə
vurubxilas olmağa can atan balaca sərçəcik kimi
aramsız çırpınır, sonda bərk yorulur, süst
düşürdü.
Qadın əzab çəkirdi. Bütün bədənini
dolaşan ağrının şiddətinə baxmayaraq, balalarını
təşvişə salmamaq üçün hər şeyi
içində çəkir, zorla gülümsəməyə
çalışırdı. Ruhunun
çırpıntılarını bütün
varlığıyla duyurdu. Hər il
evlərinin pəncərələrini çiçəkli
bahara açdığı kimi açmaq istəyirdi,
canında, qəlbində çırpınan ruhunun
qapılarını. Açmaq, uçurmaq və
əbədi rahatlanmaq istəyirdi. Altmış doqquz il həyatın şirinliyinə aldanaraq,
öz ruhunu da aldatmış, öz bədən qəfəsində
onu daim ovutmağa çalışmışdı: "Hər
şey yaxşı olacaq, gözəl olacaq, sakit ol,
darıxma! Sıxılma! Həyat şirindir,
gözəldir!" Beləcə, ruhunu
aldada-aldada ömrünün altımış doqquzuna gəlib
çıxmışdı. Amma bu
yaşı ona vermək olmazdı. Ucaboylu,
düz qamətli, dolğun, şux yanaqlı, yaşından
çox-çox cavan idi. Ağappaq, gur
saçları da ona ayrıca bir gözəllik vermişdi.
Sanki illərin ağappaq işığına bələnmişdi
üz-gözü, yanaqları. Qəfil beynində bir
fikir ildırım kimi çaxdı: "Birdən ölsəm?!.. Həəə, deyəsən,
yanılmıram! Odur - Ölümdür! Qapının
ağzında dayanıb baxır mənə!..
Gəl, yaxın gəl! Mən də hamı kimi, mən də
adi insanlardan biri! Gəl, gəl, al canımı! İllərlə
ağrımış, sızlamış bu üzgün,
yorğun canımın məlhəmi, bəlkə sən
olasan! Gəl, yaxın gəl!"
Ölüm qara kölgə kimi qadının gözləri
önündən, gah çəkilir, gah da yenidən
görünürdü. Bu dəfə qadın ölümü və onun
qara-qorxusunu unudaraq, tək bircə şey haqda
düşünürdü: "Görəsən, canımdan
can verdiyim, uğrunda hər zəhmətə
qatlaşdığım o, gələcəkmi, ölüm xəbərimi
eşidəndə?! Eeeh, niyə gəlsin ki?
Bu qoca qarı, artıq illərdir, kənd adamından daha
çox bir şəhərlini xatırladan, üstəlik, şöhrəti
ellərə yayılmış birisinin yadınamı
düşəcəkdi, yəni? Niyə də
düşsün ki?.. Yoox, inanmıram, ola bilməz ki, o, mənim ölüm xəbərimi
eşidib gəlməsin! Gələcək, əminəm ki, gələcək!
Əgər o, mən tanıdığım adamsa, mütləq
gələcək! Görəsən, hansı
hissləri keçirəcək? Gözlərindən
tək bircə damla yaş axacaqmı? Kaş bunu görə
bilsəydim! Görəsən, doğrudanmı insan
öldükdən sonra onun ruhu yaşayır?.."
Qadın öz ruhunu görməyi, bütün
bu düşündüklərini ondan sormağı elə
arzu edirdi. Ruh isə bu dəm çırpınır,
ondan xilas olmağa can atırdı.
Ruh son dəfə çırpındı və qəfil
qadının nəfəsliyindən çıxıb
pırıltıyla uçub getdi. Əvvəlcə azad, sonsuz göyləri
bir an ərzində dörd dolandı, nəhayət, yenidən
qayıdıb gəldi və otaqda döşəməyə
uzadılaraq, bir ağ örtüyə
bürünmüş qadının nəşinə baxıb
durdu. Ağlayan, hönkürən adamların
başı üstündə dövrə vurub yenidən
bayıra uçdu və həyətin bir tərəfindəki
qızılgül kolunun budağına qondu. Orda da qərar tuta bilməyib daha uzaqlara uçdu.
