AYDIN
HATİPOĞLU
Görkəmli
türk şairi Aydın Hatiboğlunun ilk şeirləri
1958-ci ildə Şükran Kurdakulun nəşr etdirdiyi
"Yelkən" dərgisində çap olunub. "Çömçə gəlin"
(1966), "Hoyrat" (1973), "Həzrəti İbrahim"
(1975), "Mən sizə
qonaq gələndə"
(1979), "Son deyil" (1983), "Koroğlu" (1985), "Saç"
(1995), "Qərənfilli küçə"
(2003) kimi şeir kitablarının müəllifidir.
Bir sıra milli mükafatların laureatıdır.
Uzun müddət Nazim Hikmət vəqfinin sədri vəzifəsində
çalışıb.
BAHAR TÜRKÜSÜ
Qumrular bilir
bahar çağı
sübh tezdən
şehin
çəmənə
necə düşdüyünü.
Bir dağın
ətəyində
gördüm səni,
əllərin
çocuq
gülüşü kimi
ağappaq idi.
Sən heç bilirdinmi,
heç bilirdinmi
nə qədər bənzəyirmiş
insan sevinci
suyun dibindəki çınqıla?
Bu nəfəs
meşəninmi,
səninmi -
üzümə toxunduqca
bihuş oluram.
Nə incəcik lalə,
nə boynubükük
bənövşə,
içim
qırxkirpik
çobanyastıqlarıyla
dop-dolu...
QƏRƏNFİLLİ
KÜÇƏ
Rüzgar
xəzan rəngində,
sarı-sarı toxunur
yalnızlığa.
Sanki
bıçaqla
kəsilmiş üfüq
qovrulmuş un
ətri verir.
Çocuq gözlərimdə ölüm,
suya düşmüş
yaralı bir quş.
Xəyal-məyal əllərim
ümidsizliyi oxşayır.
Quşlar
ən
qədim sakinidi
bu yerlərin,
bütün qalaların
bürcləri onların,
bəs niyə
doğulduqları
yuvaları qoyub,
bir başqa diyara
uçub gedirlər?
Günəş sevda rəngində,
çiçəklər açmış,
göz-göz.
Çalır
yorğun
düşmüş
zamanın zəngini
bulud karvanını
andıran xatirələr...
Bağ-bağatın
sevdiyim cəhəti bu:
mən gəlincə,
hər kəs gəlir.
Toxununca
əlimə əlin,
bütün göyərçinlər
qəfildən uçur...
Ürəyim qar bəyazı...
Elə bil,
titrədi payız yarpağı,
küçələrin içində
mənim sevdiyim
-
qərənfilli küçə,
qərənfilli küçə!..
TUT ƏLİMDƏN
Tut əlimdən,
yenə yan-yana addımlayaq,
Payızı
sarı şal kimi
at
çiynindən,
söykənək
dost çinarların
bəmbəyaz gövdəsinə,
sonra
çıxaq çocuqların
oynadıqları
küçələrə,
hələ
məndə
qalır
quru yarpaq kimi
bağışladığın o hüzn...
Yaxşı xatırlayıram:
ölümlə oynayardıq,
soyuq
bir
bıçaq kimi
kəsərdi sevdamızı,
indi
pəncərəmdən
atıram
vəfasız üzləri,
bir-bir...
çürüyür torpaqda
çiçək kimi
solğun bənizli dostluqlar...
Tut,
tut əllərimdən -
ölü şəhərin
nəbzi
gup-gup atsın...
Tut,
tut əllərimdən, bərk
tut,
sevgi piləkənləri
aparsın bizi
söyüd ağaclarının
altındakı qaranlığa,
və gecənin
ən qatı yerində
bir-birinə qarışsın
səssizliyimiz...
SƏSSİZCƏ
Elçinə
Gecə
durğun və səssiz.
Xəzər uyuyur.
Bəbələr uyuyur.
