Fəxri Uğurlu:
Atamın ədəbi
taleyindən narahat
deyiləm
"Ədəbiyyat qəzeti"nin
"Ömrümün keçdiyi sahildən
uzaqlaşdıqca" layihəsinin budəfəki
qonağı Fəxri Uğurlu atası Ağa
Laçınlı ilə bağlı xatirələrini
bölüşür.
- Fəxri bəy, xəyallara dalmaq,
xatirələrlə baş-başa qalmaq, ötənlərə
qayıtmaqla aranız necədir?
- İnsanın yalnız keçmişlə
yaşaması da, gələcəyə hədsiz aludəliyi
də patologiyadı, xəstəlik, dəlilik əlamətidi. Zamanın
indiki zamanı isə yoxdu. Fikrimcə, tək sağlam təmayül
budu: insanın azından bir əli, bir ayağı, bir
gözü əbədiyyətlə təmasda olmalıdı.
Əbədiyyət dediyimiz o bir anın
içində keçmiş də var, gələcək də;
həm də bunların hər ikisi indiki zamandadı.
- Ötənlərdə qalan
acılı günlər də xatirəyə çevriləndə
şirinləşir. Biz isə doğrudan da şirin və maraqlı
keçən günlərinizi vərəqləyəcəyik.
İstəyirik ki, sizin atanızla bağlı xatirələrinizi
oxucularımızla paylaşaq. Deyin, Ağa müəllim sizin üçün təkcə
ata idimi?
- Bu suala
"Tanrı dağları" silsiləsindən olan
"Ehsan" adlı yazımdan bir sitatla cavab vermək istəyirəm
(yazıda bu sözləri hekayənin özünə ehsan verən
qəhrəmanı Toğrul bəyin qızı deyir):
"Atam bizə evdə dərs öyrətməzdi, deyərdi
mən sizin məktəbdə müəlliminizəm, evdə
yox. Vay o günə evdə sizə müəllimlik eləyəm,
məktəbdə atalıq… Çətinə
düşəndə köməyimizə anamız
çatardı. Öz-özümə deyərdim, bəlkə
atam düz eləmir, bəlkə evdə bir cür, məktəbdə
ayrı cür olmaq yaxşı iş deyil? Sonra
başa düşdüm, yox, ailən-uşağın varsa,
evdə evin kişisi, arvadının əri,
uşağının da atası olmalısan. Ustadlığını, müəllimliyini məktəbə
saxlamalısan. Vay o gunə, atam demiş,
ustadlığını evdə sınaqdan keçirib dədəliyini
məktəbdə göstərəsən. Atam evdə
bizi göydən endirən atamızdı, məktəbdə
- göyə qaldıran atamız…"
- Yaddaşınızın alt
qatına qayıtmaq, kiminləsə də
paylaşmadığınız xatirələrinizi
bölüşmənizi istərdik. Elə şeylər, elə
məqamlar olub ki, bu şəxsən sizə aid idi? Uşaq yaddaşınızda atanız necə
qalıb?
- Bu,
olduqca geniş mövzudu. Mənim
yaddaşımın alt qatı cildlərə, kitablara
sığmaz. Qısaca onu deyə bilərəm
ki, lap uşaqlıqdan atamla həmsöhbət, sirdaş
olmuşam. Şeirlə-sözlə,
şairlərin adıyla, məsələn, Səməd
Vurğuna "Səmət Burqun" deyə-deyə dil
açmışam. İlk əzbər bildiyim şeir
parçası atamın ilk kitabında dərc olunmuş
"Sibir çayları" şeirindən bir bənd olub:
Arazın
dərdi
Dərya qədərdi.
Nə bəxtəvərdi
Sibir
çayları...
Yeri gəlmişkən, Yazıçılar Birliyinə
də ilk dəfə atamın qucağında getmişəm. İndi kimsə
məni orada qonaq kimi qarşılayanda gülməyim gəlir.
