Şagirdinə görə intihar edən
rahib...
Bu
yaxınlarda koreyalı rejissor Kim Ki Dukun "Yaz, yay, payız,
qış ...və yenə yaz" filmini izlədim.
Bəri
başdan deyim ki, Dukun çəkdiyi filmlər
orijinallığı, fəlsəfi baxışı, sezilməz
qəddarlığı ilə bir çox rejissorlardan fərqlənir.
Rejissorun
"Yaz, yay, payız, qış ...və yenə yaz" filmi
buddizm dininin dəyərlərini
qabardan və bədiiliyi ilə seçilən bir filmdi. Bu
filmdə uca dağları olan, yaşıllıqlarla əhatə
olunmuş gölün içərisindəki monastırda
yaşayan bir rahibin və onun şagirdinin həyatından bəhs
edilir
Beşyaşlı
şagirdi ilə birlikdə yaşayan rahib hər gün
cürbəcür otlar toplamaq üçün onunla birlikdə
gölün kənarındakı meşəyə gedirlər.
Bir gün o, öz balaca şagirdini gölün içərisində
oynayarkən izləyir. Uşaq göldən tutmuş
olduğu balaca balığın, qurbağanın belinə ip, ipin ucuna isə daş
bağlayıb suya atır. Daha sonra bu oyunu ilanın da
başına gətirir.
Bütün
bunları kənardan izləyən rahib çox məyus olub,
qəzəblənir. Onlar evə qayıtdıqdan sonra rahib gecə
oğlan yatdığı zaman böyük bir daşı iplə
onun belinə bağlayır.
Ertəsi
gün yuxudan ayılan uşaq rahibdən daşı onun
kürəyindən açmasını istəyir, lakin rahib
razılaşmır. Bu vaxtı rahib ona deyir: - Get, cəza
verdiyin canlıları tap, əgər onlardan bircəciyi
ölübsə, sən bu ölümün
günahını ömür boyu öz ürəyində
daşıyacaqsan.
Uşaq
həmin yerə gələndə görür ki, balıq və
ilan ölüb, qurbağa isə sağdır. İlanın
qan içərisində ölməsinə uşaq çox
üzülür və göz yaşları axıdır.
Beləliklə,
rahib canlının canlıya verdiyi əzabı
qarşılıqlı edərək, oğlana qəlb və
can ağrısının nə olduğunu öyrədir.
Uşaq
böyüyür. Bir gün o, onların yanına müalicə
olunmaq üçün gələn qızla zina edir. Daha sonra
onun ardınca şəhərə qaçıb gedir və
qısqanclıq üstündə qızı
öldürüb yenidən rahibin yanına qayıdır.
Şagird həbs olunur.
Oğlanın
həbs olunması rahibə ağır təsir edir. O, yaşadığı evə
bir dəst paltar qoyub intihar edir.
Əslində
tamaşaçı üçün filmin ən gərgin
anı buradan başlayır. Bu, həm də, buddizm dininə əsasən
tükənmiş canın qətl olunmasıyla, ruhun yenidən
təzələnməsi ilə ilana keçməsi kimi də
izah olunur. Çünki aradan xeyli vaxt keçdikdən sonra,
şagird öz cəzasını başa vurub qış fəslində
monastıra qayıdanda, onun paltarlarının üstündən
bir ilan sürünüb gedir.
Oğlanın
döndüyü fəsil qış olduğundan o, çox əziyyətlər
çəkməli olur.
Ümumiyyətlə,
filmin adının fəsillərlə bağlı olması
da insan təbiətinin fəsillər kimi müxtəlif
çalarlı olmasına bir işarədir. Rejissor məhz fəsilləri
sıralamaqla qəhrəmanının başına gələn
hadisələri də fəsillərlə
uyğunlaşdırmağa çalışıb.
Müəlliminin
başına gələn şagirdinin də başına gəlir.
Onun da yanına körpəlikdən bir uşaq gətirib
qoyurlar. Və müəllimindən rahiblik vəzifəsini mənimsəmiş
insan həmin körpəni tərbiyə
etməyə başlayır.
Bir
gün gənc rahib öz belinə iplə çox
böyük bir daş bağlayıb, ibadət etdiyi bütlərdən
birini də özüylə götürüb xeyli məsafə
qət edərək, həmin daşı və bütün
yaşadığı bölgənin ən hündür
dağının başına qoyur. Həmin dağın ki,
onun yaşadığı evdən həmin dağın
yüksəklikləri görsənir...
...Rahibin
ölümü, şagirdinin mütləq geri dönəcəyinə,
həm də saf, günahlardan təmizlənmiş vəziyyətdə
dönəcəyinə inam finalın ən gözəl
anlarındandı.
İntihardan
öncə rahib müdrikliklə duyur ki, vaxtilə
balığı, ilanı işgəncəylə
öldürüb, daha sonra ürəkdən ağlayan o
uşaq məhv olmayıb və o dünyanın hansı hissəsinə
qədər gedib çıxsa da, baş verəcək
aşınmalarından qəlbini qoruyub geri qaytaracaq.
Yazının
əvvəlində mən bu filmin ədəbiyyatı
andırdığını vurğulamışdım.
Çünki bu film mənə Lev Tolstoyun "Sergi
ata"sını xatırlatdı. Filmə
baxdığım müddət ərzində bu hissi bir
neçə dəfə dərindən hiss elədim.
Oxuyanlar
bilir ki, dahi Tolstoy da Sergi atadan bir müqəddəs
yaratmağa çalışıb. Lakin bütün cəhdlərə
rəğmən bu alınmayıb. Sözssüz ki,
yazıçı bunu bilərəkdən edib ki, insanların
xasiyyətindəki müxtəlifliklər, ziddiyyətləri
açıb oxucuya göstərsin. Kim Ki Dukdan fərqli olaraq
Tolstoy Stepan Kasatskini kübar həyatın
içərisindən, bəlli bir
biabırçılıqan çəkib gətirir rahibliyə.
Lakin aradan nə qədər qatı, tərki-dünya rahiblik
illəri keçsə də,
Kasatski Sergi ata ola bilmir. Daxilində var olan günah hissi,
gəncliyində yaşadığı
biabırçılıq hissinin yaratdığı
boşluğun, əzilmişliyin yerini dolduran təcavüzkarlıq
ona cidd-cəhdlə mane olub əzab verir. Və Sergi ata öz
şişirdilmiş mənsəbindən, adından,
kürsüsündən imtina edir.
Lakin,
haqqında bəhs etdiyim filmdə rejissor dünyəvi məsələlərə
daha nikbin, daha ürəyiyumşaq formada nəzər
salır. Onun qəhrəmanı etdiyi günahlarının əvəzini
ödəməklə yanaşı, həm də müəlliminin
ümidlərini doğruldub, günahlardan təmizlənir, zəhmətə
alışır və insanlara xəyanət etmir.
Və bu
filmi izləməklə mən bir daha əmin oldum ki, nə qədər
ki, yer üzündə "Sergi ata" kimi əsərlər
yazılıb oxunacaq, "Yaz, yay, payız, qış... və
yenə yaz" kimi filmlər çəkilib izlənilicək,
bu zaman bəşəriyyətin kamilləşməsinə
ümid bəsləməyə dəyər.
Samirə Əşrəf
Ədəbiyyat qəzeti.- 2017.- 18
noyabr.- S.31.