Pərviz Həsənov: Bəs bu filmləri kimə
göstərək?
Qan Turalının rejissor Pərviz Həsənovla
söhbəti
Pərviz Həsənov yeni nəsil
rejissorları arasında ən məşhur simalardan biridir. On iki filmdə ikinci rejissor kimi
çalışan Pərviz Həsənov bir neçə
filmin də quruluşu rejissorudur. Bu günlərdə
nümayişə çıxan "İkinci pərdə"
filminin ssenari müəlliflərindən biri və ikinci
rejissoru da Pərviz Həsənovdur. Onun
quruluş verdiyi "Qulyabani" filmi isə gələn ilin əvvəllərindən
nümayiş olunacaq.
-Pərviz bəy, ikinci rejissorun
funksiyası nədir?
-Bu termin
bir bizdə, bir də Rusiyada qalıb. Dünyada
isə buna "first ade" deyilir. İngiliscədən
tərcümədə "rejissorun birinci assistenti" mənasını
verir. Bir də bir qeyri-rəsmi olaraq "qərargah
rəisi" deyirlər bizdə. Türklər
yardımcı yönətmən.
-Sovet vaxtı belə deyildi. Onda "quruluşçu rejissor", yaxud
"rejissor" terminləri işlədilirdi.
-Yox,
düz deyirsiz, titrlərdə yazılmırdı, amma
"ikinci rejissor" onda da vardı. O zaman birinci dərəcəli
rejissor köməkçisi olmaq çətin idi, kateqoriyalar
verilirdi. Əvvəlcə ikinci dərəcəli
rejissor köməkçisi, sonra birinci dərəcəli
rejissor köməkçisi, daha sonra üçüncü dərəcəli
assistent və nəhayət, aktyorlar üzrə assistent
olurdular. Yəni ikinci assistent. Yəni mən belə eşitmişəm köhnələrdən.
-Konkret indi bizdə sistem necədir?
-Bizdə
ümumilikdə sovetlərdəki kimidi. İkinci rejissor, iki
assistent, bir rejissor köməkçisi.
-Bu il ilk dəfə
müstəqil olaraq tammetrajlı filminizi də çəkdiniz.
-Hə,
bu il çəkdik. İnşallah, gələn
il yayımlanacaq. Öncədən
iki filmim var idi. Milli qəhrəman Zabit
Quliyev haqqında "Ovçu" adlı filmim Mədəniyyət
və Turizm Nazirliyinin sifarişi ilə "Yaddaş" sənədli
filmlər studiyasında çəkilmişdi. O həm də
sağ qalan milli qəhrəman haqqında çəkilən
ilk film idi. Sonra isə Eldar Quliyevin rəhbərlik
etdiyi "Debüt" studiyasında onun bədii rəhbərliyi
ilə Əjdər Olun hekayələri əsasında
"Ayaqqabı əməliyyatı" filmini çəkdik.
-Bu yaxınlarda rejissor Cavid Təvəkkül
sosial şəbəkədə belə bir status
yazmışdı ki, rejissor işləmək
üçün adamlara lisenziya verilməlidir. Sən də
İncəsənət Universitetini bitirmisən, sonra
assistentlikdən başlayıb 20-dən çox filmdə
çalışmısan. Təcrübə əldə
edə-edə bu yerə gəlib çıxmısan. İlk tammetrajlı filmini otuz üç
yaşında çəkmisən. Qısametrajlar
isə nisbətən daha əvvəlki dövrün məhsullarıdır.
Səncə, məsələ necə
olmalıdır?
-Götürək,
Kventin Tarantinonu. Nədir təhsili? Heç nə. Ali təhsili belə yoxdur, amma
məsələ bundan ibarətdir ki, adam
öz üzərində işləyib. Sovet
dövründə hər hansı bir filmə baxmaq
üçün prokatlara üz tuturdular. Türk
filmlərinin orijinalını tapmadığımız
üçün ruscasını alıb
baxdığımız olub. Yəni biz
bunu eləmişik. O ki, qaldı, Amerika kimi bir ölkədə
bu imkanlar zamanında daha geniş olub. Və
Tarantino da bundan yararlanıb, zəhmət çəkib,
öyrənib. İndi isə əlimizin
altında internet var, istədiyimiz filmi tapmaq daha asandır.
