“Ceyhun çox
yaşamayacağını,
taleyinin yarıda kəsiləcəyini hiss
etmişdim...
Görünüşü ilə
fransız aktrisalarını xatırladan, istedadı və zəhməti
ilə həm də onlardan geri qalmayan Elmira Şabanovanın
adı gələndə yadımıza müxtəlif film
adları düşür: "Ötən ilin son gecəsi",
"Gəmi saatının sirri", "Təhminə",
"Fəryad" və s. Sinədən gələn səsi,
qüssəli, lakin qüssəli olduğu qədər də
dolğun baxışları həmişə
tamaşaçıların yadındadır. O özü də
bunun fərqindədir. Və bu gün həyatda xalq sevgisinə
görə özünü xoşbəxt sayır. "Dördüncü
divar" layihəsinin bugünkü qonağı xalq artisti,
gözəl sənətkarımız Elmira Şabanovadır.
Noyabrın 1-i Elmira xanımın ad günü idi. Fürsətdən
istifadə edib qəzetimiz adından ona can sağlıgı
arzu edirik.
- Elmira xanım, kino sözü
işlənəndə hansı hissləri
yaşayırsınız?
-
Bilirsiniz, kino dedikdə hər şey vəhdət təşkil
etməlidir. Rejissor
işi, operator işi, musiqi və s. hamısı bir-birini
tamamlamalıdır. Kino serial deyil axı. İndiki seriallar necə deyərlər, teletamaşa
xarakteri daşıyır. Digər tərəfdən
kinonu anlamağın, hiss etməyin əsaslarından biri də
ona geniş ekranda, kinoteatrda baxmaqdan ibarətdir. Kino maqnit kimi ekrandan tamaşaçının fikirlərini
özünə çəkməlidir. Yəni
demək istədiyim odur ki, kino tərbiyəvi əhəmiyyət
daşıyır, insanlara necə yaşamağı, necə
davranmağı öyrədir.
Sovet dövründə xaricdən gələn filmləri
yalnız kino işçilərinə göstərirdilər. Çünki
o zaman filmlərdəki intim səhnələri, oğurluq və
ya saxtakarlıq mövzularını sovet insanına göstərmirdilər.
Rəhmətlik həyat yoldaşım Rüfət
Şabanov və mən kino ittifaqının üzvü
olduğumuzdan biz həmin filmlərə baxa bilirdik. Bəzən intim səhnələr olanda mən
baxmağa utanırdım. Çünki sovet
insanının tərbiyəsi də indikinə baxanda bir az fərqli idi.
- Sovet dövrü ilə indiki
dövrün fərqi nədədir?
- O
vaxtı bizim filmləri xarici festivallara göndərmirdilər.
Rusiya yalnız öz filmlərini
yollayırdı. Bir də gürcü
filmlərinə üstünlük verilirdi. Bizim filmləri ən yaxşı halda
"Mosfilm"də göstərirdilər. Düzdür, o zaman da bütün filmlərimizin
yaxşı olduğunu demək doğru olmazdı. Amma hər halda, filmlər çəkilirdi. Sadəcə olaraq bu filmlərin kənara
çıxmasına imkan yaradılmırdı. İndi bu barədə elə yaxşı imkanlar
yaradılıb ki, filmlərimiz kənara çıxa bilir.
Misal üçün bu yaxınlarda təqdim olunan "Nar bağı"
filmi. Düzdür həmin filmə mən tam
olaraq baxmamışam. Amma baxın,
rejissoru gəncdir və film çəkiləndən sonra
yüksək festivallara göndərilir. Və
yaxud da Yavər Rzayevin ekranlaşdırdığı
"İlahi məxluq" filmi mənim çox xoşuma gəldi.
Düzdür, çox adam həmin filmi
açıq-saçıq səhnələrə görə
qınadı. Amma axı kino da incəsənətdir.
Necə ki, rəssamlar açıq-saçıq
rəsm əsərləri çəkirlər, eləcə də
filmdə də belə kadrların olması lazımdır.
Əsas odur ki, yaranan ekran əsəri insanı
qıcıqlandırmasın.
O
vaxtı, Allah rəhmət eləsin, Heydər Əliyev gənclərin
bir çoxunu oxumaq üçün Ümumrusiya Dövlət
Kinematoqrafiya İnstitutuna göndərirdi. Mənim
oğlum Fuad Şabanov da həmin institutun tələbəsi
olub. Oranı bitirən gənclərin
çəkdiyi filmlər hamısı yaxşı idi.
Bilirsiniz, qızım, hər şeyi dövlətdən
də tələb etmək olmaz. Ola bilər ki, dövlət
tam olaraq diqqət ayıra bilməsin. Amma
sənət adamının özünün qazana biləcəyi
xalq sevgisi olmalıdır.
