Əbədiyyət karvanı
Azərbaycan dili haqqında publisistik
düşüncələr
Əvvəli ötən
sayımızda
Professor Nəsir
Məmmədov "Mirzə Fətəli Axundovun dili"
mövzusunda namizədlik dissertasiyası yazıb uğurla
müdafiə edərək elmi fəaliyyətinə dil tarixi
sahəsində başlasa da, otuz il müddətində Azərbaycan
Dövlət Universitetində, ondan əvvəl isə müxtəlif
ali məktəblərdə "Dilçiliyə
giriş" fənninin yeganə tədrisçi və tədqiqatçısı
olmuş, bu sahənin ağır elmi-pedaqoji yükünü
şərəflə daşımışdır. Onun "Azərbaycan
dilçiliyinin nəzəri əsasları"
monoqrafiyası, "Dilçiliyin əsasları", sonralar
professor Ağamusa Axundovla birlikdə yazdığı
"Dilçiliyə giriş" kitabları öz
elmi-pedaqoji dəyəri ilə bu gün də Azərbaycan
dilçiliyinin uğurlarından sayılır. O, fədakar alim, ustad müəllim,
böyük vətəndaş idi. Yaratdığı əsərlərdə
Azərbaycan dilinin nəbzi döyünürdü. Ümumi həcmi 130 çap vərəqindən
artıq olan bu əsərlərin hər biri dilimizə,
xalqımıza sonsuz sevgi, tükənməz ehtiramla
yazılmışdı. Mühazirələrində Qərbin
böyük dilçi-filosoflarından, xüsusilə,
Sössür və Leybnisdən tez-tez sitatlar gətirirdi; məsələn,
"Mənə mükəmməl dil verin, sizə mükəmməl
mədəniyyət verim" - bunu dahi alman filosofu Leybnis sanki
bizim Azərbaycan dili haqqında deyib - həyəcanlı jestlərlə
söyləyirdi və bizi inandırır, heyrətləndirirdi.
On illər boyu dərs dediyi minlərlə tələbəyə,
müəllimə, yüzlərlə nüfuzlu ziyalıya,
yetişdirdiyi onlarla alimlə beləcə qəlbindən
işıq, nur verirdi, onları gərgin, həyəcanlı
enerji axınlarına qoşur, bir anda möcüzə
yaradırdı əməkdar müəllim, professor Nəsir Məmmədov...
O
böyük müəllimlərin yolunu şərəflə
davam və inkişaf etdirən, Azərbaycan dili və
dilçiliyinin keşiyində ləyaqətlə dayanan alimlərimiz
dünən olduğu kimi, bu gün də var. Bu məqamda
onlardan biri, akademik Nizami Cəfərov haqqında bir neçə
kəlmə deməsəm günah olar.
7. Müasir sənətdə
darıxan dil
və ya böyük əsərlər
intizarında
Bu gün
Azərbaycan dilçiliyi və ədəbiyyatşünaslığını
Nizami Cəfərovsuz təsəvvür etmək mümkün
deyil. O, ədəbiyyatımızın ilk və ən
böyük Nizamisindən sonra dilçiliyimizin ən
böyük Nizamisidir. Bu
yarızarafat-yarıgerçək yazdığım cümlənin
həqiqətinə və ədalətinə tam səmimi
olaraq inanıram. Və bu inam azı on illik yaxın, praktik
müşahidələrimin nəticəsidir. Məsələ ondadır ki, Nizami
Cəfərov on ildən artıq müddətdə Azərbaycan
Televiziyasının "Azərbaycan dili" elmi-publisistik
proqramının aparıcısı olub. Mənim rəhbərlik etdiyim
"Ədəbi-dram verilişləri" baş
redaksiyasında hazırlanan, hərəsi 45 dəqiqə həcmində
olmaqla 300-dən artıq sayı efirə gedən həmin
möhtəşəm telesilsilənin hər
buraxılışında Nizaminin alim və vətəndaş
böyüklüyünün, onun çox geniş elmi təfəkkür
miqyaslarının şahidi olmuşam.
Akademik
Nizami Cəfərov elə alimlər cərgəsinə mənsubdur
ki, onların elmi əsərlərində,
çıxışlarında, hətta adi söhbətlərində
müasir Azərbaycan, bütövlükdə
türkologiyanın, türk-oğuz dilçiliyi və ədəbiyyatşünaslığının
elmi-nəzəri idrak miqyasları görünür, təfəkkür
hüdudları müəyyən olunur. O, təxminən, 1500 illik ədəbi
düşüncə, bədii şüur hərəkəti
yollarımızın ağ səhifələrini yazmaqla,
unudulan, bəzən də gizli-aşkar imperiya niyyətləri
ilə unutdurulan mübarizə və qələbələrini
yenidən yada salmaqla, əsas strateji hədəfləri
xatırlamaq və xatırlatmaqla, dilimizin və
dilçiliyimizin etnogenetik tarixi yaddaş enerjisini oyatmaq və
bu günə nəql, transformasiya etməklə, beləliklə,
fundamental milli maarifçilik, məhz anti-assimilyasiya
missiyasını həyata keçirməklə məşğuldur.
