Görkəmli yazarların sirli həyatı:
HENRİ DEVİD TORO
Sovet yəhudi-dissidentlərindən xeyli əvvəl
yaşamağına baxmayaraq, Henri Devid Toronu dünya tarixində
ilk imtinaçı (bu qəribə termin həmin yəhudi-dissidentlərin
hesabına yaranıb) adlandırmaq olar. Bu adam hər
zaman nədənsə imtina edərdi. Məsələn,
Harvard Universitetini bitirib incəsənət magistri diplomu almaq
üçün 5 dollar ödəməkdən dan imtina edib.
"5 dollara dəyməz, - Toro deyib, - hər
qoyuna öz dərisində dolaşmaq üçün şərait
yaratmaq lazımdır".
Konkord
Akademiyasına, belə bir mötəbər təhsil
ocağına işə düzəldikdən sonra uşaqlara
cismani cəza verməkdən imtina edib. Məktəb
rəhbərliyi subordinasiyanı pozduğu üçün
onu işdən çıxarıb, bu itaətsizlik onun gələcək
karyerasına çox pis təsir göstərib.
Digər məşhur etirazı isə 1847-ci ildə
olub. Toro Amerikanın Meksikadakı vətəndaş
müharibəsinə qoşulmağı ilə bağlı
etiraz üçün toplanan 1 dollarlıq vergini ödəməkdən
imtina edib. Toro onun yerinə vergi ödəməyə
gələn himayədarı Ralf Uoldo Emersonla (şayiələrə
görə) mübahisə edərək həbsxanaya
düşüb. "Henri, sən burada nə
edirsən?" - guya Emerson xəbər
alıb. "Bəs sən, Uoldo, sənin burada nə işin
var? " - Toro cavabında ondan soruşub. Bibisi onun əvəzinə vergini ödəyib evə
tələsən Toro mərcan yürüşünün əvvəlinə
özünü yürüşçülərə
çatdıra bilib.
Toro öz adından da imtina edib. Anadan olarkən ona
Devid Henri Toro adı verilsə də, hamının ona Henri
Devid kimi müraciət etməyini istəyib. Hətta digər əcaib amerikan yazarları ilə
müqayisədə Toro ən ipləmələrdən biri
olub. Və hətta ən mənasız ədəbi
personajlar belə Devid Henrinin, - ay, üzr istəyirəm! -
Henri Devid Toronun - qəribəliklərinin yanında toya getməli
idi.
Toronu bircə
şeydə - dəyişkənlikdə - günahlandırmaq olmazdı.
Həmişə ürəyi istəyən kimi
yaşayıb. Onun həyat tərzi
Massaçusets ştatının Konkord şəhərinin digər
ekssentrik sakinlərinin həyat tərzindən fərqlənməyib.
Toronun ən çox xoşladığı vərdişlərdən
biri özü-özünə pul borc vermək, təbiətlə
təmasda olmaq, qayıqla çayda gəzmək və öz
səyahətləri haqqında geniş, tez-tez haşiyə
çıxmaqla hesabat yazmaq olub. Dostları
onu qəribə hesab etsələr də, həmişə rəğbət
bəsləyiblər. Ralf Uold Emerson az
qala bütün ömrü boyu Toronun xərclərini ödəyib.
Toro özünü
Emersonun arvadı və uşaqlarının
cangüdəni kimi qələmə verib, özünü
şəhərin ən axmaq adamı kimi aparıb. Uşaqları meşəyə ekskursiyaya apararaq
onlara yerli fauna və flora haqqında məlumat verər və
müxtəlif quşların səsini
çıxarmağı öyrədərmiş. Hər dəfə pulu qurtaran kimi isə
atasının nüfuzlu qələm istehsalı fabrikində
muzdla işləyərmiş.
