Darıxır

 

Kibrit alışdırır, yazır şeirlər,

Səninçün əllərim ayrı darıxır.

Darıxır gözümdə bir qədəh ümid

Ürəkdə bir qaşıq qayğı darıxır...

 

Darıxır rəfdəki kitablarım da

Divardan asdığım saat darıxır.

Boşdur akvarium uçub balıqlar

İçində çəhrayı həyat darıxır...

 

Darıxır çəkdiyim fotoşəkillər,

Məhəccər üstündə qəhvə darıxır.

Kədərli gecələr lampa yananda

Titrəyir laqeyd kölgə darıxır...

 

Darıxır ən yaxın dostum, sirdaşım,

Getdikcə yaşlaşan çantam darıxır.

Bir şair darıxır gün qızaranda,

Darıxır günorta, axşam darıxır...

 

Laqeyd ekspressiya

 

Gizli qalıb ürəkdə tünd qəhvəyi sükutlar,

Yağışa dönən zaman ölürlərmi buludlar?!

 

Yarım qalmış kitabı oxumağa həvəs yox,

Bu qaranlıq otaqda üç adamlıq nəfəs yox...

 

Kömür gözlü bir qadın xəyalına görünə,

Saçına şeir taxa, ayrılığa bürünə.

 

Ümidlərin bitməsi əzabın beşiyidir,

Bu dünya da Allahın bir zibil yeşiyidir.

 

kimsədən küsəsən, ki inciyəsən,

Oturasan səhrada üzüm-çörək yeyəsən...

 

Qatar qaralamalarından

 

Soyuq havalar...

İsti vaqonlara tələsən ayaqlar.

Köhnəlmiş çanta...

İçində vərəqləri saralmış kitablar.

Mürgülü qatarda yorğun adamlar...

Ssenarist beynində növbəti

                        bölümü tamamlar...

Ssenarist fikirli, qayğılı, yorğun...

Yeknəsəq həyat... Şirin xəyallar...

Yazılmalı gözəl əsərlər varkən...

Çürüdür onu mənasız seriallar...

Ssenarist fikirli, qayğılı, yorğun...

Qulaqcıqda "Bayati-Şiraz"... Kamança, tar

Ssenarist düşünür: yaxşı ki, payız var...

Əsir küləklər, yağır narın yağışlar.

Üşüyəndə daha qayğıkeş görünür

Tünd qəhvəyi adamlar...

Ssenarist fikirli, qayğılı, yorğun...

"Seriyanın sonunda öldürümmü o qızı"-

düşünən ssenaristin xəbəri yox heç nədən.

məsəlçün, sol cərgədə dayanan,

əlində yaşıl çətir, gözlərində

            ümidlə ssenaristə boylanan

sarısaçlı bir qızı görə bilmir ssenarist...

Hey düşünür : "öldürüm yoxsa hələ yaşasın"

Fikirləşir bir qərar verə bilmir ssenarist...

Sarısaçlı qız isə ssenaristə hey baxır...

çətirindən su damır qatarın döşəməsinə...

ssenarist fikirləşir, ssenarist bərk darıxır...

Ən şirin ssenaridən xəbərsizdir, ssenarist...

Növbəti stansiya... sarısaçlı qız düşür...

gözlərində ümiddən bir əsər də qalmayıb...

qərar verir ssenarist "öldürəcəm o qızı!

Ailəsi üz döndərib, sevgilisi ölübdür...

Onsuz da onu sevən bir nəfər də qalmayıb"...

 

***

Noyabr yağışı ağlayır axşam

Bakının kimsəsiz küçələrinə.

Üzünü çil basmış eybəcər qadın

Söykənib pəncərə məhəccərinə.

 

Gözünü yollara dikib nə vaxtdı,

Maşınlar yolları ötüb keçirlər.

Üzünə maşından işıqlar düşür,

Kölgələr üzünü öpüb keçirlər.

 

Bu kifir, eybəcər qadının dərdi

Çevrilib bir payız boyda təkliyə,

Sakitcə, səssizcə göz yaşı tökür

Tanrının verdiyi eybəcərliyə.

 

Ürəyi bomboşdu yatağı kimi,

Kimsəsiz içinə göz yaşı axır,

Gözləri şüşədən çölə baxsa da,

Çölündən içinə "bəlkə" boylanır...

 

Bir isti gecəsi olmayıb hələ,

Sevgidən xəbərsiz otağı soyuq,

Telində gəzməyib kişi nəfəsi

Öpüşdən xəbərsiz dodağı soyuq.

 

 

 

Mən də bir əclafam özgələri tək,

səni bəyəndim, sevə bildim,

Birdən inciyərsən, təsəlli üçün

Rəngləyib şeirə çevirə bildim...