Atam danışardı ki, səni
Yazıçılar İttifaqına aparmışdım,
Süleyman Rüstəm çıxdı qarşıma.
Qucağımda səni görcək dedi, adə, bu lap fırt
eləyib sənin burnundan düşüb ki! Dedim,
ustad, düz tapmısız, oğlumdu, bir yaşı tamam
olub, gətirmişəm İttifaqa üzv qəbul elətdirəm.
Deyirdi Süleyman Rüstəm şaqqanaq çəkib
güldü, sonra da baş barmağını çiyninin
üstündən geri tuşlayıb dedi: "Adə, məndən
ötdü, filankəsə dəydi, filankəsə dəydi..."
O, çəkdiyi adları burda açıq yazmıram,
çünki həmin qələm adamları çoxdan bu
dünyadan köçüblər. Hərçənd,
Süleyman Rüstəmin dediyində heç bir qərəz
olmayıb, sadəcə, atamla zarafatlaşıblar.
- Ağa Laçınlı
sözün bütün mənalarında ağayana bir kişi idi. Tələbələri
onu həmişə "Bizim Ağa müəllim"- deyə
xatırlayırlar. Bəs zaman keçdikcə,
yaşınızın üstünə yaş gəldikcə
Ağa müəllim sizin üçün daha kim
olurdu, onu necə tanıyırdız?
-
Atamın vəfatından keçən on il
ərzində onun haqqında onlarla xatirə yazısı,
şeir yazılıb. Yazanların bir qismi də
atamın tələbələridi. Ölümündən
sonra mən onun haqqında çoxlu xoş söz
eşitmişəm. Bu müddətdə
atama dostlarının, doğmalarının, qələm
yoldaşlarının, tələbələrinin
gözüylə baxmaq məndən ötrü çox
maraqlı oldu. Ötən on il bir həqiqətə
əminliyimi qat-qat artırdı: valideynin övladına ən
qiymətli mirası, doğrudan da, təmiz ad-sanmış. Bu mirasa heç bir sərvət tən gələ
bilməz.
- Atanızın ətrafında müxtəlif təbəqənin
adamları olub. Onlarla münasibəti necə
idi?
- Atam
adamlara təbəqəsinə, silkinə, rütbəsinə
görə fərq qoymazdı, hamıyla bir dildə danışardı.
Ancaq namərd, dönük, yaltaq adamlarla dil tapa
bilməzdi, belələrini görəndə ya dinməzcə
yan keçər, ya da oxundan çıxardı.
- Laçına, Oğuldərə
kəndinə münasibəti məlumdur. Şeirlərində,
söhbətlərində təsadüf etmişəm. Bəs
bizim bilmədiyimiz, sizin aşkar edə biləcəyiniz nələr
vardı?
- Atam
doğma yurda münasibətini şeirlərində eninə-uzununa
ifadə eləyib. Sovet dönəmində Azərbaycanın
müstəqilliyi onun ən böyük idealıydı.
Atamın ötən əsrin 70-ci, 80-ci illərində
çıxmış kitablarında olduqca sərt,
açıq mətnlə yazılmış antisovet şeirlər
var. "Qlavlit"də işləyən yurdsevər, elsevər
dostlarının əliylə o yazıları sakitcə,
haysız-küysüz senzuradan keçirdirdi, ancaq antisovet
şeirlərini reklam eləmirdi. Ümumiyyətlə,
reklamçılıq onun xarakterinə tamam yad bir məsələydi.
O, tarixin ədalətinə arxayın idi, hərçənd ədalətin
ucsuz-bucaqsız dəryasından atamın təşnə
ürəyinə bir içim su düşmədi. Ölkəmiz müstəqillik qazanandan sonra onun əziyyəti
əvvəlki illərdən artıq oldu, üstəlik, dədə-baba
yurdu viran qaldı. Ancaq atam bu qismətdən
çox da gileylənmədi, bir para yaşıdı kimi sovet
bayrağının həsrətini çəkmək onun
ağlının ucundan da keçmədi.
- Atanızla ata-oğul müstəvisindən
kənara çıxıb dost ola
bildinizmi? Bir yerdə səfərə çıxmaq və
sair baxımından...
- Atam mənlə
yola çıxmağı çox xoşlayardı, deyərdi
sən yanımda olanda işlərim yağ
kimi gedir, qapılar üzümə taybatay açılır.
Buna görə də ta uşaqlıqdan atamla
çox yoldaşlıq eləmişəm. Mənim on-on
bir yaşım olanda birlikdə Moskvaya getmişik, əsgərliyimin
bir ili tamam olmamış dörd dəfə
yanıma gəlib, mən hərbi xidmətdən qayıdandan
sonra Laçının kəndlərini gəzmişik. Az-maz özümü tanımağa başlayandan
sonra onun yazılarının ilk oxucusu, ilk tənqidçisi də
mən oldum. Tez-tez deyərdi biz ata-bala
deyilik ki, qardaşıq.
- Tanınan, sevilən şair idi.
Dünyasını dəyişdikdən sonra, necə
düşünürsüz, unudulmadı ki, yoxsa
oğlanlarının qələm adamı olması rəhmətliyin
anılmasına səbəb oldu? Axı
insanlarımızın unutqanlığını çox
görmüşük...
- Məncə,
qələm adamı dünyadan köçəndən sonra
övladları onun xatirəsinin keşiyində
qılınc-qalxanla, dəhrə-baltayla durmamalıdı. Bizim borcumuz onun ədəbi irsini nizama salmaq, imkan
düşdükcə üzə çıxarmaq, bir sözlə,
görmək istəyənlərə göstərmək, təqdim
eləmək olmalıdı. Yalnız bu qədər.
İndi çox dəyərli qələm
adamı unudulub. Heç
gözümüzün qabağında olanların da layiqli
qiymətini hər saat verə bilmirik. Görünür,
yeni formasiyaya hələ qədəm qoya bilməmişik,
dünyanın gedişatına hələ pəncərədən
baxırıq. Sovet ədəbi prosesindən
qopmuşuq, di gəl, dünya ədəbi prosesinə inteqrasiya
oluna bilməmişik. Gün gələcək,
biz ötən yüzildə yaranmış ədəbiyyatımıza
bir ayrı gözlə baxacağıq, onda çox
itib-batmış adlar üzə çıxacaq. O zaman
cavanlı-qocalı ədəbiyyat dəllallarının, ədəbi
monopolistlərin olmayan söz bazarında qiymətini
öldürüb bir qırağa tulladığı neçə-neçə
qələm cəfakeşi adının üstünü
örtmüş tozun içindən silkinib qalxıb layiq
olduğu dəyəri alacaq. Onların
yazdıqları yenə əllərdə gəzəcək, əsərləri
dərsliklərə düşəcək. Bu baxımdan mən atamın da ədəbi taleyindən
narahat deyiləm, onun ədəbiyyatımızdakı yerini
aydın görürəm.
- Müəllim kimi necə idi,
heç könlünü qırdığı tələbəsi
olubmu? Kollektivdə necə idi?
Ağır-səngin kişi olmasına rəğmən
xeyirxahı, bədxahı vardımı?
- Bu suala
atamın tələbələri, iş
yoldaşları daha düzgün cavab verə bilərlər. Bircə onu bilirəm ki, atam tələbə kəsməzdi,
tələbədən rüşvət almazdı. Hətta bəzən tanımadığı
fağır tələbələri yaxşı
tanıdığı zalım müəllimlərə
tapşırıb onlara qiymət yazdırardı.
- Yadınıza salın, daha
çox kimlərlə oturub-dururdu və bu yaxınlıq
yeniyetməlik dövrünüzə qədər sizdə o
insanlara bir doğmalıq hissi oyada bilirdimi?