- Elmira xanım, ikinci dəfə
kinoya qırx yaşından sonra gəldiniz. Yəqin ki,
peşmançılıq, təəssüf hissi
yaşamısınız...
- Bizim ailəmizdə
ümumiyyətlə kinoya yaxın adam
olmayıb. Anam həkim, atam isə neftçi
olmuşdu. Mən də həddindən
artıq utancaq qız idim. Aktrisa
olacağımı heç bir vaxt düşünməmişdim.
Amerika aktrisası Qreta Qarbonu ekranda görəndən
sonra kino sənətini sevdim və sözün əsl mənasında
aktrisa olmağa qərar verdim. O vaxtı mənim ilk kino
debütüm "Əsl dost" filmində olub. Daha sonra on yeddi yaşında "Səhər"
filmində Sevda roluna çəkildim. Lakin əvvəl
atam, sonra da ailə qurandan sonra həyat yoldaşım mənə qadağa qoydular. Mən həyat yoldaşımı başa
düşürdüm. Bizim insanlarımız bir az başqa cürdür. O, bilirdi ki, mənim
istedadım var. Amma həmişə deyirdi ki, Elmira, məhəbbət
filmində bircə rol ifa etsən, o dəqiqə şayiə
yayılacaq ki, sən mənə xəyanət edirsən.
Ona görə də mən qırx yaşa qədər
ancaq pedaqoji fəaliyyətlə məşğul oldum. Bundan sonra isə
rejissorlar mənə ancaq ana rolları verdilər. Amma mən sizə açıq deyim ki, əsas xalq
sevgisidr. Və mən bu sevgini qazana bildim.
Yəni qadağalar olsa da, bu sənəti sevdim.
- Elmira xanım, bəlkə elə o
dövrdə olan qadağaların nəticəsində insanlar
sənəti çox sevirdilər, ona doğru indikinə nisbətən
daha ciddi yanaşırdılar?
- Əlbəttə
ola bilər... Amma yenə də
deyirəm dövr dəyişdi. Hər
şey başqalaşdı. O zaman dilin, dinin fərqi yox
idi. Mağazalarda indiki kimi bolluq olmasa da, insanlar
şən və mehriban idilər. O vaxtı mənim
Fransadan bir qohumum bizə qonaq gəlmişdi. Biz
onu müxtəlif yerlərə gəzintiyə
aparırdıq. Bir müddət
sıxılırdı, amma sonra bizim kimi sadə olmağa məcbur
olurdu. Axırda həmin adam bizə
dedi ki, mən sizinlə şənlənməkdən yoruldum.
Ət tapırsınız sevinirsiniz, yağ
tapırsınız yenə də sevinirsiniz. Siz necə də
maraqlı yaşayırsınız... Yəni
demək istədiyim odur ki, sovet dövrünün insanı
maddiyyata yox, mənəviyyta, ruhi rahatlığa
üstünlük verirdi. Amma indi kapitalizm
hər yeri əhatə edib.
- Atanızın, sonra da həyat
yoldaşınızın qadağasına baxmayaraq, siz Azərbaycan
kinosunun ən yaxşı qadın simalarından birinə
çevrilə bildiniz. Sizcə, bu tale idi, ya
istedad?
- O zaman
İncəsənət Universitetində indiki dillə desək,
üç ulduz vardı. Mən, Şəfiqə
Məmmədova və Amaliya Pənahova. Düzdür,
onlar məndən üç-dörd yaş kiçik idilər.
Amma biz bir dövrdə oxumuşuq. O
vaxtı rəhmətlik Tofiq Kazımov məni teatra
çağırdı ki, bəs "Sən həmişə
mənimləsən" tamaşasında Nargilə rolunu ifa
edim. Həmin pyesi İlyas Əfəndiyev sanki mənim
üçün yazmışdı. Çünki
mənim yoldaşım da məndən xeyli böyük idi.
