Rəsm kimi şeir - pitoreks sənəti
XIX əsrin II yarısından Azərbaycanın Şərq
zəminində inkişaf etmiş mənəvi mədəniyyəti
Qərb-Avropa ənənələri ilə
qaynayıb-qarışır, yeni keyfiyyətlər
qazanırdı. Qərb ədəbiyyatına xas poetika ilə
tipologiya, ölçü və meyillərinin inkişafı
janr novatorluğu istiqamətindəki axtarışlar öz bəhrəsini
verir, Azərbaycan ədəbiyyatı Qərb ənənələri
ilə zənginləşirdi. Bu, Qərb və
Şərq ənənələrinin sintezi, Qərb mənşəli
bir sıra janrların vətəndaşlıq hüququ
qazanması daha çox Rusiya və Türkiyə vasitəsilə
baş verirdi. Bəhs etdiyimiz parnassizm şeir cərəyanı
və "pitoreks" sənəti
Türkiyə ədəbiyyatına "Sərvət-i
fünun" dərgisi ilə Türkiyəyə inteqrasiya
etdiyi kimi, Azərbaycan ədəbiyyatına da Türkiyədən
gəlmədir.
Keçən əsrin əvvəllərində Qərb-Avropa
şeir ənənələri Azərbaycan romantiklərinin,
xüsusən də Hüseyn Cavidin
yaradıcılığında özünü bariz şəkildə
göstərirdi. Bu da normaldır,
çünki "Cavid azərbaycanlı müasirləri kimi
Çar Rusiyası atmosferində deyil, Türkiyə ədəbi
və siyasi mühiti içərisində yetişmişdi və
Türkiyədəki
fikir cərəyanlarından təsirlənmişdi"...
İstanbul
ədəbi mühitinin Cavidin nəzəri-estetik
görüşlərinin, sənət idealının
formalaşmasında olduğu kimi, Qərbi Avropa ədəbi-fəlsəfi
fikri ilə tanış olmasında da
müəyyən rol oynamışdır. "Sərvət-i
fünun"çu sənətkarların
yaşadığı dönəmlərdə İstanbulda
olan və onların bəziləri ilə şəxsən tanış olmaq imkanı qazanmış
Hüseyn Cavidin şeirlərində "Sərvət-i
fünun"un izləri görülməkdədir. Türkiyədəki
atmosferi yaxından izləyən şair ömrünün
sonuna qədər
"Sənət sənət
üçündür" - nəzəriyyəsinə sadiq
qalmışdır.
"Sərvət-i
fünun" sənətkarlarının ən xarakterik
xüsusiyyətlərindən sayılan xəyal-həqiqət
çatışması Cavidin şeirlərində yer alan mövzularda və üslubda
özünü göstərməkdədir. Şairin "Vərəmli
qız", "Bir rəsm qarşısında",
"Küçük bir levha" kimi şeirləri
melanxolik, həssas "Sərvət-i fünun"
mövzuları ilə eyniyyət təşkil etməklə
yanaşı, həm də "Sərvət-i fünun"
atmosferini - "tablo şeir" (pitoreks) xüsusiyyətini də
özündə əks etdirir. Bu xüsusiyyət "Sərvət-i
fünun" şairlərindən Əbdülhəq Hamid, Rəcaizadə
Mahmud Əkrəm, Tevfik Fikrət və Cənab Şəhabəddinin
şeirlərində güclü bir şəkildə
görülməkdədir, xüsusən də T.Fikrətlə
Cənab Şəhabəddində. Çünki şeirdə
sözlərlə rəsm çəkmə təmayülünə
Fikrəti və digər "Sərvət-i fünun" sənətkarlarını
sürükləyən, bu növ şeirin nəzəriyyəsini
yaradan, əsərlərini Qərb örnəklərindən,
xüsusən də fransız şairi Baudualeriedən alan Cənab
Şəhabəddin olmuşdur. Hüseyn Cavidin
də tablo şeirləri Cənab Şəhabəddinin
şeirlərilə şəkil cəhətdən olmasa da, təsviri
cəhətdən eyniyyət təşkil edir. Bu eyniyyəti
yalnız fransız şairi Baudualerie, Fikrət, Cənab və
Cavid yaradıcılığını
qarşılaşdırmaqla görmək mümkündür,
çünki yalnız müqayisəli; analoji, qohumluq və təsirlənmə
bağlarının araşdırılması ilə ədəbiyyat
nümunələrinin zaman və məkan içərisində
bir-birinə uzaq və yaxın vəziyyətləri, ədəbi
mətnlərin bir-birlərinə bənzər tərəfləri
aşkara çıxarıla bilər.
