Elçin yaradıcılığı
akademik
Nizami Cəfərovun təfsirində
Artıq ikinci onildir ki, Nərgiz xanım
Paşayevanın xalq yazıçısı Elçinin
yaradıcılığı əsasında qələmə
aldığı "İnsan bədii tədqiq obyekti
kimi" (Bakı, 2004) monoqrafiyasından üzü bəri
Elçinşünaslıq həm müasir ədəbiyyatımızın,
həm də ədəbiyyatşünaslığımızın
ayrıca bir sahəsi kimi intensiv gəlişir. Onlarla məqalə və
aspektual araşdırmalar bir yana, lap son illərdə
bir-birinin ardınca yazılan kitab və monoqrafiyalar: Qəzənfər
Paşayevin "Elçin haqqında düşüncələrim"
(Bakı, 2013), Əsəd Cahangirin "On
üçüncü gecə" (Bakı, 2016), Nizami
Tağısoyun "Elçinin "Baş" romanı
struktur-funksional təhlil müstəvisində" (Bakı,
2017), habelə akademik Nizami Cəfərovun yenicə
çapdan çıxmış "Elçin. Yazıçının yaradıcılıq
yolu" kitabı da (Bakı, 2017) bunun bariz nümunəsidir.
Xalq yazıçısı Elçin bu
haqqı, şəksiz ki, geniş və universal
yaradıcılığının gücü, sanbalı, əhatə
və miqyası ilə qazanmışdır. Nizami Cəfərovun
qeyd etdiyi kimi: artıq ötən əsrin səksəninci illərindən
ədəbiyyatımızın "yeni klassikləri" mərtəbəsinə
yüksəlmiş və "XX əsrin sonu, XXI əsrin əvvəllərinə
Azərbaycan ədəbiyyatının canlı klassiki kimi
daxil olmuşdur". Bu gün Elçin haqqında yazmaq,
şəksiz ki, həm də elə müasir Azərbaycan ədəbiyyatından
yazmaq deməkdir...
Akademik
Nizami Cəfərov son zamanlarda müasir ədəbiyyatımız
barəsində çox yazır (təkcə "Ədəbiyyat
qəzeti"nin hər sayına baxmaq kifayətdir
ki, buna əmin olasan); o cümlədən Hüseynbala Mirələmov,
Afaq Məsud haqqında monoqrafiyalarından sonra
"Elçin. Yazıçının
yaradıcılıq yolu" əsəri akademikin
çağdaş ədəbi prosesə növbəti layiqli
töhfəsidir.
Akademik Nizami Cəfərovun monoqrafiyaları bir qayda
olaraq akademik kanonlardan uzaqdır. Monoqrafiya Elçin haqqında
çoxsaylı əsərlər içərisində məhz
onunla seçilir ki, yazıçının
yaradıcılığını və yaradıcılıq
yolunu bütövlükdə və bütövlüyü ilə
(akademikin təbirincə desək: diaxron planda və
sinxroniyada) ehtiva edir; Elçin
yaradıcılığını ilk kitabından lap son əsərlərinə
qədər vərəqləyir, təhlil və şərh
edir, dəyərləndirir; tanış və
tanış olmayan oxucuların ixtiyarına verir. Həm də
bu zaman kənar kontekstləri kənara qoymağa
çalışır, akademik vərdişlə ictimai-siyasi,
tarixi-mədəni və yaxud ümumən ədəbiyyat
kontekstindən Elçin yaradıcılığına yan
almır; əksinə, başlıca hədəf olaraq mətnləri
- Elçinin kitablarını, əsərlərini
götürür, məhz tekstdən kontekstə boylanır,
yazıçının içindən, iç
dünyasından dövrə, mühitə, ədəbiyyata
baxmağa səy edir. Bu qayda ilə Elçinin,
demək olar ki, heç bir əsəri diqqətdən
yayınmır, nəsr yaradıcılığı isə
istisnasız, tamlıqda diqqət predmetinə çevrilir.
Məqsəd
- klassiki yenidən,
bugünün nəzərləri ilə oxumaq və
oxutdurmaqdır. Yenə akademikin öz sözlərinə əsaslansaq:
"Əlbəttə, hər hansı mükəmməl
yaradıcılıq mətnini, eləcə də Elçin mətnini
"dış" yox, "iç" strukturdan (daha dərin
subyektiv və ya "intim" qatlardan) öyrənməyə
cəhd etmək, ümumiyyətlə, qarşıya metodoloji
baxımdan belə bir mübahisəli məqsəd qoymaq da bir
iddiadır..." Amma qeyd edək ki, gözəl iddiadır! Buna biz Elçin mətninin aurasına düşərək,
yarım əsrdən də artıq zaman məsafəsini
dünəndən bugünə, tədricən dəf etdikcə
əmin oluruq. Müəlliflə birgə,
yazıçının əsərlərini təkrarən
"oxuyur" və olur ki, bir daha oxumaq istəyirik.
