Oksford Universitetində Nizami Gəncəvi Mərkəzinin

yaradılması Azərbaycan elmi-mədəni

düşüncəsinin ən böyük uğurlarından biridir

 

2013-cü ildə Azərbaycanın elmi-mədəni  həyatında, həqiqətən, artıq tarixə yazılmış  (və çox böyük gələcəyi olduğuna heç  bir şübhə etmədiyimiz) bir hadisə baş verdi: dünyanın ən möhtəşəm universitetlərindən birində - Oksford Universitetində  görkəmli Azərbaycan alimi, akademik Nərgiz Paşayevanın təşəbbüsü (və rəhbərliyi) ilə Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzi  yaradıldı. Və gələn il beş illik yubileyini qeyd  edəcəyimiz Mərkəz Oksford Universitetinin tərkib hissəsi və nadir tədqiqat müəssisəsi olaraq Azərbaycan  və onun elmi irsi üçün xüsusi əhəmiyyət daşıyır.

Mərkəzin rəsmi saytında deyildiyi kimi, Nizami Gəncəvi Mərkəzi Oksford Universitetinin rəsmən qəbul edilmiş və tanınmış struktur bölməsidir və həmin Universitetin tək şərqşünaslıq fakültəsi ilə bağlı məsələləri deyil, ümumiyyətlə, Oksford Universitetində digər sahələrdə, elm və təhsillə bağlı olan bütün məsələlərdə Azərbaycan üzrə koordinator səlahiyyətinə malikdir. Və  Oksford Universitetinin tərtib və təsdiq etdiyi beş illik elmi-tədqiqat  proqramı ilə işləyən Mərkəz kitabların yüksək akademik səviyyədə tərcüməsi, Bərdə şəhərində arxeoloji tədqiqatların aparılması, beynəlxalq konfransların keçirilməsi, əlyazmaların öyrənilməsi, aspirant və magistrantların hazırlığı istiqamətində fəaliyyət göstərməklə yanaşı, Oksford Universitetinin qaydaları çərçivəsində mədəni-akademik layihələri də həyata keçirərək dünya elmi-intellektual birliyi ilə əlaqələr yaratmağa çalışır.

Əlbəttə, son yüz ildə Azərbaycanda həm Azərbaycan, həm də dünya elminin, mədəniyyətinin müxtəlif sahələrini, xüsusilə humanitariyanı kifayət qədər dərindən öyrənən müəssisələr, qurumlar təşəkkül tapmışdır ki, xalqımız dövlət müstəqilliyi əldə etdikdən sonra həmin müəssisələrin, qurumların fəaliyyəti xeyli dərəcədə yeni məzmun-mündəricə kəsb etməkdədir. Demokratiya, milli dəyərlərlə ümumbəşəri dəyərlərin dialektik vəhdətdə alınması, qloballaşan dünyanın çağırışlarına həssas yanaşılmaqla multikultural düşüncə prinsiplərinin rəhbər tutulması elmi-ictimai təfəkkürümüzün yüksəlişi üçün əsaslı metodoloji zəmin hazırlamışdır. Bununla belə, dünyanın böyük təcrübəyə malik universitetləri ilə yaxından əməkdaşlıq etmək, sözdə deyil, məhz işdə  qabaqcıl, modern texnologiyaları mənimsəyib tətbiq eləmək, Azərbaycan həqiqətlərini bütün miqyası ilə dünyaya çatdırmaq bu gün dünənkindən daha çox tələb olunur. Ona görə də akademik Nərgiz Paşayevanın  Oksford Universiteti kimi ali səviyyəli bir elm-tədris müəssisəsində Nizami Gəncəvi Mərkəzinin yaradılmasına, eləcə də ilk günlərdən başlayaraq uğurla, məhsuldar, öz fəaliyyət meydanını daha da genişləndirəcək fəaliyyət göstərməsinə nail olması elmimiz, mədəniyyətimiz  üçün həm fəxrdir, həm də yaxın illərdə böyük qürur duyacağımız ciddi nailiyyətlərin mənbəyidir. Dahi Nizaminin adını daşıyan (və bu adı  özünün azərbaycanşünaslıq - qafqazşünaslıq araşdırmaları fonunda, yəni bizim zəmanəmiz üçün heç də az səciyyəvi olmayan populist mülahizələr, iddialarla deyil, elmin, intellektin, sözün  geniş mənasında mədəniyyətin bilavasitə təzahürünün nəticəsi olaraq dünyaya yeni müstəvidə təqdim edən!) Mərkəz bəzi bədxahların mənasız təzyiqləri, dedi-qoduları ilə üzləşsə də, öz humanist missiyasını, heç şübhəsiz, layihə gücündə  həyata keçirməklə şair-mütəfəkkirin yüz illərdir ki, yaşayan, şüurlara, hisslərə get-gedə daha çox qida verən ümumbəşəri ideallarına layiq işlər görür.

