Vəhşi təkliyə baxanda...
Sənə sarılmaq keçir içimin
dar keçidlərindən hər gecə,
Mən yenə söndürmüşəm işığı,
mən yenə iki adamlıq çarpayı boyda təkliyəm.
Saatın əqrəblərinə təzim edir
kirpiklərim, enib-qalxdıqca.
Sağ əlimdən ölümcül zərbə alır ürəyim,
sol əlim boşa çıxdıqca.
Nə mən ümidlərdən əl çəkə bilirəm,
nə ümidlər tükənir.
Yenə bu dərin gecə, yenə ağır səsli sükut,
yenə həyətdə vəhşi itlər sülənir.
Vəhşi təkliyə baxanda,
vəhşi itlərə min şükür.
Düşürəm həyətə, əlimdə çörək parçaları...
***
Ayrılıq havasına köklənmiş sarı
simdi getdiyin o yol.
Səni
and verirəm o qopuzu oxşayan
incə barmaqlarına.
Gizlət
üzünü ovcunda
ömürlük,
Səhər şehi düşməsin
yanaqlarına.
Demirəm ki, qayıt, demirəm ki,
sən gəlməsən
ölərəm.
Qorxma, ölsəm
də zəhmət vermərəm ayaqlarına.
Bir də ki, qayıtmaq
istədin, bir də ki, qayıtdın,
Səni
gözlərimdə o qədər
böyütdüm ki,
İnanmıram sığasan,
bu sıxılmış
evin otaqlarına.
Heç
soruşmadım, darıxanda
çoxmu
çətin olur nəfəs almaq,
Bir təbəssümlü şəkil
süni nəfəs kimi
yaxınlaşırmı dodaqlarına?
***
Mən həqiqətə yaxın
olduğum qədər
yaxın idim,
Sənin gözlərindəki yalana.
Bilirəm, ürəyin də gözlərin deyəni deyir daha.
İnanmıram, mənə kimsə inana.
Ayaqlarımın ucunda addımlamışam
hər gün
bulanıq xəyallarda.
Səksəkəli keçib ömrüm, ömür qatarımda.
***
Damarlarımdan üşüməyə başlayıram
gecələrin boşluğunda,
Həkimlər deyir,
qanına hopub yoxluğun ağrıları.
İndi
bircə təsəlli
var sabaha,
Bilirəm ki, sabah
da yalandı.
Bilirəm ki, keçmişə dəfn etmişik doğruları.
***
İlləri qoy kənara,
sanki dünən getmisən.
Otağımda nəfəsin,
otağımda gülüşün,
Necə də şən getmisən.
Yağışlar yuyan zaman,
pəncərəni gecələr.
Hamıdan əl üzürəm,
Susuram, düşünürəm
yenə səni gecələr.
Bir yandan bu lal
payız,
Bir yandan ağrı-acı.
Bəlkə ölsək çıxardı,
ölüm-zülüm, birtəhər.
Bu candan agrı-acı.
Məncə, ağır dərd
deyil,
"Gəlməyəni gözləmək".
Ən ağır dərd bax, budur:
Güzgüdəki adamdan
göz yaşını
gizləmək.
Budur, dinir telefon,
Yenə də zəng etmisən.
Üzülmə, elə san ki,
Nə mən bunu yazmışam,
Nə də ki, sən getmisən.
Mən yenə də, hamını sevirəm
Bu gün də ürəyim sözümə
baxmadı,
Bu gün də ondan şikayətçiyəm.
Bir payız fəsli qədər səssiz,
bir fəsil kimi yorğunam.
Nəfəsimdə düyünlənən o qədər söz var ki,
Hansı birini susum, hansı
birini gizlədim?
Bilirsənmi,
Mən həmişə
kimisə, və ya nəyisə gözlədim.
Təqvimlər və dostlardan basqa nə dəyişdi
ki?
Ümidlər məni yaşatdıqca,
içimdə çox
şeyi öldürdü.
Dərdim
kimsənin dərdinə
bənzəmədi,
Dərdim də təkrarsızdı,
dərdim də birdi.
Mən ayaq ucunda yeridikcə
həqiqət tərəfə,
Ən doğma
bildiklərim üçün
çevrildim hədəfə.
Dostum, gəl sağollaşaq, baş
qoşma mənə,
Mən yenə
də, hamını sevirəm.
Şeir kimdi...
Şeir
təkcə, mənəmmi,
Şeir
təkcə sənsənmi,
Şeir təkcə bizikmi?
Şeir
bəzən yağışlı
gündüzlərdi,
Şeir bəzən zəhər dadan gecələrdi.
Şeir
sussuz səhralardı,
Saçlarını küləklərə
öpdürdüyün bozqırlardı...
Şeir içində qəfəslənmiş
sualdı,
Barmaqları nəfəslik istər
sinəmin sol küncündən.
Bu qış gecəsində
ürəyim necə alovlanardı,
Şeir kimdisə, nədisə şeirə halaldı.
***
Öz qanadlarım yandıqca,
kəpənək qanadlarına
ağladım.
Söykəndiyim divarlar o qədər
soyuq oldu ki,
Nə mən deyim, nə siz soruşun.
Günəş iki olsa belə xeyri olmazdı...
Üşümək alın yazımız idi.
***
Məni
hər gün öldürürlər,
Bir gün dostum öldürür, bir gün düşmənim.
Məni
hər gün öldürürlər,
Bir gün sən öldürüsən,
bir gün sənsizlik.
Mənim
yuxularımdakı dünya
yumru yox,
edam kötüyü formasında.
Mən hər gün intihar edirəm,
içimdəki üsyan
eşqinə.
Bax, gördünmü mən yaşamaqdan çox
ölürəm, addımbaşı.
***
Gör nə qədər adam uduzdu
ömrünü alın
yazısına.
Üsyan etməyə nə vaxtı çatdı, nə cürəti.
"Bir gün"ə
bel bağlaya bildi, təkcə.
Ümidini çox uzaqlara apardı zaman.
Nəfəs yerinə ümidlər qabartdı köksünü.
Qismətdən əkiz doğuldu hər günü.
Yaddaşının hər küncündə bir qəlpə saxladı.
Bir gün də o susdu, o dayandı...
Ümidlər utandı, ümidlər
ağladı...
İntiqam Yaşar
Ədəbiyyat qəzeti.- 2017.- 11
noyabr.- S.26.