Ədəbi-elmi düşüncənin
İsa Həbibbəyli modeli
I məqalə
Akademik İsa Həbibbəylinin ədəbi-elmi
yaradıcılığından, bu
yaradıcılığın çoxşaxəli əhatə
dairəsindən, inkişaf xüsusiyyətlərindən və
fərqli görünən özünəməxsus cəhətlərindən
yazmaq, eyni zamanda həmin məsələləri müasir ədəbiyyatşünaslığın
tələbləri baxımından dəyərləndirmək
o qədər də asan deyil. Çətinliyin səbəbini
görkəmli alimin monoqrafiya və məqalələrinin həcmi,
müxtəlif yaradıcılıq tipinə malik sənətkarların
ədəbi irsinin obyekt kimi seçilməsi, tədqiqatlarında
sənətkar və zaman anlamının əsas tərəflərini
ehtiva etməsi ilə əlaqələndirmək doğru
olmaz. Burada əsas məsələ İsa
Həbibbəylinin ədəbi-elmi yaradıcılıq fəaliyyətinin
düzgün və mükəmməl təhlili
üçün dəyərləndirmək üsulunun və
meyarının tapılmasıdır.
İsa Həbibbəylinin
"Ədəbi şəxsiyyət və zaman" adlı
kitabı (Əsərləri, 10 cilddə, II cild.-Bakı,
"Elm və təhsil", 2017) qədim, orta, yeni və ən
yeni dövr Azərbaycan ədəbiyyatı nümayəndələrinin
həyat və yaradıcılığını əhatə
edən məqalələrdən ibarətdir. Müxtəlif
dövrlərə aid sənət adamlarının ədəbi
irsinin təhlili ilə bərabər,
bu məzmun çərçivəsində ədəbiyyat
tarixi konsepsiyasının müddəaları, ədəbiyyat
nəzəriyyəsinin aktual məsələləri, o
cümlədən maarifçi realizm, tənqidi realizm və
romantizm problemləri, tənqidçi təfəkkürü
ilə bədii mətnin təmas nöqtələri, həmçinin
mühacirət dövrü ədəbiyyatının
xüsusiyyətləri də səbirlə, təmkinlə
araşdırılmış və ədəbiyyatşünaslığın
gələcək inkişafı üçün ciddi bir ədəbi-elmi
irs yaradılmışdır. Bax, İsa Həbibbəylinin
əsərlərində özünə kifayət qədər
dayanıqlı yer tutan və onun
yaradıcılığının keyfiyyət göstəricilərindən
biri olan bu elmi polifonizm onun ədəbi-elmi irsinin hərtərəfli
təhlili, daha çox da ümumiləşdirmələr
aparılması üçün təbii olaraq çətinlik
yaradan səbəblər sırasındadır.
Klassik ədəbiyyat
məsələləri İsa Həbibbəylinin tədqiqatlarında,
əsasən, Nizami Gəncəvinin,
Marağalı Əvhədinin, Şəmsi Təbrizinin,
İmadəddin Nəsiminin, Məhəmməd Füzulinin yaradıcılığına
istinadən araşdırılır. Bu məqalələrdə
aparıcı motiv onların
yaradıcılığının əsas xətt və
istiqamətlərini daha çox ədəbiyyat tarixi
konsepsiyasına yaxınlaşdırmaqdır. Həmin məqalələrin hər birində klassik
Azərbaycan şairlərinin ədəbi irsini bütün tərəfləri
ilə təqdim etməyə böyük əhəmiyyət
verilməklə yanaşı, onların əsərlərinin
ideya xüsusiyyətləri ilə ədəbiyyat tarixi
konseptinin vəhdəti də aydınca görünür.
Ağıl və kamala üstünlük vermək (Nizami Gəncəvi),
ənənələrə daha çox söykənmək
(Marağalı Əvhədi), irfani-fəlsəfi şerin
günəşi olmaq (Şəmsi Təbrizi), "kamil insan
obrazının qüdrətli yaradıcısı" səviyyəsinə
yüksəlmək (İ.Nəsimi), "eşqi aşiqin ənənəvi
pasportu" hesab etmək (M.Füzuli) prinsipləri
ayrı-ayrı sənətkarları fərqləndirməklə
bərabər, hər bir mütəfəkkir şəxsiyyətin
ədəbiyyat tariximizdəki xidmətlərinin aydın mənzərəsini
də təsəvvür etmək deməkdir.