Çox
zaman mübahisə obyektinə çevrilən rəsm-şeir
əlaqəsi haqqında indiyədək bir çox fikirlər
irəli sürülmüş, birbaşa rəsm-şeir əlaqəsindən
yaranan şeirlər üçün "vizual şeir",
"tablo şeir", "portre şeir" kimi ədəbi
termindən istifadə olunmuşdur. "Vizual"
və ya "tablo şeir" adlandırılan: "oxucusunun
gözü önündə bir insanın
görüntüsünü canlandırma əyləmi olaraq
ifadə edilən portret şeirlərdə, bəyənilən
bəzi insanların fiziki, ya da ruhsal portretləri
cızılır. Bir qism portret şeirlər xüsusi
insanların ölümlərinə yazılmaqla
yanaşı, bu cür mətnlərdə ölən
insanın ən diqqətə dəyən xüsusiyyətləri,
ən təəccüblü tərəfləri
vurğulanır...
Portret
şeir xüsusiyyətləri klassik ədəbiyyatda -qəsidələrdə
görülsə də, "Divan ədəbiyyatında
"qiyafətnamələr"i xatırladan bu bənzəyişi
aşıq şeirindəki "Vücudnamə"lərdə
də izləmək olur), Avropa ədəbiyyatı portret
şeir nümunələri ilə daha zəngindir, xüsusilə
də Fransa ədəbiyyatı və qaynağını
Baudelairedən alan modern şeir. Lanson Baudelairenin şeirlərini fransız və
dünya şeirində bir çox şairi bəsləyən
"gur bir nəhrə" bənzədir. "Baudelairedən və simvolizmdən
qaynaqlanan" "bu nəhir
iki fərqli qola bölünür. Yollardan
biri Mallarme ilə Valeriyyə; digəri Rimbaud ilə
sürrüalizmə götürür." Bu şairlər
şeiri səslərdən yaranan musiqi-ahəng olaraq
görürlər: "Baudelaire modern dünyanın səslərini
öz ruhunda qavramağa və musiqi təlqini ilə
bunları açıqlamağa çalışır. Bu yol,
saf lirizmin yoludur... Rimbaudnun və Mallarmenin kəşf
edəcəyi yoldur."
Avropada modern şeirin yaradıcısı sayılan
Baudelaire 1821-ci ildə Parisdə dünyaya gəlib. Erkən yaşda atasını itirən
Baudelairenin uşaqlığı çox əziyyətlə
keçib...
Yaşadığı
dövrdə modern Parisin metropol yaşantısı üzərinə
inşa etdiyi ədəbiyyatın və tənqidi
yazıları ilə modernist estetikanın xəbərçisi
sayılan Baudelairenin "Kötülük çiçəkləri"
və "Paris sıxıntısı"nda toplanan şeirləri Rimbauddan, Mallarmeyə, Yahya Kamal,
Cahit Sıtkı Tarancıya qədər bir çox şairin
yaradıcılığına dərindən təsir edib. Onun kitabları XX əsr ədəbiyyatının ən
təsirli "bələdçiləri" olub. Şairin klassik ənənəyə, suveren
çağdaş zehniyyətlərə qarşı
üsyanı və reallığa qarşı gəldiyi
obrazı zamanında şeirlərinin qadağan olunması ilə
nəticələnib. C.Baudelairedəki bu
etiraz və obraz, sonradan Fransada modern şeirin təməllərində
olan avanqard sənət və ədəbiyyatı yaradıb.
Ədəbiyyat
tarixinə bu qaydanı gətirən Baudelairenin
Türk şeirinə böyük təsiri olub. Hilmi Uçan
bu təsirndən bəhs edərək yazır: "Hər
şairimiz bir az Baudelaireçi olmaqla
suçlanmışdır. Baudelairenin "Le
Spleen de Paris" adlı nəsir - şeir şəklində
yazılmış olan kitabının sonunda "Epilogue"
adlı bir şeiri vardır. Bu şeir
paytaxt Parisi təsvir edən bir şeirdir. Tevfik Fikrətin
"Sis" adlı şeiri, Yahya Kamalın "Sis"ə
bir qarşılıq olaraq yazdığı "Sisdə
söyləniş" şeirləri də paytaxt İstanbulu
təsvir edir. Bu şəhər təsvirləri
çərçivəsində ortaya bir baxış
açısı, bir dünyagörüşü qoyulur."