Bu, təxminən 950 il əvvəl Mahmud Kaşğari və
Yusif Balasaqunlunun, sonralar Mirzə Fətəli Axundzadə və
Mirzə Kazımbəyin, daha sonra Əli bəy Hüseynzadə
və Bəkir Çobanzadələrin, Muxtar Hüseynzadə
və Tofiq Hacıyevlərin...
getdiyi həmin yoldur.
O, öz
yolunun yaradıcısı və sahibidir; bunu istər elmi əsərlərində,
istər bədii, siyasi publisistikasında izləmək, hər
addımbaşı təsdiq etmək mümkündür. Məncə, bədii əsərlərdən
fərqli olaraq, elmdə, dilçilik və ədəbiyyatşünaslıqda
öz yolunu yaratmaq, özünəməxsus elmi-intellektual
yazı tərzini, öz üslubunu tapmaq, formalaşdırmaq
xeyli çətin məsələdir. Bəlkə buna görədir ki,
bizim milli dilçilik və ədəbiyyatşünaslığımızda
öz elmi üslubu olan alimlərimiz o qədər də
çox deyil, hətta deyərdim ki, barmaqla sayılacaq dərəcədə
azdır. Və Nizami Cəfərov
o seçilən azlardan biridir. Onun elmi üslubunda detallar və
panoram baxış bütöv vəhdətdə birləşir,
ədəbi, ruhi təxəyyül və ciddi rasional təfəkkür
qovuşur, intellekt, istedad və zəhmət əl-ələ,
çiyin-çiyinə addımlayır (hətta bəzən
"dar ayaqda" bu üç nəhəngin bir-birinin
köməyinə gəldiyinə şahid olursan), analitik dərinliklə
sintetik bütövlük qeyri-adi idrak harmoniyası
yaradır. Elmi və ya
publisistik hədəfin dəqiq nişana alınması,
alim-müəllif niyyətinin düz mənzil başına
çatması üçün mötərizədə
sinonim cərgə effektindən, analitik paralelizmdən istifadə
edilməsi, ağırtaxta təfəkkür məqamlarında
qəfil yumor ecazı ilə mətnə xoş bir
yüngüllük gətirilməsi, bütövlükdə
hissetmə ilə dərketmənin qoşa qanad möcüzəsi
Nizami Cəfərovun elmi və publisistik üslubunun xarakterik əlamətlərindəndir.
Nizami Cəfərov
müasir elmi-praktik dilçilik və ədəbiyyatşünaslığımızda
nizam yaradan alimlərimizdəndir.
O, "xaos və kosmos", "Tarixin tərcümeyi-halı",
"Keçən günlərin dastanı", "Yeni
zaman... Yeni lider... Və millətin təbəssümü"
miqyaslarında düşünür və
düşündürür, keçmiş və
çağdaş, milli və bəşəri, millətçi
və tolerant, türkçü və multikultural dəyərlərin
təmas xəttində, elmi-intellektual müzakirələr və
mübahisələr marafonunda, polemika meydanında həqiqət
axtarır və axtardığını tapır. Artıq dediyim kimi, bu gün də
davam edən "Azərbaycan dili" elmi-publisistik
proqramında (hərəsi 45 dəqiqə olmaqla 300-dən
artıq televeriliş!) bütün bunları əyani şəkildə
izləmişəm, müşahidə etmişəm, Nizami Cəfərovun
zəhmət, intellekt və istedadına, fenomenal milli
düşüncə, elmi idrak fədakarlığına, onun
böyük dilçilik, vətənçilik, millətçilik
mücadiləsinə şahid olmuşam. Və heç vaxt
üzünə deməsəm də, həmişə səmimi
bir fəxarət duyğusuyla düşünmüşəm
ki, keçmiş tələbə tanışım və
köhnəlməyən köhnə dostum böyük
dilçi, fədakar vətənçi, sağlam millətçi,
həqiqi azərbaycançıdır.
Bu yerdə
dahi dövlət və siyasət xadimi, ümummilli liderimiz
Heydər Əliyevin tarixi sözləri düşür
yadıma: "Çox məmnunam
ki, mənim təşəbbüsümlə Azərbaycanda
Atatürk Mərkəzi artıq fəaliyyət göstərir...
Mən çox böyük bir professoru həmin mərkəzə
başqan təyin etdim. O, bizim
Parlamentin millət vəkilidir..."
Bu, professor, millət vəkili Nizami Cəfərova verilən
tarixi qiymət idi.
Və
Nizami Cəfərovun az qala zərb-məsələ dönən
sözlərini xatırlayıram: "Millətçi olmasan,
nə ədəbiyyatçı olarsan, nə də
tarixçi"; "Ziyalı
üsyançı yox, təkamülçü
olmalıdır";
"Güclü olmaq güclü şəxsiyyətdən
başlayır"; "...böyük ədəbiyyatın
böyük idealları, böyük qəhrəmanları
olmalıdır";
"...böyük elm, sənət əsəri, hər
şeydən əvvəl böyük dil əsəridir"; "...Millət özünə
dönəndə güclü olur - özü kimi..."