İsa Həbibbəyli üçün ədəbi
faktlar sisteminə əsaslanmaq irəli sürülmüş
müddəaların da hamı tərəfindən qəbul
edilən elmi-nəzəri səviyyəsinin təminatı
olur. Hecə deyərlər, fakta söykənməyən
elmi-nəzəri fikir "əsası yox divara"
(Füzuli) bənzəyir. Bu mənada tədqiqatçının
araşdırmalarının nəticəsi kimi Nizami Gəncəvinin
Azərbaycan xalqının görkəmli şairi və
mütəfəkkiri olmasının 10 prinsipini müəyyənləşdirməsi
bütöv ədəbiyyatşünaslıq miqyasında ədəbi faktla
elmi-nəzəri müddəa arasındakı əlaqəyə
ən yaxşı nümunədir. Başqa sözlə, Nizami
Gəncəvinin anadan olduğu yer (1), hərəkət etdiyi
məkan (2), qıpçaq gözəli Afaqın qədim Dərbənddən
göndərilməsi (3), Azərbaycan mövzusu (4), şairin
"Leyli və Məcnun"un fars dilində yazılması tələbinə
qarşı etirazı (5), ata-anasının türk olması
haqqında məlumat (6), türk sözünün yerli-yerində
işlədilməsi (7), Xaqaniyə yazılmış mərsiyə
(8), sənətkarın məzarının Gəncədə
olması (9), "Xəmsə"nin əlyazma halında Azərbaycanda
geniş yayılması (10) dahi söz ustasının Azərbaycan
xalqına məxsusluğu, onun əsərlərində
"azərbaycanlı ruhunun yüksək bədii ifadəsi"
haqqında qəti və inkarolunmaz prinsiplərdir ("Nizami Gəncəvi:
Azərbaycandan dünyaya").
N.Gəncəvinin
etnik mənsubiyyəti ilə bağlı olan və mübahisələrə
cavab kimi səslənən həmin müddəalar məsələnin
mahiyyətinə uyğun olaraq nə qədər konkret və
sərtdirsə, həyat və yaradıcılıq
faktları ilə heç bir mübahisəyə yol
açmayan M.Füzuliyə münasibət, təbii ki, bir o qədər
yumşaq və həlimdir ("Məhəmməd Füzuli
yaradıcılığında aşiq"). M.Füzuli
yaradıcılığının məzmun və mahiyyəti
onun lirikasının
aşiqanəlik fəlsəfəsinə üzvi
bağlılığı ilə izah olunur. Şair -
Aşiqin hiss və duyğuları öz gücünü həyatdan
alır: "Füzulinin ictimai düşüncəsi ilə
eşqi, sevgisi arasında bərabərlik işarəsi
yaranır" (s.35). Füzuli eşqi və Füzuli
yaradıcılığındakı aşiqanəlik nə qədər
ideal olsa da, İsa Həbibbəyli eşqi və aşiqliyi
konkret, real həyati faktla - Yer kürəsi və ekvatorla
müqayisədə daha da yüksəklərə
qaldırır: "Müqəddəs Kərbəlada Yer
kürəsini ekvator xətti yox, Aşiq Füzulinin aşiqanə
sevgi xətti birləşdirir" (s. 36). Bu,
qeyri-adi anologiya Füzulini yerə endirmək deyil, Füzuli
idealını başa düşməyin, dərk etməyin
real yolu və üsuludur.
Saib Təbrizi və Molla Pənah Vaqif
yaradıcılığının özünəməxsus cəhətlərinin
müəyyənləşdirildiyi məqamlarda tədqiqatçının
elmi-nəzəri düşüncəsinin alt qatında ədəbiyyat
tarixinin o dövr sənətkarları üçün həm
müştərək, həm də səciyyəvi olan xüsusiyyətləri
canlanır və onların
yaradıcılığının spesifiklik təbiəti ilə
ədəbiyyat tarixinə gətirdiyi yeniliklər qovuşuq
halda təqdim olunur. Hikmət və nəsihətlərə
meyil, "Hind üsulu"na yaşamaq hüququ verməsi, qəzəli
məzmun baxımından ənənəvi axarından
çıxarıb daha çox ictimailəşdirməsi və
forma baxımından həcmini genişləndirməsi - qəsidəyə
doğru inkişaf etdirməsi sırf Saib Təbrizi
yaradıcılığına xasdır; həyata
yaxınlıq, dünyəvilik, epik-didaktik meyillər, əxlaq
və mənəviyyat motivləri isə həm Saib Təbrizi,
həm də XVII əsr poeziyası üçün səciyyəvi
xüsusiyyətlərdir ("Klassik poeziyada yeniləşmə
meyilləri və Saib Təbrizi"). El-oba həyatını
və gözəlləri gerçək şəkildə tərənnüm,
əruz vəznindən heca vəzninə, qəzəl-qəsidə
şeirindən qoşmaya keçid, poeziyada "Vidadi ilə
müşairə" səviyyəsində dastanlaşmaya
doğru hərəkət şeir dilinin sadələşdirilməsi, yeni bədii
təsvir və ifadə vasitələrinin tətbiqi
sırf M.P.Vaqif
yaradıcılığının aparıcı cəhətləridir;
romantik şeirdən realist tərənnümə keçid,
dildə xəlqiləşmə, ədəbiyyatın konkret
coğrafiyası ilə görünməsi, realizm ədəbi
cərəyanına mənsubluq isə həm M.P.Vaqif, həm
də XVII əsr Azərbaycan ədəbiyyatı tarixi
üçün müştərək xüsusiyyətlərdir
("Molla Pənah olan şair").
