Özgə ömrü

 

Hekayə

 

Günəşlə Ay eyni vaxtda peyda oldu göy üzündə. Yer üzündəsə buzla örtülmüş nəhəng okeanın üstündə özü dayanmışdı ayaqyalın. Üşüyürdü. Başı üstündəki Günəşə və Aya baxdı. Ayaqları əsirdi. Biixtiyar olaraq o, Şimal Buzlu okeanının üzərilə getməyə başladı. Birdən Günəş də, Ay da tutuldu - Yer üzünə zülmət endi. O da qışqırdı: "Dünyanın axırı gəldi! Qiyamət günüdür!" Bismillah-irrəhman-irrəhim - soyuq tər içində ayıldı.

- Mən gedirəm, qayıdana kimi sən öz paltarlarını yığ, get. Mən sənin getməyini görmək istəmirəm, - dedi. Axşama kimi məqsədsiz-filansız şəhəri dolandı, ayağı ona dözülməz ağrı verirdi. Ancaq İsa fikirləşirdi ki, bu ağrı onun qəlbini sarsıdan ağrıdan qat-qat yüngüldür. Ayağı keyləşməyə başlayanda Xan bağındakı çayxanaya getdi - siyasətdən, teleseriallardan, Gəncənin yeni biznes avtoritetlərindən bəhs edən söhbətlərə qulaq asdı. Yoruldu. Əsasını əlinə alıb, yenə boş-boşuna şəhəri dolanmağa başladı. Məscidin yanından keçəndə ona elə gəldi ki, minarələrin ikisi də əyilib, evlər də nədənsə əyri dəyirdi gözünə. Nəhayət, şər qarışanda o, taksi tutub dağ kəndindəki evinə yollandı.

Qapılar taybatay açıq idi. O, sanki evinə yox, xarabalığa qayıtmışdı. Paltar şkafının da qapıları açıq idi, boş asılqanları yellənirdi. O, özünü də havada, yerlə-göyün arasında hiss edirdi. Sanki külək onu gah bu divara, gah o biri divara çırpır, o da ağrıdan qışqırmaq istəyir, fəqət səsi boğulur, çıxmırdı. Səssiz hıçqırıqları onun bütün bədənini titrədir, cismi isə yerlə göy arasında asılı qalırdı. Düşünürdü ki, artıq o, heç kim deyil. Sadəcə nə vaxtsa mövcud olmuş bir qəhrəmanın, bir əsgərin kölgəsidir. İsa artıq özünü keçmişsiz bir adam hesab edirdi. Elə bil doğulanda elə havadan asılı vəziyyətdə dünyaya göz açmışdı.

Şkafın qapılarını örtdü. Siqaret götürüb bayıra - evin qənşərindəki təpəyə çıxdı. Günəş qürub edirdi. Onun oturduğu sal qayanın ətrafı zoğal və moruq kolları ilə əhatə olunmuşdu. İsa əlini cibinə atdı ki, alışqan çıxarıb siqaretini yandırsın, ancaq alışqanı evdə qoymuşdu. Siqareti dodaqlarının arasından götürüb, yan cibinə qoydu. Qürub edən günəşə baxdı. Sıx palıd və fıstıq ağacları ilə dövrələnmiş çay qıvrıla-qıvrıla kəndin ayağına sarı axıb gedirdi. Fikirləşdi ki, elə onun da ömrünün qürub çağıdır. Və onun yaşadığı ömür özgəsinin adına yazıldı. Bununla həyatı böyük bir kitabın ağ səhifələrinə çevrildi. Burada oxunmalı bir şey yox idi - dünyaya gəldi, gözlərini açdı, anasının səsini eşitdi, atasının güclü qolları üstündə uyudu. O, balaca olanda atası onu tez-tez başının üstünə qaldırıb "Boyun bu boyda olsun" - deyirdi. Sonra da yeknəsəq məktəb illəri. Vəssalam. Sonra isə ... Sonra isə onun ömrü silindi. Elə bil yazılı kitabın səhifələri pozuldu - ağ vərəqlər qaldı.

...İndi onun taleyi də pozuldu. Büt kimi səcdə etdiyi bir qadın ona xəyanət etdi. O, ağrıdan bağırmaq istədi, səsi içinə batdı.