Akademik təhsil önəmlidir əslində,
amma hər şeydən önəmlisi rejissor olmaq istəyirsənsə
zəhmət çəkməlisən. Heç kim birdən-birə gəlib film çəkmir.
Bu, bir az nağıldı. Lisenziya söhbətinə
gələndə isə... Kim verəcək o
lisenziyanı? Nəyə əsasən verəcək?
İncəsənət
Universitetini il ərzində minə
yaxın adam bitirir. İndi gəl baxaq, bunlardan
neçəsi sənətin arxasınca gedir? Qalmaq istəmək başqadır, qala bilməmək
başqadır. İşin iqtisadi tərəfi
də var. Sənət ülviliyi işin fəlsəfəsidir,
reallıq başqadır. Bizimlə oxuyan
uşaqlar var idi, başqa sahəyə üz tutdular. Qınamaq olmur. Əgər adam
ən elementar məişət tələbatlarını
ödəyə bilmirsə, "mən sənət
qurtarmışam" - deyib acqarına film çəkəsi
deyil ki? Olmur. Başqa bir
şey də var ki, uşaqlar qabaqcadan yönləndirilməlidir.
"Mənim uşağım incəsənətə
getməlidir" - deyən insanlardan soruşmaq istəyirəm
ki, niyə, nə vacibdir? Bir maraqlan,
gör nədir, nə deyil?
-Məncə, uşaq vaxtı
musiqi məktəbinə gedənləri çıxsaq, incəsənətə
axın azdır.
-Ümumiyyətlə, musiqiyə maraq bizim
qanımızda var. On ailədən səkkizinin
evində piano, rəsm əsəri var. İncəsənətə
meyilli millətik. Amma başqa ölkələrdə bu
cür nüanslara az rast gəlirik.
-Qabaqlar
ölkədə insanlar ya yazıçı olmaq istəyirdi,
ya da şair. İndi isə fikir verirəm,
kinoya meyil daha çox artıb. Bu, bir az
kino sahəsinin inkişafı ilə bağlıdırsa, bir
az da internetin inkişafı ilə bağlıdır. Deyək ki, bir gənc çox maraqlıdır,
bütün gün filmlərə baxır, Tarkovskidən girib
Fellinidən çıxır, olur film dəlisi. Və bir gün qərar verir ki, mən rejissor olacam.
Necə düşünürsən, bu gənc necə rejissor ola bilər? Təbii, filmə
baxmaq işin əsas hissəsidir, amma məsələ onunla
da bitmir.
-Birinci
növbədə mütaliə olmalıdır. Hara getsən, istənilən peşənin əsasında
bir nəzəriyyə durur. Daha sonra bu
mütaliə əsasında filmlərə baxmalıdır.
İndiki dövrdə isə bu çox
rahatdır. Yuxarıda da dediyimiz kimi,
internet dövründə yaşayırıq. Evimizdə internet adlı reallıq var. İstənilən
şəxs hər hansı bir rejissorun filmini "youtube",
"google" və ya başqa saytlar üzərindən
tapıb izləyə bilər. Sonra isə
gəlir təcrübə. Təcrübənin də
yaxşı və pis tərəfləri var. Pis tərəfi
odur ki, çalışdığın rejissorlardan - bəyəndin-bəyənmədin
- bəhrələnirsən, çünki yeddi-səkkiz ay,
yaxud bir il sən onu görürsən və
istər-istəməz müəyyən şeyləri əxz
edirsən. Xüsusən də gənc
yaşlarda. Belə məqamlarda isə
köməyə izlədiyi filmlər, oxuduğu kitablar
çatacaq. Mütaliə bir növ filtr
rolunu oynayır.
-Artıq mütaliə etmiş,
filmə baxmış, təcrübə keçmiş biri
haradan başlamalıdır?
-Vərdiş
halına gələnə kimi kiçik çəkilişlər
aparmalıdır. Yazıda necədir? Bir ay yazmasan, yadırğayırsan. Yox, beynində hər şey var, amma oturub onu
kağıza köçürmək çətin gəlir.
