Xoşbəxtliyin rəssamı
- Abidin Dino
Rəssamlıq təkcə sənət,
yaradıcılıq deyil. Bu, həm də
taledir, həyat tərzidir. Sivilizasiyanı xəstəlik
hesab edən, işini, ailəsini tərk edərək uzaq
Taitidə məskunlaşan Pol Qogen, depressiyalardan, xoşagəlməz
hadisələrdən qurtuluş yolu axtaran və bir gün
özünü düz ürəyindən güllələyən
Van Qoq... Bu siyahını uzatmaq, ən müxtəlif
taleli rəssamların adlarını əlavə etmək
olar. Lakin nəticə dəyişməz olaraq
qalacaqdır: hər bir rəssam boya, kətan, fırça
ilə sənət ərsəyə gətirməklə
yanaşı, həyatı da eskizləri ilə rəngdən-rəngə
salır, dünyanı bozluqdan xilas etməyə
çalışır.
***
Onun adına ilk dəfə Adil Mirseyidin şeirlərində
rast gəlmişdim. Daha sonra rəsm əsərlərini
araşdırmış, sözün əsl mənasında sənət
adamı ilə mənəvi tanışlığın
zövqünü yaşamağa nail olmuşdum. Eyni zamanda bilmişdim ki, o, rəssam olmaqla
yanaşı, həm də yazıçı, tərcüməçi,
karikatura ustası, rejissor, ssenarist, şair, folklor
araşdırmaçısı olub. Həyatı
ilə sənətini ayrı düşünmədiyi
üçün siyasətçi olduğu qədər də
romantik, inandığı yolda qanının son damcısına
qədər mübarizə aparacaq qədər inadkar olan həmin
yaradıcı şəxs Abidin Dinodu.
Abidin Dino
1913-cü il mart ayının 23-cü
günündə dünyaya göz açmışdır.
Birinci Dünya müharibəsindən sonra İsveçrənin
Cenevrə şəhərinə köçən ailəsi,
daha sonra - 1920-ci ildə Fransaya köç etmiş, beş il sonra isə Türkiyəyə geri
qayıtmışlar.
Rəssam
öz həyat hekayəsini qələmə aldığı
"Qısa həyat hekayəm" adlı avtobioqrafik əsərində
həmin günləri belə nəql edir: "Hər şey
gözəl idi, yaxşı idi. Amma bu parlaq
görüntünün arxa üzündə fəlakətin
gizləndiyini də sezirdim. Bir az
çətin olsa da, vəziyyəti başa
düşürdüm. İsveçrə, daha
doğrusu, Cenevrə qorxunc bir fırtınanın mərkəzindəki
qayıq, sığınacaq kimi idi. Ətrafında
Dünya müharibəsi gedirdi. Saysız-hesabsız
qanın axdığı bu müharibədə Türkiyə
Almaniyanın tərəfində idi və fəlakətdən-fəlakətə
sürüklənirdi. Böyük salonda,
kiçik salonda, kitabxanada, yemək otağında
pıçıltıya bənzər səslərlə ancaq
o fəlakətdən danışılırdı".
Xüsusilə
sənət və ideologiya mövzularında dərin
marağa malik olan rəssamın özündən iyirmi
yaş böyük qardaşı Arif onun həm yaxın dostu, həm
də müəllimi olmuşdur. Sənətsevər
bir ailədə və mühitdə böyüyən Abidin
ailəsinin 1925-ci ildə vətənə geri
qayıtmasından bir müddət sonra atasını, daha
sonra anasını itirir. Bundan sonra Robert
Kollecindəki təhsilini yarıda qoyaraq bütün
zamanını rəsm və karikatura işlərinə sərf
edir. Hələ uşaqlıq illərindən
özünü göstərən rəssamlıq istedadı
və sənət sevgisi bu qərara gəlməsinə səbəb
olur.
1931-ci ildə, hələ 18 yaşında ikən
"Artist" dərgisində ilk məqalə və rəsm əsərləri
dərc olunur.
Elə həmin il Nazim Hikmətin "Səsini
itirən şəhər" kitabına illüstrasiyalar
çəkir. Bu, onun rəssamlıq etdiyi ilk
kitab idi. Həmin vaxtlar A.Dino hələ gənc
olmasına baxmayaraq, özünü inkişaf etdirmiş və
əksəriyyət tərəfindən rəssam olaraq qəbul
edilmişdi.
Bunun
ardınca Sovet rejissoru Sergey Yutkeviç ilə tanış
olan rəssam 1934-cü ildən başlayaraq növbəti
beş ili Leninqradda Lenfilm studiyasında dekorator, rəssam
olaraq çalışır. 1939-cu ildə vətənə
qayıtdıqda sənət mühiti ilə yaxın
münasibətdə olur. "Səs", "Yeni səs",
"Yeni adam", "Sərvət-I Fünun", "Yeni ədəbiyyat"
kimi dərgilərdə məqalələri yayımlanır,
rəsm və karikaturaları dərc edilir. Yazılarında
faşizmə və irqçiliyə qarşı
çıxır, əsl sənət anlayışını
önə sürür.