Onun
"Bəxtiyar Vahabzadə", "Anar",
"Elçin", "Afaq Məsud", "Zəlimxan
Yaqub", "Hidayət", "Yunus Oğuz -
düşüncə yazıçısı"
kitablarında ədəbiyyatımızın
uğurlarına, problem və perspektivlərinə elmi-analitik
qiymət verilir, "Varislik: Nəriman Nərimanovdan Heydər
Əliyevə", "Heydər Əliyevdən İlham
Əliyevə", "Yeni zaman... Yeni lider... Və millətin
təbəssümü" kimi ciddi siyasi-publisistik əsərlərində
zamanın, müasir müstəqillik dövrünün nəbzi
döyünür, görkəmli akademiklər İqrar
Əliyevə, Ağamusa Axundova, Vasim Məmmədəliyevə,
başqa elm-sənət adamlarına "Açıq məktublar"ında
milli ədəbi-mədəni-elmi mühitimizin tarixi və bu
günü ön plana çəkilərək xalqa və
bütün dünyaya təqdim olunur, bütövlükdə
beş cildlik "Seçilmiş əsərləri"ndə
Azərbaycan həqiqətləri fundamental səviyyədə,
konseptual taktiki və strateji hədəflər, olmuş, olan və
olacaqlar miqyaslarında şərh və bəyan edilir. Akademik Nizami Cəfərov yazır:
"Şair, yazıçı, elm adamı, xüsusilə bu
gün ana dili qarşısında onun publisistik müdafiəsi
üçün o qədər də böyük məsuliyyət
daşımır (yəni Azərbaycanda elə bir azərbaycanlı
varmı ki, ana dilinə nifrət eləsin və əgər
varsa, onda ana dilinə qarşı məhəbbət oyatmaq
absurd deyilmi?!), ancaq şair, yazıçı, elm adamı bu
gün ana dilli təfəkkür qarşısında,
sözün həm həqiqi, həm də məcazi mənasında
məsuliyyət daşıyır, - böyük elm, sənət
əsəri, hər şeydən əvvəl, böyük dil
əsəridir və etiraf edək ki, bizim potensial qüdrəti
olan dilimiz çox hallarda şair, yazıçı və elm
adamlarımızın əsərlərində darıxır,
boğulur və inanmaq olmur ki, M.P.Vaqifin, C.Məmmədquluzadənin,
yaxud F.Köçərlinin dili mədəni
ömrünün son günlərini yaşayır". Bu,
böyük dilçinin öz dili qarşısında əzablı
düşüncələrinin, arzu və ümidlərinin və
təslim olmayan inam və inadının mənəvi mənzərəsidir.
***
Mən
bilmirəm ki, Azərbaycan dilinin ilk sözü, ilk cümləsi
nə olub, nə vaxt yaranıb; bilinən həqiqət odur
ki, o ilk söz, ilk cümlə ilə tariximizin, taleyimizin,
ümumxalq kimliyimizin, ümummillət
varlığımızın, etnogenetik ruhumuzun ən qədim
və ən böyük yolu başlayıb...
Sən
tariximizin, taleyimizin, varlığımızın, ruhumuzun o ən
qədim, ən böyük yolunun əbədiyyət
karvanısan, Azərbaycan dili! Sən ilkin səslərdən,
sözlərdən, cümlələrdən başlayıb
Orxon-Yenisey yazılarına, Dədə Qorqud eposuna, Füzuli
"Leyli və Məcnun"una, Vaqif qoşmalarına, Mirzə
Fətəli komediyalarına, Mirzə Cəlil faciələrinə,
Sabir satiralarına gələn yolun, ən qədim köklərdən
ən uca çağdaş budaqlara qalxan möcüzənin
canlı heykəlisən, əbədi dirilik bulağısan.
Peyğəmbər adaşı Məhəmməd Füzuli
"Ver sözə ehya ki, tutduqca səni xabi-əcəl"
- deyir, "Edə hər saət səni ol uyqudan bidar
söz" inamıyla sənə, sənin əbədi
diriliyinə üz tuturdu. Sənə,
sənin müqəddəs varlığına, əbədi
diriliyinə üz tuturam, Azərbaycan dili, ver bizə ehya ki...
P.S. Jurnalistlər evinin yeddinci mərtəbəsinin
pəncərəsindən qədim Tetis okeanının varisi
Quzğun-Oğuzhun dənizinin işıq zəmisi kimi
dalğalanan üfüqləri gözlərimə
gülür.Okean övladı dəniz həyəcanlı bir
hiss, möhtəşəm bir təlatüm, sevdalı bir
intizarla Qərbdə batan günəşin Şərqdə
doğuşunu salamlayır. Və
gömgöy sulardan boylanan qan-qırmızı günəşin
gülgün baxışlarını içə-içə
dahi bir şairin vətən coğrafiyasına dönən
bir misrasının möcüzəli qövsi-quzehi ruhumun
göylərində dil açır:
Mən doğuldum atəşlə suyun
öpüşdüyü bir ölkədə...
Sadıq Elcanlı
Ədəbiyyat qəzeti.- 2017.- 18
noyabr.- S.13.