Elçin
yaradıcılığının öz daxili ritmi, ahəngi
və hərəkət istiqaməti var; akademik Nərgiz
Paşayevanın birdəfəlik müəyyənləşdirdiyi
kimi, üç mərhələdə ehtiva olunur: 1)
1960-cı illərin sonu, 70-ci illər, 80-ci illərin əvvəlləri
- məşhur hekayələrinin; 2) 1980-ci illər - klassik
romanlarının və 3) müasir mərhələ - dramaturq Elçin dominant olmaqla yeni
hekayə, povest və romanlarının
yazıldığı illər və hər mərhələdə
daxili ahəngini saxlamaqla Elçin
yaradıcılığı yeni keyfiyyətlər qazanır,
yeni pilləyə yüksəlir. Nizami Cəfərov
müəyyən əlavələr və dərinləşmələrlə
məhz həmin oriyentiri əsas götürür. Kitabda Elçin yaradıcılığı
üç mərhələ, üç fəsildə təqdim,
təhlil və şərh olunur.
1) Altmışlardan yetmişlərə; 2) Səksənlərdən
doxsanlara; və 3) Klassikin müasirliyi.
"Altmışlardan yetmişlərə" fəsli
onunla fərqlənir ki, yalnız 1960-cı illərin
sonlarında Elçinin "Dəyişmə", "Qatar. Pikasso. Latur. 1968", "Beş qəpiklik
motosikl", "Zireh", "Qırmızı ayı
balası" və s. kimi "ədəbi ictimaiyyətin diqqətini
cəlb etdiyi" hekayələrinə deyil, habelə hələ
kifayət qədər diqqətdə olmadığı, amma
bir nasir olaraq artıq istedadını
görükdürdüyü ilkin
yaradıcılığına, "Min gecədən
biri", "Açıq pəncərə",
"Sos" kitablarına daxil olan hekayə və povestlərinə
də təkrarən diqqət yönəldir; kifayət qədər
təfərrüatlı, aydın, səlis məntiqi şərhlərlə
yazıçının necə və nədən
formalaşdığını,
yaradıcılığının hansı cəhətləri
ilə bugün də cəzbedici olduğu və sonradan məşhur
yeni Azərbaycan nəsrinin təşəkkülündə
iştirak etdiyini üzə çıxarır. Akademikin
öz sözləri ilə desək: "böyük
çayların (nəhrlərin) haradan, hansı təbii imkan
və potensialla başladığı"nı
təhlil predmetinə çevirir. Bu, gənc
yazıçının o zamankı sosrealizm ədəbiyyatının
diqqətindən kənarda qalan İnsan fərdi, İnsan
mövzusuna həssaslığı, hiss-həyəcanı,
emosionallığı, eyni zamanda analitik təfəkkürü
və Nərgiz xanımın da qeydə aldığı kimi,
zərif ironiyasıdır. Sözsüz
ki, ədəbiyyatımızda bu gün də hökmfərma
olan Elçin mövqeyi, Elçin intonasiyası Elçin
üslubundan daha əvvəl gəlir.
Daha sonra
fəsildə məlum 60-cıların məlum missiyaları:
Elçinin "Gümüşü, narıncı..." və
s. bir-birinin ardınca nəşr olunan kitablarındakı
hekayələri, məşhur "Baladadaşın ilk məhəbbəti",
"Bu dünyadan qatarlar gedər", "Bir
görüşün tarixçəsi", "Talvar",
"Poçt şöbəsində xəyal", "Toyuğun
diri qalması", "Şuşaya duman gəlir",
"Dolça", "Yaxın, uzaq Türkiyə" və
bir çox digər 70-ci illər əsərləri əsasında
şərh və təsbit olunur. Həm də
elə bir yöndən ki, sanki ilk dəfədir; və bəlkə
nostalji, ya bəlkə də elə sərt və oyaq
gerçəklik duyğusu ilə o dünyanın
adamlarını lap yaxında, yaxınımızda,
yaxınımız kimi qavrayırıq. Ünsiyyət
baş tutur və akademikin ardınca, bir daha inanırıq ki:
"Altmışıncılar özlərinin kim
olduqlarını, ədəbiyyata hansı missiya ilə gəldiklərini
(məhz) yetmişinci illərdə təsdiq etdilər"...