Tofiq müəllim çox istədi ki, mən həmin
tamaşada ifa edim. Amma Rüfət
qoymadı. Qızım da balaca idi. Yeni doğulmuşdu. Sonra həmin
rolu Amaliya Pənahovaya verdilər. Daha sonra
Mehdi Məmmədov "Canlı meyit" tamaşasına,
"Hamlet" tamaşasının radio versiyasına dəvət
etdi. Hətta bu barədə özü
yoldaşımla danışdı. Amma o, "Canlı
meyit" tamaşasına yox, birtəhər "Hamlet"
tamaşasına razılıq verdi. "Canlı meyit" tamaşasında isə Şəfiqə
Məmmədova ifa etdi. Təvazökarlıqdan
uzaq olsa da, o vaxtın rejissorları nəsə məndə
istedad görmüşdülər ki, filmlərə,
tamaşalara dəvət edirdilər. Yadıma elə
Tofiq Kazımov, Adil İskəndərov, Mehdi Məmmədov, Məhərrəm
Aşumov kimi rejissorların tamaşa, film təklifləri
düşür. Və mən onların hamısına yox
cavabı verirdim... Adil İskəndərov məni teatra dəvət
edəndə deyirdi ki, sən çox böyük aktrisa ola bilərsən, ailəyə bu qədər
bağlılıq səni geri atır. Amma mən
yenə də ailəni seçdim. Yoldaşım
məni çox sevirdi, o, məndən yaşca böyük
olsa da, mən də onu sevirdim və başa
düşürdüm. İstəmirdim ki,
mənə görə ona nəsə söz gəlsin. Heç indinin özündə də mənim
adım heç bir zaman hansısa qalmaqalda, dedi-qoduda
hallanmayıb.
Ancaq sizə
deyim ki, həyatımdakı qadağalara görə çox
ağladım... Lap çox... Çünki sənəti,
kinonu çox sevirdim.
Ancaq görün mən necə xoşbəxt adamam ki,
qırx yaşımdan sonra arzuma yetdim. Düzdür,
istədiyim, arzusunda olduğum rollar artıq geridə
qalmışdı. Amma yenə də siz
deyən kimi, kinoda izim qaldı. Yəqin ki, istedad idi...
- Yaşınızın bu
çağında nəyə heyifislənirsiniz?
- İndiki zəmanədə doğulmadığım
üçün çox heyifislənirəm. İndiki
dövrdə doğulsaydım, xaricə də gedərdim,
tamaşalrda da ifa edərdim. Yəni
özümü bir aktrisa kimi gənckən təsdiq edərdim.
Bu baxımdan indiki gənclərə çox
böyük imkanlar yaradılıb ki, Azərbaycan
xalqının incəsənətini hansısa ölkənin
vasitəsilə yox, müstəqil ölkə kimi birbaşa kənarda
təqdim edə bilirlər.
- Son dövrlər çəkilən
filmləri, serialları izləyirsiniz?
- Filmlərə
imkan düşdükcə baxıram, təbii ki. Elə seriallara da baxıram. Amma
sizə deyim ki, kinomuz indi yuxu dövrünü yaşayır.
Güman edirəm ki, bu yuxu dövrü bitəcək,
bizdə də yaxşı filmlər çəkiləcək.
O ki, qaldı seriallara, bu baxımdan narazıyam. Bizim bugünkü seriallarımız demək olar ki,
türk seriallarının eynisidir. Ssenaridən
tutmuş, aktyor ifasına qədər hamısı türk
seriallarından götürülür. Axı
niyə? Əvvəllər onlar bizə
baxıb nəsə götürürdülər, indi isə
tərsinə olub. Bizim seriallarda hamı
bahalı evlərdə yaşayır, bəzəkli kabinetlərdə
əyləşir. Sən demə
hamımızın qulluqçusu var. Ucdantutma hamı da mafiya
rəhbəridir (gülür). Rejissorlar bu
günün reallığını öz seriallarında əks
elətdirə bilmirlər.
Bu gün ümumiyyətlə bizdə ən
böyük problem ssenari problemidir. Düzdür
Elçin, Natiq Rəsulzadə hardasa bu boşluğu
doldururlar. Amma ssenari bir-iki nəfərlə bitmir axı... Həyatı, reallıqları yazmaq və çəkmək
lazımdır ki, bu gün böyüyən gənc nəsil
üçün örnək olsun.
- Elmira xanım, sizə ilk dəfə
zəng vuranda ad günü ərəfəsindəydiniz. Və
danışmaq istəmədiyinizi, incik olduğunuzu dediniz. Nədən inciksiniz?
-
Baxın, müxtəlif kanallar açılıb. Elə götürək "Mədəniyyət"
kanalını. O kanalın bizə, sənət
adamlarına aidiyyəti yoxdur? Niyə axı sənət
adamlarına öləndən sonra qiymət verirlər? Mənim üçün bu, o qədər də
vacib deyil. İnanın. Amma axı xalq artistiyəm, Prezident təqaüdçüsüyəm.
Bu adı mən elə-belə yerə
qazanmamışam, dövlət verib. "Mədəniyyət"
kanalı mənim ad günümü qeyd etməklə və
ya bir kəlmə ilə efirdən məni yada salmaqla axı
heç nə itirmir. İnanın ki, mən
küçəyə çıxa bilmirəm. İnsanlar səsimdən məni tanıyır və
öz sevgisini bildirir. Sadəcə olaraq, mən
diqqəti öz sağlığımda görmək,
eşitmək istəyirəm. Əgər
mən öləndən sonra haqqımda təriflər deyəcəklərsə,
məni yada salacaqlarsa, lazım deyil. Və
qızım, sizdən xaiş edirəm ki, bu sözlərimi
mütləq qeyd edin.