Uçdu və qosqoca şəhərin bir
küncündə yaşayan Adamı tapdı. Tapınca çox sevindi və uçub sağ
çiyninə qondu. Və bu adam, az
sonra qadının öldyündən xəbər tutub
sarsıldı. Qadının
arzuladığı bir cüt göz yaşı axıb
yanaqlarından süzülüncə onu izləyən Ruh fərəhlə
gülümsədi. Adamı öpmək,
oxşamaq istədi, bacarmadı. Sadəcə,
fərəhlənməklə kifayətləndi. Sonra bir
az kənara uçub Adama diqqətlə
baxdı; tam yetkin bir kişi idi. Saçları
da çallaşmışdı. Amma
üzündəki xoş ifadə həmişə olduğu
kimi qalırdı.
Ruh ötənləri xatırlayır, həyəcanlanırdı. Sanki elə
indicə olmuşdu hər şey. Göylər
qara buludlarla örtülmüşdü. Az
sonra göylərin qorxunc hönkürtüsündən
dağ-daş lərzəyə gələcək, tir-tir titrəyəcəkdi.
Dərələrdə hayqıran qorxunc sel
qabağına keçəni aparacaq, hər şeyi
uçurub-dağıdacaqdı.
Göylərdən aramsız süzülən
yağış altında iliklərinəcən islanan
qadın o axşamçağı göylərdən betər
hönkürüb ağlayırdı. Üzünü, gah
qaralmış göylərə, gah azğınlaşıb dərələrə
qorxunc şaqqıltı salmış dağ çayına,
gah qosqoca şiş qayalara tuturdu:
"Gördünüzmü, mənim əmanətimi?! Ay
azğın sular, sizmi apardınız, sizmi
parçaladınız ürəyimi?!. Eeeey, qoca dağlar, şiş qayalar,
gördünüzmü, burdan keçmədi ki, mənim
şirinim?! Allah, Allah, görəsən, qurd-quşmu
yedi, hara getdi, niyə getdi? Sənə qurban
olum, Allah, elə burda, bu yerdəcə al canımı, məni
peşiman eləmə!"
Daha heyi qalmamışdı qadının. Cismiylə
birgə ruhu da əzab çəkir, ağrıyır,
sızlayırdı. Səsinə səs,
harayına haray verən yox idi. Sanki dağ
çayının azğınlaşmış
sularının şaqqıltısından dərələr də,
dağlar da, insanlar da kar olmuşdular, eşitmirdilər onu.
Qadın düşünür, təsəvvüründə
canlananlardan vahimələnir, nitqi quruyurdu. Uşağı
bir ac canavar parçalayıb yeyir, qanlı ağzının
qıraqlarını yalayırdı. "Yooox, ola bilməz!.. Alah, Allah bu nədir, düşünürəm?!.."
Uşağı sel aparırdı. Çarəsiz
uşaq bulanıq suların qoynunda çapalayır, imdad diləyir,
ağlayır, qışqırırdı. Sonda səsi tamam kəsildi. Qadın bir daha
vaysındı: "Vaaay, Allah məni öldürsün!
Kaş heç yana getməyəydim, əmanətimi
gözdən qoymayaydım! Yoooox, yox, o, ölməyib! Onu
canavar yeməyib, sel aparmayıb! O, yaşayır!.. Qurban olum, Allahım, məni bu qara
düşüncələrdən xilas et! Qıyma balama!"
Qaranlıq ətrafı bürümüşdü. Uzaqdan
alaçıqlarda yanan neft lampasının zəif
işıqları süzülüb gəlirdi.
Göylər hönkürüb qəfildən
kirimiş, sakitləşmişdi. Yorulub əldən
düşmüş, tamam islanmış qadın başındakı
kəlağayısını açıb islaq
saçlarının suyunu sıfqardı. İslanmış kəlağayını
ağlamaqdan şişkinləşmiş gözlərinə
sıxdı. Yerimək istədi,
ayaqları sözünə baxmadı. Keyləşmişdi.
Öz alaçıqları yaxında
olmasına baxmayaraq, burdan ora aparan yollar çox yoxuş idi.
Qadın bir qayaya söykənib çarəsizcəsinə təzədən
için-için ağlamağa başladı: "Getdi,
balam getdiiiiii!.."
O zaman Ruh
çox əzab çəkirdi. Hətta bu
sızıltıya, ağrıya tablamayaraq, elə o vaxtdan
qadının bədənindən xilas olmağa can
atırdı. Xilas üçünsə hələ
illər lazım olacaqdı. Tanrı onu,
düz altmış doqquz illik bir müddətə həbsə
məhkum etmişdi.