Mən Nərgiz xanımın Mərkəzin açılması barədə danışarkən dediyi bir fikri  xatırlatmaq istəyirəm: dünyanın ən nüfuzlu Universitetində - Oksfordda belə bir Mərkəzin yaranmasında bizə Nizami Gəncəvinin ruhu da kömək oldu!.. Əlbəttə, bu bir mistika deyil, ürəkdən, milli (və insani) təəssübkeşliklə, xoş məram və məqsədlə görülən hər işin arxasında mütləq müqəddəs qüvvələr dayanır. Və onlar hər cür maneələri usanmadan, pessimizmə qapılmadan, cəsarətlə dəf etməyə ruhlandırır.

Əlbəttə, akademik Nərgiz Paşayevanın şəxsində Azərbaycan elmi ictimaiyyəti Oksford Universitetində belə bir Mərkəzin açılmasında nə qədər maraqlı idisə, həmin Universitetin elmin, mədəniyyətin  qədir- qiymətini dərindən bilən, yüksək qiymətləndirən intellektual mühiti, xüsusən görkəmli şərqşünasları da o qədər maraqlı  olmuş, atılan addımın uğuruna, perspektivliliyinə inanmışlar. Və bu məqamda professor  Edmund Hersiqin, professor Robert Hoylandın adlarını hörmətlə çəkmək lazım gəlir.

Azərbaycan, Qafqaz qədim (və zəngin) etnik, sosial, dil, din, ədəbiyyat, incəsənət və s. tarixinə görə dünyanın ən unikal məkanlarından biri olmaqla, görünür, Oksford Universitetinin maraq (və tədqiqat) dairəsindən kənarda qala bilməzdi. Odur ki, Mərkəz yarandıqdan dərhal sonra müxtəlif istiqamətlərdə araşdırmalara başlanıldı ki, onların nəticələri barədə ictimaiyyətə artıq müəyyən məlumatlar verilmişdir.

Yeri gəlmişkən, Oksford Universitetinin Nizami Gəncəvi Mərkəzi təsis edildikdən  dərhal sonra M.V.Lomonosov adına Moskva Dövlət Universiteti Bakı filialında "Oxford Room" adlı xüsusi şöbə yaradılmışdır. Və həmin şöbə Mərkəzlə Azərbaycanda fəaliyyət göstərən bütün elmi müəssisə və təşkilatların əlaqələrini təmin etmək funksiyasını həyata keçirir.