-
Atamın çox dostu-tanışı vardı, hətta mən
deyərdim həddindən çox. Ancaq mənim
yadıma gələli daim bir yerdə olduğu, tez-tez
görüşdüyü, oturub-durduğu, yeyib-içdiyi
dostu yoxuydu. Atamın qayğısı
çox olardı, əylənməyə, şənlənməyə
hər saat macal tapmazdı. Vaxtaşırı
"Bilik" Cəmiyyətinin, ya da Yazıçılar
Birliyinin xəttilə tanınmış qələm
adamlarıyla yoldaşlı rayonlara ezamiyyətə gedərdi.
O vaxtlar şairə, yazıçıya bölgələrdə
böyük hörmət qoyulardı. Güman
ki, belə səfərlərdə atamın dincəlmək
imkanı da olurdu.
- Ağa Laçınlı köhnə
kişilərdən idi. Adama elə gəlirdi ki, o, əsrin o
tayında qalıb, insanlara, ətrafa, gənc nəslə
münasibətdə mentalitet dediyimiz nədirsə bu
kişinin xarakterindən
köçürülmüşdü sanki. Evdə
necə idi?
- Atam ənənəyə,
keçmişə, köhnəliyə, mən deyərdim,
lazım olduğundan da çox bağlıydı. Onun anasına, dayısına, atasının, əmilərinin
xatirəsinə bağlılığına da mən bu
kontekstdə baxıram. "Mentalitet"
dediyiniz münasibətlər sistemi ondan ötrü hər
qanundan müqəddəs, hər dəyərdən ucaydı.
Sovet imperiyasının çökməyini
arzulayanda atam içində böyüdüyü həmin o
münasibətlər sisteminin də çökəcəyini,
köhnə dünyanın darmadağın
olacağını, daş üstə daşının
qalmayacağını ağlına gətirmirdi. 2006-cı ildə yaşı doxsanı
haqlamış anasının ölümüylə o köhnə
dünyanın atamın kürək söykədiyi sonuncu
divarı da uçulub-sökülüb yerlə bir oldu.
Atamın arxası tamam boş qaldı, hətta
bizim varlığımız da onu ovuda bilmədi. Bir il beş ay on yeddi gündən sonra - 2007-ci
ilin 25 noyabrında atam bu dünyada hamıdan çox
bağlı olduğu, neçə-neçə şeir həsr
elədiyi anasının yanına köçdü. Hələ
2001-də yazdığı bir şeirdə anasıyla
altı il sonrakı məzar
qonşuluğunu belə təsvir eləmişdi:
Yerimiz bir
kolun batıq dibində,
yan-yana
yatmışıq bu daşlar kimi.
İndi
ağlaşırıq ölü dilində
ayrılıb-tapışan sirdaşlar kimi.
Necə demişdisə, necə arzulamışdısa,
elə də oldu.
- Ailəyə qarşı,
xanımına, balalarına qarşı xususi bir münasibəti,
tərbiyə metodu, tövsiyələri necə idi?
- Atam evdə
öyüdverən, yolgöstərən dədə pozası
almazdı. Danışardı gülərdi,
zarafat eləyərdi. Bəzən də
çox kür olardı. Ən çox
üstündə əsdiyi buydu ki, biz eldən-obadan aralı
düşməyək, kökümüzdən qopmayaq, millətimizə
arxa çevirməyək. Bacardıqca
hamıya yaxşılıq eləyək, ancaq pisin pisliyini də
görməyə gözümüz olsun, şeytanın şərinə
calanmayaq, iblisin fəndinə aldanmayaq. Nəhayət,
ən başlıcası, haram tikə yeməyək.
- Siz, yaxud qardaşınız
atanızın adına, nüfuzuna da
söykənib "cızığınızdan"
çıxmırdız ki? Sinif yoldaşlarınız,
dost-tanış, tay-tuş, məhlə uşaqları
arasında qürrələnmək, şıltaqlıq etmək
baxımından?