Monoqrafiyanın
"Səksənlərdən doxsanlara" fəsli onunla yadda
qalır ki, yalnız "bu mürəkkəb dövrün
özü qədər mürəkkəb siyasi-ideoloji mənzərəsinin,
sosial-mənəvi təbəddülatlarının, insan
iztirablarının ədəbi salnaməsini yaradan Azərbaycan
yazıçıları içərisində Elçinin
xüsusi yeri"ni, akademikin dəqiqləşdirdiyi
kimi: "həm keyfiyyət, həm də kəmiyyətcə
fərqli" yerini göstərməklə qalmır. Bunu
akademik "80-ci illərin ilk hekayələri olan
"Bülbülün nağılı" və
"Baladadaşın toy hamamı", daha sonra "Ayaqqabı",
"Hotel Bristol", "Hönkürtü", "Parisdə
avtomobil qəzası", "Beş dəqiqə və əbədiyyət"
və s. hekayələrinin şahidliyi ilə, Elçin hekayələrinin
yetkin və mükəmməl poetikası zəminində edir.
Akademik
İsa Həbibbəyli yazır: "Elçinin povestləri
sanki onun hekayə yaradıcılığının
davamı, yaxud simvolik yekunu, məşhur romanlarının isə
ərəfəsi, təməli,
başlanğıcıdır... Və Elçinin roman
janrına müraciət etməsi onun bədii nəsrin
bütün inkişaf "formasiya"larından
qanunauyğun təkamül prosesləri vasitəsilə
keçdiyini aydın surətdə göstərir..." İsa Həbibbəylidən istinad alaraq, Nizami Cəfərov
1980-ci illəri "Azərbaycan ədəbiyyatşünaslığının
Elçin yaradıcılığının romanlar mərhələsi"
adlandırdığını diqqətə
çatdırır. Amma roman söhbətini akademik, ədəbiyyatşünas
və tənqidçilərin bugünəqədərki
çoxsaylı təfsirlərinə rəğmən,
birbaşa - yazıçının öz sözlərinə
isnadən: "Mahmud və Məryəm" - gənc,
"Ağ dəvə" - orta yaşlı, "Ölüm
hökmü" - ahıllıq romanı" olmaqla, fəlsəfi
ovqatda şərh edir; bu dəfə əks istiqamətdə:
tarixin, yaxın dünənin və bugünün - yəni
80-ci illərin yozumu olaraq mənalandırır. Və belə
bir metaforik qənaətə gəlir ki: "bu halda
Elçinin roman yaradıcılığı bütöv bir
ömrün təbii mərhələlərini on ilə
keçmişdir". Nizami Cəfərov Elçinin
romanlarını bəzəksiz-düzəksiz, indiyə qədər
rastlaşdığımız hər növ əlavə
yozumların fövqündə, yazıçıya və mətnə
ən yaxın məsafədən şərh edə bilir; elə
orijinallığı da, məncə, bundadır.
Üstəlik,
"Səksənlərdən doxsanlara" fəslinin mabədi
olaraq, vurğuladığımız kimi, heç də
1980-ci illər sərhədində qalmır,
yazıçının habelə 90-cı illər
yaradıcılığını - absurd hekayələri
("Doqquz yeni hekayə") və absurd-pyeslərini də
("Ah, Paris, Paris", "Salam, mən sənin
dayınam", "Dəlixanadan dəli qaçıb və
yaxud mənim sevimli dəlim") həmin fəlsəfi-mənəvi
ovqatda, "Ölüm hökmü"nün ictimai-siyasi
quruluşa, epoxaya və ədəbiyyata
çıxardığı qərarlar işığında
oxuyur.
Bir cəhətə də diqqət çəkmək
istərdim.