- Elmira xanım, bayaq qeyd etdiniz ki, həyat
yoldaşınız sizdən böyük olub. Üstəlik də
sənət qadağaları... Bəs sizi ona bağlayan
Rüfət müəllimin hansı xüsusiyyəti idi ki,
çox şeyi ona qurban verdiniz...
- Yəqin
ki, mənə olan sevgisi. Məni çox sevirdi... O, çox
ziyalı insan idi. Ailəsinə,
uşaqlarına qarşı çox qayğıkeş insan
olub.
- Otuz beş illik pedaqoji fəaliyyətiniz olub. Tələbələrinizdən
kimlərin adını çəkə bilərsiniz?
-
Aktyorları nəzərdə tutursunuzsa, çox olub. Rita Əmirbəyova, Lyudmila Duxovnaya, Əliqismət
Lalayev, İnarə Tağızadə, Firdovsi Atakişiyev,
Nataliya Şarovskaya. Bu adlarını
çəkdiyim aktyor nəslinə mən rejissorluqdan dərs
demişəm. Otuz beş il az vaxt
deyil axı. Çox yorulurdum. Dəfələrlə işdən çıxmaq
istəyirdim. Yoldaşım qoymurdu. Deyirdi mən öləndən sonra çıxarsan.
Elə o, rəhmətə gedəndən sonra
da işdən çıxdım.
- Ceyhun Mirzəyev sizi "Fəryad"
filmində öz anası obrazına çəkdi. Ceyhun Mirzəyevi necə xatırlayırsınız?..
- Ceyhun
istedadlı insan idi. Onunla "Əsl dost" filminin çəkilişi
zamanı tanış olmuşdum. Ceyhun o filmdə Fərmanın
uşaqlığını ifa edirdi. Rüfət
Şabanov isə filmin ikinci rejissoru idi. Rüfət
mənə həmin filmdə vurulmuşdu. Ceyhun da mənə vurğun idi. Həmişə
mənə yaxınlaşıb deyirdi ki, o kişi
qocadır, sən onunla ailə qurma, bir az böyüyüm,
özüm səninlə evlənəcəm (gülür). Sonra Ceyhun İncəsənət Universitetinin
aktyorluq fakültəsinə qəbul olundu. Mən ona universitetdə dərs demişəm.
Həddindən artıq yaxşı və
istedadlı insan idi. Bir gün zəng vurdu
ki, Elmira xanım, sizi ana obrazına çəkmək istəyirəm.
Rol o qədər də böyük deyil, amma mənim
anamı ifa edəcəksiniz. Mən Ceyhuna
heç bir vaxt rədd cavabı verə bilməzdim.
Həmin film çox
ağır dövrdə, çətin şərtlər
altında çəkilirdi. Birini tapanda, o birini
tapmaq olmurdu. Ceyhun "Fəryad" filmini
çəkərkən çox əsəb və həyəcan
keçirtdi. Bəlkə də elə ona görə
çox erkən köçdü həyatdan... Mən sizə bir söz deyim, həmin filmdə mən
olan kadrların çəkilişi zamanı Ceyhun məni ana
deyib çağıranda, sanki mənimlə
vidalaşırdı. Ya da mən özüm Ceyhunun
çox yaşamayacağını, taleyinin yarıda kəsiləcəyini
hiss etmişdim... O kadrlardakı baxışları indi də
yadıma düşəndə tüklərim biz-biz olur. Heyif
Ceyhundan. Çox tez ayrıldı həyatdan...
- Böyük sənət
adamları ömürlərinin ahıl yaşında təkliyi
seçirlər. Siz də tək
yaşayırsınız. Təkliyi də
istirahətinizin bir növü hesab etmək olar?
- Mənim
cavanlığım elə dolğun, qaynar keçib. Universitet, teatr, kino çəkilişləri, ailə
mənim həmişə hərəkətdə
olmağıma səbəb olub. Sonralar
uşaqlar böyüdü. Qızım ərə
getdi, oğlum Moskvaya oxumağa. Biz ikimiz həyat
yoldaşımla tək qaldıq. Amma onda
da həyatımız maraqlı keçirdi. İndi sakitlik arzulayıram. Qızım
da, oğlum da tez-tez zəng vururlar. İndi
də görürsünüz bir neçə dəfə zəng
etdilər. Amma mənim üçün belə
yaşamaq, sakitlik daha rahatdır...
Söhbətləşdi: Samirə
Əşrəf
Ədəbiyyat qəzeti.- 2017.- 11
noyabr.- S.18-19.