Fərdi yaradıcılığın spesifikası ilə
ədəbiyyat tarixinin ümumi cəhətlərini üzvi
şəkildə və obyektiv formada əlaqələndirmək,
yaradıcılıq faktını ümumədəbiyyat
kontekstində aparıcı bir müddəaya çevirmək
və irəli sürülən tezislərin əvvəlcədən
qəbulediləcəyinə əmin olmaq tədqiqatçıdan
böyük səriştə və incə bir manevr tələb
edir. Sənətkar yaradıcılığı ilə ədəbiyyat
tarixi konseptinin vəhdətini yaratmaq məqamlarında İsa
Həbibbəylinin ədəbiyyatşünas təfəkkürü
induktiv və deduktiv yanaşmadan daha çox eyni müstəvi
üzərində bir xətdən digər xəttə
hissedilməz dərəcədə keçid etmək
bacarığını örnəyə çevirə bilir.
İsa Həbibbəylinin ədəbiyyat tarixinin
ayrı-ayrı dövrlərinə aid yazıçı və
şairlərin yaradıcılığının təhlili
zamanı həmin təhlillərin arxa planında heç də
qabarıq görünməyən ictimai-siyasi vəziyyət
dayanır. Tədqiqatçının XIX və XX əsrin əvvəllərinə
aid sənətkarlarla bağlı araşdırmalarında həmin
mövqe rahatca sezilməkdədir. Bu, sənət
adamının real gerçəkliyə
bağlılığının zəruriliyi barədə
olan qənaətin nəticəsidir. Eyni
zamanda İsa Həbibbəylinin XIX və XX əsrin əvvəllərinə
aid sənətkarlarla bağlı məqalələrində
yazıçı və şairlərin
yaradıcılığı daha çox ədəbiyyat nəzəriyyəsi
müddəaları ilə çulğalaşmış
şəkildə araşdırılır. Bunun səbəbi
də aydındır: bu dövr sənətkarlarının bədii
irsi daha çox ədəbi cərəyanların -
maarifçi realizm, tənqidi realizm və romantizmin estetik
prinsipləri mövqeyindən dəyərləndirilir.
İsa Həbibbəylinin "Xoş gördük, Mirzə
Fətəli Axundzadə!", "Mirzə Fətəli
Axundzadənin ədəbiyyat nəzəriyyəsi
görüşləri və "nazimi-ustad" məsələsinə
yenidən baxış" məqalələri
Axundovşünaslıqda yeni bir mərhələdir. Səmimi və
doğma müraciətlə (Xoş gördük!)
özünü Axundzadəyə yaxınlaşdıran
İsa Həbibbəyli yeni tipli ədəbiyyatın
yaradılmasını mütəfəkkir şəxsiyyətin
"Şərq qiyafəli, Avropa düşüncəli, Azərbaycançı
milli məzmuna malik" təfəkkür sahibi olmasında
görür. Həmçinin tədqiqatçı
M.F.Axundzadənin ədəbiyyat nəzəriyyəsinə
dair görüşlərini ilk dəfə olaraq hərtərəfli
araşdırmağın da əsasını qoyur.
"Tənqid" - "kritika" sözünü ədəbi
dövriyyəyə çıxarmaq, quru ədəbiyyat nəzəriyyəçiliyindən
uzaqlaşmaq, ədəbi tənqidlə ədəbiyyat siyasətinin
mahiyyətini aydınlaşdırmaq, bədii
yaradıcılıqda məzmunla formanın vəhdətini əsas
prinsip kimi irəli sürmək, canlı danışıq
dilinə üstünlük vermək M.F.Axundzadənin fikir və
düşüncələrinin aktuallığı barədə
olan qənaətlərdir.
İsa Həbibbəylinin
"nazimi-ustad" ifadəsinə yenidən
baxışı, bu mənada M.F.Axundzadənin M.Füzuliyə
olan münasibətinə xeyli aydınlıq gətirməsi
müasir ədəbiyyatşünaslığımız
üçün bir çox mübahisəli, yaxud az
öyrənilən problemlərə yenidən
qayıdışın əsasını qoyur. M.F.Axundzadənin
məzmun və ifadə gözəlliyi əsasında
şairlərin yaradıcılığının təsnifatını
verməsi və "ədəbiyyatın böyük səkkizliyini"
(İ.Həbibbəyli) müəyyənləşdirməsi
fonunda M.Füzuliyə münasibətin ədəbiyyatşünas
alim həssaslığı ilə araşdırılması,
"nazimi-ustad" ifadəsindəki "nazim" və
"ustad" sözlərinin ayrı-ayrılıqda səciyyələndirilməsi
və nəticədə M.F.Axundzadəyə görə,
"Məhəmməd Füzuli klassik romantik şeirin
ustadı, yeni realist ədəbiyyatın isə nazimidir"
(s.86) fikrinin irəli sürülməsi M.F.Axundzadəni indiyə
qədər mövcud olan qınaqdan və basqıdan xeyli dərəcədə
xilas etmiş olur.
