ƏDƏBİYYAT ÜZRƏ 1965-Cİ İLİN NOBEL MÜKAFATÇISI:

Mixail ŞOLOXOV - Rusiya

 

Rus yazıçısı, kinossenarist, jurnalist Mixail Aleksandroviç Şoloxov 1905-ci ildə Donetsk vilayətinin Vyoşenski qəsəbəsində anadan olub. Anadan olanda Kuznetsov soyadı alıb, 1912-ci ildə onu Şoloxov soyadı ilə dəyişib. Sonradan Krujilin kəndinə köçən ailəsi 1910-cu ildə oranı tərk edərək, Karqinski stansiyasına köçüb. Atası yerli müəllimi oğluna dərs keçməyə dəvət edib. 1914-cü ildə bir il Moskvadakı oğlanlar gimnaziyasında oxuyub. 1915-1918-ci illərdə Mixail Voronej vilayətindəki Boquçara şəhər gimnaziyasında təhsil alıb. Alman qoşunları şəhərə daxil olandan sonra gələcək yazıçı təhsilini yarıda saxlayaraq kəndə qayıdıb.

Uşaqlığı Birinici, gəncliyi isə İkinci Dünya müharibəsi dövrünə düşən yazıçının yaradıcılığı əsasən müharibə mövzusuna həsr olunub. Həm bir yazıçı, həm də bir jurnalist kimi Şoloxov müharibəyə nifrətini, müharibənin insan taleyinə vurduğu ağır zərbələri bədii sözün qüdrəti ilə təqdim edə bilib. Onun "Sakit Don", "İnsanın taleyi", "Onlar vətən üçün vuruşurdular" romanları, hekayə və məqalələri həm rus nəsrinin, həm də dünya nəsrinin klassiklərinin yaradıcılığı ilə eyni yerdə xatırlanır.

Böyük yazıçı, böyük insan Mixail Şoloxov 1965-ci ildə "Bədii yaradıcılıq gücünə, Rusiyanın keçid dövründə əsl cəsarət nümayiş etmiş Don kazaklarının həyatını bütöv və gerçək boyalarla təsvir edə bildiyi üçün"  ədəbiyyat üzrə növbəti Nobel mükafatına layiq görülüb.

Yazıçı 1984-cü ildə, Rostov vilayətinin Vyoşenskaya kəndində vəfat edib.

 

Eyni dildə

 

Hekayə

 

Lujina stansiyası boyu qalaqlanan köhnə qarın kirindən adamın gözləri qaralırdı. Təzəliklə uçub gələn pırpız lələkli zağcalar da qarğa rəngindəydi.

Bacalardan çıxan tüstü qalxdıqca nazilib itirdi. Səma da həmişəki səmaydı - bomboz. Elə bil evlər də bu yerlərə təsadüfən qonaq gələn dumanda süzürdü. Sanki Donun üst tərəfində bir-birinə sığınan qaşqabaqlı Obodon dağlarının əyri-üyrü mənzərəsini kimsə qələmlə çəkmişdi.

Xalq evində rayon Sovetlərinin qurultayı gedirdi. Təzə başlamışdı. Vilayət partiya komitəsinin katibi çıxışını qətiyyətlə beynəlxalq vəziyyətə bağladı. Skamyalarda nümayəndələr: arxadan baxanda -  qırmızı haşiyəli kazak furajkaları, papaqlar, malaxaylar, kürklü-paltolu sıralar görünürdü. Hamı eyni cür fısıldayırdı. Arabir kimsə öskürürdü. Tək-tük saqqal dəyirdi gözə, kasıb xalqın bığlı, bığsız müxtəlif nümayəndələri.

Katib Semberlenin notasını oxudu. Arxa sıralardan kimsə:

- Başa salın, qoy hürməsin! - söylədi.

Sədrlik edən stəkanları, qrafini taqqıldatdı:

- Sakit olun!..

Çıxışdan sonrakı fasilədə, foyedəki papaqların başından tütün tüstüsü qalxmağa başladı, səs-küyün arasından elə bil Maydannikovun səsi dəydi qulaqlarıma. Yanımdakıları itələdim. Bu, Maydannikov yenidən Pesçanıy kəndinə sədr seçilmişdi. Böyür-başı kazaklarla doluydu.  Başına təzə budyonovka qoymuş ən cavanı deyirdi:

- …Həm də döyüşərik.

- Dalımızı dağıdarlar.

- Tələsmə də!

- Qardaş, onların texnikası var.

- Adamsız texnika kazaksız at kimi bir şeydir.

- Nədir, yoxsa döyüşməyə adamları yoxdur?