 

Gedəsən...

 

Yandırıb əsərləri səpələyib otağa

Baxıb, baxıb hirslənib süpürəsən, gedəsən.

Nəyin varsa həyatda, saxlayasan otaqda

Bircə quru canını götürəsən, gedəsən.

 

Yağış yağa üstünə, külək əsə küçədə,

Soyuq düşə canına almayasan vecə də.

Bu tünd qəhvə ətirli, bu mürgülü gecədə

Papirosu ürəklə sümürəsən, gedəsən.

 

Qatil bir sükut ola dilində, ağızında,

Unudasan əllərin o buruqsaç qızın da.

Sonuncu ümidini Bakının payızında

Sonuncu avtobus tək ötürəsən, gedəsən.

 

Bir sualla beynini edəsən ələk-vələk,

Yavaş-yavaşmı ölür, yoxsa qəfil kəpənək?

Sevdiyin rejissorun ən zəif kinosu tək

Öz ömrünə baxasan, bitirəsən, gedəsən...

 

Qədim saat

 

Elə darıxır adam, lap istəyir bağırsın

Bir tünd qəhvə düzəltsin,

                        beş altı ruh çağırsın...

 

Bütün yazdıqlarını, ruhlar uçun oxusun...

şeirlər onların, ruhlarina toxunsun...

 

Akvarium suyunu, dəyişməyə ərinsin,

Qonşunun səs-küyünə, dodaqaltı deyinsin

 

Yağış yağmamış ipdən, yığsın pal-paltarını;

şalvarın ütüləsin, yandırsın astarını

 

Baxsın yağan yağışa, baxsın, doyunca baxsın...

Bir az başını qatıb, sonra yenə darıxsın...

 

Nə bir siqaret çəksin, nə də içmək istəsin

Beynini siğallasın

Divarından asılan köhnə saatın səsi...

Baxsın bu sərsəm ömrə, yarı ciddi baxışla

Yarı zarafat kimi

Mismar çalıb divara, gecə özünü assın,

O qədim saat kimi...

 

Qısa film

 

Yellənir qış günü yağan qar altda

Dirəkdən asılan işıq telləri.

Evində əlcəyin unudan qızın

Üşüyür qar kimi bəyaz əlləri.

 

Üşüyür boz sərçə budağın üstə

Bilmirsən yem gəzir, ya uça bilmir.

Gözləri yol çəkir bəlkə sərçənin

Onunçun gedəmmir, o qaça bilmir.

 

Əllərin cibində gizlədir o qız

Çəhrayı papağı qarla örtülüb

Kimsəsiz küçədə baxır saata

Bilinmir bu şəhər yatıb ya ölüb?!

 

Boz sərçə yuxarda, o qız aşağıda

Gəlməli olanlar qayıtmır nəsə.

Budaq xışıltısı gəlir agacdan

Sərçə sakitcə çevrilir səsə.

 

Qızın gözlərində gülüş yaranır

Əlini yelləyir baxdığı yerə.

Budaqda sərçələr nəğmə oxuyur

Qar da dua kimi yağır şəhərə...

 

Qara çanta

 

Bu neçənci kitabdır, bitirirəm qatarda,

Metro iyi hopubdur bütün kitablarıma.

Sol çiynimdən asdığım balaca, qara çanta

İsti mənzil olubdur bütün kitablarıma.

 

Yaşayıbdır kirayə neçə dahi yazıçı

Mənzil edib özünə bu balaca çantanı.

Səhər dayanacaqda vərəqləyib Kamyunu

Axşam ucuz kafedə bitirmişəm Kafkanı.

 

Soyuq qatar kupesi, ya otel otağıdır,

Bomboz divarı olan sükut dolu türmədir.

Anasız şair üçün sevgili qucağıdır

Yazarların qorxusuz yaşadığı ölkədir.

 

Qış günü küçələrdə veyillənəndə külək

Addım-addım yeriyib sarılmışam çantama.

Bir dost xəyanətindən sızıldayanda ürək

Kimsəsiz uşaq kimi qısılmışam çantama.

 

Kitabların dərdini, yükünü daşımaqdan

Günü-gündən elə bil qaralır qara çanta

Zəncirbəndi ilişir, didilibdi dərisi

Köhnəlmir, müdrikləşir, qocalır qara çanta

 

Özüm yorulmuşam,

                        usanmışam, bezmişəm,

Vaqiftək istəyirəm bir uzaq yaşıl ada...

Yoxa çıxsam vaxtsa

                        sən qorxma, gizlənmişəm

Sol çiynimdən asdığım bu balaca çantada...

 

Pərviz SEYİDLİ

 

Ədəbiyyat qəzeti.- 2017.- 25 noyabr.- S.5.