Ədəbi məkanda M.F.Axundzadənin şəxsində
reallaşan maarifçi dünyagörüşə sonralar Məhəmməd
Tağı Sidqi, Nəriman Nərimanov, Rəşid bəy
Əfəndiyev, Üzeyir Hacıbəyov kimi sənətkarlar
sahib çıxmışlar. "Keçid dövrünün
lideri" kimi tanıdılan M.T.Sidqinin maarifçilik fəaliyyəti
açdığı məktəblərin ("Əxtər",
"Tərbiyə") və yazdığı dərsliklərin
("Nümuneyi-əxlaq", "Müxtəsər
coğrafiya risaləsi", "Qızlara hədiyyə")
fonunda ədəbi-mədəni hadisə kimi qiymətləndirilir
("Maarifçilik hərəkatının və
maarifçi ədəbiyyatın nümayəndəsi").
N.Nərimanova həsr edilmiş məqalənin "Nəriman
Nərimanov: tənqidi realist yoxsa maarifçi demokrat" kimi
adlandırılmasının özü belə ciddi, eyni
zamanda aktual elmi-nəzəri problemdən xəbər verir və
tədqiqatçı alim görkəmli ədibin
maarifçiliyinin mənzərəsini bədii
yaradıcılığından gətirilən nümunələr
əsasında müəyyənləşdirir. Təkcə "Bahadır və Sona" əsərinin
"Xalqlar dostluğunun təntənəsinə yox,
maarifçi ağlın, idrakın faciəsinə həsr
olunması" və "başdan-başa, təpədən-dırnağa
maarifçi ideyalardan yoğrulması", "Nadir
Şah" tarixi dramında xalq hakimiyyəti ideyasının
irəli sürülməsi barədə olan tezislər
İsa Həbibbəylinin N.Nərimanovun maarifçi realizmə
mənsubluğunun aydınlaşdırılmasındakı hədəflərinin
mahiyyət və məzmununun dəqiqliyini göstərir. Bu mahiyyət və məzmunda digər istiqamətlərlə
bərabər, mədəni-tarixi aspektin qorunması daha
aparıcıdır. Mədəni-tarixi aspekt Rudolf İvanovun
"Ölüm döyüşü" roman-tədqiqatının
təhlili zamanı da qorunub saxlanılır.
"Üzeyir Hacıbəyov əfsanəsi" və
"Rəşid bəy Əfəndiyevin iki məktubu" məqalələrində
də maarifçi realizmin inkişafı izlənilir. Üzeyir
Hacıbəyovun milli mətbuatın inkişafındakı
xidmətləri, professional musiqi sənətinin
yaradıcısı olması, türk-müsəlman
dünyasında ilk operanı meydana çıxarması, elmin
və ictimai fikrin inkişafındakı rolu bilavasitə onun
maarifçi dünyagörüşü ilə
bağlanır ki, tədqiqatçı alim bunları sistemli
şəkildə təqdim edir. "Bir
neçə yazıçının qələmindən
çıxmış qarşılıqlı
yazışmaları əks etdirən məktublar ayrıca bir
kitab üçün zəngin mənbədir" söyləyən
İsa Həbibbəyli Rəşid bəy Əfəndiyevin
M.T.Sidqiyə yazdığı iki məktubun mətnini öz
məqaləsinə daxil etməklə yanaşı,
onların dövrün maarifçi mühitinə işıq
salmasını və yazıçının maarifçi
baxışlarını canlandırmasını xüsusi
vurğu ilə qeyd etmişdir.
İsa Həbibbəylinin
tədqiqatlarında tənqidi realizm məsələləri Cəlil
Məmmədquluzadənin, Mirzə Ələkbər Sabirin, Məhəmməd
ağa Şahtaxtlının, Məmməd Səid Ordubadinin,
Əliqulu Qəmküsarın, Eynəli bəy Sultanovun
yaradıcılığı əsasında təhlil olunur.
"Böyük demokrat Cəlil Məmmədquluzadə"
məqaləsi ədibin həyat və
yaradıcılığının əsas faktlarını əhatə
etdiyinə və geniş elmi-nəzəri təhlilləri
özündə cəmləşdirdiyinə görə onu monoqrafik
tədqiqat da hesab etmək olar. İsa Həbibbəyli
C.Məmmədquluzadənin həyatını canlandırarkən
hər bir faktın, hər bir hadisənin onun
yaradıcılığının təşkili və
formalaşması üçün nə dərəcədə
əhəmiyyətli olduğunu əsaslandırır.