Sağlığında Toronun kitabları demək olar
ki, satılmırdı, ölümündən sonra isə (44
yaşında ölmüşdü) o, yavaş-yavaş yerli əfsanəyə
çevrilməyə başladı. Herman Melvillin "Mobi
Dik"i ilə bir yerdə Toronun "Uolden" romanı da
dünyada demək olar ki, heç kəsin oxumadığı
kitab kimi xatırlanır. Amma qələmə
aldığı "Vətəndaş itaətsizliyi
haqqında" traktat isə, hər kəsin oxuduğu
kitablardandır. Mahatma Qandi, Lev Tolstoy və Martin
Lyüter Kinq əsəri zəhmətin böyük ilham mənbəyi
adlandırmışdı.
Toronun şəxsi həyatında da müxtəlif
qalxmalar və enmələr baş verib. Ailə qurmaq
istəsə də, subay qalıb. Sevimli
qardaşı Con 1841-ci ildə yoluxucu tetanus xəstəliyindən
dünyasını dəyişib. 1844-cü
ilin aprelində isə Toro ilə dostu meşədə gəzərkən
qaladıqları tonqala nəzarət etmədikləri
üzündən, haradasa üç yüz akr. meşə sahəsinin yanmağına səbəb
olublar. Emersonun uğursuz maliyyə məsləhətləri
üzündən Toro xirtdəyə qədər borca
düşüb və bir neçə il ərzində
ancaq borclarını qaytarmaq üçün işləyib. Nəticədə,
az qala yaxın dostu ilə münasibəti
korlanacaqmış. Amma bütün bunlara
baxmayaraq, Toro həmişə özündən razı
yaşayıb. "Amerika mühəndislərinin
başçısı" - bu adı ona Emerson vermişdi və
tamamilə "mərcan yürüşlərinin
kapitanı" titulu (yeri gəlmişkən, onu da Emerson
fikirləşmişdi) ilə səsləşirdi -
olmadığına sevinirdi. Onun bu möhkəm
inadı isə bütün dövrlərdə Toroya hörmət
və rəğbət hissi oyadıb.
YAĞ QİYAMI
Vətəndaş itaətsizliyi Toroya irsən
keçmişdi. Babası Eys Danbar 1766-cı ildə Harvard Universitetində
qaldırılan "Böyük yağ qiyamı"nın təşkilatçısı
olmuşdu. Tələbə yeməkxanalarında verilən yeməklərin
keyfiyyətindən narazı qalan Danbar (onun yerinə kim olsaydı, eyni hərəkəti edərdi)
tələbələri qiyama qaldırmışdı: "Bir
fikir verin! Bizə verilən yağ iylənib!
Onu yeyə bilmirik. Tələb
edirik ki, bizə üfunət iyi verməyən yağ
verilsin!" Lakin Harvard rəhbərliyi
Danbarın bu, birmənalı şəkildə haqlı tələblərinə
əhəmiyyət verməyib. Onu "itaətsizlikdə
günahlandıran" rəhbərlik cəza olaraq,
universitetin yarısını bağlayıb. Yağ üsyanı öz-özlüyündə nə
qədər böyük əhəmiyyət kəsb etsə
belə, sakitcə yatırılıb. Amma buna baxmayaraq, gələcəkdə
Harvardda qalxan ərzaq qiyamlarına - 1805-ci ildəki Çörək və
Yağ qiyamları və 1807-ci ildəki Kələm qiyamı
da daxil olmaqla - zəmin yaradıb.
"YARAŞIQLI" HENRİ
Deyilənlərə görə Toro çox cazibədar
olub. Lakin onun görünüşü yaraşıq və
gigiyena baxımından əsla bunu deməyə imkan vermir.
