Özdəmir İNCƏ
KİÇİK QIZA
Xəyalımda
heykəlini
düzəltdim sənin,
qoydum
bənövşəyi dan yerinin
sahilinə,
gəlib
saçlarında yuva qurdu Ay,
quşlar
təkcə səninlə danışdılar,
çiçəklər
təkcə səninlə danışdılar -
anladın
dərdlərini,
gördün
yaralarını...
Səhərin
saat beşi
qardaşındır sənin,
çölün
çakıl daşı
qardaşındır sənin,
gün
batarkən -
bənövşə
olacaqlar,
əyinlərinə
rəngli
köynək geyəcəklər.
tək
sən anladın
onların dərdlərini,
tək
sən gördün
onların yaralarını...
Yeni
bir sözlük yaratdın,
özün
üçün,
quşlar
üçün,
çiçəklər
üçün,
çakıl
daşları üçün...
Ev -
nəfəsi kəsilmiş,
bənizi solmuş at,
məktəb
- sürgün yeri,
göy
üzü - yoxdu, yox,
küçə
- gedər-gəlməz,
dünya
- aşılması zor divar,
yuxu
- tək sığınacaq...
-
Ölümdən qorxmadınmı,
kiçik
qız?
-
Yox, çünki çox ölü gördüm:
göydən
yağan quşları,
can
çəkişən pişiyi,
səsi
kəsilən ağacları...
Bir
şəhərin öldüyünü gördüm,
ölümün
öldüyünü gördüm.
Xəyalımda
heykəlini
düzəltdim sənin,
qoydum
bənövşəyi dan
yerinin
sahilinə...
Hazırladı: Dilsuz
Ədəbiyyat qəzeti.- 2017.- 11
noyabr.- S.17.