Atasının açdığı baqqal dükanı və
insanların həyatı ilə yaxından tanış olmaq
şəraiti, mollaxana təhsili və Şərq dillərini
öyrənmək, Şərq tarixinə, ədəbiyyatına
bələd olmaq, Naxçıvan şəhər məktəbi
və dini təsəvvürlərdən dünyəvi
baxışa keçid, Qori Seminariyası və yeni
dünyagörüşün formalaşması Cəlil Məmmədquluzadənin
həyatı ilə yaradıcılıq fəaliyyəti
arasında nə qədər yaxınlıq və əlaqələr
olduğunun sübutu kimi nəzərə
çarpdırılır. Əslində
bütün bunlar yazıçının bioqrafiyası və
yaradıcılığı arasındakı təmas nöqtələrinin
tapılması əsasında bədii əsəri dəyərləndirməyin
yolu və üsuludur.
İsa Həbibbəyli
C.Məmmədquluzadənin demokratik görüşlərinin
yeni istiqamətdə öyrənilməsinə ehtiyac
olduğunu vurğulamaqla bərabər, öz zamanında
"burjua mətbuatına" qarşı mübarizə,
dini dünyagörüşü rədd etmək kimi mətləbləri
ehtiva edən "böyük demokrat"
anlayışını məhdudiyyətdən qurtarıb yeni
dövrün tələblərinə uyğun şəkildə
səciyyələndirmək çağırışı
ilə də çıxış edir.
İsa Həbibbəyli C.Məmmədquluzadənin bədii
nəsrini yeni ədəbi hadisə mövqeyindən
araşdırır. Hamının tanıdığı Novruzəlinin iki
qütb arasında qalması və onun başına gələn
bəlanın bu qütblərin toqquşmasından törəməsini
dəqiq müəyyənləşdirir: bunlardan biri poçt
qutusunun, poçtxananın mahiyyətini bilməmək, digəri
isə mənən saflıq və sədaqətdir. Usta Zeynalın bədbəxtliyinin səbəbi iki
zidd düşüncənin toqquşmasıdır: saf, pak əməl
sahibliyi və müsəlman fanatizminin təzahürü olan
möminlik və ətalət. "İranda
hürriyyət" hekayəsi isə "milli şüurun və
ictimai düşüncənin Arazın hər iki
tayındakı səviyyəsini oxucuya anlatmaq" yolu ilə
özünüdərk nümunəsidir. Eyni zamanda
bütün bunlar "Poçt qutusu", "Usta Zeynal",
"İranda hürriyyət" hekayələrinin məğzi
və mahiyyətidir.
"Danabaş
kəndinin əhvalatları" povestində adi əhvalatların
real təsviri, əsərdəki "Bir yüngülvari
müqəddimə"nin C.Məmmədquluzadə realizminin
proloqu olması,"Eşşəyin itməkliyi" ilə
Məhəmmədhəsən əminin "sahiblik hissini,
hüququnu, ixtiyarını itirməsi", Xudayar bəy
obrazı ilə "konkret tarixi şəraitdəki ictimai ədəbsizliyin,
haqsızlıq və qoluzorluluğun bütün əsas təzahürlərinin
göstərilməsi", Zeynəbin "Azərbaycan ədəbiyyatı
tarixində ilk müstəqil kəndli qadın obrazı
kimi" ciddi etiraz səsini ucaltması və C.Məmmədquluzadə
realizminin prinsiplərindən biri kimi özünü təsdiq
edən nağılvari üslub povestin ideya-bədii dəyərini
müəyyənləşdirən amillər kimi əsaslandırılır.
İsa Həbibbəylinin
bədii əsərləri məzmununa və mahiyyətinə
görə dəyərləndirmək prinsipi C.Məmmədquluzadənin
dramaturgiyasına da aiddir. Tədqiqatçının dəqiq müşahidə etdiyi kimi, ədibin
dramaturgiya yaradıcılığında məkan vahidliyinin
-Bərgüşad kəndinin ayrı-ayrı əsərlərdə
("Çay dəstgahı" və "Kişmiş
oyunu" pyeslərində) təkrarən meydana
çıxması yazıçı düşüncəsinin
təşəkkül mərhələsi barədə konkret
informasiyanın mövcudluğundan danışmaq deməkdir.
"Ölülər" tragikomediyasının
"türk-müsəlman dünyasının cəhalət
və mövhumat əsarətindən xilası davasında
atılmış atom bombası qədər təsirli" bədii
əsər adlandırılması,
Şeyx Nəsrullahın "ölü diriltmək"
oyunu qarşısında Kefli İsgəndərin söylədiyi
monoloqun isə "silahdan da güclü səslənən kəsərli
ittihamnamə" kimi təqdim edilməsi pyesin və
obrazın daxili məzmunundan irəli gəlir. "Atom
bombası" və "silah" sözləri tədqiqat mətninə
təsadüfən daxil edilməmişdir və mətnin
içərisində tam təbiiliyi ilə oturuşmuş bu
sözləri "Ölülər"in ideya
baxımından gücünü göstərmək
üçün alternativi olmayan mülahizələrin nüvəsi
də hesab etmək olar.
