Həyat yoldaşının Uilyam Qoldinqə "əmri":
"Bunu sən
yazmalısan!"
"Milçəklər kralı", "Varislər", "Sərbəst enmə", "Kağız adamlar", "Yaxın qonşuluq", "Piramida" kimi romanların müəllifi olan Qoldinq və arvadı öz uşaqlarına Ballantinin ada ilə bağlı romanlarını oxuyurmuşlar. Qoldinq arvadına uşaqlar kimsəsiz adaya düşsə, həqiqətən nələr ola biləcəyi ilə bağlı bir kitabın maraqlı ola biləcəyini söyləyir və "Bunu sən yazmalısan" cavabını alır. Vaxt gəlir, Qoldinq həyat yoldaşının məsləhətinə əməl edir.
...Məktəbliləri müharibənin cəngindən xilas edən təyyarə insan ayağı dəyməyən adada qəzaya düşür. Və beləliklə, Uilyam Qoldinqin şedevr hesab olunan
"Milçəklər kralı" romanı yaranır...
Valideynlərindən, ailələrindən, dostlarından ayrı düşmüş məktəbli uşaqların yaratdığı cəmiyyət eyni hal ilə üzləşən böyüklərin yaratdığı cəmiyyətdən nə ilə fərqlənə bilər? İdentik situasiyadır. Elə romanda da bu suala cavab axtarılır: "Sizcə, hansı yaxşıdır: sizin kimi zəncisayağı rənglənmiş dəstə yaxşıdır, yoxsa Ralf kimi ağıllı-kamallı olmaq? Vəhşilər arasında bərk səs-küy qopdu. Piqqi yenə qışqırdı: Hansı yaxşıdır: qayda-qanunla yaşayıb hər şeyi məsləhətlə həll eləmək, yoxsa ov eləyib qan tökmək, öldürmək, öldürmək yaxşıdır?"
Əsərdən belə nəticəyə gəlmək olur ki, bütün çatışmazlıqlar, iyrəncliklər insana doğulandan bəxş edilir. Və insan vəhşiləşərsə, yırtıcıdan betər olar. Elə Qoldinq də roman vasitəsilə oxuculara bu subliminal mesajı ötürür.
"Maska artıq öz müstəqil həyatını yaşayırdı, Cek isə utancaqlığı və abır-həyanı bir tərəfə ataraq onun arxasında gizlənmişdi."
Əli Kərimin "Maska" şeiri yada düşür bu yerdə:
Yaxşı yadımdadır, Peredelkino,
Klubda karnaval gecəsi vardı.
Orda maskaları maska taxmamış
Bir şümal,
bir gözəl qız paylayardı.
Bəzən görürdün ki, bir ayüzlüyə
Eybəcər bir meymun maskası
düşür.
Bəzən də görürdün, elə tülkünün
Özü-özü ilə bir də görüşür.
Gah da hər gün üzü maskalı olan,
Təzədən üzünə bir maska vurur.
Cekin maska geyinərək utancaqlığı, abır-həyanı bir kənara atması bir də Andre Moruanın "Tufan" hekayəsini xatırladır:
"-Maskanı çıxarmaq? - deyə Bertran Şmidt söhbətə qarışdı.
- Sizə elə gəlir ki, maskanı çıxarmaq həmişə xeyirli olur? Məncə, çox yaxın və mehriban dostlar səmimi olurlar, qalan bütün cəmiyyətdə isə insanların münasibətində əsasən maskalar iştirak edir... Əgər bir dəfə təsadüfən, məcbur olub həmişə həqiqəti gizlətdiyimiz adamlara onu danışsaq, tez peşman olarıq.
Kristyan Menetrye İngiltərədə baş vermiş bir qəzanı xatırlayır:
-Şaxta qaz
partlayışında uçmuşdu, on iki nəfər
qazmaçı şaxtanın bir
küncündə salamat
qalmışdı... Bir həftə orada qaldıqdan sonra,
qazmaçılar gizli işlərini etiraf edir... Onlar belə fikirləşiblər: "İndi ki, ölürük
qoy ürəyimizi boşaldaq".