Lakin təəssüf ki, ölkəmizdə Mərkəzin ali missiyasını hələ də lazımi  səviyyədə dərk etməyib, görülən işlərin tarixi dəyərini öz arşınları ilə ölçməyə cəhd göstərənlər də yox deyil… Onlar heç bir elmi əhəmiyyət daşımayan  mübahisə və ya dedi-qodulara meydan açmağa çalışmaqla diqqəti mətləb-mahiyyətdən uzaqlaşdırmağa, şəxsi iddialarını bu və ya digər şəkildə təmin etməyə çalışırlar. Elmi etikanın belə bir adi prinsipini nəzərə almırlar ki, hər bir alim- tədqiqatçının hər hansı məsələdə öz fikri, mövqeyi ola bilər və heç kimin haqqı yoxdur ki, qeyri-elmi mülahizələrlə, yaxud populist təəssübkeşlik inersiyası ilə ciddi bir elmi mövqe üzərinə yerisin… Əgər Oksford Universiteti kimi möhtəşəm bir elm- tədris müəssisəsində Azərbaycanın yaratdığı Mərkəz məhz Nizami Gəncəvinin adını daşıyırsa (və buna həmin Universitetin görkəmli şərqşünasları öz xeyir-dualarını vermişlərsə!), əlavə təfərrüata, işin içindən iş çıxarmağa nə ehtiyac var? Yüz illərdir ki, dahi Nizami İran şairi olaraq tədqiq (və təqdim) olunur ki, burada da əsas sübut kimi şair-mütəfəkkirin  mənsub olduğu dil- üslub ənənəsi əsas götürülür. Lakin Azərbaycan filologiyası inkişaf  etdikcə Nizami yaradıcılığının türk-Azərbaycan keyfiyyətləri də ortaya çıxmaqda, öz fakt-istinadlarını formalaşdırmaqdadır… Ümumiyyətlə, nizamişünaslığın obyektiv elmi-metodoloji əsaslar  üzərində inkişafı kiminsə vəcdə gəlib "mən nizamişünasam" deyə haray- həşir salmasından yox, müxtəlif (dilçilik, ədəbiyyatşünaslıq, tarix və s.) elm sahələri üzrə mütəxəssislərin Nizami irsinin tədqiqindəki əməkdaşlığından asılıdır.

Və xüsusi olaraq qeyd etmək lazımdır ki, Oksford Universitetinin Nizami Gəncəvi Mərkəzi yarandığı ilk aylardan ayrı-ayrı mövzuların araşdırılmasında belə bir beynəlxalq əməkdaşlığın sağlam əsaslarını qoymağa çalışmış və buna nail olmuşdur. Məsələn, Mərkəzin 2015-ci ildə keçirilən ilk konfransı barəsindəki məlumatda deyilir:

İyunun 6-da Oksford Universitetinin Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Mərkəzi, Şərqşünaslıq İnstitutu və Qədim Antik Dövr Mərkəzi ilə birgə "Şərqi Qafqaz son antik dövrdən erkən İslam dövrünə qədər" adlı elmi-praktik konfrans keçirilib. Nizami Gəncəvi Mərkəzinin ilk tədbirində Oksford Universiteti ilə yanaşı, Böyük Britaniyanın digər nüfuzlu təhsil ocaqlarının, eləcə  də Avropanın bir sıra qabaqcıl universitetlərinin Yaxın Şərq və Qafqaz bölgəsi üzrə mütəxəssis alimləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Oksford Universitetinin Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Mərkəzinin direktorları, professorlar Robert Hoyland və Nərgiz Paşayeva konfrans iştirakçılarını salamlayıb və Mərkəzin ilk tədbirinə tanınmış nüfuzlu alimlərin böyük maraq göstərmələrini yüksək dəyərləndiriblər.

Professor Robert Hoyland tədbir iştirakçılarına Mərkəzin yaranma tarixindən danışıb və onun ərsəyə gəlməsində həmkarı professor Nərgiz Paşayevanın xüsusi əməyinin olduğunu diqqətə çatdırıb. O, konfransın əhəmiyyətini qeyd edib və Mərkəz tərəfindən görülən işlər haqqında məlumat verib.

Professor Nərgiz Paşayeva belə bir tədbirin keçirilməsindən böyük məmnunluq duyduğunu bildirib. N.Paşayeva deyib: "Artıq bir neçə ildir ki, mənim peşəkar həyatımda yeni bir mərhələ başlayıb. Bu, Oksford Universiteti ilə qurulan, rəsmi statusa malik və artıq Universitetin bir hissəsi kimi qəbul olunan Nizami Gəncəvi adına Mərkəzin yaradılmasıdır."