C.Məmmədquluzadənin "Ölülər"
pyesi haqqında dəyərli fikirlər çoxdur. İsa Həbibbəyli
onlardan üçünü ardıcıl olaraq
xatırlayır: "baltanı dibindən vuran əsər"
(Üzeyir Hacıbəyov), "paslanmış beyinləri
pasdan təmizlədib ölmüş ruhlara can verən"
tamaşa (Nəriman Nərimanov), "sənətkaranə bir
dirilik, mahiranə bir incəlik" yaşadan pyes (Hüsyn
Cavid). Bu mülahizələrə
dördüncünü də əlavə etmək olar: "Ölülər"
- ətalətə, xurafata, cəhalətə ən
ağır, kəskin zərbə, ənənəvi diriliyə,
oyanış və tərəqqiyə ən həyəcanlı
çağırışdır" (İsa Həbibbəyli).
Həyati
faktlarla bədii yaradıcılığın inkişaf
xüsusiyyətləri arasındakı uyarlığın
mühüm elmi nəticələrə gətirib çıxarması
prinsipi "Molla Nəsrəddin" ədəbi məktəbinin
ən məşhur nümayəndələrindən biri olan
M.Ə.Sabir ədəbi irsinə də aid
edilmişdir. İsa Həbibbəyli "Mirzə Ələkbər
Sabirimiz" məqaləsində onun həyatının ən
səciyyəvi faktları - Seyid Əzimin ona "Xəmsə"
bağışlamasını, Tehranda ali hakimlik təhsili
almasını, "Molla Nəsrəddin" jurnalı ilə
əlaqələrinin yaranmasını, müxtəlif mətbu
orqanlarda çalışmasını, nəhayət, Cəlil
Məmmədquluzadə ilə sıx əlaqələrini tədqiqata
cəlb edir və onların Sabirin
dünyagörüşünün formalaşmasındakı,
yaradıcılığının inkişafındakı rolu
dəyərləndirilir. Həsən bəy Zərdabi,
Müzəffərəddin şah, Hacı Məcid əfəndiyə
mərsiyələr yazması görkəmli sənətkarın
milli ideyalara bağlılığının təzahürü
kimi izah olunur.
M.Ə.Sabir yaradıcılığına istinadən
klassik lirika ənənələrinə sədaqətlə
yanaşı, satirik poeziyaya keçidin təbii-tarixi şərtləri
də əsaslandırılmışdır. "Bir məclisdə on iki
kişinin söhbəti" şeirində satirik bədii təfəkkürün
görünməsi, "Nə yazım?" şeirinin
M.Ə.Sabir satirasının nizamnaməsinə çevrilməsi,
klassik fəxriyyələrin strukturunun və ideya istiqamətinin
dəyişdirilməsi, elm və təhsilə
çağırış şeirlərində məktəb,
maarifçi ziyalı obrazlar ilə bərabər, dərsə
gedən uşağın da surətinin
canlandırılması, insanlığın taleyinə
acımaq hissləri, "Səttarxanın bir milli qəhrəman
kimi, dolğun bədii obrazını yaratmaq", xalqı həmişə
azad görmək M.Ə.Sabir sənətinin əsas istiqamətləri
kimi səciyyələndirilir. Ədəbiyyat nəzəriyyəsi
müddəalarından doğulan bədii portret yaratma
ustalığı, tipi öz dili ilə danışdırmaq
xüsusiyyəti, dialoqlardan yerli-yerində istifadə
bacarığı M.Ə.Sabir
yaradıcılığının sənətkarlıq
keyfiyyətləri kimi şərh olunur.
İsa Həbibbəyli M.Ə.Sabirlə yanaşı Məhəmmədağa
Şahtaxtlının ədəbi irsini də
araşdırır və bu araşdırma fərqlilik üzərində
qurulmuşdur.