...Çətindərə
deyilən yerə aparan yollar çox rahatsız idi. Üstəlik enişli-yoxuşlu. Bu çətin yollardan keçib son dərəcə
ürəkaçan, ofsunlayıcı gözəl bir məkana
gəlib çıxınca isə insan bütün
yorğunluğunu unudurdu. Burda
çiçəklər də bir başqa cür qoxurdu.
Burda havanın da bir başqa cür
saflığı, yağışların da bir başqa
cür heyranedici qoxusu vardı. Ürək
gərək idi, bu gözəlliyə, bu saflığa
tablasın. Yayın üç
ayını burda yaylayan insanlar qədimdə də bu yerlərdə
məskunlaşmışdılar. Sonradan
buralardan köç edərək, yolu, izi qismən rahat,
havası mülayim olan yerlərdə yuva qurmuşdular. Yayda isə yenidən bu yaylaqlara köçərək
alaçıq qurur, yayın üç ayını burda
mal-qara saxlayır, qışa tədarük
görürdülər.
Bir çox yaylaqlardan fərqli olaraq burda qara damlar
tikirdilər.
Hər tərəfi taxtayla
örtülmüş qara damın üstünə qır
çəkirdilər. Yayda da havası sərin
olan bu yerlərdə bu cür qara damlarda qızınmaq daha
asan olurdu.
Qara damın girişindən sağda ocaqlıq
qurulmuşdu.
Sonra, azı yeddi nəfərlik taxt düzəldilmişdi.
Taxtla üzbəüz taxça idi. Burada qab-qaşıq, sərnic kimi şeylər
düzülürdü. Lap arxada
sandıqlar üst-üstə
yığılmışdı. Hər
birinin içərisində pal-paltar, geyim şeyləri var
idi.
Taxtın yuxarı başında qadının əri,
sonra qadın, sonra uşaq yatırdı. On
yaşında olan uşaq üçün burda hər şey
olduqca maraqlı idi. Bu yerlər çox
ürəyincə idi. Allı-güllü
yamaclarda gəzməkdən, nəğmə oxumaqdan,
tay-tuşlarıyla oynamaqdan doymurdu. Hər
sübh çağı qadın onu öpərək,
oxşayaraq yuxudan oyadır, bu dağların
qırmızı moruğundan bişirilmiş dadlı mürəbbəyə
qatdığı təzə qaymağı bir böyük
dilim çörəyin üstə yaxaraq, uşağa verir,
buzovları örüşə aparmağı
tapşırırdı.
Uşaq, illər ötsə də, o yaxmacın, o nəvazişin
dadını, şirinliyini heç vaxt unuda bilmirdi və
unutmaq da istəmirdi. Çoxdan böyüyüb, yetkinləşsə
də, bu dad, bu şirinlik onu çəkib öz
uşaqlığına qaytarırdı. Hər kəndə
gedəndə mütləq qadına baş çəkir,
zorla onun ovcuna, azdan-çoxdan pul qoyur, deyirdi: "Elə bir
şey deyil! Özün istədiyin bir şeyi
alarsan!" Qadın isə etiraz edirdi: "Qadan alım,
başına dönüm, təki özün, ailən
yaxşı yaşayın, mehriban dolanın, kimsəyə
möhtac olmayın! Bizə nə var ki, bu
gördüyün kənd-kəsəyin hər yanından bərəkət
yağır, başımızı girələyir,
dolandırırıq!" O ikinci bir söz demədən
təkrar böyük məhəbbətlə qadının
boynuna sarılıb, onun qızartdaq çöhrəsindən
öpür, ayrılırdı...
...Darıxmaq
kimi dəhşətli bir hiss, nə uşağa baxır, nə
böyüyə. Ürəyə hakim oldusa,
insanın əli heç nəyə yatmır. Uşaq da o vaxt beləcə
darıxmışdı. Yeri nə qədər
isti olsa, günləri nə qədər xoş keçsə
də, bir gün kimdənsə və ya nədənsə
ötrü darıxmaq kimi bir hiss ürəyinə hakim olunca,
insan ona doğru can atır. Bu anlarda kiminsə,
- uşağın və ya böyüyün, onun qəlbinə
azacıq toxunması yetərlidir ki, baş götürüb
qaça, ilim-ilim itəydi. Və belə bir şey
baş verdi, o zaman. Öz
tay-tuşlarından biri niyəsə onun xətrinə dəydi.