Küçədə qara kölgələr.
Binalar içinə
qapanmış.
Kimsə
piano çalır
uzaqlarda,
yer-göy oyanır,
bir qadın,
gözünü zilləyir
qaranlığa...
Dinlədikcə
ürpənirsən,
ürək kimi vurur gecə...
Yenə
kimsə
piano
çalır
uzaqlarda,
yer-göy susur,
bir qadın
gözünü zilləyir
qaranlığa,
ürək kimi vurur gecə...
Bu dəm
bir
qayıq
batır Xəzərdə,
dalğalar
cəsədi sahilə
vurur
səssizcə...
BU CÜR ŞEİR HEÇ YAZILMADI
Sevdalar yoğurduq əllərimizlə,
Qovğalarla oyandıq,
hələ uşaq
idik, uşaq.
Kibirli
və qansız idi dünya,
heç nədən
sönürdü
ömrün işığı,
heç nədən
solurdu
lalələrin yanağı,
acı
və
göz yaşıyla sulanırdı
dibçəkdəki
küskün çiçək,
öncə
coşqunluqlarımız,
sevinclərimiz,
inanclarımız öldü,
sonra arkadaşlarımız,
sonra sabahların işıltısı,
sonra suların türküsü...
Ey, irmaqlarından
zəhər axan dünya,
səni
yarpaqsız
ağaclar
adından,
dəhlizlərdə
yuxusunda uçqunlar görən
körpələr adından,
göy adından,
yer adından,
məsum dənizlər
adından,
qadın hıcqırıqları
adından
və
ölü
quşlar adından
lənətləyirəm!..
İNADKARLIQ
Qayıq
üzdürürlər uşaqlar
çamur gölündə,
kağızdan qayıq.
Xoşbəxtlik rüzgarlarını
doldurub
yelkənlərə
üz tuturlar azadlığa,
ta ki,
qayıqları islananadək.
Sonra yeni bir qayıq,
bir qayıq daha...
Camur gölü
udur durmadan
ümidin
kiçik qayıqlarını,
amma
ağlamağı
unutmuş
inadkar çocuqlar,
bu oyuna alışıq -
həvəsləri bol,
kağızları bol...
İnşalllah, çıxarlar
həsrətini çəkdikləri
azadlığın sahillərinə...
NOVRUZ
Duman sarmış dərələri,
Qüssəyə baş əymir bülbül.
Alnında
dağ güllərinin
ətri,
dili - bal,
dodağı - bal.
Tül-tül olmuş
şəfəqlərin ardında
ağca-ağca qovaqlar,
lalə-lalə təpələr,
yaz gəlir,
yaz
gəlir,
səhər vaxtı
ötən bülbül,
qürbət eldə
nə işin,
burda qal!
Səssizlik canda,
can
yuxuda,
incəcik bir toxunuş -
bir nəfəs,
bahar qonmuş budağa,
ərimiş dağların
qarı,
gülü - ləl!...
LEVNİYƏ
Hər şeyin
bir rəngi var,
bilirsiniz,
azadlığın rəngi,
ümidin rəngi,
qorxu kəsmiş
üzün rəngi,
bulaşmasın
bezmişlik qarası
adımıza...
Sevincin rəngini
xatırlayın bir,
xatırlayın
çocuqluğun
şəkər
pəmbəsini,
dəliqanlı günlərin
nar çiçəyini,
bizi
həyata
bağlayan
turuncunu...
Sonra
qızılın hüznə
qarışdığı yeri,
mavi-
uzaq
bir ölkədir -
heç gedilməyən,
sarı -
sərxoşluqdu,
bezginlikdi həmişə
və durmadan
bitib - tükənmənin
türküsünü söyləyər...
Əski
bir
sevda
yaşar limon rəngində,
incəcik
bir sızı yayılar
damarlarımıza,
səssizcə sezərik
-
torpaq rəngi ölüm rəngidir...