Şərq təfəkkürlü Sabirlə
müqayisədə M. Şahtaxtlıda Qərb Avropa
düşüncəsi aparıcı idi. M.Şahtaxtlının
qarşısında "Azərbaycana Qərb maarifçiliyi ənənələrini
gətirmək, doğma xalqını Şərq fanatizmindən
xilas etmək, Qərblə Şərqi
yaxınlaşdırmaq kimi böyük vəzifələr"
dayanırdı. O, əlifba layihəsində də,
Avropaya marağında da M.F.Axundzadənin
davamçısı idi. Alman, fransız və ərəb
dillərinə dair biliklərini təkmilləşdirməsi,
ölü dillərə dair müəyyən vərdişlər
qazanması, məqalələrində balkanlardan Hindistana qədərki
coğrafiyada türk-müsəlman dünyasındakı
ictimai-tarixi prosesləri mükəmməl təhlil etməsi
onun mütəfəkkir bir sima olduğunu təsdiqləyir. M.Şahtaxtlının "Azərbaycan
mövzusunu ilk dəfə olaraq "Kaspi"yə gətirməsi",
öz ata mülkünü sataraq mətbəə alması,
"Türkiyəni necə xilas etməli" siyasi-fəlsəfi
traktatı ilə Avropa ictimaiyyətinin diqqətini ilk dəfə
Türkiyə həyatına yönəltməsi, "Qərb
standartlarında çap olunan "Şərq qəzeti"ni
- "Şərqi-Rus"u
çap etməsi və bu qəzetin "Molla Nəsrəddin"
jurnalının proloquna, baş məşqinə çevrilməsi
M.Şahtaxtlının mədəniyyət sahəsindəki fəaliyyətini
kifayət qədər aydın göstərir. İsa
Həbibbəyli M.Şaxtatlının dilçilik
görüşlərinə istinadən onu "bizim
Avropadakı Mirzə Kazım bəyimiz" hesab edir.
İsa Həbibbəyli Məhəmmədağa Şahtaxtlı
kimi M.S.Ordubadinin də görkəmli simalarla əhatə
olunmuş nəsil şəcərəsinə xüsusi əhəmiyyət
verir. M.S.Ordubadini "Azərbaycan ədəbiyyatının
Tolstoyu" adlandırır və bu adlandırmada heç bir
ideoloji mahiyyətin gizlənmədiyini, müqayisənin ədəbi
mövqe eyniliyinə və tarixi roman monumentallığına
əsaslandığını nəzərə
çarpdırır. Bunun əksinə
olaraq Azərbaycan ədəbiyyatı nümayəndələrinin
Şekspir, Qoqol və Belinskiyə bənzədilməsini təsirlənmə
folkloru kimi səciyyələndirir, onların təkrar
olunmaması üçün bu bənzəyişlərin Azərbaycan
sənətkarlarının özünəməxsusluğunu
kölgədə qoyması amilinə aydınlıq gətirir.
İsa Həbibbəyli
M.S.Ordubadinin "Dəvət", "Vətən və
hürriyyət" kitablarına daxil olan şeirlərinin
yeni dövrün əhval-ruhiyyəsini əks etdirməsini
xatırlatmaqla yanaşı,
onun "Xabi-qətlət" əsəri ilk dəfədir
ki, poema janrı kimi əsaslandırılır və M.Hadinin
"Əlvahi-intibah" poeması ilə müqayisə
edilir, ən başlıcası, əsərin ictimai-fəlsəfi
məzmunu aydınlaşdırılır. İsa
Həbibbəyli araşdırma zamanı xüsusi önəm
verdiyi "İbrahim Bəyazid və Teymurləng" pyesinin
ideya-bədii xüsusiyyətlərini tarix və müasirlik
müstəvisində araşdırır. Yıldırım
Bəyazidin oğlu Mustafa Çələbi ilə Teymurləngin
qızı Zərifəbanunun sevgisini hökmdarlar arasında
qarşılıqlı etibarın vəsiləsi kimi səciyyələndirir.
Pyesin variantları arasındakı müəyyən
fərqlərin aşkarlanması isə düşüncədə
müdrikliyə, birlik ideyasının təbliğinə yol
açır.
İsa Həbibbəyli
tənqidi realizmin nümayəndəsi kimi Ə.Qəmküsarın
bədii yaradıcılığındakı açıq
müəllif mövqeyini onu digər satiriklərdən fərqləndirən
əsas cəhət kimi göstərir, eyni zamanda belə bir
açıq mövqenin Culfa gömrükxanasında işləyən
Məşədi Ələkbər Nəcəfovun ailə
mühiti ilə, yəni mövhumatın nisbətən arxa
planda olması (1) şairin atasının, əmisinin və
babasının ictimai ruhlu şeirlər yazması (2), Məhəmməd
Tağı Sidqinin təsiri ilə
dünyagörüşünün inkişafı (3),
Naxçıvanda maarifçi mühitin və dünyəviliyin
mühüm yer tutması (4), Səttarxan hərəkatında
iştirakı (5), şairi müdafiə edən maarifçi
qüvvələrin çoxluğu (6),Tiflisə köçüb
tənqid etdiyi mühitdən uzaq olması (7), C.Məmmədquluzadə
ilə yaxınlığı və jurnalın
redaksiyasında çalışması, hətta ikinci redaktor
olması (8) ilə bağlılığını da əsaslandırır.
Eynəli
bəy Sultanova gəldikdə isə ilk dəfədir ki,
İsa Həbibbəylinin tədqiqatında Eynəli bəy Sultanov "maarifçi realist
düşüncəli tənqidi realist
yazıçı" kimi təqdim olunur.
