Şüuraltımızdakı bədheybət:

Hessenin psixoanalizi

 

“Bir gün bir kitab oxudum...”

 

Gördüyüm hər işdə, atdığım hər addımda hisslərimə önəm verməyə çalışmışam. Ümumiyyətlə, hislərim tətiklənməsə bircə cümlə də yaza bilmərəm. Əks halda yazdıqlarım sadəcə sözlərin, ifadələrin müəyyən ardıcıllıqla düzülməsi olar. Yəni bunu yazı adlandırmaq ata ət, itə ot verməkdən ziyadə deyil.

Ağlım kəsəndən evdə kitab görmüşəm. Hələ məktəbə getməmişdən, hərfləri höccələməyə başlayandan oxuyuram. İndiyə qədər bunu avantajlarımdan hesab edirdim. Humanitar fənləri sevdiyimdən bu avantaj məni neçə dəfə çətinlikdən qurtarıb. Məsələn, bəzən orta məktəbdə tarix, ya da ədəbiyyat dərsini öyrənmirdim. Belə olanda nəqletmə bacarığımdan istifadə edib bir təhər çulumu sudan çıxara bilirdim. Bir dəfə tarix müəlliməmiz demişdi ki, Cavid dərsi elə şövqlə danışdın, “öyrənməmisən” deməyə dilim gəlmir.

Herman Hessenin “Yalquzaq” romanını hələ universitetin birinci kursunda təhsil alanda, təxminən 6 il əvvəl oxumuşam. Bu kitab barədə içimdəkiləri kağıza tökə bilməmişdim deyə özümü həmişə narahat hiss etmişəm. Nəsə yarımdı, nəsə çatmır, hardasa dərində içdən-içə titrəyən bir sızıltı… Çox gənc olduğumdan, üstəlik, məhz lazım olanı deyil, əlimə keçəni mütaliə etdiyimdən belə gözlənilməz əsərə hazır deyildim. Nəhayət, lənət sənə, kor Demokrit, – deyib, qollarımı sıvamağa qərar verdim.

İllər əvvəl oxuduğum kitabdan yazmalı olduğumdan əvvəldə bəhs etdiyim avantaj dezavantaja çevrilib. Uzun müddət keçdiyinə görə yazı üçün yetərli dərəcədə dolğun təəssüratım yoxdu. Amma ölmək ölməkdi, xırıldamaq nə deməkdi deyə katalizator rolu oynayan məsəlimiz var.

Pamukvari desəm, “bir gün bir kitab oxudum…” Yox, həyatımı dəyişmədi, amma ikiəlli çiyinlərimdən yapışıb silkələdi. Adamlara, hadisələrə fərqli baxmağıma yol açdı, heç kəsə önyarqılı yanaşmamalı olduğumu anlatdı.

***

Bir gün bir kitab oxudum, başdan sona yalquzaq harayıydı…

***

Herman Hesse alman-isveç əsilli yazıçı, şair, eyni zamanda rəssam, müxtəlif roman, povest, hekayələrlə yanaşı, xeyli sayda rəsm əsərlərinin müəllifidir. 1946-cı ildə "humanizmin klassik idåallarının gåtdikcə daha böyük yår aldığı ilhamlı yaradıcılığına və parlaq üslubuna görə" Nobål mükafatı alıb. Səhhəti imkan vermədiyindən mərasimdə iştirak edə bilməyən ədibin mərasim üçün yazdığı mətni isveçrəli nazir Henri Vallotton oxumalı olur. Nitqdən kiçik bir hissəni sizinlə bölüşməyi özümə borc bilirəm:

“… Mənim istəyim milli xüsusiyyətlərin bulanıqlaşıb itməsi və insanlığın intellektual olaraq eyniləşməsi deyil. Əksinə, hər formanın və fərqli rəngin bu gözəl dünyamızda uzun müddət mövcud olmasını istəyirəm. Fərqli irqlərə, millətlərə, dillərə, davranışlara və baxış bucaqlarına sahib olan insanların mövcudluğu necə möhtəşəmdir.

Əgər müharibələrə, işğallara və ilhaqlara qarşı nifrət, barışmaz bir düşmənçilik sərgiləyirəmsə, bunun bir neçə səbəbi var, amma ən mühümü insan mədəniyyətinin özündən yaranan, son dərəcə fərdi və bir birindən fərqli olan bir çox uğurunun bu qaranlıq güclərə qurban getməsidir. Böyük bəsitləşdirmələrə nifrət edirəm və keyfiyyətcə təkrarı mümkün olmayan unikallığa heyranam”.