Hilmi Uçanın adını çəkdiyi
bu şairlərə; Tevfik Fikrət, Yahya Kamal və Baudelarieyə
Hüseyn Cavid də və İstanbulu təsvir edən
"Uçurum" əsərini də əlavə edə
bilərik.
Türk
şeirinin yaşayan əfsanələrindən olan Tevfik Fikrətlə
tanışlığı Cavid
yaradıcılığına Fikrətanə mövzu və
üslub, Avropa ədəbiyyatından gəlmə sonet
növü və pitoreks sənətini gətirmişdi. Sonet
və portret şeir biçimində şeirlər yazan Cavidin
"Çəkinmə, Gül!.." və "Bən istərim
ki…", "Vərəmli qız", "Hər yer səfalı,
nəşəli", "Uyuyor", "Bir rəsm
qarşısında", "Küçük bir levha",
"Şeir məftunu", "Son baharda", "Dəniz pərisi"
kimi şeirləri bunun gözəl örnəkləridir. Cavidin bu şeirlərində
rastlandığımız pitoresk sənətinin xüsusiyyətləri
Fikrət və Cənab Şəhabəddin şeirlərindən
qaynaqlanır. Bu səbəbdən,
"Cavidin tablo şeirləri Cənab Şəhabəddinin
şeirləriylə şəkil yönündən olmasa belə,
təsviri anlatmaq xüsusiyyətləri yönündən bənzərliklər
göstərməkdədir." Üslubu
daha çox təsvir ağırlıqlı olan Cavid sifətlərdən
sıx-sıx istifadə edərək tablo şeir xüsusiyyətlərinə
uyğun şeirlər yazıb. Şeirlərinin
ən mühim mövzularından olan təbiət Cavid
üçün gizli bir xəzinə, kainat isə əzəli
bir kitab kimidir. Belə ki, təbiətlə
iç-içə olan və təbiəti cənnət qədər
gözəl və möcüzəli görən, təbiətin
gözəlliyi ilə fərəhlənməkdə olan
şair, həm də təbiətdə ədəbi bir səfa
tapmaqdadır.
Şairin
"Bən istərim ki..." soneti formal bir yenilik
arayışı olaraq dəyərləndirilə bilər:
Bən
istərim ki, gözəllər, bütün gözəlliklər
Uzaq-uzaq, pək uzaq bir üfüqdə əylənsin.
Uzaq və
incə təbəssümlərilə şamü səhər
Həyata nuri-səfa sərpərək çiçəklənsin.
Uzaqda var əbədiyyət ki, başqa nemətdir.
Cihanı
cənnətə təşbih edər də bir şair,
Gözəl
bir afəti bəzən mələk sanır, sevinir,
Fəqət
səadəti - aldanma, pək müvəqqətdir!
Cavidin şeirlərində "Sərvət-i
fünun"dan, məxsus da Tevfik Fikrətdən gələn
mövzu, forma və uslub bənzərliyinin olması təbiidir. Onun əsərlərindəki
xəyal-həqiqət çatışması, "Vərəmli
qız"da istifadə etdiyi kəlmələr, "Bir rəsm
qarşısında", "Küçük bir
levha"dakı melanxoli, xüsusilə də, "tablo
şeir" - pitoreks xüsusiyyəti "Sərvət-i
fünun" atmosferini hiss etdirir (bu xüsusiyyət "Sərvət-i
fünun"çulardan Əbdülhəq Hamid, Rəcaizadə
Mahmud Əkrəm, Tevfik Fikrət və Cənab Şəhabəddində
də özünü göstərməkdədir). Əslində, şeirdə
sözlərlə rəsm çəkmə təmayülünü
Qərb örnəklərindən alan Cənab Şəhabəddindir.
Cənabda bu, sözlə rəsm çəkmə
hələ Avropaya getməmişdən əvvəl nəşr
etdirdiyi "Tamat" adlı kitabında özünü
göstərir. Cənab Şəhabəddin
"Yatıyor" adlı mənzuməsində yatmış
gözəli təsvir edərək yazır:
"Dilber
yatıyor, ne ülviyyane,
Saçlar dağınıq, yanakta tel tel.
Dalğın
uyuyor, tebessüm etmiş,
Kudret sanırım tecessüm etmiş."