Onda o, reanimasiyaya düşdü. Qış idi. Xəstəxanadan çıxanda artıq yaz idi. Ətrafda böcəklər, cırcıramalar oxuyurdu. Quşlar cəh-cəh vururdu. Onda İsa sürdüyü "Niva"nın motorunu söndürüb, ovda vurduğu qaşqaldaqları yerə çırpdı. Biixtiyar tüfəngi çılpaq arvadının üstünə tuşladı. Əlləri əsirdi, ayağı, dizdən aşağı olmayan bir ayağı sanki qıc oldu. Qadın yerə yıxıldı. Sonra İsa çarpayının yanındakı yad kişi ayaqqabılarını gülləyə tutdu. Kişi özü elə bil qeybə çəkilmişdi. İsa onun pəncərədən çölə atıldığını gördü. Onun arxasınca qaça bilmədi.

İsa artıq özünü bilmirdi. Gözlərini açanda anladı ki, xəstəxanadadır. Arvadı da xəstəxanada yatırdı. O, istintaqa ərinin onun vurmasını deməmişdi. "Tüfəng öz əlimdə açıldı. Bilmədim, özüm-özümü vurdum" - demişdi.

İsa da qadın haqqında bir kəlmə artıq-əskik söz deməmişdi. Qadının ifadəsini təsdiqləmişdi. "Görəsən kimdir o alçaq? Necə cürət etdi mənim evimə gəldi. Mənim qadınıma əl uzatdı". Ürəyi göynəyirdi. Beynindən tanıdığı bütün kənd kişilərini keçirdi - onların heç biri onun namusuna, onun adına təcavüz etməzdi. Bəs onda kim? Of, əgər kim olduğunu bilsəydi, onu bu əlləriylə boğardı, sonra da leşini ayaqları altında çığnayardı.

Qadın onunla danışmağa cəhd etdi. "Şeytan aldatdı, beynim tutuldu - mən ona vuruldum".

- Çıx get, mən səni nə indi, nə də sonra - heç vaxt görmək istəməyəcəyəm. Çıx get mənim ömrümdən. Mən qayıdana kimi çıx get!

O da çıxıb getdi. İndi şkafda boş asılqanlar qalıb. O, ürəyinin dərinliyində bilirdi, bilirdi ki, qadını ömründə görmək istəməyəcək - onu görmək də, görməmək də onun üçün məşəqqət idi. İndi tale onların hərəsini bir tərəfə atacaq. Bəlkə də qadın xaricə getdi. Onun Almaniyada yaşayan bacısı var. Hansısa bir restoranda ofisiant işləyir. Azərbaycanda yaşayanda, universitetdə dərs deyirdi. Bəlkə də qadın heç yana getmədi, elə Bakıdakı mənzillərində qalası oldu - varlı adamların uşaqlarına ingilis dili öyrətdi. Şok! Yadına düşdü! İndi tam aydınlığı ilə dərk elədi ki, onun ailəsini dağıdan kim oldu - ingilis dili öyrənmək istəyən tələbə. Daşkəsənin mərmər karxanasında təcrübə toplayan o papa uşağı. Texniki Universitetin tələbəsi idi. Heç İsa onu ciddi qəbul etmirdi. Tələbə hərdən-bir onun arvadına gül bağışlayırdı. Cavan uşaq idi. Az qala oğlu yerində. Bir dəfə Lilpara gedəndə, oğlan xahiş etdi ki, o da Əsli-Kərəmin qəbri olan kəndi görmək istəyir.

Onlar Əsli-Kərəmin qəbrinə yaxınlaşanda qadının ayağı sürüşdü. Oğlan cəld özünü onun üstünə atdı, yıxılmağa qoymadı. İsanın bədənindən bir gizilti keçdi.