Bu gün Elçin mətninin daha geniş üfüqlərini
hiss etdirmək üçün Nizami Cəfərov maraqlı
bir priyoma əl atır; monoqrafiyada təkcə
yazıçının əsərlərinə şərh
verməklə kifayətlənmir, həm də çox zaman təhlillərinə
vaxtilə Elçinin kitablarına yazılmış ön
sözlərindən (necə deyərlər, mətn
haqqında mətnlərdən) start verir. Bu
sırada istisnasız XX əsr ədəbi fikrimizin korifeylərini
görürük. Elçinin "Bu dünyadan qatarlar
gedər" kitabı (1974) Yaşar Qarayevin, "Bir
görüşün tarixçəsi" kitabı (1977)
akademik Məmməd Cəfərin, "Povestlər"
kitabı (1979) xalq yazıçısı Mirzə
İbrahimovun, "Bülbülün nağılı"
kitabı (1983) ədəbiyyatşünas Əziz Mirəhmədovun,
iki cildlik "Seçilmiş əsərləri" (1987) tənqidçi
Nadir Cabbarovun, "Ölüm hökmü" (1989) şair
İsa İsmayılzadənin məqalələri ilə
açılır. Siyahını davam etdirmək
də olar; məqsədim ayrıdır. Təbii
ki, Elçinin ilk kitabları "ön söz"süz
işıq üzü görüb; bu, gənc
yazıçının özünü-bəyanatıdır.
Sonrakı kitablara yazılan ön sözlərə
isnadlar həm də Elçin imzasının
çağdaş ədəbiyyata, ədəbi mühitə
nə qədər sirayətinin, hər dəfə dairəni
necə genişləndirdiyinin ölçüsü və
göstəricisidir. Monoqrafiyadakı digər, və mənim
fikrimcə, müəllifin məxsusi və seçimli
istinadlarını: "Elçinin müəllimi, elmi rəhbəri
olmuş professor Mir Cəlal"dan, akademiklər Məmməd
Arif Dadaşzadə, Bəkir Nəbiyev, İsa Həbibbəyli,
Nərgiz Paşayevadan və bir çox başqa sitatları
da nəzərə alanda, Nizami Cəfərovun Elçinin
yaradıcılıq yolu ilə birgə, hardasa
Elçinşünaslığın təşəkkülünə
də mühüm bir amil kimi diqqət yönəltdiyini
görürük. Belə ki, ədibin hələ
"2013-cü ildə nəşr edilmiş
"Biblioqrafiya"sına" əsasən həmin miqyas bu
gün daha böyük olub, "müxtəlif millətlərə
mənsub 500-dən artıq tədqiqatçı-müəllifin
müxtəlif dillərdə yazılmış minlərlə
əsərləri" ilə ölçülür.
"Klassikin
müasirliyi" fəsli, mənim fikrimcə, monoqrafiyada ən
maraqlı və aktual məqamı nişan
verir. Necə eyni zamanda klassik və müasir olmaq
olar. Bir anlığa məsələn, 1920-1930-cu illər
ədəbi prosesi ilə analogiya aparsaq, həmin dövrdə
ədəbiyyatın sözünü gənc Mikayıl
Müşfiqlə, Səməd Vurğunla bahəm ulu Cavid də
söyləyirdi; Hüseyn Cavid bu zaman ədəbiyyatın
klassiki idi. Eynən bu gün ədəbiyyatımızda
Müstəqilliyin sözünü gənc imzalardan da
çox Elçin deyir, zamanın gəlişən
tendensiyalarına ədəbiyyatda cavab axtarır. Mənimcə,
akademik Nizami Cəfərov "klassikin müasirliyi"nin həm tipologiyasını, həm də gəlişmə
trayektoriyasını dürüst şərh edir...
Nə olsun ki, Qarabağ müharibəsi bugünün
reallığıdır, ədəbiyyatımızda
Qarabağ ağrıları təzədir, sağalmayan yara
kimidir; Qarabağ mövzusu ki, təzə deyil. Elçin "Qarabağ
şikəstəsi", "Bayraqdar", "Sarı gəlin",
"Araba", "Pera Palas otelində", "Kaşeyin
taleyi", "Kölgə", "Qəbiristanlıq əhvalatı",
"Missiya", "Çingiz xanın daşları",
"İntihar" və s. kimi 2000-ci illərdən belə qələmə
aldığı hekayə və povestlərində,
"Baş" romanında müstəqillik sözünü
həm Qarabağ qəhrəmanlarının, həm
Abşeron obrazlarının, həm də ümumən
bütünlükdə yaradıcılığına mənsub
doğma tipajlarının taleyində axtarır, aqibətində
izləyir. Hər növ mədəni və
mütərəqqi sıçrayışlarımıza rəğmən,
mühiti və qəhrəmanlarını sarmış mənəvi
böhran havasından baş açmağa, içlərindəki
insanı xilas edib, gün işığına
çıxarmağa çalışır. Bu, fəlsəfi dekadansdır.
