Tanımadığımız
Yalçın Qoca
və ya taleyin
divarında ömür
saatı
Hər bir insan hələ yaşadığımız dünyanı tam dərk etmədən başqa dünyalar haqda düşünür, özgə planetlərdə nələrin baş verdiyi ilə bağlı saysız-hesabsız suallara cavab tapmağa çalışır. Uçan naməlum obyektlər, Yer kürəsinə yaxınlaşan nəhəng meteorit və bu kimi izahı tapılmayan hadisələr hər dəfə bizim düşüncəmizi göylərin sonsuzluğuna doğru çəkib. Alimlər uzun illərdir ki, kosmosda başqa bir sivilizasiyanın izlərini axtarırlar, hətta yadplanetliləri gördüyünü deyən kifayət qədər insanlar olub və bu gün də var.
Bəşər düşüncəsini məşğul edən bu axtarışlar dünya ədəbiyyatında da öz əksini tapıb. Fantastik janrın öncüllərindən olan Jül Vernin yaradıcılığında elə elementlər var ki, bu əsərlərin yarandığı və yayıldığı dövrdə insan şüuru bu elementləri çox çətinliklə qavrayırdı. Xatırlayıram, yeniyetməlik dövründə Herbert Uelsin "Dünyaların savaşı" romanını oxuyandan sonra məndə yadplanetlilərin Yer planetinə hücum edib hər yeri xarabazarlığa çevirəcəyi, insanları öldürəcəyi ilə bağlı bir fobiya yaranmışdı. Uels reallıqla irreallığı o qədər iç-içə təsvir edir ki, əsərdə baş verən hadisələrin gerçəkdən baş verdiyinə oxucu inanır. Marsdan gələn, yerə batmış dairəvi qapağın içindən çıxan bədheybət məxluqlar əslində Yer planetini öyrənməyə gəlmişdilər, insanlar isə onların üstünə mərmilər yağdıranda məcburən özlərini müdafiə etmək üçün onlar da hücuma keçməli olurlar. Təbii ki, o zaman romanın ehtiva etdiyi daha böyük mətləbləri anlaya biləcək həddə çatmamışdım. Fantastika janrının görkəmli nümayəndələrindən olan Ayzek Əzimovun "Robot adam" romanını da həmin yaş dövründə oxumuşdum. Sonradan fentezi janrı məni cəlb etmədi və heç vaxt bu janrda əsərləri oxumadım.
Amma… Bu günlərdə "Azərbaycan" jurnalının son saylarını gözdən keçirirdim, jurnalın 9-cu sayında Yalçın Qocanın "Ulduz körpüsündə çat" povestinə rast gəldim və maraq hissi məni əsəri oxumağa sövq etdi. Yalçın Qoca ədəbiyyata şeirlə gəlib, şair kimi tanınıb, yazıçı Məmməd Orucun təqdimat yazısından da görünür ki, onun kifayət qədər maraqlı, özünəməxsus bir dünyası varmış. Povestin mütaliəsindən sonra məndə belə bir təəssürat yarandı ki, onun içində həm də nəsr potensialı olub və bu potensial sıxılmış bir enerji olaraq qalıb, üzə çıxmayıb. Bilmirəm, arxivində hansısa nəsr əsəri varmı, yoxmu, amma çap olunmuş bu povest onun yaradıcı insan olaraq həyata, insanlığa tamamən fərqli münasibətinin ifadəsidir. Bəşərin gələcək taleyindən narahatlıq bu mətndən qırmızı xətt kimi keçir. Əlbəttə, böyük düşüncə sahibləri həmişə dünyamızın gələcəyi ilə bağlı illüziyalardan sıyrılıb daha çox elmə əsaslanıblar. Elmi-texniki tərəqqi dünyanı hara aparıb çıxaracaq? Bu sualın cavabı yoxdur.
Yalçın Qoca bu əsərində planetlər arasında əlaqə
yaratmağa çalışır. Hadisələr
Elmlər Akademiyasının Fizika İnstitutunda cərəyan edir.
Başqa planetdən gələn qonaqlar davamlı olaraq İdrak müəllimin yuxusuna
girir və onların arasında dialoqlar gedir. Qonaqlar ona Yer planetindəki
insanların yaşamıyla bağlı bəzi həqiqətləri
pıçıldayırlar. İdrak
müəllim fantaziyaya bənzəyən
bu faktları elmi cəhətdən
əsaslandırmaq haqda düşünür.
Əks halda yeni planetlər
əsrinin sirri insanlıq üçün
açılmayacaq. Çağırılmayan qonaqların gəlişi
akademikin mənəvi
rahatlığını əlindən alır… Bəlkə də
əcəl aman versəydi, müəllif əsərdəki
hadisələri inkişaf etdirərək
mətni modern bir roman halına gətirəcəkdi. Modern romanda gerçəklik öz əhəmiyyətini
itirir, ideya ön plana keçir. "Ulduz
körpüsündə çat"
sanki konservləşdirilmiş
zaman haqqındadır.
