Doğma ədəbiyyatımıza şans verək

 

Bir yazar olaraq bu mövzuya toxunmağın qədər düz, qədər səhv olduğunu, açığı, bilmirəm. Bildiyim tək bir şey var ki, keçmiş adı verib bəyənmədiyimiz keçmişimizdəkilər, yəni nənə, baba, ata ana, dayı, müəllim b. kimi başlıq altında toplaya bildiyimiz şəxslər bizdən daha zövqlü, daha sədaqətli imişlər.

Bəli, bizdən daha çox zövqlü imişlər. Mən gözümü balaca ucqar kənddə açmışam. İndiki həyat tərzim  əməlli-başlı fərqlidi. Yəni bir çox şəxsin ifadə tərzindəki kimi sıxıcı, eyni, monoton deyil.  Maraqlı, dəyərli, dolu-dolu ekstrimdir. Düşünürəm ki,  həmin o sadə kənddə yaşadıqlarım  indiki mənim formalaşmasında əhəmiyyətli olmaqla birlikdə, ruhumu da rəngarəngləşdirib.

Belə ifadə etmək düzgündürsə əgər, gözümü açandan bəri evimizdə taxtadan hazırlanmış bəyaz rəngli  kitab rəfi ilə qarşılaşmışam. Bu kitab rəfində  yer alan əsərlərin  hər biri dəfələrlə oxunub. Bu səbəbdən onlar çox zərif şəkildə yıpranıblar. Yəni  həmin kitab rəfindəki əsərlər hər kəs tərəfindən xüsusi sayğı hörmət görüblər. Bu da o nimdaş kitab rəfini indiki kitabxanalardan daha dəyərli səviyyəli edən məqamlardan biri kimi son dərəcə əhəmiyyətlidir. Mən kofe, ya da bahalı brendlərdən sayılan chanel, dior, hermes qoxusundan daha çox sevdim kitab qoxusunu...

Bu qoxu mənim kimi həmin köhnə evdə yaşayan hər kəsin iliklərinə hopmuşdu. Həmin o kitab rəfində xarici yazarların əsərləri var idi. Qeyd edim ki, bu əsərlərə sahib olmaq o dövrdə heç asan olmayıbmış. Babam danışırdı ki, o kitabları soyuq amansız çörək növbələri kimi növbələrə yazılaraq, saatlarını bəzənsə, günlərini həsr etdiyi mübarizələr sonucunda əldə edib. Bəzənsə çox arzuladığı pencəyi almaq üçün topladığı pulu həmin kitablardan bir neçəsi üçün sərf edib. Ancaq ən qəribəsi bu idi ki, babam da, nənəm , anam da çox sevərək, həzz duyaraq danışırdılar bunları mənə. Heç biri hər hansı kitabı aldığı, oxuduğu üçün peşiman deyildi. Mən dünya ədəbiyyatına heyran idim. İlk oxuduğum kitablar məhz dünya klassiklərinə məxsus idi. Sonralar bu,  indiki kariyerama da təsirsiz qalmadı. Mən bu sahədə müdafiə etdim. İndi daha çox, daha dərindən bələd olmağa başladım dünyanın ədəbiyyatına. Ancaq bir haşiyə çıxım ki, həmin o nimdaş, bəyaz kitab rəfinin ən başında bizim doğma ədəbiyyatımıza yer ayrılmışdı. Mənim ailəm öz ədəbiyyatını - Azərbaycan ədəbiyyatını mənimsəmədən dünya ədəbiyyatını öz xanəsinə buyur etməmişdi.  Ancaq təəssüf ki, zaman dəyişilib. Xüsusilə gənclər dünya ədəbiyyatına bələd olmağa daha çox üstünlük verməyə başlayıblar. Kafkadan, Markezdən, Coysdan danışmaqdan yorulmayan mühitimiz öz doğma ədəbiyyatına ögey münasibət bəsləyir. Öncə evin içi, sonra eşiyi fikrinə sadiq qalaraq demək istəyirəm ki, öz dilini, öz ədəbiyyatını bilməyən bir gənclik ölkəmizin gələcəyi üçün hansı xidmətləri göstərə bilər? Axı biz vətənimiz üçün övlad yetişdiririk. Amerika, Rusiya s. öklələr üçün deyil... Mən bir yazar olaraq Azərbaycan oxucusuna şans verirəm... Azərbaycan oxucusu da Azərbaycan yazarına, doğma ədəbiyyatına şans verməlidir...

 

Nargis

 

Ədəbiyyat qəzeti.- 2017.- 11 noyabr.- S.11.