Hüznün rəngini,
zülmün zəngini,
qəhrin rəngini
bilirsiniz,
adımız kimi,
adınız kimi bilirsiniz
inancın da rəngini...
XANIMƏLİ
Günmü doğdu,
gülmü açdı?
Yanağında şeh damlası,
bir qoxlasam!
Südmü süzmüş balam,
gül məmələrdən?
Bir bəbə gülsə,
oxşasam!
Səhər yeli keçər
kimi,
Turfan dağından...
Dağıtsam saçlarını,
toplasam saçlarımı.
Bir çini qab kimi incə...
(Büllurdandır bədənin,
büllurdan)
Yuxun qaçarmı
toxunsam?
Pəmbə buludlar
dağılır üzündə,
Al lalədir
sanki əllərin,
əyilib
su içər kimi çeşmədən,
öpsəm...
GÜN
Pərdəni açınca
çılpaq
bir
sabah
qonur budaqlara,
yuxudan
doymuş
gözlərində
çiçəkləyir şəfəq,
dağılır
mahmur saçları
gecənin...
Bətnində
hüzn
gəzdirən
bir
qaraçı şərqisi
qarışır
təkərlərin
taqqıltısına,
kədərə toxunur əlim,
küçədə -
quş
səslərini
qaraya boyayan çocuq,
qapıda - yeni bir gün...
Haqqını halal et, sevgilim.
DÜNƏN - BU GÜN
Səsimdə yalnızlıq acısı,
Gözlərim yanır yuxusuzluqdan.
Sönür,
sönür mumu ərimiş
şamın işığı,
uzaqda,
çox
uzaqda
ağlayan
çocuqların səsi...
Dağları kəşf edirəm
-
üsyanların sığınağı...
Qəsfət kəsilmiş göyüzü,
Dodaqlarım çatlamış.
Nəyin
sorağında ürəyim,
Ovuclarımda kədər, nisgil.
Qara bulud sarmış göyü,
Üzüm solmuş xəyal bağçası.
Budağından
qorxu sallanan ağac,
neçə acı,
neçə ümid,
neçə inanc,
Bədrəddin,
Pir
Sultan,
Hallac...
Vətəni Asyamı,
yoxsa Rum,
Havada
yanıq yarpaq qoxusu,
Dünya,
səni tanıyıram,
Dünya,
səni tanıyıram...
Aldada bilməzsən
doğrusu...
ÇOCUQ
Səni
meşədən
gələn ətir
kimi xatırlayıram,
bapbalaca qucağına
tökülür yarpaqlarım.
Səni
sənsiz
keçən illərin
qaranlığında süzürəm.
irmaq boyunca
qaçan çocuq.
Məni
eşmə bığımla
xatırla,
atıb-tutub
bağrına bas
yalnızlığımı...
Solmaqda olan
bir
sentyabr çiçəyidi
gözlərin,
Talanmışam,
yorğunam,
qırğınam,
Amma
yenə
də
dilimdən
düşmür sevinc.
Atdım
silahımı
əski
coşqunluqlar kimi,
indi
pəncərəsində
qırmızı sardunyalar
açan
üstü mor kirəmitli
bir kənd evidir sevdam...
MASAL MAVİSİ
Kalabalık kıpırtılar içinde
Gizli saklı karanlıklar içinde
Koparılmış bir gül yaprağı gibi
Yüreciği titremeler içinde.
Sonsuzluğun sınırında duruyor
Çiçekler takınmış reyhan
kokunmuş
Hayatın devingen beşiğinde
uyur gibi
Gülücüğü ışıltılar içinde.
Akşamın hançeri hüzne
boyanmış
Acımasız rahim sevecen mezar
Ölüme bir nokta düşürmek için
Bağrında inciler duruyor gibi.
Hazırladı:
Dilsuz
Ədəbiyyat qəzeti.- 2017.- 18
noyabr.- S.16-17.