Payız: gözəlliyin təntənəsi
Payızdır. Pessimist ovqata köklənməkdənsə son baharın gözəlliklərini görmək daha yaxşıdır. Təbiət bu gözəllikləri bir də düz bir ildən sonra bizə bəxş edəcək. Yaşıl, sarı, qırmızı, xınalı yarpaqlar al-əlvan çiçəklər qədər gözəldir. Hər fəslin öz gözəlliyi var, əlbəttə. Amma payızın gözəlliyi bir başqadır. İnsanın kədərli payız ovqatından sıyrılıb tədricən rəngini dəyişən rəngbərəng yarpaqlardan, çisələyən yağmurdan zövq almasından gözəl nə ola bilər ki? Gözəlliyi görmək, ondan zövq almaq gərəkdir.
Böyük Hüseyn Cavid "Mənim Tanrım" şeirində deyirdi:
Hər qulun cahanda bir
pənahı var,
Hər əhli-halın bir qibləgahı var,
Hər kəsin bir eşqi, bir Allahı var,
Mənim Tanrım gözəllikdir,
sevgidir.
Gözəl sevimlidir cəllad
olsa da,
Sevgi xoşdur sonu fəryad olsa da,
Uğrunda mənliyim bərbad
olsa da,
Son dildarım gözəllikdir,
sevgidir.
Gözəllik bir insan zindanə bənzər,
Sevgisiz bir başda əqrəblər gəzər,
Nə görsəm, hankı bəzmə etsəm güzər,
Həp duyduğum
gözəllikdir, sevgidir.
Cəfər Cabbarlının da
eyniadlı şeiri gözəllik anlayışının
nə demək olduğunu göstərir:
Mən bir zaman öz-özümdən
uzaxdım,
Dün bir işıq buldum, ruhuma taxdım.
Bütün əski tanrıları
buraxdım,
İndi
artıq bir Tanrım var - gözəllik!
Bütün əski tanrılara
darıldım,
Həp məcazi
sevgilərdən yoruldum.
Bir həqiqət buldum, ona vuruldum,
Dünyada bir şüarım
var - gözəllik!
Oxşa
məni, yeni Tanrım, sevindir!..
Artıq
fikrim, ruhum, duyğum sənindir!
Çıx könlümdən, əski
dünya, sonundur,
Çünki yeni bir yarım var - gözəllik!
Ürəkləri fəth edən
gözəl - Afrodita
Göz qamaşdıran
gözəlliyə sahib olan
Afrodita gözəllik
ilahəsidir. Əfsanəyə görə, Afrodita
dalğaların köpüyündən
yaranıb. Bir bahar sabahı, Kipr adası sahillərində sakit dalğalanan dəniz birdən-birə ağ
köpüklü dalğa
ilə hərəkətə
gəlir, bu dalğa ilə birlikdə bir sədəf qabığı
sahilə çırpılır.
Sədəfin qapağı açıldığı
zaman içindən gözəllər gözəli
Afrodita çıxır.
Onun yanında eşq Tanrısı olan oğlu Eros da vardı. Afrodita qumsalda yeridikcə ayaqlarının dəydiyi
yerlərdə al-əlvan,
gözəl qoxulu çiçəklər açırdı...
Zaman tanrıları
olan heralar onları qarşıladılar
və əvvəl Afroditanı yaxşıca
yuyub vücudundakı
duzlu dəniz suyunu təmizlədilər. Uzun saçlarını
hörüb başını
qızıl bir tacla bəzədilər, əyninə tüldən
bəzəkli paltarlar
geyindirib, boynuna göz qamaşdıran boyunbağı taxdılar.
Daha sonra onu və
oğlunu götürüb
Olimp dağına qaldırdılar. Olimp dağındakı
tanrılar bu gözəli görüncə
heyranlıqlarını gizlədə
bilmədilər.
O gündən sonra Afrodita gözəllik və eşq ilahəsi olaraq Olimpdə digər tanrılarla birlikdə yaşamağa başladı.