-
Atamızın adı bizə çox yerdə kömək
olub, elə indi də olur. Ancaq bundan sui-istifadə eləmək,
ya qürrələnmək... Doğrusu, bu
sözün sualın özündə yer alması belə məni
heyrətləndirdi. Bunlar bizim təbiətimizə
tamam yad xasiyyətlərdi. Tay-tuş
arasında bir üstünlüyümüz olubsa da, öz
bacarığımıza, istedadımıza görə olub.
Mən tələbəykən üç
kitabım çıxmışdı, ancaq bununla qürrələnmək,
özümü kimdənsə üstün bilmək
ağlıma da gəlməyib. Uğurlardan zövq almaq
desəniz, hə, bu, başqa məsələ...
- Ağa müəllim qonşu kimi
necə idi?
-
Qonşularla get-gəl eləməyi xoşlamazdı, ancaq
hamısıyla normal münasibət saxlayardı, kiminsə
bir köməyə ehtiyacı olanda qabağına
düşüb hökumət qapısı döyməyə ərinməzdi.
- Bəs onun dost dedikləri,
şairimizi dost olaraq tanıyanlar bu gün
görünürmü?
-
Atamın dostları onun adını həmişə əziz
tutublar. Görünməkləri vacib deyil,
sağ sədaları gəlsə, bəsimizdi.
- Gənc yazarlara münasibətdə
necəydi? Əlindən tutduqları xatirini əziz
tuturmu?
-
Doğrusu, mən belə bir siyahı tutmamışam. Güman eləyirəm ki, atamın da beynində belə
siyahı olmayıb. O, yaxşılığa görə
əvəz ummazdı. Əgər əvəz
umursansa, demək, qolundan qopan yaxşılıq deyil, faizli
kreditdi. Atam da kimə yaxşılıq eləyibsə
- mən onun varisi kimi yəqin deyə bilərəm -
hamısının halalı olsun.
- Övlad valideynin əsəridir.
Şairimizin adına şöhrət gətirən
çox əsəri var. Bəs siz bir övlad kimi necə
düşünürsüz, Ağa müəllimin ümidlərini
doğrultmusuz?
- Atam mənə
çox ümid bəsləyirdi, mənim ədəbi qənaətlərimə,
bədii zövqümə çox inanırdı, hətta mən
deyərdim, etiqad eləyirdi. Mən uşaq
olanda onun Moskvada qələmə aldığı bir şeir
var - "Evə məktub". Həmin
şeir anama müraciətlə yazılıb. Şeirin
sonlarında deyir:
Uşaqlara
yaxşı bax,
Becər ev bağçasını.
Uşağının
uşağı
Uşağına
verəcək
Bu həyat boğçasını.
Uşaq
himin, qurucun,
Varlığın, qoruyucun.
Bəlkə
yüz ildən sonra,
Bəlkə
min ildən sonra
Qayıdacaq süd borcun.
Gözləyirik
hamımız,
Bəlkə
ağ gün yağacaq.
Bəlkə
bizim komamız
Yeni
Günəş doğacaq...
Gördüyünüz-bildiyiniz kimi, mən bu yaşa
çatmışam, ancaq nəinki Günəş, heç
Günəşin zərrəsi də olmamışam. Təkcə
atamın yox, mənə böyük ümid bəsləyən,
güvənən bir çox adamın inamını
doğrultmamışam. Səbəbləri barədə
uzun danışa bilərik, ancaq indi yeri deyil...
- Yayda rayona getdiyiniz zaman ona diqqət
necə olurdu?
-
Atamın gedişi kəndimizdə bayram ovqatı
yaradırdı. Bu gediş bizdən ötrü
də bayrama çevrilirdi. Atam doğma
yurdda dinə-imana gəlirdi, kürəyini dağlara söykəyəndə
dağ kimi təpərli olurdu. Özü
həmin anları onlarla yazısında ifadə eləyib.