***

Nobel aldıqdan sonra yazıçının yaddaqalan əsərləri olmayıb. Müxtəlif səpkili hekayələr, esselər, məqalələr yazmaqla kifayətlənən Herman Hesse eyni zamanda romanlarının yåni nəşrləri və õarici dillərə tərcüməsi ilə məşğul olub.

Hesseni oxuduqca gözümüzün önünə yazıçıdan daha çox rəssam-psixoloq gəlir. O, bizim şüuraltımızı görür, onun konturlarını cızır və bu, rahatlığımızı əlimizdən alır. Çünki bütün gizlinlərimiz, gizlətməyə çalışdıqlarımız, gün üzünə çıxmağına qadağa qoyduğumuz bədheybətlərimiz şüuraltımızın dolambaclarında saxlıdır. “Yalquzaq” məhz bu səbəbdən qiymətlidir. Əsər oxucunun – bizim, ümumilikdə bütün adamların içindəki o yalquzağın, hamıdan qaçan vəhşinin üstünə işıq salır. Bizi özümüzlə, şüuraltımıza tıxdığımız əsl mənimizlə üz-üzə qoyur. Qaranlıqdan özümüz özümüzə diş qıcayırıq.

***

1927-ci ildə çap olunan roman 40 yaşlarında ruhi xəstə olan Harri Hallerin həyatından, onun psixi durumundan, qarabasmalarından bəhs edir. Haller şəxsiyyət ikiləşməsindən əziyyət çəkir. Onun insanpərvər, sosial tərəfi ilə yalquzaq, tənha tərəfi bir-biriylə mübarizə edir və bu çəkişmə Hallerin həyatını rahat şəkildə davam etdirməsinə maneçilik törədir. O, savadlı, ədəbiyyatı, poeziyanı dərindən bilən, insanlara xoş münasibət göstərən adamdır. Digər – hallunasiya halı olan Haller isə bəşəriyyətə, insanlar, ümumiyyətlə, sivilizasiyaya nifrət edir, onun məhvini istəyir. Açıq şəkildə olmasa da əslində əsər sırf müharibə əleyhinə yazılıb. Qələmə alındığı tarixə diqqət yetirsək çox məqam bizimçün aydınlaşar. Artıq dünya miqyasında fəlakətlə nəticələnmiş, milyonların qanına bais olmuş bir müharibə başa çatıb, ikincisi üçünsə zəmin hazırlanır. Herman Hesse kimi insanpərvər, yaradıcı şəxs buna biganə yanaşa bilməzdi…

Hallerin bir tərəfi sülhün, digər – qaranlıq tərəfi isə elə müharibənin simvoludur.

“Yalquzaq”ın baş qəhramanı Harri Haller yurdsuz-yuvasız səfildır. İnsanlardan tamamilə ayrı düşüb. Cəmiyyətlə onun arasında böyük uçurum var. Bu uçurumu ancaq sevgi ilə qapatmaq olar. O vaxtkı cəmiyyətdə isə bununçün yetərincə sevgi yoxdur və əvəzində Hallerin yalquzaq siması getdikcə güclənir, günü-gündən daha təhdidkar, amansız olur, insanları, bəşəriyyəti qana sürükləməyə çalışır.

Bütün bunlarla yanaşı, baş qəhrəman tamamilə azaddır. Onun qarşısını kəsən sosial məsuliyyət hissi, başqalarının azadlığı, mənəvi borclar, ümumiyyətlə, hər hansı qadağa, tabu yoxdur. Haller üçün məqsədə gedən bütün yollar mübahdır. Sosial varlıq olmaqdan çıxıb. O, artıq sözün tam anlamıyla yalquzaqdır, qana susamış vəhşi.

Bir məsələni unutmayaq ki, bu, qəhrəmanın qaranlıq tərəfi, ikiləşmiş şəxsiyyətin aynadakı inikasıdır. Yəni əslində Harrini normal halıyla hətta yaxşı, toplum üçün yararlı insan hesab etmək olar. Amma içərisində yalquzaq yatdığını da hamımız bilirik. Sual doğuran məqamsa bu yalquzaqla nə edəcəyimiz deyil, özümüzün də içində yatan bədheybətdən xəbardar olub-olmadığımız…

Hesse özü əsəri belə izah edir: “Əlbəttə, mənim bu hekayətimi necə başa düşməyi əvvəlcədən oxucunun boynuna qoya bilmərəm və heç istəmirəm də. Qoy kim necə istəyir, elə də başa düşsün, nə lazımdırsa, onu da götürsün. Ancaq kaş onların çoxu görəydi ki, Yalquzağın hekayəti xəstəlikdən, böhrandan danışsa da, insanı ölümə, fəlakətə deyil, sağlamlığa, dirçəlişə doğru səsləyir”.

