Modernist estetikaların
iqlim qurşağı -
"Rənglər"
Rəsul Rza 1958-ci ildə yazdığı "İnsan"
şeirilə Azərbaycan
poeziyasının üzünə
modernizm estetikasının
qapılarını taybatay
açdı. Elə həmin il
Nəcib Fazil Qısakürəyin "Otel
Odalarında" şeirini
də Azərbaycan oxucusuna təqdim etdi. İki il sonra
isə "Rənglər"i
yazdı. Yevtuşenkonun "Babi-Yar"ı hələ yaranmamışdı.
Xruşşovla Yevtuşenko abstraksionizm
məsələsi ilə
bağlı hələ
dartışmamışdılar. Xruşşovun abstraksionizmə, formalizmə, modernizmə meydan oxuyan ölkəsində
poeziyanın poeziya naminə qaldırılmış
üsyan bayrağı
ilk dəfə Bakıda
dalğalandı. "Rənglər" kommunist
partiyası səviyyəsində
hədəfə alındı:
"Bizim aydın, axıcı və ahəngdar sovet poeziyamızın ənənələri
harda qalmışdır
ki, belə... mücərrədlik şeirimizə
yol tapır?" Rəsul Rza partiyanın sualını
cavabsız qoymadı:
"Rənglər" üzərində
əl gəzdirmək
istəyinizə etiraz
etmirəm, şeirləri
yenidən oxuyaram, əgər inansam ki, qurum ağdır,
süd qaradır, qum yeməlidir - o zaman misralar üzərində əl gəzdirərəm..." 1965-ci ildə isə Yazıçıların IV Qurultayında
ədəbi tənqid
haqqındakı məruzədə
belə bir fikir səsləndi: "Tənqid bəzən Rəsul Rzanın ardınca... gedən ayrı-ayrı gənclərin
hərdənbir modernizm
dumanında azdığını
hiss edir"...
***
Andre
Breton "Müəyyən dərəcədə gözlənilməz
olan iki sözün yaxınlaşmasından
xüsusi işıq saçılır - obrazın
işığı" - deyir. Davamlı şəkildə
obraz(lar)ın işığını
doğuran "Rənglər"
silsiləsində daha
çox impressionizmin işıqları sayrışır.
"Rənglər"in valyorunu yaradan poetik təfəkkür
impressionist, yaxud postimpressionistdir.
Sezan, Edqar Deqa, Van Qoq, Qogen… Cazibədar olan budur ki, sosrealizm ənənəsinin şairi
Rəsul Rza "Rənglər" silsiləsində
estetik baxımdan realizmin deyil, modernizm dalğasının
gəlişdirdiyi cərəyanlara
və rəssamlara yönəlir.
Baharlı düzlər, dağlar.
Üstünə işıq süzülən
dalğalar…
Sezanın "Mənzərələr"i...
Dalğasız dəniz
İztirabsız məhəbbət
Səmanın dərinliyi
Deqanın "Rəqqasələr"i.
Körpə bir rəssamın
çəkdiyi günəş...
Ömürlük dustağın qısa yuxusu.
Aylı gecədə buludların köbəsi.
Torpağın səxavəti.
Van Qoqun "Günəbaxanlar"ı...
Yanmış ürək
Sönmüş kürələr.
Taiti adasında
Qogenin ləpirləri.
Sonuncu gətirdiyim
örnək "Tünd
qəhvəyi" şeirindəndir. Şeirdəki
"yanmış ürəy"i
mücərəddçilikdə ittiham edən, "düşüncələr axını",
"daxili monoloq",
"assosiativ bədii
təfəkkür" məsələlərinə
tamamilə etinasız
qalan o illərin ədəbi tənqidi unudurdu ki, Qogenin
qəhvəyi rəngə
yansıyan ləpirləri
dünya incəsənətində
çoxdandır ki, yeni üfüqlər doğurub. Taitidə çarmıxdakı Sarı Məsih kimi, çarmıxdan endirilən Yaşıl Məsih kimi taitili qəhvəyi əndamlı Həvva da Parisi çoxdan
ram edib... Tünd qəhvəyi rəng
sənətdə dekadans
ovqatın çalarıdır.
Dekadansın məmləkətində səmanın rəngi qəhvəyidir. "Bir rəng ki, tərifə
gəlməz: Bir əski qəbiristan qədər uçuq, örtülü".
Yaxud "Mavi"dəki
körpə rəssam. Körpə rəssamın
çəkdiyi günəş...
sürreal təsvirdir.
Amma kifayət qədər əsaslandırılmış bir estetikadan çıxış edir.
Axı sürrealistlər "uşaq
rəsmlərinin qəribəliyi"ndə
də bir sehr və cazibə
görürdülər. "Rənglər"də obrazın işığı
bütün ədəbi
təmayüllərin, bütün
izmlərin üzərinə
eyni vüsətlə
saçılırdı.