Daha sonra N.Paşayeva XX əsrdə Azərbaycan elminin  keçdiyi mürəkkəb tarixi inkişaf dövrünə nəzər yetirib. Xüsusi olaraq vurğulayıb ki, humanitar elmlər kommunist ideologiyasının ciddi təzyiqlərinə məruz qalsa da, o dövrdə Azərbaycan alimləri dəyərli elmi əsərlər yaratmağa müvəffəq olublar. O zamanlar xüsusilə, türkologiya, etnogenez, Azərbaycanın milli-mədəni mənsubiyyətini, zəngin tarixini araşdıran tədqiqatlara qarşı sovet ideologiyası tərəfindən yaradılan süni maneələr bu araşdırmaların dünya elmi səviyyəsinə çıxarılmasına əngəl törədib. Həmçinin elmi tutuma malik olan nəzəri kitablar Avropa dillərinə tərcümə  edilməyib.

Azərbaycanın zəngin tarixi və mədəniyyəti ilə bağlı bir çox məsələlərin hazırda dünya elmi ictimaiyyəti üçün böyük maraq doğurduğunu vurğulayan N.Paşayeva deyib: "Ümid edirəm ki, biz Oksford Universitetinin Nizami Gəncəvi adına Mərkəzi vasitəsilə Azərbaycan və onun yerləşdiyi bölgə haqqında dünyanın elmi ictimaiyyətində maraq doğuran bütün suallara cavab tapa biləcəyik".

Və həmin konfransda dünyanın müxtəlif ölkələrindən olan mütəxəssislər aktual mövzularda məruzələr edib, müzakirələr  aparmışlar.

Bir il sonra - 2016-cı ilin iyun ayının 11-də Oksford Universitetinin ən qədim kolleclərindən olan "Brasenose" kollecində "Trans-Xəzər əlaqələri (V-XIII əsrlər)" mövzusunda növbəti konfrans keçirildi ki, həmin konfransda Oksford Universiteti Şərqşünaslıq İnstitutunun və Nyu-York Universitetinin aparıcı professoru, Oksford Universitetinin Nizami Gəncəvi Mərkəzinin İngiltərə tərəfdən rəhbəri Robert Hoyland, Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, AMEA-nın müxbir üzvü, Oksford Universitetinin Nizami Gəncəvi Mərkəzinin Azərbaycan tərəfdən rəhbəri, professor Nərgiz Paşayeva, Oksford Universitetinin şərqşünaslıq fakültəsinin aparıcı professoru Edmund Hersiq, Şotlandiyanın Edinburq Universitetinin Roma arxeologiyası üzrə professoru, Oksford və Tübingen universitetlərinin mühazirəçisi, eyni zamanda, Böyük Britaniyanın Farsşünaslıq İnstitutu və Romaşünaslıq təbliği Cəmiyyətinin şura üzvü, professor Eberhard Zauer, Rusiyanın Elmlər Akademiyasının ipək və kətan üzrə aparıcı arxeoloqu və tarixçisi professor Zvezdana Dode, Rusiya Elmlər Akademiyasının Dağıstan elmi mərkəzində arxeologiya departamentinin rəhbəri, professor Murtazəli Hacıyev, Harvard Universitetinin aparıcı arxeoloqu doktor Kərim Əlizadə, Oksford Universitetinin tarixi antropologiya üzrə mütəxəssisi və Nizami Gəncəvi Mərkəzinin tədqiqatçısı, doktor İrina Şinqiray, Oksford Universitetinin Nizami Gəncəvi Mərkəzinin Bərdə Arxeoloji Ekspedisiyasının (AEB)  aparıcı arxeoloqu, "Brasenose" kollecinin üzvü, doktor Pol Vordsvors, Pensilvaniya Universitetinin arxeologiya üzrə aparıcı mütəxəssisi, aspirant Lara Fabian, Kanadanın Saskatçevan və İngiltərənin Durham universitetlərinin aspirantı Kristen Hopper və Oksford şəhərində yerləşən Ətraf mühitin idarə olunması təşkilatının aparıcı arxeoloqu Çarlz de Kesne iştirak edirdilər. Beləliklə, tədbirdə Oksford Universitetinin alimləri ilə bərabər, Şotlandiyanın Sent Andryus Universitetindən, ABŞ-ın Harvard və Pensilvaniya universitetlərindən, həmçinin Rusiya Elmlər Akademiyasından  gələn alimlər də çıxış etmişlər.