Yenə Maydannikov danışır. Kor-kobud səsi var, amma yumşaq çıxır, elə bil təkər yağı çəkiblər boğazına.

- Sən də boş ver bunu. Özün də malı mala qatma… Qorxub eləmirik, amma nə müharibə?! Bəsdir çərənlədin, elə sözlər deyərəm, mat qalarsan. Bir dəyqə qulaq as mənə. Gör nə deyirəm. On beşinci ildə bizi alman müharibəsinə aparmışdılar. Üçüncü sırada dayanmışdım. Kamenski stansiyasından yola düşürdük, bizimkilərdən bir dəstə düzəltmişdilər - hamısı da cəbhəyə. Atdılar bizi səkkizinci diviziyaya, biz də ona qoşulub getdik, elə bil xırmanda gəzirdik. Döyüşlərdə də olduq. Stırya tərəfdə atları təhvil verdik. Süngünü tüfəngə keçirməyi öyrətdilər bizə. Vəhşi atlara dönmüşük. Vuruşuruq. Səngərlərdə, harda gəldi. Amma ən çox səngərdə. Az qala bir il gilin-palçığın içində süründük. Dörd ay dinclik bilmədik. Bit-birə basdı bizi. Bir tərəfdən - sıxıntı, bir tərəfdən də - natəmizlik. Bitlər də cürbəcür idi: sıxıntıdan əmələ gələnlər - donqar olurdu, natəmizlikdən əmələ gələnlər - qara-qura cücülər. Düzdür, onlar cürbəcür idi, ancaq biz onları eyni cür yedirirdik. Köynəyi çıxarırsan, çırpıb sərirsən torpağa, elə ki bir az tərpədirsən - qaynayırlar. Hamısı da qanımızdan yeyib - köpüb. Dəyənəklə vururduq, kəmərimizlə çırpırdıq… Elə bil yekə heyvan öldürürsən. Bezmişdik əllərindən. Üst-başımızda veyl-veyl gəzişirlər.

Biz isə döyüşürük. Nə üçün, kimin üçün - bilən yoxdur. Özgə dəyirmanına su tökürdük.

Bir il keçdi. Canımı dərd alıb. Öldün - qurtardı! Burda ata verməyə yem tapmırsan, aylarla bilmirsən mehtər ona nə verir, hardan tapır verir; orda isə - ailə qalıb başlı-başına, ac-susuz. Səbəbini isə bilən yoxdur. Ən əsası isə: bu düşmən nə millətidirsə - mən də onlardan biryəm! Ölüm hardan gəlir - nə bilim.

On altıncı ildə bizi cəbhədən götürüb qırx verst kənara atdılar. Yüzlərlə əlavə adam gəldi, az qala hamısı qocalar idi. Saqqal - göbəyə çatır. Nə isə. Arabaları sazladıq. Atları yəhərlədik. Hay-küy düşdü! Diviziya qərargahından əmr gəlib: dəstəmiz cəbhə xəttinə tərəf hərəkət etməlidir. Guya əsgərlər üsyan edir, səngəri istəmirlər, zığa-palçığa batmaqdan beziblər. Ölümlə əlləşməkdən yorulublar… 

Bunu bizə yasaul Dımbaş dedi: necə varsa elə də dedi. Bu yerdə götürüb ona bir kağız yazdım, qarışıqlığın arasından atdım üstünə:

"Zat aliləri, müharibəni başa saldız bizə, dediz ki, ayrı-ayrı dillərdə danışan millətlərdir, onlarla vuruşuruq. Bunu başa düşdük. Bəs özümüzünkülərin günahı nədir?" Kağızımı oxuyan kimi sifəti dəyişdi. Ancaq deməyinə qalsa, heç nə demədi. İndi başa düşdük ki, bu qoca kazakları, bu köhnəfikirliləri niyə gətirib töküblər bura. Onlar çarın arxasında dururdular, özü də necə lazımdır - dururdular. Qoca olmaq - ayrı şeydir, axmaq olmaq - ayrı. Xidmət, nizam-intizam onlar üçün deyildi. Bir də ki, o vaxtlar adamın ağlını alırdılar əlindən. Biçinçi taxıl biçən kimi biçirdilər ağlımızı.

Bizi əsgər elədilər. Əlimizin altında dörd dənə pulemyot var, bir dənə də zirehli maşın. Gedirik üsyan qalxan alaya tərəf. Orda iki yüzdən çox kubanlı var, bir də ala-bula adamlar, kalmıka oxşayırlar - alayı dövrəyə alıblar. Adamın qorxmağı gəlir - qardaşlar! Meşənin arxasında iki batareya əsgər var - ön cəbhədən gətiriblər. Alay isə marıqda dayanıb, zəncir gəmirir. Zabitlər onlara yaxınlaşır. Dilə tuturlar onları. Onlar isə - dediyimiz dedikdi.

