Dövlət dilinə dövlətin
qayğısı
Prezident
İlham Əliyevin "Azərbaycan Respublikasının
Dövlət Dil Komissiyasının yeni tərkibinin təsdiq
edilməsi haqqında" Sərəncamı müstəqil
ölkəmizdə Dövlət dili siyasətinin uğurla həyata
keçirilməsini təmin etməyə təminat verən
mühüm əhəmiyyətə malik qərardır.
Komissiyanın tərkibindəki yüksək nüfuza malik
şəxsiyyətlər və mütəxəssislər
dövlət dili ilə əlaqədar ən aktual məsələləri
müzakirə edib, qərarlar çıxarmağa əsas
verir. Prezident sərəncamı müstəqil Azərbaycanda
Dövlət dilinin nüfuzunun uca tutulmasına, ana dilinin
saflığının qorunmasına və inkişaf etdirilməsinə
ölkəmizin başçısının yüksək
qayğısını və böyük diqqətini ifadə
edir.
Dövlət
sərəncamının işığında Milli Elmlər
Akademiyasında Azərbaycan dilinin tədqiqi və təbliği
istiqamətində həyata keçirilən tədbirlərin
miqyası daha da genişləndiriləcəkdir. Artıq ciddi
hazırlıq işləri aparılan Azərbaycan dilinin
Orfoqrafiya lüğətinin yaradılması
üçün dilçi alimlərin və mütəxəssislərin
səyləri birləşdirilmişdir. Bu, müstəqillik
dövründə Azərbaycan dilinin yeni Orfoqrafiya lüğəti
olacaqdır. Ana dilinin bütün zənginliyini ifadə edən
Orfoqrafiya lüğəti düzgün yazılış
qaydaları ilə yanaşı, həm də dilin daxili
imkanlar hesabına inkişaf etdirilməsini, alınma sözlərin
doğma dilə uyğunlaşdırılmasının səviyyəsini
də əks etdirir.
Milli Elmlər
Akademiyasında Müasir Azərbaycan dilinin qrammatikası
çoxcildliyinin hazırlanmasına da start verilmişdir.
Hazırda Ortoepiya lüğətinin hazırlanması
üçün işlər aparılır. Milli Terminologiya
fondunun yaradılması da qarşımızda duran əsas vəzifələrdəndir.
Bu
yaxınlarda Milli Elmlər Akademiyasının tarixində ilk dəfə
olaraq keçirdiyimiz "Dilimiz - Milli
varlığımız" müsabiqəsinin yekun turu
başa çatacaqdır. Bu müsabiqə yeni nəslin
doğma dilə sevgisini və ana dilini öyrənməyə
böyük marağını nümayiş etdirdi. Müsabiqəni
hər il, həm də ölkə miqyasında keçirməyi
nəzərdə tuturuq.
Görkəmli
dilçi alimlərimizin elmi
irsinin ən əhəmiyyətli nümunələrini yenidən
nəşr etdirib, yeni nəsillərə çatdırmaq
istiqamətində də əhəmiyyətli addımlar
atılacaqdır.
Ölkə
Prezidenti İlham Əliyevin "Azərbaycan
Respublikasının Dövlət Dil Komissiyasının yeni tərkibinin
təsdiq edilməsi haqqında" Sərəncamı alimlərimizin,
ziyalılarımızın qarşısında yeni
üfüqlər açır.
İsa Həbibbəyli
AMEA-nın vitse-prezidenti,
Milli Məclisin komitə sədri,
akademik
Ədəbiyyat qəzeti.- 2017.- 18
noyabr.- S.2.