Sonra gözlənilməz bir
vəziyyətdə xilas edilirlər...
Qazmaçılar bir daha
görüşmək istəmirlərmiş... Özü barədə çox
şey bilən adamlardan
hər biri uzaq
qaçırmış. Maskalar yenidən
taxılmış, cəmiyyət xilas edilmişdi. Afrikaya səyahəti
zamanı Bertranın başına oxşar
hadisə gəlir. Belə ki, səyahət
zamanı tufan başlayır. Onun olduğu təyyarə
ağacların üstünə düşür.
Ölüm anı yaxınlaşır. Jizel, qubernator ərinin gözü qarşısında gənc
podpolkovinkə sarılır. Onu sevdiyini deyir. Öpür
onu... Son anda
xilas olurlar. Aradan zaman keçir. Jizel Anjel adlı
həmin podpolkovnik haqda danışır:
"…Döyüşdə həlak olub. Çox təəssüf, yaxşı
gələcəyi vardı.
Ərim onu çox istəyirdi."
Andre Morua, hekayəni bu sözlərlə bitirir: "Maska sifətə elə möhkəm bağlanmışdı
ki, lap qaynayıb-qarışmışdı.
Jizel əhvalatdan xəbərdar
olduğumu unutmuşdu."
1953-cü ildə Qoldinq
"Milçəklər kralı"
romanını 9 nəşriyyata
göndərir. Nəşriyyatların hamısı onu
rədd edir. Amma roman, yeni işləməyə
başlayan bir gənc redaktorun diqqətini çəkir və o, romanın surətini evə aparır. Vərəqlər son dərəcə aşınmış, saralmış,
köhnəlmiş haldaydı.
"Milçəklər kralı"nın ilk nüsxələrində
dini elementlər çox idi. Bu da müharibədən
qayıtdıqdan sonra
Qoldinqin dinə çox maraq göstərməsindən irəli
gəlirdi. O, tez-tez
kilsəyə gedər,
dualar edərmiş. Redaktor romandakı bəzi hissələri dəyişməyi tövsiyə
edir...
Nəşrdən sonra əsərə münasibət çox yaxşı olur. Yaradıcılıqla məşğul olan Qoldinq, maddi çətinlik üzündən
müəllimliyi buraxmır.
Müəllim dostlarına səhifələri
saydırır və onlardan kitabla bağlı digər işlərinə köməklik
göstərməyi istəyir.
"Yuxu gündəlikləri"ndən
gerçəkliyə...
Qoldinqin
yayımlanmamış "Yuxu gündəlikləri"ni qızı Judi rejissor Adam Lov ilə paylaşandan sonra ortaya çıxır.
Bundan sonra Qoldinqin həyat hekayəsi və düşüncələri haqqında
saat yarımlıq maraqlı bir sənədli film çəkilir...
Qoldinqin
atası ateist, zəkalı bir adam idi.
Onu da ateist kimi
böyüdürdü. Anası fövqəltəbii şeylərə
inanırdı. Küçənin bir ucunda onun
oxuduğu orta məktəb, digər ucunda daha yaxşı
bir kollec vardı. Bu məktəb
ayrı-seçkiliyinə həmişə
təəssüflənən Qoldinq, bunu gündəliklərində
də yazmışdı.
Arvadı
Ann ilə ilk müəllimlik
etdiyi məktəbin kitabxanasında tanış
olurlar. Oğlu dünyaya gələn
vaxt o, müharibəyə
dənizçi kimi gedir. Müharibə vaxtı bir
gəminin kapitanı olan Qoldinq, həmin
dövrün gündəliyini
yazır. İkinci Dünya
müharibəsi və
mədəni görünən
almanların qorxunc əməlləri onları
dünyaya yenidən tanıdır. Gündəlikdə yazıçının müharibə
haqda təəssüratları
öz əksini tapır.