Bizim yasaul komanda verdi, qəmələrimizi sıyırdıq. Löhrəm yerişlə gedirik, yapışırıq əsgərlərdən birinin boğazından… Kubanlılar da gəlib çıxır… Əsgərlər tüfəng atmağa başlayır. Üstlərinə od-alov yağdırırıq, yenə xeyri yoxdur. 

Mənim ürəyim qan ağlayır, dilim ağzımda yanır. Bu adamları necə öldürüb məzara gömə bilərəm? Axı bir vaxt özüm də köstəbək kimi səngərdə yaşamışam. Çapdıq atları. Görürəm, bizim dəstədən olan kazak Filimonov bir əsgəri salıb altına - vur ki, vurasan. Görürəm, adamın sir-sifəti qan-qançır olub, həm də qorxub. Cavan əsgərdir - kim olsa qorxar. Bədənim buza döndü, özümlə bacara bilmədim, atıldım üstünə, ayırmaq istəyirəm:

"Əl çək, Filimonov!" Anamı söyür. Köhnələrdəndir. Qılıncımı çəkdim, qorxutmaq istədim: "Əl çək - deyirəm, - yoxsa and olsun ki, kəsərəm səni!" Dəli kimi əl atır çiynindəki tüfəngə. Mən də qəməni çəkirəm boğazına… Elə bil müqəvva başıdır, qoparıb qoyuram qırağa - adam öldürdüm, adam. Elə şeylər olur ki, fələk də baş açmaz. Kubanlılar bizi gülləyə tutdular - biz də onları. Gözü dönmüş uşaqlar idi. Hücuma keçdik. Əsgərlər bir də tüfəngə əl atdı. Dörd yanımızda güllələr gül açıb. Adam dəli olur, dəli…

Nə isə. Ordan da götürdülər bizi, əvvəlcə arxaya, sonra da Karpatlara. Üst-başımızın bitdəməyə macal tapmamış - bu da sənə Karpatlar. Gecə ilə dəmir yolunu tutub gedirik. Əmr var - səsimiz çıxmasın. Sən demə avstriyalıların səngərləri bizdən qırx sajn aralıdır. Bir gün keçir. Başımızı soxmağa yer yoxdur. Yağış. İslanmışıq. Səngərlərin lıqqası boğaza çatır. Nə yuxum var, nə rahatlığım. Həyat yoxdur, həyat! Öz-özümə fikirləşirəm: ömrümüzü-günümüzü bu səngərlərdə niyə çürüdürük görəsən? Ağlımdan bir fikir keçdi - gedib bu avstriyalılarla danışım. Onların əsgərləri də bizim dildə danışırlar. Bir dəfə çığırdılar: "Pan, siz niyə vuruşursuz?" - "Bəs siz niyə?" - soruşuruq. Məsafə uzaq olduğundan ayırd edə bilmirik. Fikirləşirəm: nə olar yığışaq bir yerə, adam balası kimi söhbət eləyək. İmkan yoxdur! Sim çəkib - ayırıblar milləti. Yaramazlar! Bu avstriyalılar da eynən bizim kimidir. Uşağı əmzikdən ayıran kimi bizi də torpaqdan ayırıb salıblar çöllərə. Kaş hamı bir dildə danışaydı.

Səhər oyanırıq, görürük ki, gözətçixanadan kimsə qışqırır: "Qardaşlar, bir ora baxın, bizim məftillərə heyvan ilişib!" Avstriyalılar da o tərəfdən çığırışır, lap kövşən yerində qağıldayan zağcalar kimi. Başımı çıxarıb baxıram, mənnən üzbəüz - sığın. Heyvan. Elə bil maraldır - buynuzlu. Hə, buynuzları ilişib bizim məftillərə. Bizdən sağ tərəfdə güclü döyüş gedirdi, güllə səsi yazıq heyvanı ürküdüb gətirmişdi buralara.

Avstriyalılar çığırır: "Ehey, panlar, açın buraxın heyvanı, biz sizə güllə atmarıq!" Şinelimi atdım çiynimə. Onların səngərinə baxıram - ancaq başları tərpənir. Atıldım heyvanın üstünə, dərisi cırmaq-cırmaqdı, tikanlı məftillər yaralayıb binəvanı. Mənə köməyə üç kazak da gəldi. Heç nə edə bilmirik, bizi yaxına da buraxmır. Baxırıq - avstriyalılar qaçır, tüfəngsiz. Əllərində bircə bıçaq var.