Cənabın
"Yatıyor" şeirindəki ab-havanı Cavidin "Rəqs"
şeirində izləmək mümkündür:
"Titrək,
dağınıq, şuxü füsnkar,
Qumral, sarışın, dalğalı saçlar.
Ənzari
tamaşagərə yollar
Mənsur olaraq bir yığın əşar.
Gahi olub əzvaqilə
sərşar,
Pürxəndə
edər hər ləbi-səhhar
Parlaq və bəyaz incilər işar."
"Sərvət-i fünun"dan gələn ab - havaya
- pitoresk sənətinin xüsusiyyətlərinə Cavid
şeirlərində sıx-sıx rast gəlirik. Şair
üçün gizli bir xəzinə olmuş təbiət
Cavid şeirinin ən mühim mövzularından olub. Təbiətlə iç-içə olan və təbiəti
cənnət qədər gözəl və möcüzəli
görən, təbiətin gözəlliyi ilə fərəhlənməkdə
olan şair həm də təbiətdə ədəbi bir səfa
tapmaqdadır. Şeirlərində ("Hər yer səfalı
nəşəli") təbiətin gözəlliklərindən
bəhs edən, əsl cənnətin "Vüsal-i yar",
"Didar-i yar" olduğunu dilə gətirən şair
yazır:
"Seyr
eylədikcə bən şu gözəl kainatı, həp
Ruhum uçar, uçar, əbədi bir səfa duyar.
Cənnət
qədər bu mənzərə möcüznüma... fəqət
Həp bisəmər, deyilsə nəsibim visali-yar.
Didari-yar, iştə odur cənnətim bənim."
Qeyd edək ki, yalnız şeirlərində deyil, Cavidin
bütün əsərlərində füsunkar təbiət
özünün bir parçası ilə
çıxış edir. Çiçəklər,
çinar, sərv, bağça, ağaclıq, xiyaban,
gül dəmətləri romantik sənətkarın pyeslərində
təbiətin "səlahiyyətli səfirləri"
kimidir. Çünki Fikrət kimi, rəssam-şairlik
Cavidin də boyuna biçilib. Hər iki
şairin əsrarəngiz lirikasına nəzər salanda buna qənaət
gətirməmək mümkün deyil. Hər
ikisinin də yazdığı şeirlərdə təbiətin
gözəl mənzərələrini yaratması bir rəssam
gözü ilə görülüb, şair qələmi ilə
yazılmış "ictimai-psixoloji lövhə"lərdir.
Məsələn, Tevfik Fikrət "Mavi dəniz"
şeirində yazır:
"Saf
ve rekaid... hani akşamkı
tağayyur
heyecan?
Bir
çoçuk ruhu kadar pür-nisyan
Bir
çoçuk ruhu kadar şimdi
münevver, lekesiz,
Uyuyor Mavi deniz".
Türk ədəbiyyatına
ilk dəfə Fikrətin "Mavi dəniz"i ilə
mövzu olan dəniz ədəbiyyatımızda Cavidin "Dəniz
tamaşası"
şeirinə mövzu olur:
"Günəş
gürub ediyor;
göy
mühitimiz gömgöy…
Göz işlədikcə könül uçmaq üzrə
çırpınıyor.
Günəş
gürub ediyor;
göy
fəza, dəniz gömgöy…
Uzaqda, yalnız ufuqlarda var bir aləmi-nur."
Üslub ehtibarı ilə Fikrətin eynisi olan, hər
iki şeirdə sanki insanın gözü önünə
şair əliylə işlənmiş, maviliyini
gördüyümüz, pıçıltılarını
duyar kimi olduğumuz bir dəniz tablosu sərilib. Verdiyimiz
nümunələr - Cavidin "Dəniz tamaşası"
şeiri ilə Fikrətin "Uyuyor mavi dəniz"i
tablo-şeirin ən gözəl örnəkləridir, deyə
bilərik. Sənət
anlayışları üst-üstə düşən,
"sənət sənət üçündür" nəzəriyyəsi
ilə yazıb-yaradan bu sənətkarların; Fikrətin
"La Dans Serpantin"i ilə Cavidin "Rəqs"
şeirində sənət qarşısında duyulan təəssüratların
şeir yolu ilə təqdim edilməsi diqqət çəkicidir.