Hər şey bitdi. Həyatı tarımar oldu. O papa uşağı qorxusundan ayaqqabılarını geyməmiş qaçmışdı. "Cındır, mama uşağı!" Heç güllə səsinə də gəlməmişdi. Sonradan səsə gələn qonşular da heç nə unamamışdılar. Açılan atəşi qonşular İsanın həyətə qonan sığırçınlara tuşlatdığını zənn etmişdilər. Ancaq İsanın bağırtısından sonra onun səsinə barının o tayında yaşayan yaşlı kişi hay vermişdi. Ağappaq ağarmış, alnı puçur-puçur tər bağlamış İsanı da, qan içində çapalayan arvadını da öz maşınında xəstəxanaya çatdırmışdı. İsa xatırladı ki, cəbhədən qayıdandan sonra adı qəzetlərdə, televiziyada nidalananda o, icra rəhbərliyindən vaxtilə ata-anasının yaşadığı bu kənddən torpaq sahəsi istəmişdi. Onun arzusu dərhal yerinə yetirildi və icra başçısı özü onun evinin tikintisiynən maraqlanır, lazım olan tikinti materiallarını yollayırdı. İndi onu və arvadını ölümdən qurtaran bu yaşlı kişi o vaxt könüllü olaraq onun həyətinin keşiyini çəkirdi. Düşəndə fəhlələrə yemək - çay hazırlayırdı. İsa indi də özünü ona borclu bilirdi. Düşünürdü ki, Allah imkan versə, o, bu qonşusunun borcundan çıxar. Beləliklə də hansısa mənəvi yükün altından çıxmış olar. İndisə İsanın həyatı boş asılqana oxşayır. Onun ömrünü özgə birisi yaşayır. Üstəlik, ən dəhşətlisi odur ki, İsa həyatında ən böyük mənəvi dayağını itirdi - qarşısında az qala səcdə etdiyi bir qadın ona xəyanət elədi - onlar ömürlük ayrıldılar. Gültac da daha yarımcan oldu. Aldığı güllə yaraları hələ uzun müddət onu göynədəcək.

İsanın ürəyindən bir gizilti keçdi - Gültac xəstəxanada onun başına yığışmış polis nəfərlərini, müstəntiqi aldatdı - "tüfəng öz əlimdə açıldı" - dedi.

İsagilnən yaxın təmasda olan Məcid kişi də qanun keşikçilərinə İsayla Gültacın bir-birilərini Leyli-Məcnun kimi sevdiklərini dedi.

Doğrudan da Allah onlara bir ilahi eşq bağışlamışdı. Uşaqlarının olmamasına baxmayaraq, ayrılmağı heç ağıllarına belə gətirməmişdilər. Hər ikisi tələbə idi. Bir-birilərinə rast gəldiklərini Tanrının onlara bəxş etdiyi bir mükafat kimi qəbul edirdilər. İndi onların sevgisi də yerlə göy arasında qaldı - keçmişlərinin də, gələcəklərinin də üstündən bir qara xətt çəkildi. İndi İsa az qala bütün dünyaya car çəkib qışqırmaq istəyirdi: "Bütün dünyanın fahişələri, məni bağışlayın. Mənim arvadım da özünü sizin kimi apardı, əri ola-ola yatağında cavan bir oğlanı qəbul etdi. Bütün dünyanın fahişələri, məni bağışlayın ki, sizi qınayırdım, sizə yuxarıdan aşağı baxırdım, sizi cındır sanırdım".

O, yadına saldı ki, dörd il bundan qabaq da arvadının üstünə bağırmışdı, hətta bir sillə də vurmuşdu ona. Niyə? Nəyə görə? Hə, hə, yadına düşdü, uşağın üstündə. Arvadı uşaqdan imtina elədi.

- Mən ona baxa bilmərəm. Taylarım bu gün-sabah nənə olacaqlar. Mən də hələ çağaya baxmaq məcburiyyətindəyəm. Gecə yuxusuz qalıram. Səhər tələbələrnən məşğul ola bilmirəm. Həm də bu uşaq ürəyimə yatmır. Allah bilir kimin bicidir, götürüb gətiribsən üstümə.

İsa heç bilmədi necə əl qaldırdı arvadına. Onun üzündə İsanın əlinin qırmızı zolağı qaldı. İsa dodaqlarını çeynədi. Ağlayan uşağı çarpayısından götürüb qucağına aldı. Otaqdan çıxdı. Körpəni - onun adını Elnur qoymuşdu - bağrına basdı. Uşaq İsanın güclü qolları arasında rahatlıq tapdı.