Müharibədən sonra yazıçı, yenə eyni məktəbdə müəllimlik
edir.
Əgər söz deyilibsə...
Qoldinq həmçinin
arxeoloji sahəyə də maraq göstərirdi. Qazılan yerlərə
tez-tez baş çəkirdi. İkinci romanı
"Varislər" romanı
bir qrup neandertalın şüurlu
insan ilə qarşılaşmasından və
öz sonlarına doğru yol almasından bəhs edir. "Varislər"
əsərində Qoldinq
göstərmək istəyir
ki, inkişaf zamanı bəzən ləngimələr baş
verib. Bu romanında
Qoldinq neandertal insanın həyat tərzi, odu necə əldə etməsi və qoruyub-saxlaması, qəbilə
daxilində insanların
bir-birinə münasibəti,
onlar arasında iş bölgüsü və digər məsələlərə toxunur.
Qəbilə başçısının tövsiyəsi, əmri müzakirə edilə bilər və daha düzgün variant təklif olunarsa, icra edilər. Amma əgər tapşırığı
müzakirə etmək
imkanı yoxdusa, qəbilə başçısı
öz qərarını
dəyişməkdən imtina
edərsə, onda ona əməl etmək lazımdır.
Çünki bu cür məsləhət görülüb
və əgər söz deyilibsə, mütləq onu yerinə yetirmək lazımdır.
Ailələr kimi ürəklər
də parçalananda...
Piramida, Uilyam Qoldinqin öz həyatının müəyyən
məqamlarını əks
etdirən və cəmiyyətin çatışmazlıqlarından
bəhs edən əvəzsiz bir əsərdir. "Piramida"da
yazıçı oxucunu
ingilis həyatı ilə yaxından tanış edir. Bu həyatda
sinfi təbəqələşmə
gedir və onların sərt qanunları var. Bunu əllərinə girəvə
keçəndə kül
kimi üfürərlər
insanın gözlərinə.
İngilis həyatına Vsevolod
Ovçinnikovun "Palıd
kökləri" kitabı
vasitəsilə bələd
olanlar üçün
bu roman da əlavə məlumatlar verir.
"Piramida" vasitəsilə
bir daha bəlli olur ki, Qoldinqin mükəmməl
təhkiyəsi var.Əlbəttə,
tərcümə də
mükəmməl olarsa,
oxucunun tək işi gözəl bir əsəri mükəmməl tərcümədə
oxumaq olur. Roman Oliver adlı bir gəncin
həyatından bəhs
edən məqamlarla başlayır. Oliver Oksford Universitetində təhsil alır. Hər gənc kimi onun da
özündən asılı
olmadan etdiyi xətalar var. Təbii, bir də tükənməyən
enerjisi... Oliverin yaşadığı yerdə gözəllər
gözəli bir qız vardır. Və bu qız məhəllədəki
imkanlı bir ailənin oğlu ilə sevgilidir.
Oliver buna çox əsəbiləşir, amma
əlindən heç
bir iş gəlmir. Fəqət, hadisələr başqa
səmtdə inkişaf
edir və o, qıza yardım etməyə müvəffəq
olur. Bu yardımdan
sonra Oliver kiçik bir mükafat alır. İrəliləyən zamanda mükafat
daha böyük olur. Roman bu
minvalla davam edir. Daha sonra Oliverin
həyatından daha iki hekayə oxuyuruq. Bəzən faciəyə dönən,
bəzən də komediyaya çevrilən həmin həyatda tək bir problem var: ingilis sinfi
təbəqələşməsi. Bu ayrı-seçkilik ailələr
kimi, ürəkləri
də parçalamaqdadır...
Xuraman Hüseynzadə
Ədəbiyyat qəzeti.- 2017.- 11
noyabr.- S.30.