Film çəkmək də eynidir. Çəkdiyin şey
film olmasa belə çəkməlisən. Texniki cəhətdən
bu indi daha rahatdı. Sadəcə, özümüz bir az tənbəlik.
İndi problem budur ki, əlimdə məhsulum var, amma
bazarım yoxdur. Bir yerə təqdim edirsən, o biri "ağız əyir"...
Qardaş, zatən bu ölkədə nə qədər
kinoteatr var ki? Regiona çıxa bilmirsən,
çıxsan belə, iki-üç manata satdığın
bilet sənə nə qazandıracaq? Bir də Azərbaycanda,
yəni Bakıda maksimum 200.000 tamaşaçı var. Bir də
bildiyimə görə, "CinemaPlus" seans
qiymətlərini qaldırıb. Axşam
seansları 9 manat olub. Bunun da ilk təsiri
Zaur Mirzəzadənin "Təhmin və Zaur" filminə
oldu. Halbuki yaxşı da filmdi.
Bayaq sadaladığımız nüanslardan biri. Misalçün,
mən "Təhmin və Zaur"a baxmaq istəyirəm.
Özüm də Park bulvardayam. Amma Park bulvarda yayım yoxdu. Hansı
izləyici olduğu alış-veriş mərkəzindən
başqa yerə gedər filmə baxmağa? Və nəzərə alsaq ki, zalların demək
olar ki hamısı AVM-lərdədi. Yəni
bu problem hansı məntiqə əsaslanır, bilmirəm.
Bunu bəlkə də o vaxt eləmək olar ki, ölkədə
çoxlu kinoteatr ola...
-Əslinə qalsa, əyalətdə
də yoxdur axı kinoteatr. Bir dənə
Masallı və Gəncədə var, vəssalam.
-Sən
deyən məsələyə gəlirəm. O dediklərim də
ölkənin böyük şəhərləridir. Masallının əhalisi azdır. Gəncənin isə yarım milyona yaxın əhalisi
var. Halbuki bu, bütün rayon və şəhərləri əhatə
etməlidir.
-Yeri gəldi, deyim, Əli
Bayramlıda (indiki Şirvan) bir kinoteatr var idi. Mən
uşaq vaxtı bütün kinolara orada baxmışam.
-Məsələ
ondan ibarətdir ki, əslində, gedib baxsan, bütün
rayonlarda mədəni mərkəzlər var, mədəniyyət
şöbələri var. Mən inanmıram ki, onlar məsələ
qaldırmırlar.
-Nazirlik də bu işlə məşğuldur.
Bu ay əlli min adama film göstərdilər.
-Çox
gözəl. Azərbaycandan ən
aşağı büdcəylə film çəksən,
80-90 min sənin xərcin çıxacaq. Bu
büdcəylə drama filmi çəkib uğur əldə
etmək nisbi söhbətdir. Söhbət gedir
komediyadan. Niyə komediya? Çünki insanları zala çəkib
gətirən komediya janrıdır. Bu
reallıqdır. Amma dünyanın ən
çətin film janrıdır.
-Məşhur bir filmdən nümunə
deyim, Bernardo Bertaluccinin "Parisdə son tanqo" filmi bir
milyon dollara çəkilib, yüz milyon dollar gəlir gətirib.
Dünyada da birə yüz gəlir gətirən
başqa heç bir sənaye yoxdur.
- Bir
nümunə də mən deyim, "Arşın mal alan". Afrikaya qədər gedib
çıxıb. Səhv eləmirəmsə,
zamanının pulu ilə iki milyon qazandırıb. Bu özü böyük bir məbləğdir. Bu gün də həmin
şəraiti yaratmaq olar. Amma vergi və
yayım məsələlərinə yenidən
baxılsın.
-Bir az müasir
dünya kinosundan danışaq. Təbii ki, dünya kinosunu izləyirsən.
Ən sevdiyin rejissor kimdir?