İsa xatırladı ki, onda Tapqaraqoyunlu uğrunda gedən qanlı döyüşdə də bu uşaq yerə sərilmiş anasının üstünə uzanmışdı, hər iki balaca əlləri ilə ölmüş anasının döşündən tutub, əmirdi. Körpənin ağzı qan qarışıq südə bulaşmışdı. İsa başının üstündən vıyıltı ilə uçan güllələrin altında əyilib uşağı qucağına aldı. Anasının döşündən ayrılan körpə ağladı. İsa onu sinəsinə sıxdı, onun çılpaq ayaqlarını kitelinin içində isitdi. Uşaq yuxuladı. Sanki ətrafda nə toplar atılırdı, nə mərmilər partlayırdı. İsa tək ayaqla meyitlərin arasında sürünürdü. Bir qolunun üstündə kitelə bürünmüş uşaq, o biri əli ilə sayı bilinməyən insan cəsədləri arasında körpənin yaşaması üçün yol açırdı. Bu yol neçə-neçə insan ölümünün, qanının, güllə yağışının altından keçirdi. İsa artıq öz yaşamasını dərk etmirdi, əslində heç bunun fərqinə də varmırdı.

Nədənsə ölmüş ananın südünü əmən bu körpəyə yazığı gəldi. Onu tapdığını Allahın ona göndərdiyi bir mükafat kimi bildi. O, inandı ki, illərlə övlad həsrəti ilə yaşayan və son illərdə artıq bu arzusunun üstündən xətt çəkən İsaya Allah bu uşağı oğul göndərib. İsa onun adını Elnur qoydu. Düşündü ki, Elnur həm onun ömrünə işıq gətirər, həm də canından artıq sevdiyi vətəni, eli üçün işıqlı bir insana çevrilər.

Elnur onun xilas elədiyi bəlkə də yüzüncü adam idi. İsa yaralıları döyüş meydanından çıxarıb mövqedən aralı dayanan təcili yardım maşınına təhvil verirdi. Bu maşında yapon qızlarına oxşayan bir tibb bacısı vardı. Xəstələri o qəbul edib, aparırdı Ağdam xəstəxanasına. Allah bilir o gözəl qız indi haradadır?

Bu həmin vaxt idi ki, İsanın xüsusi təyinatlı polis dəstəsi ləğv olundu, onun ətrafında olan uşaqlar hərəsi bir tərəfə pərən-pərən səpələndilər. İsa heç yana gedə bilmədi - bir həkim kimi qaldı döyüş bölgəsində yaşamaq ümidi üzülmüş neçə-neçə əsgəri xilas etdi.

Arvadı onda demişdi - çox sənin qədrini bildilər, hələ bir gedib gülləbaran altında işləyirsən də! Guya sağaltdığın adamlar sənə sağ ol deyəcəklər, ya da adını yadlarında saxlayacaqlar...

İsa siqaretini götürüb eyvana çıxmışdı. Elnuru evə gətirməmişdən əvvəl İsa yaralıları hospitala təhvil verdi, adını unutduğu tibb bacısından xahiş etdi ki, uşağa təcili un horrası bişirsin, ya süd tapsın. Səhra hospitalında da işi çox idi - zarıyan yaralılar, ayaqlarını don vurmuş uşaqlar, qadınlar. Bir həftəlik möhlət istəyirəm - uşağı evimə aparıb qayıdaram. Onsuz da Bakıdan təzə cərrah gəlib. İsa uşağı isti kitelinə bürüyüb, süd dolu ağzı əmzikli şüşəni cibinə qoyub elə yol maşınıyla yollandı Gəncəyə. Evdə arvadından eşitdiyi sözlər şapalaq kimi çırpıldı üzünə "Allah bilir kimin bicidir, gətirib atırsan üstümə". Sonra od çıxdı İsanın gözlərindən - onun əlinin izləri qaldı arvadının üzündə. İsa təcili öz köhnə "Niva"sını işə salıb uşaqla doğum evlərinə getdi, kiminə qiymətli hədiyyə, kiminə pul verdi - uşağı öz adına çevirtdi. Elnur İsa oğlu Cavadlı. İndən belə onun adını, soyadını daşıyacaq balaca insan var... Yaşamaq nə gözəldir, İlahi!..