Hələ 1968-ci ilin yanvarında, yəni mən dünyaya gəlməmişdən
səkkiz ay əvvəl yazdığı "Salam, köhnə
dostlar" adlı şeirdə ondan əlli il
sonra mənə ünvanladığınız bu suala belə
cavab verir:
Hərənin
bir cürə qarğaşası var,
Gəlir görüşümə bizim adamlar.
Sevgidən
deyilmi
otbiçənlərin
Məni görən kimi yola çıxması?
Sevgidən
deyilmi
ağbirçəklərin
Boynumu qucması, doluxsunması?
Eh, hələ
uşaqlar, kinsiz şuluqlar,
O
şöttü gedənlər, o könlü şuxlar!
Onlar da
yanımda dövrə vurubdu,
Suallar altında heydən düşmüşəm.
Hamısı
mat qalıb, dinməz durubdu,
Guya göy oğluyam, göydən düşmüşəm.
Gör
necə qaydayla qayıdır Günəş,
Elə bil sapsarı tayadır Günəş.
Gəlir
kənd axşamı, gəlir mal-qara,
Salam, naxırçılar, çoban-çoluqlar.
Siz hara, mən
hara, ayrılıq hara,
Sizin öz şeriniz, öz payınız var.
Baxıram
məclisə - adam doludu,
Yaşı ötənin də canı suludu.
Gəlib
görüşümə körpə çağa da,
Gəlib anasının qolu üstündə.
Gəlməyən bəs kimdi?
Bu əziz
gündə
Elə
bil qorxuram soruşmağa da!
Sən də,
ey yolumu gözləyən gözəl,
Gözünün
selini gizləyən gözəl!
Çəmənə
boylandım - sən düşdün yada,
Çətin
ki, bir daha üzünü görəm!
Söykənib
yenə də qoca palıda,
Düşüncə
qoynunda donmaq istərəm!
Salam,
köhnə dostlar, hüzrlu salam,
Of, necə
rahatam, necə xoşhalam!
Necə
kövrəlmişəm buludlar kimi,
Yer qədim,
biz qədim, yurd-yuva qədim!
Hayıf!
Gedə-gedə itirdiyimi
Qayıda-qayıda
tapa bilmədim!..
- Zaman-zaman şahidi oluruq ki,
insanlarımıza qarşı haqsızlıqlar baş
alıb gedir. Siz atanızla bağlı ən çox nəyə
təəssüf etmisiz, nədə, hansı zamanda yanında
olmalıydız, ola bilməmisiz?
- Atam
noyabrın 20-dən 25-nə kimi ölümün
qapısı ağzında növbə gözlədi. Özü də növbəsini göz-bəbəyitək
qorudu, kimsəni irəli buraxmadı. O beş
günü reanimasiyada yatmalıykən diz qatlamadı, şəhəri
ayaqdan saldı. Həmin günlərdə mənim
əlim onun əlinə çatmadı, çatsaydı,
başqa cür olacaqdı. Ondan xeyli əvvəl
- 1998-99-cu ilərdə dərin sağlıq böhranı
keçirmişdi, ancaq yaxşı insanların timsalında
qarşımıza çıxan Yaradanın sayəsində o
ütüdən salamat qurtarmışdı. Onda atam bizlə - ailəsi, balaları,
doğmalarıyla müttəfiq oldu, birləşib
ölümü yendik. 2007-də isə belə
olmadı, atam bizi atıb ölümün tərəfini
tutdu. Heç yastığının
yanını kəsdirməyə də macal tapmadıq. Mənə elə gəlir anası onu öz
ölümünə çağırırdı. Tam əminəm
ki, ölümün səltənətində anasıyla,
atasıyla, dünyadan köçüb getmiş cəmi əzizləriylə
görüşüb qucaqlaşmağa atamın böyük,
çox böyük ümidi vardı...
Söhbətləşdi: Faiq Balabəyli
Ədəbiyyat qəzeti.- 2017.- 18 noyabr.- S.20-21.