-Müasirlərdən
Vudi Allen, Kim Ki Duk. İlk filmi
"Timsah"ı çox gec yaşda çəkib, amma
çox sevdiyim rejissordur. Daha sonra nisbətən
yaşlı nəslin nümayəndəsi serb
rejissoru Emir Kustiritsanı bəyənirəm.
-Hansı filmlərini sevirsən Kim
Ki Dukun?
-"Boş ev", "Yaz, yay, payız, qış... və
yaz", "Ox" və digər filmlərinə
baxmışam. "Boş ev"i Kim Ki Dukun şedevri
hesab edirəm. Son filmi mənə niyəsə Heminqueyi
xatırlatdı. "Qoca və Dəniz"
i.
-Bəs Emir Kustiritsada
xoşuna gələn nədir?
-Onun
yanaşması xoşuma gəlir. Ən faciəvi
filmində belə ironik məqamlar var. Kustiritsanın filmlərinə
baxanda bir daha görürsən ki, kinonun dili yoxdur. "Atam ezamiyyətdə" filmini lap çox bəyənirəm.
-Vudi Allen?
-Ağsaqqal
hər dəfə sübut edir ki, qocalmayıb. "Parisdə
gecə yarı" buna ən gözəl sübutdu.
-Bəs dünya kinosundan ustad olaraq
kimi qəbul edirsən?
-Ustad
olaraq deyə bilmərəm, amma Miloş Forman, Teo Angelepolos,
Bernardo Bertaluççini, Mikelancelo Antonionini çox sevirəm...
Məqamı gəldi, Antonioni ilə
bağlı bir maraqlı detal var, onu da deyim. Deməli,
o, Ermənistanda Antonioni adına
keçirilən ikigünlük film festivalından sonra
Bakıya gəlib. Təxminən iki həftə
burada olub.
-Cəmil Əlibəyovun vaxtında
kinostudiyaya gəlib. Fakt kimi bunu da deyim, Aydın Kazımzadənin
Cəmil Əlibəyovla müsahibələr kitabı var. Cəmil
müəllim Antonioninin səfərindən
danışır. Deyir, Antonioni gəldi, dedik ki, nə istəyirsən
göstərək sənə? Maraqlıdır, o
qayıdıb ki, məni köhnə qəbiristanlıqlara
aparın. Onu şəhər-şəhər,
rayon-rayon qəbiristanlıqlarda gəzdiriblər.
-Qubada, Pirallahıda da olublar.
-Kino incəsənətin ən gənc
növüdür. 1895-ci ildə yaranıb və incəsənətin
yeganə növüdür ki, yarandığı il dəqiq bilinir. Amma mənə elə gəlir,
iyirminci əsrdə bütün dünyada incəsənətin
əsas iki sahəsi insanların beyninə daha çox
nüfuz edə bilib: ədəbiyyat və kino. Və
bir çox hallarda da kinonun ədəbiyyata baxanda daha
güclü təsir mexanizmi var.
- Kino
yeddinci sənət növüdür. Çünki
kinonun içində hər şey var, ədəbiyyat da var,
musiqi də var, rəssamlıq da var. Ən əsası da ədəbiyyat
və rəssamlıq. Mən çox istəyirəm,
zaman-zaman ədəbiyyatımıza nəzər salaq və
oradan müəyyən şeylər kinomuza gəlsin. Sovet dövründə çəkilən uğurlu
filmlərin əksəriyyəti ya əsərlər əsasındadır,
ya da yazıçılar birbaşa film üçün
yazıb. Misal üçün, "Dəli Kür"
İsmayıl Şıxlının eyniadlı
romanının, "Tütək səsi" İsa
Hüseynovun eyniadlı povestinin, "Nəsimi" "Məhşər"
adlı romanının, "Axırıncı
aşırım" Fərman Kərimzadənin "Qanlı
aşırım" romanının, "Tənha narın
nağılı" Əkrəm Əylislinin eyniadlı
povestinin, "Yeddi oğul istərəm" Səməd
Vurğunun "Komsomol" poemasının motivləri əsasında
çəkilib. Bundan əlavə, Üzeyir Hacıbəyovun
operettalarından "O olmasın, bu olsun",
"Arşın mal alan"... Hər halda onlar da mayasını bədii əsərdən
alıb. Alla Axundovanın ssenarisi əsasında
çəkilən "Şərikli çörəy"i
də qeyd edə bilərik. Baxmayaraq ki,
Sovet senzurasına uyğun olaraq müəyyən filmlərimizdə
ideoloji səhvlər, tarixi təhriflər var idi, amma camaat
onları sevirdi.