1939-cu ildə maddi qazancını dənizdə
ağır şərtlər altında əldə edənləri,
balıqçıları və liman işçilərini təsvir
etmək məqsədi ilə sənət nümayəndələrindən
ibarət "Liman qrupu"nu yaradır. Beləcə bir neçə
rəssam dostu ilə altı aylıq birgə iş fəaliyyətlərinin
sonunda liman işçilərini təsvir etdikləri
böyük maraq yaradan sərgi ərsəyə gətirirlər.
1941-ci ildə qardaşı Arif Dino Develiyə, Abidin isə
Mecitözünə sürgün edilirlər. Həmin hadisə
haqqında "Bir vaxtlar babama məxsus olan torpaqlara göndərilmişdim.
Düzü bu, olduqca xoş vəziyyət
idi" - deyirdi.
Burada rəssamlıq fəaliyyətini davam etdirən
Dino, Ferid Celil Güvenin "Türk sözü" qəzetində
məqalələr yazaraq maddi vəziyyətini təmin etməyə
çalışır. Ömrünün dörd ilini
qardaşı Arif Dino və elə həmin vaxt ailə
qurduğu arvadı Güzin ilə burada keçirir.
1941-ci ildə
sürgündə ikən nəşr edilən "Kel"
kitabı ilə bağlı olaraq Abidin Dino bunları
yazırdı: "İlk kitabımdı. Nəşr
edilən kimi Bakanlar Kurulu tərəfindən bütün
nüsxələri gizlədildi. Fikrimcə,
kitaba qadağa qoyanlardan heç biri onu oxumamışdı.
Üç hərflik adı onun qadağan
olunması üçün kifayət etmişdi". Ferit Edgü də sözügedən
kitab haqqında yazırdı: "Kel dövrünün
texniki mümkünsüzlüyünü ifadə edən
nümunəvi kitab idi. "
Orxan Kamal və Yaşar Kamal ilə də həmin
dövrdə uzun illər davam edən dostluğun təməlləri
qoyulmuş oldu. Sənətkar Yaşar Kamalın "Dəniz
küsdü", "Ağrı dağı əfsanəsi"
romanlarına illüstrasiyalar çəkmiş, bir çox
başqa kitablarının üz qabığının rəssamı
olmuşdu. Bundan başqa onların söhbətlərinin toplandığı
"Üzlər" adlı kitab çap edilmişdir.
Yaşar Kamal A.Dinoya "Xoşbəxtliyin şəklini
çəkən adam" adlı xatirə-oçerk
də həsr etmişdi. Həmin yazıda
Y.Kamal Abidin Dino ilə tanışlığından
başlayaraq əlli ildən çox çəkən (onlar
A.Dinonun vəfatına qədər dostluqlarını qoruyub
saxlaya bilmişdilər) dostluq tarixini, rəssamın həyata,
dünyaya qeyri-adi, özünəməxsus
baxışlarını təsvir etmişdir.
1934-cü ilin oktyabrında Jiangxi əyalətindən
olan Mao və dostları Chiang Kai-Shek vilayətində 7 yüz
min nəfərlik ordu tərəfindən mühasirəyə
alınmaları səbəbindən qaçmaq məcburiyyətində
qalırlar.
"The Long March" adı ilə tarixə düşən
yürüşün ardınca Mao Zedong çinli kommunistlərin
lideri olmuş, minlərcə gənc şimala üz tutaraq
Maoya qoşulmuşdu. Dino həmin dövrlərdə bu hadisələri
fırçanın dili ilə təsvri etmiş, Nazim Hikmət
isə "Uzun yürüş" adlanan əsərə
şeir yazmışdır:
Bu adamlar,
Dino,
ellerinde
ışık parçaları,
bu
karanlıkta, Dino,
bu
adamlar nereye gider?
Sen de, ben
de, Dino,
onların arasındayız,
biz de,
biz de, Dino,
gördük açık maviyi.
Abidin
Dinonu Nazim Hikmətlə də bir-birinə möhkəm dostluq
bağları bağlayırdı. Bir dəfə
Abidin, Nazim Hikmət və şairin çox sevdiyi arvadı
Vera ilə birgə Parisdə bir oteldə qalırlar. Nazim Hikmət gecənin ortasında Veraya "Saman
sarısı" adlı şeir həsr edir. Vera həmin vaxt yuxuda idi. Nazim və
Abidin otelin Sena çayının göründüyü pəncərəsinin
önündə əyləşmişdilər. Abidin rəsm çəkməklə məşğul
idi.