Bu vaxt başa düşdük iş nə yerdədir. Bizimkilərdən biri uzanıb qıraqdakı avstriyalını nişan aldı, mən də onun arxasındakını. Zabitlər bizi qova bilmədi, avstriyalıları da götürüb qonaq apardıq öz səngərimizə. Biriylə danışıram. Ancaq göz yaşı imkan vermir, nə öz dilimizdə danışa bilmirəm, nə də onların. Danışa bilmirəm - zor deyil ki. Qəhər məni boğur. Bir sarışın, cavan avstriyalıdır, otrurtmuşam onu patron yeşiyinin üstündə deyirəm: "Pan, heç bizdən düşmən çıxar, biz doğmayıq bir-birimizə! Bir bax, əllərimizin qabarı hələ getməyib". Görürəm - başa düşmür. Ancaq ürəkdən hiss edir məni. Mən də onun əlindəki qabarı tumarlayıram. Başını tərpədir: "Yəni düz deyirsən, razıyam sənnən". Onlardan da, bizim kazaklardan da başımıza xeyli adam toplaşıb. Deyrəm: "Ay pan, sizdən bizə heç nə lazım deyil. Sizin də bizimkiynən işiniz olmasın. Gəlin qurtaraq bu lənətə gəlmiş müharibəni!" 

Görürəm yenə mənnən razıdır. Söz deyə bilmir, ancaq əli ilə bizi yanına çağırır. Başa salır; deyir orda biri var, rusca danışır. Gedirik. Hamı ayağa durub gedir! Zabitlər jim-jimdədir. Çatdıq onların səngərinə. Bir çex var, bizim dildə qırıldadır. Sonra da özünkülərə tərcümə edir. Başa salır ki, biz düşmən deyilik - doğmayıq. Yenə əllərindəki qabarları göstərir, çiynimə vurur. Çexi başa salır desin: "Deyir, mən fəhlə babayam, çilingərəm, siznən də tam razıyam".  Deyirəm ona: "Gəlin qurtaraq bu müharibəni, ay qardaşalr. Bu, heç kəsə lazım deyil. Bu qəmələri bizi bura gətirib atanların dalına soxmaq lazımdır". Onun gözləri mənim bu sözlərimdən sonra dolur. Deyir evdə arvad-uçaq qalıb başlı-başına. Razıdır, müharibəni qurtarmaq lazımdır.

Əməlli-başlı hay-küy qaldırmışdıq. Onların zabiti də hinduşka kimi boynunu qaldırıb çəp-çəp baxır. Qucaqlaşdıq onlarla, çəkmə araqları vardı - içdik bir yerdə. Bax, hamımız bir-birimizlə belə dil tapdıq. Daha nə deyirdimsə, çexsiz də başa düşürdülər. Göydə tuturdular fikrimi, hay-küy, ağlaşma boydan. Öpürlər, öpüşürlər.

Səngərə qayıdan kimi tüfəngin çaxmağını çıxarıb atdım palçığa, and içdim ki, bir də avstriyalı qardaşıma güllə atan deyiləm. Nə çilingərə, nə fəhləyə, nə də kəndçiyə… Elə həmin gecə bizim dəstəni səngərdən çıxartdılar, Şavelka kəndi yaxınlığında silahlarımızı əlimizdən aldılar. Bir müddət sonra çevriliş oldu, çarı Peterburqdan qovdular…

- Bir dəyqə, - başında budyonovka olan cavan kazaklardan biri danışanın sözünü kəsdi, - bəs heyvan   oldu, heyvan?

- Heyvan? Onu da qurtardıq. Məftilləri kəsib qurtardıq onun canını. O da buynuzunda xeyli tikanlı məftil qaçıb getdi. Burda məsələ heyvanlıq deyildi. Burda əsas o idi ki, adamlar eyni dildə danışırdılar. Sənsə deyirsən - müharibə… müharibə… Müharibə olsa, yenə elə edəcəyik: elə ki, onların əsgərlərinə yetişdik, elə ki, qabar qabara toxundu, dil tapacağıq…

- Yoldaş nümayəndələr, buyurun içəri! - zənglər çalındı, səhnədən bizi içəri dəvət elədilər.

Qapılar taybatay açıldı, qurultay nümayəndəsi olan adamlar hay-küy sala-sala dəstə ilə zala axışdı. 

 

1927

Mixail Şoloxov

Rus dilindən tərcümə edən:

Əyyub QİYAS

 

Ədəbiyyat qəzeti.- 2017.- 18 noyabr.- S.28-29.