Nizami Cəfərov
dünənin nostaljisindən müharibə və ölüm
("qəbiristanlıq") havasınacan, "missiya"dan
"intihar" həddinəcən izləməklə
Elçin qəhrəmanlarının məhz
həyat sevgisi, Elçin hekayələrinin isə həyatı
təsdiq pafosu üzərində israr edir; müxtəlif
fakturalı mətnlərin fəlsəfi qayə zəminində
birikdiyini üzə çıxarır. "Baş"
romanını "yalnız Azərbaycan deyil, ümumən
dünya ədəbiyyatında hadisə" kimi dəyərləndirərək,
"böyük yazıçı-mütəfəkkirin
Tarixi zədələmədən, hadisələrin mürəkkəb
dinamik sistemini bütün təbiiliyi ilə alaraq ona
müasir (modern!) sosial-fəlsəfi təfəkkür
səviyyəsindən baxmaq təcrübəsi"nə
önəm verir; belə ki, "bu baxış nə qədər
tarixidirsə, bir o qədər də müasirdir".
Yüz ildir ki, Azərbaycan ədəbiyyatı modernizm
ağrılarını yaşayır və zamanın tələblərinə
adekvat cavablar axtarır. Nə olsun ki, absurd - XX əsr Qərb teatrına xas hadisədir; 2000-ci illərdə
Elçin 1990-cı illərdən başlayan teatr fəaliyyətini
davam etdirərək, "Qatil", "Taun
yaşayır", "Ağ dəvə",
"Şekspir", "Arılar arasında", "Cəhənnəm
sakinləri", "Teleskop", "Sənətkarın
taleyi" və s. pyeslərində həmin hadisəni milli
yaradıcılıq aktına çevirməklə, akademikin
teatrşünas Məryəm Əlizadəyə istinadən
yazdığı kimi: "öz dramaturji
yaradıcılığıyla dövrün
çağırışına adekvat cavab vermiş
oldu".
Amma mənimcə,
yazıçı zəngin
yaradıcılığının ruhundan doğan mükəmməl
"Nağıllar"ı ilə dünya ədəbiyyatını
zənginləşdirərkən, daha da qüdrətlidir. Şərq müdrikliyi və milli folklor xəzinəsindən
qopub gələn "nağıllar" əsl kəşfdir
və mündəricə yetkinliyi ilə də, ifadə
plastikası etibarilə də Elçin
yaradıcılığına çox yapışır.
Nağılları ayrı-ayrılıqda, fikir dərinliyi və
ürək genişliyi ilə şərh edən akademik Nizami
Cəfərov bu qənaətində də tam haqlıdır
ki: "Böyük yazıçının bir neçə
il ərzində bir-birinin ardınca bu qədər gözəl
"nağıllar" yazmasına da yalnız peşəkar
yaradıcılıq işi kimi baxmaq doğru olmazdı. Bu da
bir cür "sirri-Xuda" idi..." Həqiqətən
də, nağıllar "ümumən dünya ədəbiyyatının
eyni janrdakı (yazıçı nağılları) ən dəyərli
əsərlərilə müqayisə oluna biləsi"
şedevrlərdir.
"Klassikin
müasirliyi"ni şərh edərkən, akademik Nizami Cəfərov
Elçin mətni ilə yanaşı, həmçinin
"Elçin üslubu", "Elçin cümləsi",
"Elçin janrı" kimi anlayışlara da
aydınlıq gətirir, "yazıçının yaradıcılıq
genotipologiyasının üzvi tərkib hissələri"nə
varmaqla Elçinşünaslıqda yeni-yeni ərazilər fəth
edir.
Klassiki dərk etmək üçün tarix
lazımdır; klassik haqqında söz zaman keçdikcə
yerini alır.
Akademik Nizami Cəfərovun cəsarəti və
uğurudur ki, "Elçin. Yazıçının
yaradıcılıq yolu" monoqrafiyasında klassikə
bugündən nəzər yetirmiş və müşahidə
etdiklərini qələmə almışdır. Klassik məhz o deməkdir ki, mətnlərinə səyahət
bir dəfə başlayır və heç zaman bitmir. Əbədiyyətə aparan
"yazıçının yaradıcılıq yolu",
güman ki, elə burdan keçir.
Tehran
Əlişanoğlu
Ədəbiyyat qəzeti.- 2017.- 18
noyabr.- S.10-11.