Axşam uşaqla evə dönəndə artıq onu polis nəfərləri gözləyirdi. Ev-eşik sanki bombardmandan çıxmışdı. Hər yerdə - hətta mürəbbə qablarında axtarış aparılmışdı.

- Gedək polis idarəsinə, siznən söhbətimiz var.

İsa uşağı rəngi avazımış Gültacın qucağına qoydu. Cibindən uşağın şəhadətnaməsini də çıxarıb arvadına verdi. Gözləri arvadının qəzəbli gözləriylə toqquşdu. Uşağı da, şəhadətnaməsini də ondan götürüb, polis nəfərləri ilə qapıdan çıxdı. Yolüstü uşağı bacısıgilə apardı.

- Bu mənim oğlumdur. Onu sənə tapşırıram, səni də Allaha. Mən qayıdana kimi saxla!

Bacısı ağladı, onun boynuna sarıldı. Ağlayan uşağı qucağına alıb, sinəsinə sıxdı. Polis nəfərləri qapının ağzında dayanmışdı. İsa onların yanına döndü. Bir də həbsdən 4 il sonra qayıtdı - bacısının, yeznəsinin və digər qohumlarının səyi nəticəsində onun da adı əfv fərmanına düşdü. Bacısı da, bacısının əri də mütəmadi onun yanına gəlirdilər. Hər gələndə Elnuru da gətirirdilər. İsa onun dil açmağının, yeriməyinin şahidi olmuşdu. İsaya "dədə" deyirdi. Uşağa qarşı qəlbində sonsuz istilik, məhrəmlik duyurdu. Arvadı da bacardığı qədər tez-tez gəlirdi onun yanına. Onu işlədiyi ali məktəbdən çıxarmışdılar. İndi evdə uşaqlara ingilis dili öyrədir və əməlli-başlı pul qazanırdı. Görüşlərinin birində arvadı: - İstədim Elnuru yanıma gətirim, bacın qoymadı, - dedi.

...Hər şey Ağdərənin işğalından başladı. Onda İsa öz dəstəsi ilə şəhərin 9 günlük mühasirəsini yardı, neçə cəbhə yoldaşını itirdi, özü də ayağından yaralandı. Axan qanı həmişə cibində gəzdirdiyi nazik rezin boru ilə dayandırıb, cismini bürüyən ağrını dəf etdi və "Ya Qarabağ, ya ölüm!" qışqıraraq irəli atıldı. Atəş səsləri dağları da sanki lərzəyə salırdı. Qarşı tərəfdən açılan atəş onun bir neçə dostunun ömrünə nöqtə qoydu. İsagil üfunət qoxulu bir gölməçədən keçəndə düşmən tərəfdən açılan atəş onun bir neçə silahdaşlarını da yerə sərdi. Meyitləri gölməçədən çıxaranda yaralı ayağı elə gölməçəyə atılmış şüşə parçasına keçdi. Onun çəkməsinin altı yarıldı, ayağından axan-qan yeri islatdı. İsa birtəhər ayağını sarıyıb, uşaqlara dostlarını basdırmağa kömək etdi.

İsagil Ağdərəni saxladılar. Lakin bir neçə gündən sonra Ağdərədən çıxmaq əmri gəldi. Sonda İsa əmr verənin üzünə oldu.

- Səni yerindəcə güllələyərəm.

- Güllələməsən, kişi deyilsən.

Əmr verən revolverini çıxartdı. Ancaq dərhal nə düşündüsə, "qalsın sonraya," - deyib, qəti addımlarla İsadan uzaqlaşdı.

İsanın yaralı ayağı keyimiş, ayağındakı güllə yarasının ətrafı qaralmağa başlamışdı. Qanqrena! Və həmin an o, özü ayağının kəsilməsinə fərman verdi. Neçə gün min bir əziyyətə qatlaşıb, mövqelərini qoruyan silahdaşları yuxarıdan verilən əmrə tabe olub, geri çəkilməyə məcbur olduqlarını dedilər.

- Bu nə əmrdir, bu nə qərardır? özü-özündən soruşurdu.

İsa yanındakı əsgərə əmr etdi:

- Tonqal qala. Bıçaqnan baltanı oda tut.

