Ernest Heminquey
-
Həmişə səninlə olan bayram
Ötən əsrin 20-ci illəri, Parisin bohem həyatından
bəhs edən filmlərin çoxunda Ernest Heminqueyin kafedə bir küncdə oturub əsərlərini yazan halını izləmək
olar. Heminqueyin Parisdə yaşadığı
illərdə şəhər
incəsənətin mərkəzinə
çevrilmişdi. XX əsrin 20-ci illərində
dünyanın müxtəlif
ölkələrindən Parisə
yığışmış novator gənclər özlərini "itirilmiş
nəslin" nümayəndələri
hesab edirdilər.
Birinci Dünya müharibəsi illərində sevilmək,
sevinmək istəyən
yeniyetmələr qanlı
əllərində silah
müharibənin dəhşətli
üzünü görmüşdülər.
Müharibədən sonra həmin
gənclər normal həyata
öyrəşmək üçün
çapalayırdılar. Paris itirilmiş nəslin
nümayəndələrinin xilas yeri idi. Ernest Heminqueyin
"Həmişə səninlə
olan bayram" romanında yazıçı
öz ən xoşbəxt anlarını qələmə
almışdır. O, bu
əsərini ölümündən
bir neçə il əvvəl, gənclik illərində Parisdə yazdığı
qeydləri tapdıqda
yazmağa başlayır.
Kitab yazıçının ölümündən
sonra çap olunur. "İtirilmiş
nəsil" ifadəsi ilk dəfə
Gertrud Steinlə yazıçının
söhbətində istifadə
edilir.
Avropaya müxbir
kimi gələn Ernest
məhz burda yazıçı olmağa
qərar verir. Heminquey
Parisdə ilk həyat
yoldaşı ilə birlikdə bütün məişət çətinliklərinə, kasıblığa,
baxmayaraq ən xoşbəxt illərini keçirir. O illərin həyatının bitməyən
bayramı olması fikrinə isə yazıçı artıq
illər sonra depressiya, mənəvi sıxıntılar keçirdiyi
zamanlar da gəlir. "Həmişə
səninlə olan bayram" romanı yazıçının Paris üçün
duyduğu nostalgiya hissinin təcəssümüdür.
Parisdə yaşadıqları illərdə
Heminqueyin nə özünə, nə də həyat yoldaşına yeni geyim almağa pulu olmur. Parisdə yazılarını
yazmaq üçün
kafedə keçirdiyi
saatlarda, həyat yoldaşı evdə soyuqdan donmamaq üçün üst-üstə
geyindiyi geyimlərlə
piano çalır. Bütün
bunları qələmə
alanda artıq məşhurluğun zirvəsinə
çatmış, maddi
heç nəyə ehtiyacı olmayan yazıçı bir zamanlar Parisdə
duyduğu aclığı
belə heç nə ilə əvəzolunmaz gözəl,
saf hiss kimi təsvir edir. Pul əldə etmək üçün bəxtlərini
at yarışlarında sınadıqları,
ilk hekayələrindən qazandığı
kiçicik qonorarla yaşadıqları sadə
həyat, masalarındakı
təmtəraqdan uzaq,
sadəcə aclıq
hissini basdırmaq üçün yedikləri
ən ucuz qidalar da bayram
süfrəsindəki kimi
dadlı olur. Payızın son günü qışın
gəlişi ilə başlayan əsər qış fəslində də bitir. Əslində bunun adi təsadüf deyil, yazıçının ömrünün
baharını orda keçirdiyinə işarə
etmək istəyi kimi anlamaq olar. Rəsm almağa pulu olmasa da, Sezann,
Mane, Mone və başqa impressionistlərin
əsərlərinə baxmaqdan
zövq alan
Heminquey Lüksemburq muzeyinə hər gün gedir. O, kitabında etiraf edir ki, Sezannın
əsərlərinə baxmaqla
yazıçılıqda çox
şey öyrənir.
Və bu öyrəndiklərini sözlə ifadə etmək imkansız olur. Ulissin müəllifi Ceyms
Coysun ailəsi ilə kafedə nahar etməsini kənardan izləyir. İncəsənətlə
bağlı müzakirələr
apara biləcəyi
Gertrud Stein, Ezra Paund, Pikasso
kimi adamalarla Parisdə tanış
olur. Kitab almağa pulu
olmasa da, Parisdə kitab dükanı işlədən
Silviya Biç ona ilk tanışlıqdan
etibar edərək oxumaq üçün istədiyi kitabları verir. O, rus ədəbiyyatı ilə
Parisdə tanış
olur. Turgenev, Dostoyevski,
Lev Tolstoyun yaradıcılığını
Parisdə oxuyur. "Həmişə səninlə olan bayram" əsərində
ən çox Skott Fitsceraldan bəhs etsə də, kitabda yazıçının rus
klassikləri haqqında
maraqlı düşüncələri
yer alır. Heminqueyin 1936-cı ildə
yazdığı "Kilimancaro
qarları" hekayəsinin
qəhrəmanı Skot
Fitsceralda bənzəyirsə
də, məhz "Həmişə
səninlə olan bayram" əsərində
o, Skottla ilk tanışlığının
bütün təfsilatlarını
yazıya köçürüb.