Buna bəndmiş kimi, qadının harasa getməyindən
istifadə edərək bir axşamçağı
hönkürə-hönkürə üz tutub öz kəndlərinə
sarı qaçmağa başladı. Arxasınca
nə qədər haraylasalar da, məhəl qoymadı. Qaça bildiyi qədər qaçdı. Gözdən itdikdən sonra bir qayanın
başında dayanıb dörd tərəfə göz gəzdirdi.
Çox keçmədən hava qaralacaqdı.
Vahimələndi. Hara getsin, neyləsin,
düşündü! Geri qayıda bilməzdi.
Nüfuzdan düşərdi. Qorxaqlığına görə tay-tuşları
onu ələ salıb gülərdilər. Yalnız irəli!
Qurd-quş yesə, sel-su aparsa belə, irəli
getməli idi.
Başını qaldırıb göy üzünə
baxdı. Buludlar qapqara qaralmışdı. Mütləq yağacaqdı. Onacan
bir neçə çayı keçə bilərdi. Yəqin yolda-izdə bir atlıya-filana da rast gələr,
yoldaş olardı. Belə də oldu.
Xeyli irəlilədikdən sonra arxada at
ayaqlarının tappıltısını eşitdi. Dönüb baxdı. Bir atlı
gəlirdi. Kəhər atın belində yəhər
yox idi. Bir yaşlı, arıq kişi
atın belində əyləşib qucağında da iri bir
toğlu tutmuşdu.
Atlı
uşağa yaxınlaşıb soruşdu: "A bala, kimin
uşağısan, bu axşamçağı hara gedirsən?
Demirsənmi qarşına qurd-quş çıxar?.. Qorxutmaq üçün demirəm, bu
meşələrdə hər cür vəhşi heyvan var,
Allah göstərməsin, adamın rastına çıxsa,
sağ tikəsi ələ gəlməz!"
-Kəndə
- evimizə gedirəm!
-Lap
yaxşı! Gəl, belə edək; düz
yolda minərsən atın tərkinə, yoxuşda, enişdə
isə düşüb yanımca piyada gedərsən,
razılaşdıq?
Kişiylə əməlli-başlı
dostlaşdılar. Məlum oldu ki, onun oğlu əsgərlikdən gəlib
və kişinin qucağında alıb apardığı da
oğlunun qurbanlığıdır...
Gedirdilər. Arxada nələrin baş verdiyindən xəbərsizdi
uşaq. Qarşıda nələrlə,
kimlərlə üzləşəcəyini, görüşəcəyini
təsəvvür etdikcə sevinir, fərəhlənirdi.
Yəqin indi atası sanatoriyadan gəlmiş,
onun üçün gözəl hədiyyələr
almışdı. Atasının,
anasının boynuna sarılıb bütün darıxmaq
hissini ram edəcək, heç nə olmayıbmış
kimi, sabahkı həyatına əmin-arxayn davam edəcəkdi.
Dağ çayının azğın
sularına axıb tökülən göz yaşlarından xəbərsiz
halda gecələr rahatca uyuyub, səhər tezdən Günəşin
gözəl təbəssümündən ayılacaqdı.
O,
dünyaya göz açandan anasını xəstəhal
görmüşdü. Günləri, ayları,
demək olar, xəstəxanalarda keçən anasının
mehrinə, nəvazişinə həsrət qalmış, beləcə
də böyümüşdü. Bir
neçə dəfə ağır cərrahi əməliyyatlara
məruz qalmış anasını xəstəxanalara
aparıb-gətirən atasının da üzünü az-az
görürdü. Bu üzdən də bu
ağır günlərdə həmin qadın böyük mərhəmət
hissilə onlara yardım əlini uzatmış, onların
mal-qarasını öz mal-qarasına qatıb uşaqla birgə
yaylağa aparmışdı. O vaxtdan da uşaq bu
qadını öz doğma anası kimi qəbul etmiş,
candan sevmişdi. Bunca zəhmət, bunca diqqət
unudulmaz idi. Hələ ona göstərilən
qayğı... Həqiqətən qadın ona
öz doğma balalarından da doğma münasibət
göstərmiş, analıq etmişdi. Uşaq
çox yaxşı dərk edirdi bunları. Burda günləri çox şən keçirdi.