İsanın qızarmış gözlərini, titrəyən vücudunu görən əsgər onun nə edəcəyini anlayıb, dəhşətə gəldi. Əsgərin gözü qabağında İsa neçə-neçə həyatlarını itirmək qorxusu olan mücahidlərin bax beləcə ayaqlarını, qolunu kəsmiş, sonra soyuqqanlılıqla alnının tərini silib, siqaret yandırmışdı.

İndi eyni soyuqqanlılıqla İsa bu əmri özü üçün verdi. Ondan ötrü hər dəqiqə əhəmiyyətli idi. İsa ayağını kəsəndə, əsgərlərdən dözməyib, kənara çəkilənləri də oldu.

- Ayağımı torpağa basdırın. Biz qayıdacağıq buralara.

Sonra İsa ağrıdan huşunu itirdi. Ayılanda özünü Ağdam qospitalında gördü. Yapon gözəllərinə oxşayan tibb bacısı ona qulluq edirdi, onun yarasını yuyur, sarıyır, özü bişirdiyi çolpa şorbasını ona yedizdirirdi.

Gözəl tibb bacısı haradan biləydi ki, sonra onu məhkum edəcəklər, tərcümeyi-halını siləcəklər. Sonra... sonra ... sonra da arvadı onu təhqir edəcək, alçaldacaq və qalan ömrünü tarmar edəcəkdi...

İsa saata baxdı. Fikirləşdi ki, bacısıgil artıq Moskvadan qayıtmış olar. Dünən bacısı ona zəng edib demişdi ki, artıq bilet alıblar.

- Sənin dükanın üçün də xeyli telefon gətiririk.

İsa acı-acı gülümsədi. Dükan onun yadına ayda bir dəfə satıcı oğlan ona 150-200 dollar pul gətirəndə düşürdü. Əslində mağazanı elə yeznəsi işlədirdi. Düşündü ki, nə yaxşı, heç olmasa bu mağaza var, yoxsa necə dolanardı. Onun üzünə bütün xəstəxanaların qapıları bağlıdır. Artıq onun həkim olduğunu yaxınları da unudub.

- Elnuru mütləq gətirin, darıxmışam, dedi. Guya onu gətirməyə də bilərdilər.

O, daxilini saran ağrıdan çığırmaq istədi. Ancaq səsini içinə saldı. Düşündü ki, ətrafında onu eşidəcək bir kəs yoxdur. Durduğu yerdən yan-yörəsinə nəzər yetirdi. Aşağıda gümüş kimi parıldayan çayın yanında sahibsiz it-pişik gəzişirdi. Günəş artıq qürub edirdi. İsa yadına saldı ki, neçə illər bundan qabaq, o, arvadı ilə yayda bura istirahətə gəlmiş, həmin bu təpəyə çıxıb günəşin qürub etməsinə baxmışdılar. Onda Gültac ona sığınmış - qürub nə gözəldir, - demişdi. Günəşin al-qırmızı şüaları aşağıda, dərədə axan çaya düşür, balaca dağ çayı qırmızı rəngdə görünürdü. Onda iyul idi. Cırcıramalar oxuyurdu. Onda müharibə yox idi. İsanın ayağı da salamat idi. Gültac da ona "sən dünyada ən güclü kişisən" deyirdi.

...İsanın evinə yaxınlaşan maşın səsi sahibsiz heyvanlar arasında ləxləxə saldı. Qara "Jiquli" darvazanın yanında dayandı. Bacısı uşaqla maşından düşdü. Yeznəsi əli yüklü onların arxasınca gəlirdi. İsa onun dayandığı təpəyə çıxan Elnurdan gözünü çəkmirdi. Bacısı aşağıdan onlara baxırdı. Elə bil İsanın oğluyla təkbətək görüşməsinə mane olmaq istəmirdi. İsa uşağı başının üstünə qaldırdı. Tək ayağının üstündə müvazinətini saxladı. Və ancaq indi hiss eldi ki, dayandığı yer təpə deyil, dağ imiş. Sadəcə, İsanın evi çox yüksəklikdə tikilibmiş.

 

Nüşabə Əsəd MƏMMƏDLİ

 

Ədəbiyyat qəzeti.- 2017.- 18 noyabr.- S.6-7.