Möhtəşəm Qetsbinin müəllifi
ilə ilk tanışlığını,
ona qarşı duyduğu şəfqət,
qayğını, bütün
kədəri ilə təsvir edir. Həyat elə gətirir ki, o, Skottun istedadını, şöhrətini
itirə-itirə çökdüyü
günlərin, ağır
günlərinin dostu olur. Nə qədər çalışsa
da, Skott Fitsceraldın özünü
məhv etməsinə
mane ola bilməməyini təəssüflə
xatırlayır. Skottu yeyib-bitirən,
məhv edən Zelda sevgisinin faciəvi sonluğunu qeyd edir. Zelda Skottun
istedadını, yazıçılığını
qısqanır. Heminquey Skottu
hər fürsətdə
dəstəkləyərək yeni əsər yazmaq üçün həvəsləndirsə də,
bütün cəhdlərin
sonunda həmişə
Zelda qalib gəlir.
O, Skottun özünə
inamını tamamilə
qıraraq, əyyaşa
çevirir. Əsərdəki bu hissələr
bitməyən bayramın
ən acı məqamlarıdır. Skott
Fitsceraldın "Möhtəşəm
Getsbi" romanını
oxuyan hər bir oxucu romandakı
cümlələrin möhtəşəmliyindən
kitabın sehrinə qapılır. Belə bir qeyri-adi istedadın məhvinin səbəblərini oxumaq
ağırdır.
Romanın bir hissəsində Heminquey Ezra Paundun xeyirxahlığından, ətrafında
olan sənət insanlarına göstərdiyi
qayğıdan danışır. Maddi ehtiyac
ucbatından bankda işləyən və ədəbiyyata vaxt ayıra bilməyən
Tomas Eliotun istedadını
boğmasına heyifslənir.
Onu düşdüyü bu
vəziyyətdən qurtarmaq üçün
Ezranın təşəbbüsü ilə pul toplayırlar. Tomas Eliotun yaxşı vaxtda mükafat almasından sonra bu
pullara ehtiyac qalmır. Əsərdə
Ezra Paundu çox tərifləsə də,
onun rus klassiklərini oxumağı
lazımsız hesab etməsi fikrinə qarşı çıxır.
O, muzeydə Sezannın rəsmlərinə baxarkən rəssamla öz aclığını müqayisə edir. Yaşadığı şəraitdə istədiyi saatda kafeyə daxil olub yemək sifariş etmək onun üçün qəbul edilməz israfçılıq hesab olunardı. Aldığı qonorar ancaq evdə nahar etməyə yetirdi. Heminquey düşünür ki, Sezann da onun kimi aclıq hissi üstün gəldiyi zamanlarda bu əsərlərini çəkmişdir. Daha sonralar o, Sezannın hiss etdiyi aclığın mahiyyətinin tamamilə başqa olduğunu anlayır.
Parisdən kənar, Avropanın digər şəhərlərinə etdiyi səfərlər də kitabda yer alıb. Madridi təsvir edərkən Heminquey burada insana yazmaq üçün tənhalıqdan başqa lazım olan hər şeyin olduğunu qeyd edir.
İlk roman qeydlərini, bütün yazılarını Lion vağzalında itirərkən keçirdiyi duyğuları illər sonra bu əsərdə oxucusu ilə bölüşür. Poçtla redaktora göndərdiyi bir hekayəsindən başqa bütün yazılarını həyat yoldaşı Hedlinin çamadanında itirdiyinə inana bilmir. Evə qayıdaraq bütün nüsxələrin həqiqətən evdə qalmadığına, çamadanla birlikdə itdiyinə əmin olur. Bu itkiyə qədər ölümdən, dəhşətli iztirabdan daha ağır heç nəyin olmadığını düşünən Heminquey düşüncələrinin səhv olmasına yazılarını itirəndə inanır. Bunun bəlkə də bir xeyirə işarə olduğuna inanmağa çalışır. Jurnalistliyi atıb yazıçılığa başladığı andan qarşılaşdığı heç bir uğursuzluq onun inamını parçalamır. Poçtla redaksiyalardan geri qayıdan yazılar onun yazmaq həvəsini azaltmır. O, yazılarını heç kimin anlamadığını, onlara tələbatın olmadığını yaxşı anlayır. Amma təsviri sənətdə, rəssamlıqda olduğu kimi, onun yazılarının da zamanı gələcəyinə bütün qəlbi ilə inanır. Bunun üçün sadəcə özünə inama və zamana ehtiyacı olduğuna əmin olur.
Heminquey payızı təsvir edərkən hər xəzanda, ağacdan yarpaqlar tökülündə insan həyatında da nəyinsə öldüyünü yazır, heç nəyə baxmayaraq baharın gələcəyinə, çayların donmuş sularını əridəcəyinə inanır. Ernest Heminquey yaşanılan hər günü fiestaya çevirmək kimi həqiqəti özü üçün kəşf edir.
Bitməyən bayram insanın qəlbində yaşayır.
Günel İmran
Ədəbiyyat qəzeti.- 2017.- 11
noyabr.- S.22.