Bu, əyalət şorgözü xarici
görünüşünə görə qətiyyən diqqət
çəkə bilməzdi. Qonşusu Hataniel Qoton onu belə
təsvir edirdi: "Kabus kimi qorxunc siması var, yekə burnu, əyri
dodaqları ilə çox yöndəmsiz görünür,
kobud da olsa özünü gözə soxa bilir və təəssüf
ki, bu bacarığı onun görünüşündə əks
olunmayıb". Toro təsadüfdən-təsadüfə
yuyunar, pırtlaşıq saçlarını demək olar,
daramaz, əyin-başını dəyişməzdi. Özünü süfrə arxasında apara bilməməyi
ilə də ad çıxarmışdı. Oliver Uendel
Holms Toronun əllə yemək vərdişindən həmişə
narazılıq edərdi. Bütövlükdə
götürəndə, ətrafında olanlar onun bu
çatışmazlıqlarına barmaqarası
yanaşardılar. Elə həmin o, Qorton onun barəsində
- "Bütün ləyaqətli və diqqət çəkən
adamlar kimi onun bu cür yaraşıqsız olmağı əsla
qəbahət deyil, bu ona yaraşıqlı olmaqdan daha
çox yaraşır", - deyirdi. Toroya aşiq olan Luiza
Mey Olhott yazırdı ki: - "Bütün qəbahətlərinə
baxmayaraq, o Yaradanın gözündə böyük sevgi ilə
xəlq olunub, bütün ideal adamlar onun kimi olur".
GÖBƏLƏK ƏHVALATI
Toronun azad fikirliliyi hələ onun riyakarlıqdan tam uzaq
olmağı demək deyildi. Bir dəfə 1856-cı ildə
meşədə gəzən Toro kişi
cinsiyyət orqanına oxşayan yekə göbələyi
görüb heyrətlənmişdi. "Onu üç hissəyə
ayırmaq olar: papaq, kök və kisə hissəsi - əsl
fallosa oxşar bir şey, - gündəliyində
yazırdı. - Bu iyrənc bitki, üstəlik, həm də
abırsız idi. Göbələk öz
görünüşü ilə diqqət çəkdiyi qədər,
həm də ikrah doğururdu: papaq hissəsi göz
önündə çürüyüb gedirdi, ondan qəribə
bir üfunət yayılır, yağlı, yarısulu məhlul
axırdı. Bir-iki saat ərzində göbələyin
iyrənc qoxusu bütün evə yayılmışdı və
nəfəs almaq olmurdu. Əvvəlcə
onu öz otağıma qoymuşdum, amma sonra götürüb
aparsam da, yatmazdan əvvəl bir müddət otağın
havasını dəyişməli oldum. Göbələk
az qala iylənmiş siçovul qoxuyurdu...
Aman Tanrım, təbiət belə şeyləri
yaradanda nə fikirləşib görəsən? Onu eynən insanın ayaqyolundakı
yaradıcılığı ilə müqayisə etmək
olardı".
KİTAB ANBARI
Etiraf etmək lazımdır ki, Tornun kitablarının
satışı ilə Coanna Roulinqi müqayisə etmək
olmaz. Onun ilk
yaradıcılıq işi olan "Konkord çayında bir
həftə və Merrimak" (1849) əsəri (bu roman indinin
özündə belə birinci dərəcəli ədəbiyyat
hesab olunmasa da, hər halda klassika sayılır)
yazıçının sağlığında çox zəif
satılırdı və yerli uşaqlar məxsusi olaraq
"yazdığı kitabın bircə nüsxəsi belə
satılmayan qəribə adama" baxmaq üçün Toronun
evinə axışıb gəlirdilər. Düzdür, bu bir
qədər şişirdilmiş nağıldır, amma od olmayan yerdən tüstü çıxmaz.
Naşirin müəllifə məktub yazaraq "kitabın
ofisdə qalıb toz basan nüsxələrini nə edək"
sualına cavab olaraq, Toro ondan 706 ədəd kitab
götürüb evinin çardağındakı rəflərə
yığmış və qarşısına çıxan hər
kəsə onlardan bir nüsxə satmağa
çalışmışdı. "Kitab
fondundakı nüsxələrin sayı doqquz yüzü
keçən bir kitabxanam var, - deyirdi, - onların yeddi
yüzünü şəxsən özüm
yazmışam".