Akademik gəmidə yadplanetlilərlə
görüşü ərəfəsində
qolundakı saata baxır, saat dayanmışdı. Bu məqam təsadüfi deyil, müəllif başqa bir planetə keçid məntəqəsində akademikin
artıq bizə məxsus olan dünyanın zaman orbitindən çıxdığına
işarə edir.
İki
planet arasında, utopik
məkanlar müstəvisində
keçidlər dialoqlarla
müşayiət olunur
və bu dialoqlar əsərin ideyasına xidmət edir. Obrazlar ikinci dünyaya
real dünyanın qapısından
keçərək daxil
olurlar.
Akademik düşünür
ki, bəlkə bu naməlum qonaqlar hansısa təcrübə üçün
ondan material kimi istifadə etmək istəyirlər? Bəlkə Bermud üçbucağındadır?
İnsanabənzər məxluqların məqsədi isə bu deyil. Onlar bütün planetlərin bir-birilə gözəgörünməz əlaqələrinin
mövcudluğunu bizə
xatırlatmaq istəyirlər:
"Yaranan nədən
yaranıbsa, ona da qayıdır. Yerin cazibə qanununun əsasında bax bu qanunun inkaredilməzliyi
dayanır.
Bu əsaslara arxalanıb
biz belə nəticəyə
gəlirik ki, bütün bəşəriyyətin
oyanış nöqtəsi
mövcuddur. Həmin oyanış nöqtəsinin
qüdrətindən planetlər
Günəşin ətrafında
öz orbitləri ilə hərəkət edir…"
Qonaqlar akademikə
xatırladırlar ki,
Yer planetinin yaşı heç də sizin təsəvvür
etdiyiniz qədər yox, ondan da
milyon illər əvvələ gedib çıxır. Sən demə, onların
planetində sivilizasiya
ən son həddinə
çataraq məhv olub. Onları xilas edən
isə bizim planetimiz olub. Günəş həmin planetin
buzunu əritməyə
başlayıb, qatı
zülməti yarıb
və orda yeni həyat başlanıb. İndi isə
yadplanetlilər onların
əcdadlarının borclarını
qaytarmaq üçün
Yer planetini gözlənilən təhlükədən
xilas etmək istəyirlər. "Planeti məzara çevirmək olmaz!"
Onlar planetdaxili enerji potensialının cəmi
üç yüz min
ilə bəs edəcəyini bildirirlər
və planetin yenidən doğulması üçün tükənməkdə
olan enerjini potensial enerji kimi Yerin özünə
qaytarırlar.
Salvador Dali deyirdi ki,
rəsmlərimdə saatların
əriyərək axması
önəmli deyil, əsas olan onların zamanı doğru göstərməsidir. Yalçın Qocanın povestindəki zaman innovasiyalar qovşağında sanki əriyir, yox olur, mahiyyətini itirir, amma tədricən
yeni bir mexanizm işə düşür və biz qoca dünyanın yeni üzünü görürük və onun divarında zamanın göstəricisi
olan saatın heç vaxt dayanmayan əbədi ritminə köklənirsən.
Bu fərziyyəvi zaman əslində real zamanın modelidir, bu zamanın insan düşüncəsində
doğurduğu namüəyyənliyin,
diskomfortun gerçək
obrazıdır. Burda
hətta dayanmış
saat belə zamanı dürüst göstərir!
Uzun illərdi
fantastik əsər oxumurdum. Bu dəfə mövzu dünyaların savaşı deyil, dünyaların barışı
idi. Bəlkə elə bu əsər məni fentezi janrı ilə "barışdırdı".
Yazıçı Məmməd Oruc
təqdimat yazısında
yazır: "Biz görmüşük
ki, şairin arxivindən şeirlər
axar, amma Yalçın Qocanın arxivindən nəsr əsəri çıxdı
və etiraf edim ki, məhz
bu əsərini oxuyandan sonra mən Yalçın Qocanın ədəbiyyatımızdakı
yerini və ümumiyyətlə, səviyyəsini
gördüm". Və
əlavə edir ki, bu əlyazmasından
hiss elədim ki, o, böyük ideallarla yaşayırmış və
böyük ədəbiyyata
yeni bir yol başlayırmış…"
İnsan nə qədər yaşasa da, həmişə nəsə yarımçıq qalır. Təkcə ulduz körpüsünə çat düşmür, arzularımıza da, həyatımıza da və sonda ürəyimizə də çat düşür… Ömrümüzün saatı taleyimizin divarından asılıb…
Kənan HACI
Ədəbiyyat qəzeti.- 2017.- 11
noyabr.- S.19.