"Sen mutluluğun resmini
yapabilirmisin
Abidin?
İşin
kolayına kaçmadan ama
Gül
yanaklı bebesini emziren
melek
yüzlü anneciğin resmini değil
Ne de ak örtüde elmaların
Ne de
akvaryumda su kabarcıklarının
arasında dolanan kırmızı balığınkini
Sen mutluluğun resmini
yapabilirmisin
Abidin"
Lakin Abidin Dino xoşbəxtliyin rəsmini çəkmədi. O, xoşbəxtliyə
şeir yazmağı üstün tutdu:
Mutluluğun resmi
Kokusu
buram buram tüten
Limanda
simit satan çocuklar
Martıların
telaşı bambaşka
İşçiler gözler yolunu.
İnebilseydin
o vapurdan
Ayağında
Varna'nın tozu
Yüreğinde ince bir sızı.
Mavi
gözlerinde yanıp tutuşan
hasretle
kucaklayabilseydim
seninle,
bir daha.
Davullar
çalsa, zurnalar söyleseydi
Bağrımıza
bassaydık seni Nazım,
Yapardım
mutluluğun resmini
Başında
delikanlı şapkan,
kolların sıvalı, kavgaya hazır
Bahriyeli
adımlarla düşüp yola
Gidebilseydik
Meserret Kahvesine,
İlk
karşılaştığımız yere
Ve bir acı kahvemi içseydin.
Anlatsaydık
o
günlerden, geçmişten, gelecekten,
Ne
günler biterdi,
Ne geceler…
Dinerdi
tüm acılar seninle
Bir düş olurdu ayrılığımız,
anılarda kalan.
Ve
dolaşsaydık Türkiye'yi
bir
baştan bir başa.
Yattığımız
yerler müze olmuş,
Sürgün şehirler cennet.
İşte
o zaman Nazım,
Yapardım
mutluluğun resmini
Buna da ne
tuval yeterdi;
ne boya…
Dino ömür boyu qəzəbin, sevginin, xoşbəxtliyin
və kədərin rəsmlərini çəkmişdir. Bunlar Dinonun yer
üzünü çəkən fırçasından
süzülən dəniz kənarının, dağların,
dəliliyin, həsrətin, bəlanın,
qayğıların və başqa nəsnələrin rəsmi
idi. Söz və rənglər onun
dünyasında ayrılmaz bütün təşkil edirdi.
Əsərlərindəki həyat hekayələri
də rəsmləri kimi axıcı, rəngli bir dillə nəql
edilirdi.
"Fikrət Mualla ətrafdakılara nəsə anlatmaq
istəyirdi. Bu zaman çirkini çirkin, gözəli gözəl
görürdü. Bu xüsusiyyəti onun
güclü rəssam olduğuna dəlalət edir. Təbiətin, insanların üzünə
güzgü tutmuşdu, hətta var olan obrazlara obraz əlavə
etməyi də bacarırdı. Naxışların
gözəl, ya eybəcər olmasına deyil, öz sevgisinə,
öz istəklərinə üstünlük verirdi".
Ferit Edgü Abidin Dino ilə Güzin Dinonun 1952-1973-cü illər arasında bir-birlərinə yazdıqları sevgi məktublarının toplandığı "Sənsiz hər şey rəngsiz" kitabının ön sözündə "Abidin dostu Nazim kimi, saysız-hesabsız eşqlər adamı deyildi. Nazim bəlkə də bəzi aşiqlər kimi eşqin özünə aşiq idi. Abidin üçün isə eşq Güzin demək idi", - deyə yazırdı.
"Sevgilim, pəncərədən baxaraq oteldən çıxıb o böyüklükdə çamadanını daşımağına tamaşa etdim. Geri dön! Sevginin də eniş- yoxuşu var. Səhər qonşu binada həkimlər sinəmə baxdılar - yaxşıyam. Agsaqqal bir həkim əməliyyata gedən yolda yaşıl işıq yandırdı. Amma yenə də analizlərin nəticəsini gözləməliyik... Neçə gün? Bilmirəm. Saat 2-də Londonla əlaqə saxladım. Monika evdə idi, Octavioya gedə bilməyib. Nə iynəyə gərək var, nə həbə, mənim dərmanım sənsən. Ən mühümü də sevgili gözlərindi. Sağalacağamsa, məni onlar sağaldacaq.
Abidin
(3 fevral 1967, Montpellier)"
Lakin amansız xəstəlik bu özünəməxsus
istedada malik rəssamın yaxasını həyatı boyu
buraxmır. 1990-cı ildə xərçəng xəstəliyi
diaqnozu qoyulan rəssam 1993-cü ildə Parisdə vəfat
edir.
Xatirə
NURGÜL
Ədəbiyyat qəzeti.- 2017.- 18
noyabr.- S.15.