"Rənglər"in musiqisi də impressionistdir. Burda partiturası rənglərin
fəlsəfəsi ilə
zəngin olan
impressionist (və həm
də simvolist) Debyüssidən başqa bəstəkar yoxdur.
"Kürən saçlar"dan başqa
musiqi sədası eşidilmir.
"Təbiətlə xəyal gücü arasında sirli irtibatlar quran" Debyüssinin noktrünü
"Sarı" rənglə
bu şəkildə assosiasiya verirdi:
... Həyatdan ayrılmış xəyal.
Simlərin fəryadı.
Yol çəkən
gözlər.
Qüdrətli nərgizlər.
Debyüssinin "Kürən saçları".
"Rənglər"in yazıldığı dönəmdə
qəribədir ki, Azərbaycan ədəbi tənqidi fransız simvolistlərini xatırladı. İllər boyu
yada düşməyən
və "səslər,
rənglər və ətirlərin vasitəsilə
yaranan yarımçıq,
dumanlı, mücərrəd
təşbehlərə, məcazlara
üstünlük verən
forma oyunbazları" - Bodler,
Mallarme, Artur Rembo yenidən qınaq hədəfinə çevrildi.
Bu sətirləri yazdıqca onu da düşünürəm
ki, "Kürən saçlar"ın özəyində
də fransız simvolist poeziyasının yaratdığı intibalar
dayanır. Debyüssinin daha çox təsirləndiyi şair Bodlerdir, Verlendir, Artur Rembodur. Və bu da düşündürücüdür
ki, Rəsul Rza da "Rənglər"i
məhz fransız simvolizminin və modernizm estetikasının
iqlim qurşağında
yaratmışdı. Bu
barədə mübahisə
belə etməyə lüzum yoxdur. Hətta buna inanmaq üçün
"Rənglər"i Mallarme poetikasının cizgisində
oxumaq bəs edər: "Şeyin özünü deyil, yaratdığı təsiri
əks etdirmək"
(Mallarme).
Rəsul
Rzanın söz palitrasındakı "Yaşıl"
Artur Rembonun U saitini yansıdır, yaxud Rəsul Rzanın "Mavi"si Rembonun O saiti ilə səsləşir və s. Remboya görə, A həm qaradır, həm də milçək vızıltısıdır.
E ağdır, həm bəyaz çadırdır, həm
də buxardır... Rembonun bu ədəbi
kəşfinin, hisslər
şeiri yaratmaq iddiasının, yaxud özü demişkən,
söz kimyagərliyinin
mahiyyətinə vara bilmək üçün
dünya poeziyası
150 ildir ki, onun keçdiyi yaradıcılıq yolunun
izindən getməkdədir.
Yaxud... Rembonun "İlluminations" əsəri dünya modern
ədəbiyyatının ilk mükəmməl mətnlərindən
biri kimi bu gün də
diqqət mərkəzindədir.
Anlaşılmasa belə, diqqət
mərkəzindədir. Fransız semiotiki Todorovun dediyi kimi, "İnsan söylənəni
anlayır, amma nədən söz edildiyini bilmir".
Artur Rembo sözlərlə davranışında
hallusinasiya halındadır. Gözlərinin optik xassəsi fərqlidir. Rembonun nəzərləri
həyatda fabrik kimi gördüyünü
misrada məscid şəklində yansıdır.
Rəsul Rza isə al-qırmızıda
"daxmalı, qazmalı
kəndin minarəli məscidi"ni görür.
"Rənglər"dəki impressionizm
Bodlerin də, Verlenin də, Rembonun da, yasəmən
rəngli vaxtın obrazını türk poetik düşüncəsinə
gətirən Cənab
Şəhabəddinin də,
"şeirlər var
ki, axşamla rənglənir və ağaclar kimi mehtabla kölgələnir,
günəşin ziyasında
isə bu eyni şeirlər tənəffüs edilməz
bir buxar olur" deyən Əhməd Haşimin də impressionizmi deyildi, Bodler də, Verlen, Rembo, Cənab da, Haşim də rənglərdən
şeirə yönəlir,
"Sezanın, Van Qoqun,
Deqanın pərəstişkarı
olan Rəsul Rzanın "Rənglər"ini
isə... rəsmdən
fəlsəfəyə doğru
hərəkət birləşdirirdi...
Bu rəng əlvanlığı
boyaları hərflərdə
görən Artur Rembonun zənginliyini belə, kölgədə
qoydu" (İlya Selvinski). Elədir. Amma məsələ bundaydı ki, Nazim Hikmətin təbirincə desək,
"Rənglər"də Rəsul Rza özü özünü
belə ötüb keçmişdi.
Azər TURAN
Ədəbiyyat qəzeti.- 2017.- 11 noyabr.-
S.9.