Hansı Avropa?..
Emil Zolyaya görə
mədəniyyət Şərqdən
Qərbə doğru tədricən hərəkət
edib. Çindən başlayıb
Hində, Hinddən Fərat və Dəclə vadilərinə,
buradan qədim Misirə, Misirdən Yunanıstana, Yunanıstandan
Romaya, Romadan Avropanın başqa ölkələrinə, Avropadan
da Amerikaya keçmişdir. Zolyanın "Roma" əsərinə istinadən
Əli bəy Hüseynzadə yazırdı
ki, mədəniyyət
bəzi istisnalarla bir ölkədən digərinə keçdikcə
irəlisi abad və gerisi viran olur, tərk
etdiyi ölkə isə bir növ
mədəniyyət məzarlığına
çevrilir.
Mədəniyyətin isə hərəkəti dayanmır... Elə buna görə
də dünyada heç bir insan ayrıca nə şərqli, nə də qərblidir.
Nobel mükafatı laureatı Moris Metirlinkə görə
"insanın beynində
bir Şərq, bir də Qərb
köşəsi vardır".
Əgər belədirsə, o zaman dünya ədəbiyyatı yalnız
Qərb ədəbiyyatı
mənasında anlaşılmamalıdır.
Bugünkü Avropa Böyük Fransız inqilabının
bəhəridir. Böyük Fransız inqilabına
gedən yol isə Avropa intibahından qaynaqlanıb.
Avropa intibahının da beşiyi başında Əndəlusdakı Toledo, Kordova
mədrəsələri dayanırdı.
Avropanın yüksəlişi Əndəlus mədrəsələrinin
İslam elmini Qərbə yaydıqları
dövrdən etibarən
başlamışdı.
Dünyalarca məşhur "Elm tarixinə giriş" əsərinin müəllifi
Sarton Antik çağdan XIV yüziləqədərki
dövrdə elmlərin
inkişafının tarixi
bölgüsünü aparmış,
elm minilliyini yarıməsrlərə
bölərək, hər
əlli ildən bir dünya intellektualının liderini
müəyyənləşdirmişdi. Bu bölgüyə əsasən e.ə.
450-400-cü illər Platon
dövrüdür. Platon dövrünü
Aristotel, Evklid, Arximed dövrü təqib edir. Miladdan sonra 600-700-cü illər Çin alimlərinin payına düşür, 750-1100-cü ilə
qədərki dövrlər
isə Cabir, Xarəzmi, Razi, Məsudi, Səfa, Biruni, Ömər Xəyyam çağları,
yəni Georgi Sartona görə, dünya elminin qızıl çağlarıdır...
Fransız oriyentalisti və
tarixçisi Rene Qrusse
isə Fərabi, İbn Sina, Qəzali Platona və Aristotelə bağlıdır deyə,
ərəb fəlsəfəsini
də Qərb fəlsəfəsinin varisi
hesab edir. Amma o da var
ki, bugünkü qürurlu Avropa Aristoteli də İbn Rüştün vasitəsilə tanınmışdı...
Sonralar Şərqdə baş vermiş qərbləşmə
hərəkatından öncə
XIX yüzilin əvvəllərində
yenə də Qərbdə Şərq mədəniyyətinə bir
heyranlıq vüsət
almışdı. "Bu gün hər zamankından daha çox Şərqlə məşğul oluruq.... 14-cü Lüdovikin
əsrində (yəni
XVII yüzildə - A.T.) hər
kəs yunan mütəxəssisi idi, indi isə hər
kəs şərqiyyatçıdır"
söyləyən Viktor Hüqo
"Les Orientales" - "Şərq motivləri"ndə:
"Şərqin rəngləri
sövq-təbii olaraq
fikirləri, xəyalları
boyadı" deyirdi. Dünyanın hər yerində
ədəbiyyatın ruhu,
Şpenqlerin təbirincə
desək, antik çağın Apallon ruhu ilə, Şərq magizminin, Qərb Faustanəliyinin qovşağında cərəyan
edir. Ancaq hər zaman
belə olmur. Luis de Kamoensin "Luziadlar" əsəri də ədəbiyyatdır,
hətta ispan intibahının ən parlaq nümunəsidir.
Dünya
ədəbiyyatı faktıdır.
Amma "ey avropalılar, ey xristianlar... bir-birinizlə
birləşib türklərə
hücum edin!.. Ən müdhiş,
ən öldürücü
vəsaitlə türklərin
başına bir bəla kəsilin! