Səhər sakitliyi göy üzünün...
Torpağın soyuqluğuna uzanan
günəş şəfəqləri
Xəzəllərin xışıltılı
etirazı: Yolçu,
nə tez oyanmısan?...
Dayanmısan,
Ey Tanrı, dayanmısan əllərimin yanında
Masmavi aldanışlaramı
gülümsəyirsən?
Əsirgəyirsən yatıb qalmış adamlardan səhərin düşüncələrini
Tələsə-tələsə
Tələsə-tələsə qalxacaqlar
ocaq yandırmağa...
Canlandırmağa çalışıram gözlərimdə
Ki,
Bir zamanlar burada bir çiçək bağçası olubmuş...
Solubmuş....
Solubmuş mən gəlib
yetişincə...
Bitişincə çatlar
Səslərini duyacağam onların
yenidən-ağ-ağ, ağ-ağ,
ağ-ağ...
Sağ qalacaqlar həmişəlik,
yenidən doğula-doğula
Qanadlar...
***
Tanrının Kişi bətni - kilsə...
Buymuş
o-
Yarıqaranlıq və soyuqmuş.
Çarmıxa çəkilmiş İsa,
Ata və müqəddəs ruh naminə
qonağını yola sal...
Müqəddəs Məryəm - Qadın.
Adi bir qadın...
Adi bir qadın...
Adi bir qadın...
Solğun
şam işıqlarının altında bazar günü
duası...
Sakit...
Gözüyumulu uçuş...
Qapı
çırıltısı...
...Vidalaşmadan və getmədən əvvəl
naşı-naşı
Dua etdim sən və insanlıq naminə:
Tanrı,
günəşi güllələrdən
qoru
Tanrı,
torpağı mərmilərdən
qoru
Və sil qəzəb doğuran yaddaşı...
Və adamları xilas et sevgiylə...
Hər şeyiylə kilsə zənginin bazar
çağırışı və ətir
Sakit pıçıltıların sehri
və yalvarış - günahkar bəndələrini
əfv et...
Get!
İndisə get - deyir yamyaşıl sidr
ağacları - get!..
Bağışla
Ağac
Bağışla Ağac
Bağışla Ağac...
Əllərim əsə-əsə budağını canından
qoparıram...
Qayıdıram
Və Tanrını bətnimdə
oğurlayıb aparıram...
***
...Gilas ağacları,
Çarmıxa çəkilmiş gilas
ağacları yuxularda - qolları Göyə
doğru
Ayaqları Yerdən qophaqopda
Səs...
Səs...
Yarpaqsız budaqların əsintisi
- etiraz...
Torpaq,
Bu nədir, Torpaq?
Beləmi yollayırsan bəndələrini
azadlığa,
Bu nə ağlamaq?...
Qoy
uçsun
Uçuşsun ağ çiçəklərin yuxuları
gilas ağaclarının yuxusunun içindən...
Qoy qopsun,
Qopsun ağacların kökləri
quyusunun içindən...
Tanrı...
Qadın
gözlərinin aldanışına
inanma sən,
Qadın
qəlbinin inamı gələcək kölgələnmələr
üçündür,
İnanma...
Yuxusunda
ağacları uçan
bağçalarda
Dayanma,
Dayanma...
***
Uzat əllərini və toxun tərli
pəncərə şüşələrinə
Gecənin qarasında
Günəş çək.
Gözlərini yum sonra.
Yayılsın dumanın içindən
çöl boyu şəfəqlər
Oynayan yağış damcılarının
arasından...
Otlar
oyansın yuxusundan
Kollar oyansın yuxusundan
Oyansın yuvasına qalxan
qaratoyuğun budaqda qalan ayaq izi...
Günəş-
Kiçicik
Ovuc içi boyda
Tərli
pəncərədə çəkilmiş
günəş
Ərisin
getsin damcı-damcı...
Gizli-gizli...
Gizli-gizli...
Çölün
xəbəri olmasın səhər açılınca...
***
Çiyinlərimdə
Yarıaydınlıq yola doğru yüksüzlük
Böyük,
Böyük arzulardan yüngüllük
qazanıb qayıdıram...
Çay
yataqlarından daş,
Ağac
yarpaqlarından rəng,
Göl yosunlarından dərin bir qoxu...
Körpülərdən azca sarsıntılı ahəng...
Və çiçəklər - dəstə-dəstə,
çoxlu-çoxlu...
Qorxu-qorxu
nəfəs alanlar anlamazlar,
Anlamazlar
dizini yerə verib ağırlığa hazır
olmağı,
Daşımağı.
Yaşamağı dəli xəyalların
gətirdiyi hər şeyi
Anlamazlar...
İçmədiyin
suların parıltısını necə söyləyəcəksən,
Necə
söyləyəcəksən sevgini,
Uçurumların
Dibindəki uğultunu necə
dinləyəcəksən
Sonradan,
ay Tanrısız, necə qazanacaqsan səssizliyi?..
Qəfəssizliyi
Ölüm olaraqmı dedilər sənə? - yox...
Bu
Çiyninin sol tərəfinin əlsizliyidir,
Sağ tərəfinin hənirsizliyi...
Zəncirlərinlə
gülümsəyərək vidalaş,
İplərinlə əl sıxışaraq
Keçmiş və yaddaş
Cənnətinə toxunmasın...
Oxunmasın göz bəbəklərindəki
dəli parıltı bir daha,
Yüksüzlüyə doğru uç, aç ağ qanadlarını, yüksüzlüyə
doğru uç...
Olmasın heç nə,
Olmasın heç kim.
Olmasın,
Olmasın,
Olmasın...
Hədiyyə Şəfaqət
Ədəbiyyat qəzeti.- 2017.- 18
noyabr.- S.11.