-Sən dediyinə bir maraqlı
paralel deyim, Gəray bəyi də sevirdilər, Cahandar
ağanı da...
-Bəli.
-Deməli, belə
çıxır ki, Azərbaycan xalqının milli mündəricəsini,
milli məzmununu sovet dövründə, o ideoloji şəraitdə
olsa belə, kino qoruyub saxlaya bilib. Təbii ki, ədəbiyyat
da qoruyub. Və Cahandar ağa, Gəray bəy, Qəmlo kimi mənfi
obrazlar belə ədəbiyyatdan kinoya keçib.
-Əslində, "Yeddi oğul istərəm"
filmindəki final rejissor Tofiq Tağızadəyə baş
ağrısı gətirdi. Moskvanın istəyinə
görə, Gəray bəyi Bəxtiyar güllələməliydi.
Film təhvil veriləndən sonra sual olunub ki,
niyə Gəray bəy özünü öldürdü?
Bunlar hamısı ümumiləşdirməydi.
Belə göstərmək istəyirdilər ki,
kommunizm qolçomaqlar üzərində qələbə
çaldı filan. Və onların son
nümayəndəsi Gəray bəy idi, o da məhv edildi.
Tağızadənin ssenarisində isə Gəray
bəy bütün bunların əksinə olaraq ləyaqətli
ölümü seçdi və özünü vurdu.
-Sovet dövründə
"qlavlit" şəraitində ədəbiyyat, senzura
şəraitində kino Azərbaycan xalqının milli siqlətini
qoruyub saxlaya bildi. İdeoloji dövr olsa da, Azərbaycan incəsənəti
öz missiyasını yerinə yetirdi. Son olaraq
bunu soruşum, bəs bugünkü dövrdə kinonun
funksiyası nə olmalıdır?
-Bizim əlimizdə
başqa resurslarımız var. Televiziya var, istər-istəməz
evimizin gündəlik qonağıdır. İnternetimiz
var, uşaqların belə, əlindən düşmür.
Bu gün kino həmin missiyasını davam
etdirməlidir. Kinonun dövrü, dili,
irqi, dini yoxdur. "Festival filmi" deyə
anlayış yoxdur, "ciddi film" deyə anlayış
yoxdur. Film filmdir.
-"İkinci pərdə"dən
danışaq. Onun həm ikinci rejissorusan, həm də
ssenari müəlliflərindən birisən.
-Təxminən
bir il əvvəl Emil Quliyev, Orxan Mərdan, bir də mən ssenarini
yazmağa başladıq. Bir az narahat idik,
açığı. İnsanların necə
qarşılayacağını bilmirdik. Daha
doğrusu, Orxan bizdən soyuqqanlı idi. Emil
ilə mən narahat idik. Səhnələri
yazanda hər dəfə nəsə tərəddüd eləyirdik.
Süjet, dialoqlar maksimum reallıq tələb
eləyir. Amma yazdıq, çox
şükür. Film çəkildi.
Təqdimatı da oldu. İzləyicilər
də yaxşı qarşıladı.
Düşünürəm ki, kino adına
gözəl bir addım idi. Xüsusən də
inkişaf edən milli kinomuzda özünəməxsus yeri
olacaq.
Ümumilikdə "İkinci pərdə"nin istehsal prosesi çox maraqlı keçdi. Hazırlığı, məşqlər, çəkiliş. Aktyorlar çox yaxşı idi. Hətta deyə bilərəm ki, zavodda kiçik epizod oynayan Etibardan tutmuş Hikmətə qədər. Sağ olsunlar
Söhbətləşdi:
Qan Turalı
Ədəbiyyat qəzeti.- 2017.- 18
noyabr.- S.24-25.