Həmin konfransda akademik Nərgiz Paşayevanın dediyi aşağıdakı sözlər böyük maraq doğurmaqla yanaşı, doğrudan da, tarixi əhəmiyyət daşıyır:

"Bizim gözləntilərimiz, planlarımız və ümidlərimiz çox böyükdür və biz Nizami Gəncəvi Mərkəzinin bu 5 illik elmi-tədris proqramını birdəfəlik təşəbbüs və keçici mərhələ kimi nəzərdə tutmamışıq və tutmuruq.  Həqiqət ondan ibarətdir ki, bir çox elmi-nəzəri məsələlər, problemlər uzaq keçmişdən bu günə qədər öz həllini gözləyir. Qeyd etmək lazımdır ki, Sovet dövründə elmi metodologiya təhrif olunmuş bir sistem kimi fəaliyyət göstərirdi. Bir çox hallarda tarixi faktlar dəyişilmiş, həqiqi elmi mülahizələr isə vulqar, sosioloji təmayüllərə məruz qalırdı. Məsəl üçün, Azərbaycan tarixi haqqında  kitablar və dərsliklər yenidən işlənib hazırlanmalıdır. Bu gün bölgəyə (Qafqaza) dünya elmi kontekstində böyük bir maraq var. Xəzər ətrafı ərazilər həmişə bir çox xalqlar və müxtəlif etnik qruplar ilə zəngin olub. II-III əsrlərdə bir-birindən uzaqda olan iki böyük imperiya arasında, Roma və Çin imperiyaları arasında bir bağlantı yarandı. Bu bağlantıya səbəb bir əşya, bir amil - ipək oldu.  Məhz bu ticarət ilə bağlı olan amil, demək olar ki, bütün dünyanı birləşdirdi, yolları açdı, məlumatlar sıxlaşdı və Qafqaz xalqları daxil olmaqla regionun bir çox xalqları bu prosesə qatıldılar. Məlumdur ki, etnogenez məsələsi tarixin ən müşkül məsələlərindən  biridir. Alimlər qeyd edir ki, bir xalqın yaranması üçün inkubasiya dövrü 500 il davam edə bilər. Beləliklə, suallar az deyil, öyrənilməmiş məqamlar da çoxdur. Mən çox şadam ki, biz professor Hoylandın rəhbərliyi altında Bərdədə arxeoloji qazıntılar apararaq, arxeoloqların, antropoloqların, tarixçilərin, şərqşünasların, ədəbiyyatçıların, dilçi alimlərin müştərək köməkliyi və əməyi ilə bu boşluqları doldura bilərik. Oksford kimi məşhur elm ocağında bu əhəmiyyətli işin  görülməsinin xüsusi dəyəri, çəkisi var. Özüm haqqında bircə onu deyə bilərəm ki, 34 ildir ki, mən universitetdə çalışıram və üç böyük universitet  - Bakı Dövlət, Moskva Dövlət və son üç ildə isə möhtəşəm Oksford universitetləri mənim həyatımın böyük, mühüm bir parçası olub. Əsas odur ki, bizim apardığımız elmi  araşdırmaların müsbət, dünya elmi ictimaiyyəti tərəfindən qəbul olunmuş bir nəticəsi olsun və gələcəkdəki tələbələrimiz araşdırmalardakı boşluqları doldurmaq  üçün obyektiv - Oksford Universitetinin malik olduğu baxışa sahib olsunlar".