Atasının onunçün aldığı
rus gitarası da onunlaydı. Hər
axşam əl-ayaq çöldən-bayırdan
yığışanda yaylaq əhlinin bütün
azyaşlı uşaqları, genbalaq, irituman qarıları bir
ocaq başında onun ətrafında dövrələnib
otururdular. Hamı maraqla, fərəhlə
gözləyirdi; o, gitarasını bağrına basıb
çalacaq, kövrək, titrək uşaq səsiylə onlar
üçün mahnılar oxuyacaqdı. Bu
sevgi, bu həvəslə, uşaqlı-böyüklü
hamı hər gün axşamın düşməsini
gözləyirdi. Hələ kəpənək
qızlar. Hər birinin bir ayrı cür
heyranlığı duyulurdu, ona qarşı. Bu heyranlığı içlərində boğub
gizlədən qızlar, yayın sonlarına yaxın dərələrdə
yetişmiş qırmızı moruqları dərməyə
gedərkən heç cür gizlədə bilmirdilər.
Onun qulaqları eşidə-eşidə
biri-biriylə mübahisə edir, "O, mənim sevgilimdir.
Mən ona ərə gedəcəm"... O, eşitdiklərindən
utanıb qızarır, dinmirdi, qəlbinin dərinliklərində
isə çox xoşhal olurdu. Bu an xəlvətcə
bir uşaq istehzasıyla gülürdü də. Bu qızlar əbəs yerə özlərini əldən-dildən
salırdılar. Onun sevdiyi qız bir
başqası idi. O qız, bu qızların arasında
yox idi. Onu anası moruq dərməyə
göndərmirdi. O da həmin qızın eşqiylə
alışıb-yanır, bütün nəğmələrini
onunçün oxuyurdu. Digər qızlar da bu nəğmələrdən
öz paylarını götürürdülər...
Yaylağa gözəllik qatan, bu yerləri mənayla
dolğunlaşdıranlardan biri də Keçəl idi. Əsl adı
Qədim olsa da, hamı ona, nədənsə Keçəl
deyirdi. Keçəl nağıl
dünyasının adamlarına bənzəyirdi.
Xırda, çuxura düşmüş gözləri, iri
burun pərləri və böyük ağzıyla ilk
görünüşdə qorxunc bir canlıya bənzəyən
Keçəlin o qədər gözəl, saf və yumşaq
ürəyi vardı ki... Aralarında on beş
yaşa qədər fərq olsa da, onlar çox tez
dostlaşmışdılar. Keçəlin
saysız-hesabsız nağıllarla zənginləşmiş,
bütövləşmiş, gözəlləşmiş
gözəl bir mənəvi dünyası vardı. O,
Keçəli hədsiz çox istəyirdi. Keçəl
onunçün Cəlayi-Vətənin nağılını
elə maraqlı bir dillə nağıl edirdi, uşaq
büsbütün sehrlənirdi. Amma
darıxmaq bir ayrı şey idi. Bu dəhşətli
darıxmaq hissi burda hər kəsi, hər şeyi son günlər
unutdurmuşdu ona.Elə bu darıxmağı üzündən
də bütün bu gözəlliklərə, maraqlı
yaylaq həyatına "əlvida" deyib, gözlənilmədən
baş alıb kəndə doğru qaçaraq, yazıq
qadının başını bəlalara soxmuşdu...
Bir
neçə il qadını yuxularında
gördü. Hər dəfə oyanıb yeni
günə başladığında xeyirlə, uğurla
uğraşdı. Qadını yuxuda
gördüyü gecələrin səhəri
özünü xoşbəxt, güvənli hiss edirdi. Tam əmin idi, yaxşı pul qazanacağına.
Qəribə idi; qadını yuxuda
gördüyü gecənin səhəri o, mütləq,
gözlənilmədən xeyli pul qazanırdı. Sonra bu haqda bir çox adamlara söz açdı.
Bununla da o sirr, o sehr birdəfəlik tərk
etdi, onu. Qadını yenidən yuxularında görsə
də, heç bir xeyirli, uğurlu iş baş vermədi həyatında.