Afrodita gözəlliyi
ilə sadəcə tanrıların deyil, insanların da ürəyini fəth etmişdi. İnsanların qəlbinə sevgi
və eşq toxumları səpir, onlara nəşə və sevinc bəxş edirdi. Digər tərəfdən,
çox vaxt bu nəşə və sevinc eşq
acısına da dönə bilirdi. Gözəllik ilahəsi gücünü
sadəcə insanlar və tanrılar üzərində göstərməzdi.
Onun sözü bütün təbiətə keçirdi.
Bir baxışıyla quduz dalğaları sakitləşdirir,
nəfəsi ilə dəli kimi əsən küləkləri
susdururdu. O, yer üzündə hər şeyi dirildir, ona həyat verirdi. Qurumuş çiçəkləri təkrar canlandırır,
dünyanı bəzəyir,
gözəlləşdirirdi.
Dünya estetiklərinin əksəriyyəti
deyir ki, gözəllik estetikanın
ən ümumi və universal kateqoriyası,
estetik qiymətləndirmənin
ən mühüm amilidir. O, insanın həyatında
əvəzsiz rol oynayır, təbiət və cəmiyyət hadisələrini, incəsənət,
əmək, ictimai münasibətlər və
digər sahələri
əhatə edir. O, insanlara müsbət enerji, pozitivlik, sevinc bəxş edir, fərəh gətirir, həzz, yaşamaq üçün
stimul verir, onlarda həyat eşqi yaradır. Elə bu səbəbdən bütün dövrlərin
dahiləri heç vaxt gözəlliyə biganə qalmayıb.
Gözəllikdən ilham
alan dahi
şəxsiyyətlər onu
təbliğ edib və onun şərəfinə
təriflər söyləyiblər.
Ümumiyyətlə, şair və
yazıçılar həmişə
gözəlliyi yaradıcılıqları
üçün prioritet
mövzu hesab ediblər və etməkdədirlər. Gözəlliyi
sabit, metafizik bir ideya kimi
qiymətləndirən Yunanıstanın
idealist filosofu Platonun sözlərinə qüvvət
üçün deyək
ki, dünya var olandan yüksək
qiymətləndirilən gözəllik bundan sonra da - əbədi
olaraq göz oxşayacaq... Platon gözəlliyin mənbəyini
fani hesab etdiyi maddi aləmdə
deyil, ideyalar aləmində, əbədiyyətdə
görürdü. O, hesab
edirdi ki, gözəllik hansı bir görkəmdə, hansı bir məxluqda, yaxud ancaq hansı bir predmetdə isə, görünə bilməz.
Gözəlliyi görmək
Yazıçı Ejen İonesko müsahibələrinin birində
gözəlliyi görməkdən
danışır: "Pessimist bir dostum bizə
qonaq gəlmişdi. O
vaxt Klod Terrasda birinci mərtəbədə yaşayırdım.
Ondan bir az əvvəl
qızım dünyaya
gəlmişdi. Evimiz darısqal
idi, uşağın əskilərini elə otaqdaca qurudurduq. Dostum gəldi və həyatın dəhşətlərindən,
dünyanın rəzillik
və miskinliklə, bitib-tükənməyən qəmlə,
kədərlə dolu
olmasından, evimizin darıxdırıcılığından və narahatlığından
danışdı. Ona
dedim: "Məncə,
bura çox gözəldir, otağın
ortasından asılmış
əskilər belə
göz oxşayır."
Dostum təəccüb və nifrətlə üzümə
baxdı. Mənsə
sözümə davam
etdim: "Bəli, gözəldir. Baxmağı bacarsan görərsən
ki, dünya başdan-başa möcüzədir,
ilahi bir təntənədir." O an doğrudan da mənə elə gəlirdi ki, zivədən asılmış paltarlar işıq saçır.
Sanki dünyaya rəssam gözüylə
baxmış və ən dəyərsiz əşyanın belə işıq saçdığını
görmüşdüm. "Məsələn, üzbəüz binadakı
üçkünc pərdəli,
yöndəmsiz evi götürək. O evə
məhəbbətlə və
ya neqativ fikirləri beynindən çıxararaq baxsan, görərsən ki, necə şəfəq saçır. "Hər kəsin həyatında belə anlar olur. Məişət - əsl həyatın
əsrarəngiz gözəlliyini
öz arxasında gizlədən bomboz örtüyə bənzəyir.