TARAKAN YOX, KİŞMİŞ
Kişmişli
çörəkdən xoşunuz gəlirsə, buna görə
Toroya sağ ol deyin. Uolden gölü ətrafındakı
meşədə yaşayarkən bunu o icad edib. Konkord şəhərinin qadınları onun bu mətbəx
yeniliyindən heyrətə gəlmişdi. Çörək kündəsinə gətirdiyi
yenilik Toronun qələm istehsalına gətirdiyi yeniliklə
müqayisədə oyun-oyuncaq hesab olunur. Qələm
düzəltmək (əgər doğrudan da belə bir termin
mövcuddursa) Toroların qanında idi. Əmisi
Çarlz Danbar Nyu-Hempşir ştatının Bristol əyalətində
münbit qrafit yataqları tapdıqdan sonra, 1821-ci ildə qələm
istehsalı üzrə ailə biznesi yaratmışdı.
Az sonra Toronun atası da Çarlz Danbara
qoşulmuş və qələm sənayesinə gətirdiyi
yeniliklərə görə Massaçusets kənd təsərrüfatı
cəmiyyətinin fəxri fərmanı ilə təltif
olunmuşdu. Henri Devid Toro hələ gənc
yaşından özünün gələcəkdə bu sahədə
böyük iz qoyacağını büruzə vermişdi.
Nəhayət, 1838-ci ildə onun əlinə belə
bir imkan düşdü. Özünü
bütünlüklə işə həsr edən Toro qələm
içliyini təkmilləşdirə bildi və bundan sonra
onun istehsal etdiyi qələmlər alman istehsalı olan eyni məhsullardan
əsla geri qalmadı. Bu sahədə onun
digər böyük inqilabi kəşfi isə qrafit ovmaq
üçün düzəltdiyi dəyirman oldu. Əgər bütün kəşflərini patentləşdirə
bilsəydi, yəqin ki, sağlığında çox
varlı adamlardan biri olardı.
Əldə etdiyi uğurlarla kifayətlənən Toro qələm
istehsalı ilə məşğul olmağa son qoydu. "Nəyimə
lazımdır? - dostlarına
demişdi. - Eyni bir şeyi nə qədər təkrarlamaq
olar?" Lakin qələm istehsalı
maqnit kimi hər zaman onu özünə cəlb edirdi və
borclardan təngə gələn Toro 1843-cü ildə, beynindəki
yeniliklərlə birlikdə fabrikə
qayıtmışdı. Bütün
varlığı ilə işə aludə olan Toro bir dəfə
Ralf Uold Emersona hətta yuxuda da qələm düzəldən
maşın gördüyünü söyləmişdi.
İstənilən zəhmət
özünü doğruldurdu. Toronun kəşf etdiyi
yenilik reklamlarda: "xüsusilə rəssamlar və sadəcə,
dəyər verə bilənlər üçün" -
sözləri ilə təqdim olunmuşdu. Yeni qələm
daha möhkəm, qara və digərlərinə nisbətən,
daha zərif idi. Toroların daxili rəqabəti
nəticəsində onların ailə biznesi uzun müddət
bazardakı liderliyi qoruyub saxlaya bilmişdi.
HENRİ DEVİD QIRMIZILAR
TƏRƏFDƏDİR?
1954-cü ildə, Sovet İttifaqı ilə soyuq
müharibənin qızğın çağında bir
vaxtlar Amerika ucqarlarının qəlbində yaşayan
yazıçı qəfildən antikommunist guruhunun obyektinə
çevrildi.
ABŞ Hökuməti "Uolden"i Amerikanın bütün
səfirlik kitabxanalarından yığışdırmaq əmrini
verdi. Deyilənlərə
görə bu, "başdan-ayağa sosialist
yönümlü" kitab imiş.
MÜDHİŞ HƏŞƏRAT
Toro hər şeydən əvvəl özünü
naturalist hesab edirdi, əgər zərqanadlılar fəsiləsindən
olan bir həşəratın onun şərəfinə
adlandırıldığından xəbər tutsaydı, yəqin,
çox sevinərdi. Söhbət entomoloq A.A.Jironun kəşf etdiyi
troxoqrammatid ailəsindən olub, adı latın
sözü Thaerauadan götürən həşəratdan
gedir.
Robert ŞNAKENBERQ
Tərcümə etdi: Əyyub
QİYAS
Ədəbiyyat qəzeti.- 2017.- 11
noyabr.- S.31.