Heç zərərlisi də olmadı. Lap sonralar isə qadın çox nadir hallarda gəldi
yuxularına. Görünür, yuxu sirrini
başqalarına açdığından qadın inciyib,
küsmüşdü ondan.
Ölümündən sonra qadının ruhu həmişəlik
onunla qaldı.
Onun bundan heç xəbəri olmasa da, ürəyindən,
yaddaşından çıxmayan qadın onu bir an belə tərk etmədi...
...Ağ
maşın üzü dağlara qalxıb dolaylanan yolla irəliləyirdi.
Hər dəfə bu yolları qalxdıqca onun
ürəyi sızlayır, gözlərindən yaş
süzülürdü. Burnuna toxunan
dağ havasından saflıq qoxusu duyulur, ciyərlərinə
yayılırdı. Bir şeyi heç cür anlaya
bilmirdi; dağlardanmı o qadının qoxusu gəlirdi, ya
qadındanmı dağların qoxusu gəlirdi, həmişə?!
Yuxarı qalxdıqca, dağlara yaxınlaşdıqca
daha da saflaşır, uşaqlaşırdı. Yenə o gözəl illər,
o gözəl qoxular! Yenə də qaymaq qatılmış
qırmızı moruq mürəbbəsinin yaxmacı! Yenə
də o dad, o şirinlik, o doğmalıq!
Sonra düzəngahla getməyə başladı. Kəndə
çox qalırdı. Yolun solunda qəbiristanlıq
idi. Hər kəndə yolu düşəndə
maşını qəbiristanlığın yanında
saxlayıb kövrək-kövrək qəbirlərə
baxırdı. Maşından enib içəri
daxil olmaq, qadının qəbrini tapıb ziyarət etmək
keçirdi, könlündən. Hasara
alınmış qəbiristanlığın dəmir
darvazasından asılmış kilidi görəndə isə
fikrindən daşınırdı. Bu an
Ruh ona nəsə demək istəyir, dillənə bilmir, səsi
çıxmırdı. Beləcə
azadlıqda da çırpına-çırpına
qalırdı. Amma bu dəfə baş verənlər
Ruha da çox xoş gəldi.
Adam yenə maşını qəbiristanlığın
yanında saxladı. Yenə dəmir darvazadan kilid
asılmışdı. Xeyli dayanıb qəbiristanlığa
baxdı, darvazadakı kilidə göz yetirdi. Ağır addımlarla darvazaya yaxınlaşdı.
Fikri qəti idi; hər necə olsa da bu dəfə
mütləq qəbiristanlığa daxil olub, qadının qəbrini
tapmalı, ziyarət etməli idi. Bu dəfə
də bunu etməsəydi, heç zaman özünü
bağışlamayacaqdı.
Darvazanın böyük qapısından iri kilid
asılmışsa da, balaca giriş qapısı adi bir
vintciklə bağlanmışdı. Sevincək vintciyi burub
çıxardı və qapını açdı. Sanki təzə bir dünyaya daxil olurmuş kimi, qəbiristanlığa
daxil oldu. Payızın nəfəsindən
saralmış uzun otlar yerə sərilib
yapıxmışdı. İlk qəbrə
yaxınlaşanda ürəyi əriyib gözlərindən
tökülməyə başladı. Həyəcandan
titrəyirdi. Bu, bir qəbiristanlıq vahiməsindən
doğan həyəcan deyil, sevinc həyəcanı idi; indi və
ya bir az sonra qadının qəbrini
tapacaq, baş daşından öpəcək, baş endirəcək,
səcdə qılacaqdı.
Qadının dəfnində iştirak etmişdi. Burda dəfn
olunduğunu gözlərilə görmüşdü. Ancaq o vaxtdan bu vaxta çox ölən olmuş, qəbiristanlıq
xeyli böyümüşdü.
Xeyli axtardı. Yoox, tapa bilmədi. Canı
sıxıldı, kədərləndi. Bəlkə
qadının qəbir daşını kasıblıq
üzündən düzəltdirməmişdilər. Düzdür, onlar çox kasıb, halal zəhmətlə
dolanan adamlar idilər. Qadının əri
arabir bazara aparıb satdığı qaramalın, qoyun-quzunun
pulunu çox səxavətlə xərcləyir,
bazar-dükandan ailəsi üçün hər cür ərzaq,
şirniyyat, mer-meyvə alıb gətirir, onları korluq
çəkməyə qoymurdu. Buna
baxmayaraq, kasıblıq kasıblıq idi. Çox
güman elə bu üzdən də qadının və ondan
bir neçə il öncə
ölmüş ərinin qəbir daşlarını
hazırlatmaq mümkün olmamışdı.