İzlədiyi bir rəqsi şeirləşdirən Fikrət
gözlə görülən bir gözəlliyi şeirinə
mövzu seçməklə möhtəşəm bir "vizual-tablo
şeir" yaradır:
" Sanat sarı, mor, penbe, yeşil, kırmızı, mavi
Elvan-ı
zıyaiyyeye bir kudret-i cevlan
Bahşeylerek;
hepsi per?ler gibi mahf?,
Mahfi ve
sükunetli adımlarla şitaban
Etrafını birden sarıyorlar; o semai.
Bir t?de-i ezhar-ı muhayyel gibi lerzan,
Lerzan
ü perişan dönüyor Bir şeb-i safi
Tenvir ediyor sanki bir avize-i raksan".
Gördüyü
real bir mənzərəni şeirə gətirən Fikrət
kimi, Cavid də şeirində röya və gerçək
dilemması ilə görüntünü şeirləşdirib:
"Ruhum
yine lebriz-i saadet…
Ya Rab, bu
ne tufan-i letafet!?
Gökten
yere inmiş gibi cennet,
Yer yer saçılır nur-i meserret.
Hep kol
kola pürşevk ü şetaret
Raks etmede
- azade-i sanat-
Ervah-i
latif-i melekkiyyet
Envare
bürünmüş kibi her yer,
Aheng-i
meserretle gülümser;
Bin naz ile
her çehre-i dilber
Arz etmede
bir neşe-i diğer;
Gözlər, hələ gözlər, hələ
gözlər!"
Ümumiyyətlə,
Hüseyn Caviddə öz qaynaqlarını türk romantizmindən
alan məsələlər çoxdur.
Caviddə Əbdülhəq Hamid şeirlərindəki fəlsəfi
düşüncə, üslub və romantik xüsusiyyətlər,
üslubundakı təzadlı ifadə tərzi, Namiq
Kamalın zülm və haqsızlığa üsyanı, vətən
və hürriyyət aşiqliyi, sosial mövzulara çox yer
verməsi, millətin dərdinə tərcüman olması,
Tevfik Fikrətin isə dil, şəkil və üslubu
görülməkdədir. Cavid kainatın mənasını
eşq və sevgi, həyatın əsasının isə elm
olduğunu müdafiə edən Fikrətin humanist və bəşəri
tərəflərindən də təsirlənmiş, "Mənim
tanrım gözəllikdir, sevgidir" - deyərək Fikrətlə
eyni düşüncələri paylaşmışdır.
Bunu yalnız Hüseyn Cavidin yaradıcılığına
aid etmək doğru deyil, çünki bu təsirlənmə
o dövrün romantik şairlərinin hamısında hiss
olunmaqdadır. Hətta Cavidin müəllimi Rza Tevfikin
şeirlərində də Hamidin, Fikrətin təsiri ilə
yazılan şeirlər var, xüsusən də,
yaradıcılığının birinci dövründə əruz
vəznində təbiət mövzusunda yazdığı
şeirlərində Tevfik Fikrətin dərin təsiri hiss
olunur. Bu şeirlərdə Rza Tevfik sözlə
təbiətin gözəlliyinin portretini yaradır. Təbiətin
sözlə portretini yaradan şair
"Meal-i tabiat" şeirində müxtəlif təsvirlərindən;
dağlar, səma, ilğım, göy cisimləri (ecram-i bi
hisab), torpaq və s. istifadə etdiyi bu şeirdə "Təbiətdir
şəriət" - fikrini paylaşan Əbdülhəq
Hamidə çox yaxındır.
Bütün bunlar göstərir ki, keçən əsrin
əvvəllərində fransız ədəbiyyatının
təsiri altında olan "Sərvəti-fünun" ədəbiyyatının
Türk ədəbiyyatında əhəmiyyətli bir yeri
olmuşdur. Və
"Sərvət-i fünun"un türk ziyalılarında
olduğu kimi, XX əsr Azərbaycan ədəbiyyatında
türk təfəkkürü ilə düşünən və
yazan Hüseyn
Caviddə də böyük izlər
buraxmışdı. Türkiyəyə "Sərvət-i
fünün" dərgisi vasitəsi ilə girmiş Qərb
şeir ənənələrinin romantik şair Hüseyn
Cavidlə Azərbaycan ədəbiyyatına gətirilməsi
Azərbaycan ədəbiyyatında ilk mənzum dramın
yaranması, sonet
və portret, tablo şeirlərin yazılması ilə nəticələnmişdir.
Lütviyyə Əsgərzadə
Ədəbiyyat qəzeti.- 2017.- 11
noyabr.- S.12-13.