İsa Həbibbəylinin hər bir realist sənətkarın
şəxsiyyətinə və
yaradıcılığına dərin hörmət və
ehtiram hissi ilə bərabər, ayrıca bir C.Məmmədquluzadə
sevgisi də var. Onun haqqında
yazdığı fundamental tədqiqatını ("Cəlil
Məmmədquluzadə: mühiti və müasirləri")
belə nəzərə almasaq, İsa Həbibbəylinin
müxtəlif mövzulara həsr edilmiş məqalələrində
ədəbi-elmi mətnin daxilindən ucalan bir C.Məmmədquluzadə
obrazını aydınca görmək olur. Bu,
bir tərəfdən ədəbiyyatşünas alimin
özünün tədqiqatçılıq
marağının ifadəsidirsə, digər tərəfdən
də C.Məmmədquluzadənin yaradıcılıq
imkanlarının genişliyi və intəhasızlığı
ilə bağlıdır. "Rəşid bəy Əfəndiyevin
iki məktubu" məqaləsinin əvvəlində,
"Üzeyir Hacıbəyov əfsanəsi" məqaləsinin
əvvəlində və ortasında, Məhəmməd
Tağı Sidqi haqqında məqalənin əvvəlində,
ortasında və sonunda C.Məmmədquluzdənin mülahizələri
xatırlanır, N.Nərimanova həsr edilmiş məqalədə
maarifçi-demokrat yazıçının C.Məmmədquluzadənin
"Ölülər"lə bağlı klassik fikri diqqət mərkəsinə
gətirilirsə, M.F.Axundzadə ilə bağlı məqalədə
C.Məmmədquluzadənin M.F.Axundzadə haqqında dediyi
fikir istinad nöqtəsinə çevrilir.
M.Ə.Sabirin həyat və
yaradıcılığı C.Məmmədquluzadədən
ayrı təsəvvür edilmir, M.Şahtaxtlının C.Məmmədquluzadəyə
göstərdiyi etimad və C.Məmmədquluzadənin onu
hörmətlə xatırlaması qarşılıqlı
inamın nümunəsi kimi təqdir olunur. M.S.Ordubadinin və
Ə.Qəmküsarın C.Məmmədquluzadənin
başçılıq etdiyi "Molla Nəsrəddin" ədəbi
məktəbinə bağlılığı, C.Məmmədquluzadənin
E.Sultanov haqqındakı "Yəqin bilirəm ki, sən
olmasaydın, mən də qeyri-sadəcə kənd müəllimlərinin
içində yaddan çıxmışdım" möhtəşəm
etirafı xüsusilə dəyərləndirilir.
H.Cavidin romantik mənzum faciələri Cəlil Məmmədquluzadənin
tragikomediyaları ilə bir sırada tutulur, A.Səhhətin
"Molla Nəsrəddin" jurnalı vasitəsilə C.Məmmədquluzadə
ilə əlaqələri yada salınır, C.Məmmədquluzadə
adının M.Hadi ilə yanaşı çəkilməsi təqdir
edilir. F.Köçərlinin C.Məmmədquluzadənin
hekayələrini və "Molla Nəsrəddin"
jurnalını qiymətləndirməsi, M.Ə.Rəsulzadənin
"Ölülər" pyesinə dəyər verməsi
mühüm ədəbi-elmi yanaşma səviyyəsinə
qaldırılır. Sovet ədəbiyyatı
qurucuları olan sənətkarların,
"altmışıncılar" adlandırılan nəslin
və müstəqillik dövründə bir çox sənət
adamlarının yaradıcılığı təhlil edilərkən
də C.Məmmədqulazədənin
"iştirakına" ehtiyac duyulur. Bütün
bunlar İsa Həbibbəylinin müxtəlif ədəbi mərhələləri
əhatə edən, müxtəlif yaradıcılıq
metodlarına mənsub olan sənətkarlara həsr edilmiş
və say etibarı xeyli məqaləsində rast gəlinən
faktlardır. Bu faktlar sübut edir ki, İsa Həbibbəylinin
ayrı-ayrı sənətkarların həyat və
yaradıcılığına həsr edilmiş məqalələri
bizim ədəbiyyatşünaslığın magistral xətti
üzərində yerləşən və həmişə
bir-birini səsləyən, bir-birini tamamlayan məntəqələri
xatırladır. Bu məntəqələrin
birindən digərinə çox rahatlıqla keçmək
olur, çünki onları bir-birinə möhkəm və
qırılmaz ideya-bədii istiqamətlərə yönəlmiş
müasir ədəbi-elmi düşüncə
bağlayır.
Kamran ƏLİYEV
AMEA-nın müxbir üzvü,
əməkdar elm xadimi
Ədəbiyyat qəzeti.- 2017.- 18
noyabr.- S.18-19.