Görünür, lənətə gəlmiş
kasıblıq burda da insanlar arasında şərəfsizcəsinə
ayrı-seçkilik salmışdı! Nə
yazıq ki, indiyəcən bircə dəfə də bununla
maraqlanmamışdı. Bununçün də
özünü çox qınadı.
Çox axtardı, qadının qəbrini tapa bilmədi. Burda hələ
üstü götürülməmiş, yalnız torpaqla
örtülmüş bir neçə qəbir vardı.
Bəzisinin lap təzə, bəzisinin də
köhnə olduğu torpağının rəngindən bəlli
idi.
Ruh çırpınırdı, yenə. Adam
qadının qəbrini tapa bilmədikcə Ruh inləyirdi.
Adamsa bu iniltini heç cür duymurdu. Ruh
çırpınaraq onu başqa səmtə yönəltməyə
çalışırdı, o isə torpağının rəngi
quruyub bozarmış bir qəbrin önündə dayanıb
maddım-maddım qəbrə baxır,
düşünürdü: "Görəsən, odurmu,
İlahi?!.." Çiyninə qonmuş
Ruh səslənirdi: "Bu onun qəbri deyil! Arxaya dön! O,
buradadır!"
Özündən ixtiyarsız arxaya döndü və
ümidsiz, küskün halda çıxıb getmək istədi. Bu an
qarşısında, sanki Günəş doğdu. Qamaşan gözlərini təkrar-təkrar yumub,
açdı. "Həəəə!
Odur! Hımm! Yanındakı da ərinin qəbridir! Şəkilləri necə də diridir!"
Qəbrə lap yaxınlaşdı. Sağ əlini baş daşına söykəyib başını əydi, qaynar bir məhəbbətlə "Ana" deyib, pıçıldadı! Doğmaca xalası olan bu qadına, xala deməyə dili gəlmədi. Onun doğmalığını, mehrini, qayğısını, əvəzsizliyini anlatmaq üçün "xala" sözünün yetərli olmadığını duydu. Bir sözlə "xala" sözü ona çox yad gəldi, çox uzaq göründü. Onunçün də dilində təkrar-təkrar "Ana" səsləndi. Dodaqlarını uzadıb baş daşından boylanan şəkli öpdü. Bu an Ruh sevindi, çırpındı, fərəhindən göy üzünə qanadlandı, yüksəkliklərdə dövrə vurub şənləndi.
O, geri çəkilib bir daha doğma, əziz adamların qəbirlərindən boylanan susqun, soyuq şəkillərə tamaşa etdi. Bir qəribəlik diqqətini çəkdi. Həyatda özü qadından boyca kiçik olduğu kimi, burda da ərinin qəbri qadının qəbrindən kiçik idi. Yəqin ki, bu, bir təsadüf idi.
Adamın yaddaşı gizildədi. Təzədən qəbri qucaqladı. Bir anlıq elə zənn etdi, yenə uşaqdır, yenə dumanlı-çiskinli yaylaq gecələrində qara damda qurulmuş taxtın üstündə bu qadının isti qoynuna girib yatır. Astaca pıçıldadı: "Anam, anam, gözəl anam, azacıq yanında mənə də yer elə! Qucaqla, torpağınla mənim də sinəmi ört! Sənsiz çox üşüyürəm bu dünyada!"
Ruh ağlayırdı. Duymuşdu Adamın pıçıltılarını. Yenidən onun sağ çiyninə qonub saçlarını tumarlayır, astaca deyirdi: "Gəl gedək, axşam düşür! Tələsmə, buranın da öz vaxtı var! Gəl, gəəəəl! Gəl gedəəəək! Atan, anan intizarla yolunu gözləyirlər..."
Qəbir daşında iri hərflərlə yazılmış adı son dəfə oxudu: "Tutinaz". Bu adı gözəl bir dua kimi pıçıldaya-pıçıldaya qəbiristanlığı tərk etdi...
Zəka Vilayətoğlu
Ədəbiyyat qəzeti.- 2017.- 11 noyabr.- S. 28-29.