Haller yuxularında Volfqanq Amadey Motsart, İohan Volfqanq Höte ilə danışır, daxili iztirabların, müharibələrin səbəblərini soruşur. Sözügedən mütəfəkkirlərin soyadındakı “volf” hissəciyi tərcümədə “canavar” mənasını verir. Əsərdə bu hissəyə hər hansı aydınlıq gətirilmir. Hesse bununla nə demək istəyir? Yəni bütün insanların, humanizm ideyalarını yayan şəxslərin dəmi canavar tərəfi var?! Əsərdə bu kimi paradoksal məqamlar kifayət qədərdi.

Bəzi məsələlərə görə, Hesseni Dostoyevskinin davamçısı da hesab etmək olar. Çünki hər iki ədibi insan psixologiyası, şüuraltı, iç dünyada baş verən təlatümlər, bu girdabın ətrafa, cəmiyyətə, başqa insanlara göstərdiyi təsir ciddi şəkildə maraqlandırır. Yazıçıların əsas fərqlərisə problemin həll yolunun fərqli şəkildə sona çatmasıdır. Dostoyevski ilk baxışda belə görünməsə də məsələyə daha pessimist yanaşır, paralel olaraq, Hessedən daha sentimentaldır. Alman mütəfəkkirsə əzab dolu, çətinliklərlə qaplanmış olsa da yolun sonunda mütləq şəkildə gözqamaşdırıcı işıq şüasının bəlirdiyinə işarə vurur.

Hessenin yazıçı kimi daha bir uğuru qəhrəmanın əsər, nəql vasitəsilə oxucunu “itələyib” onun yerində oturmasıdır.

Ona görə də oxucu romanın hər cümləsini yenidən oxuyur, ona fərqli yozumlar verməyə çalışır. Fikirlər o qədər haçalanır ki, müəyyən müddətdən sonra özünü Hallerin yerində tapır. Hardasa şüuraltının qaranlıq döngəsində canavar mırıltısı eşidilir…

İnsanın daxilində bir neçə “mən”in mübarizə etdiyini nəzərə almaq şərti ilə Haller içində iki “mən”in olduğunu iddia edirdi – canavar və insan. Qəhrəmanın fikrincə, bu iki xarakterin hansının qalib gələcəyi müəyyən mənada insanın özündən asılıdı. Hansını daha çox yemləsən, o da qalib gələcək…

Düşünürəm ki, “Yalquzaq” müharibənin necə lazımsız addım olduğun dərk etmək, hisslərimizin nirvanasına çatmaq üçün addımdır. İnsanın öz “mən”ini tapması üçün tənhalığının şərt olması romanda aydın görünür.

Qeyd etmək yerinə düşər ki, Herman Hessenin yaradıcılığında, ədəbi düşüncəsində insan-bəşər anlayışı çox da fərqli deyil, hətta deyərdim ki, demək olar, eynidir. Sadəcə, insan bəşərə nəzərən daha çox sıxılmış atomlardan ibarətdir. Harrinin timsalında psixologiyası pozulan insan əslində xaos bürümüş, fəlakətə sürüklənən bəşəriyyətin prototipidir.

Bəzilərinə görə, Hesse fərdiyyətçidir. Amma məncə, “Yalquzaq” romanını yazan şəxs fərdiyyətçi ola bilməz. Çünki fikrimcə, “Yalquzaq” bütövlükdə insanları birləşməyə, sülhə, bərabərliyə, humanizmə səsləyən bir himndir. Əgər İsrafilin suru qiyamətin başlanmasının xəbərçisidirsə, bu himn qiyaməti önləmək üçün səslənən hisslər harmoniyasıdır.

Sadaladığımız məziyyətlərdən əlavə, əsərin sonluğu, ümumilikdə ideyasında kiçicik bir işartı var. Nə vaxtsa zəbanə çəkən od-alov sönükləşəcək, içimizdən qaçan yalquzağı cilovlamağı, insanlığa, sülhə dəyər verməyi öyrənəcəyik. Nə vaxtsa yaxşılıq üçün vuruşan canavarı bəsləməyə başlayacağıq.

 

Cavid Qədir

 

Ədəbiyyat qəzeti.- 2017.- 18 noyabr.- S.26.