Gündəlik qayğı və
vərdişlərin üzündən
insanın görmə
qabiliyyəti, diqqəti
zəifləyib, heyrətlənmək
hissi yoxa çıxıb, yaddaşı
korşalıb."
Çin filosofu və mütəfəkkiri Konfutsi
deyirdi ki, hər şeydə bir gözəllik var. Lakin bunu hamı
görmür. Dostoyevski gözəlliyin insanlıq
üçün nə
qədər önəmli
olduğunu, vacib rol oynadığını
göstərirdi: "Bilirsinizmi , siz bilirsinizmi ki, bəşəriyyət
ingilissiz də yaşaya bilər, almansız da yaşaya bilər, russuz lap yaxşı yaşayar, elmsiz, çörəksiz
yaşayar. Yalnız gözəlliksiz yaşaya
bilməz, çünki
onda həyatda heç nə etməyə lüzum qalmaz! Bütün sirr bundadır!"
İtin dişləri
Azərbaycanın böyük şairi
Nizami Gəncəvi
"Sirlər xəzinəsi"ndə İsa peyğəmbərlə bağlı
hekayədə müdrik
bir insan surəti yaradır. Bazarın başında bir dəstə adam bir it cəmdəyini qarğa-quzğun
kimi dövrəyə
alıb onun üfunətindən, xəstəlik
mənbəyi olmasından
danışır, üzlərini
turşudur, ağızlarını
büzürlər. Növbə
İsa peyğəmbərə
çatanda o söyləyir
ki, heç inci də bu
itin dişləri qədər ağ
ola bilməz. Bu sözlər cəmdəyin
başına yığışan
hər kəsi heyran edir, onlar
pərt halda başlarını aşağı
salıb gedir, düşündüklərinə, danışdıqlarına görə
xəcalət çəkirlər.
"Dünyanı
gözəllik xilas edəcək"
Böyük rus yazıçısı
Dostoyevskinin "Dünyanı gözəllik
xilas edəcək"
sözlərini bilməyən
yoxdur. Müasir dövrün yeniliklərindən
olan estetik müdaxilə gözəllik
naminə atılmış
uğurlu addım olsa da, bunu
qəbul etməyənlər
də var. Həkim qarşısına keçən,
əməliyyat masasına
əyləşən insan
bunun nə qədər ağrılı,
çətin olmasını
bilsə də, gözəllik naminə bu əzaba qatlaşır.
Sublimasiya baş verir
və insan arzusuna çatır.
Əvvəlki dövrlərdən fərqli olaraq müasir insan qocalmaqdan, yaşa dolmaqdan qorxmur. Bilir ki, bunun çarəsi
var. Əlbəttə, bütün
bunlar gözəllik, göz oxşamaq üçündür.
Özünü sevən entuziastlar eyni zamanda ətrafdakılar üçün də müsbət enerji mənbəyi olur. Gözlər gözəllik görür, həmin gözəlliyə heyranlıqla baxır. Daxili gözəlliyə önəm verənlərin yalnız çirkinlər olduğunu düşünənlər də var. Əsla belə deyil. İslam dünyasında peripatetik fəlsəfənin inkişafında böyük xidmətlər göstərmiş filosof Əbu Turxan deyirdi: "Zahiri və daxili gözəllik eyni vaxtda parlaya bilməz. Əvvəlcə birincinin parıltısından ikinci gözə görünmür, amma elə ki, göründü, onda birincini kölgədə qoyur".
İncəsənət üçün
dərin və mistik mövzuların
qaynağı olan payız fəslidir.
"Son bahar - təbiətin
kədərli, hüznlü ayı" deyib keçməyək. Bu
gözəllikləri doyunca seyr edək. Hərçənd
doymayacağıq, amma yenə də
gözəllikdən zövq almağa çalışaq.
Xuraman Hüseynzadə
Ədəbiyyat qəzeti.- 2017.- 18
noyabr.- S.12.