Nəhayət, bu ilin iyun ayının 5-də dünya şöhrətli şərqşünas-nizamişünas Yevgeni Bertelsin "Böyük Azərbaycan şairi Nizami" kitabının ilk dəfə ingilis dilinə tərcüməsinin  Londonda keçirilən təqdimatı… Mən bu möhtəşəm məclisdə iştirak etmiş, təəssüratlarımı da elə Londonda ikən qələmə alıb "Ədəbiyyat qəzeti"ndə çap  etdirmişəm. Ona görə də təfərrüata varmadan yalnız bir- iki əsas məqam üzərində dayanacağam.

Yüksək elmi-intellektual səviyyədə keçən həmin təqdimatda nəşrin redaktoru  (və Oksford Universiteti Şərqşünaslıq İnstitutunun iranşünaslıq üzrə aparıcı professoru) Edmund Hersiq maraqlı, məzmunlu bir çıxış edib dedi:

"Bizim məqsədimiz Azərbaycan və ya rus dilində onilliklərlə çap edilmiş lakin ingilis auditoriyasına məlum olmayan əsərləri ingilisdilli auditoriyaya tanıtmaqdan ibarətdir. Mərkəzin fəaliyyət dairəsi sırf elmi əsərlərin tərcüməsindən daha genişdir. Mərkəz tədqiqatçı tələbələrə dəstək göstərir. Nizami Elmi Mərkəzi  tərəfindən Azərbaycanda maraqlı arxeoloji qazıntılar aparılır, mütəmadi olaraq  Britaniyada müxtəlif dəyirmi masalar, elmi konfranslar və digər tədbirlər keçirilir. Ümidvaram ki, gələcəkdə Oksfordda keçiriləcək bu kimi tədbirlərdə də sizlər fəal  iştirak edəcəksiniz. Lakin bu gün bizi bu salona toplayan əsas məqsəd hazırladığımız bu kitabın təqdimatıdır. Nəyə görə məhz bu kitab bizim ilk nəşr etdiyimiz kitab olub? Nizami Gəncəvinin adını daşıyan və həmin böyük şəxsiyyətə həsr edilmiş  kitabın tərcüməsi, sözsüz ki, məqsədəuyğun bir seçimdir. Nizami dünyanın ən məşhur və ən tanınmış şairlərindən biridir. Şərq aləmində əsrlər boyu bu ad böyük bir rəmzə çevrilib. Nizami həmçinin Qərb aləminə də tanış idi. Bu da seçimimizin doğruluğunu təsdiqləyən amillərdən biridir… Bu kitabın maraqlı cəhəti odur ki, nəinki Nizami haqqında, kitabda onun zamanı və dövrü haqqında da məlumat verilir. Müəllifin sözlərinə görə, bu əsər çox böyük missiyanın həyata keçirilməsinə nail olub. Eyni zamanda Nizaminin görkəmli Azərbaycan şairi kimi tanınmasında bu kitabın rolu böyükdür. Məhz bu əsərin ərsəyə gəlməsindən sonra Bakıda, bir tərəfdən, elmi əsərlər, digər tərəfdən, çoxlu dərsliklər çap edilməyə başlanıb. Bu isə Nizaminin yenidən dərk edilməsinə, ona lazımi qiymətin verilməsinə səbəb olub. Düşünürəm ki, kitabın başqa bir  maraqlı cəhəti var ki, bəlkə də, Bertels bu haqda heç düşünməyib - bu ondan ibarətdir ki, kitabın adı "Böyük Azərbaycan şairi Nizami" sonradan İran alimlərinin arasında bu günə qədər də davam edən bir müzakirəyə, qarşıdurmaya gətirib çıxarıb. Məhz buna görə, kitabın ingilisdilli auditoriya üçün  hazırlanmasında məqsədlərdən biri də ondan ibarətdir ki, kitabı oxuyanlar  buradakı fikirlərin milliyyətçilikdən irəli gəlmədiyini dərk edəcəklər. Bu çox gözəl,  sadə, eyni zamanda asanlıqla oxunan və böyük şəxsiyyət haqqında dürüst məlumatları geniş auditoriyaya çatdıran bir kitabdır. Mən inanıram ki, bu kitabdan sonra rusdilli auditoriyada olduğu kimi, ingilisdilli auditoriyada da Nizaminin pərəstişkarları artacaqdır. Mənim böyük iftixar hissi ilə yazdığım ön sözdə qeyd edilir ki, kitab yaradılan zaman həmin konsept də nəzərdən qaçmır. Bu kitabın konsepti Qərb oxucuları üçün də əhəmiyyətlidir. Kitabın yarandığı dövr - 1930-cu illərin sonu heç də parlaq dövrlərdən deyildi. Stalinin repressiyalarının pik nöqtəsi olan dövr idi. Azərbaycanda da Mir Cəfər Bağırovun respublikaya  rəhbərlik etdiyi həmin dövrdə repressiya qurbanlarının sayı heç də az olmayıb".

Və əlavə etdi:

"Mən bir neçə qısa qeydlə çıxışımı başa vurmaq istəyirəm. Burda sizlərin qarşısında durmaqdan və çıxış etməkdən böyük şərəf hissi duyuram. Bu layihə  üzərində çalışanların sayı heç də az deyil. Kitabı rus dilindən tərcümə edən Maroussia Bednarkieviçdir. Fars dilində olan sitatları Ceyms Vayt çevirmişdir, kitabın ön sözünün müəllifi isə mənimlə Elçin müəllimdir. Eyni zamanda bu kitabı nəşr edən "Gilgamesh" nəşriyyat evinə təşəkkür etməyi özümə borc bilirəm. Nəhayət, Nizami Gəncəvi Mərkəzinin bütün işlərində olduğu kimi, bu işdə də bizə ən böyük köməkliyi göstərən akademik Nərgiz xanım Paşayevaya öz dərin təşəkkürümü bildirirəm. Bizim gördüyümüz işlərin heç birisi onun dəstəyi və hərtərəfli köməyi olmadan həyata keçə bilməzdi. Əgər  tərcümə etdiyimiz kitabın seçimi bizlərə verilsəydi, çox güman ki, biz belə vacib və aktual olan əsər seçməyə də bilərdik. Bir daha Nərgiz xanıma təşəkkür edirəm".

Akademik Nərgiz Paşayevanın "bizim məqsədimiz Nizamini, məhz onun dahi yaradıcılığının etik-estetik qayəsinə uyğun olaraq təqdim və təsdiq etməkdir. Şeyx Nizami heç zaman parçalayıcı, ixtilaf yaradan fiqur olmayıb və ola da bilməz. Çünki onun yaradıcılığı insanları və məmləkətləri birləşdirici qüvvəyə malikdir. Nizamiyə görə, müxtəliflik qaçılmaz  obyektivdirsə, deməli, bir araya gəlmək bacarığı və istəyi də, vəhdətə can atmaq arzusu da inkarsız, labüd və mütləqdir" sözləri isə təqdimat  mərasimindən doğan təəssüratların əsas yekunu kimi səsləndi.

Çox təəssüf ki, görülən işlərin miqyasını, tarixi əhəmiyyətini dərk etməyən "nizamişünas"lar da tapıldı ki, professor Edmund Hersiqə "məsləhət" verməyə başladılar…

Çalınan zənglərin səsini uzaqdan-uzağa eşitməklə iş bitmir, onun haradan gəldiyini, hansı məna-məzmun daşıdığını, nəyə xidmət etdiyini də bilmək lazımdır…

 

Nizami CƏFƏROV

 

Ədəbiyyat qəzeti.- 2017.- 25 noyabr.- S.2-3.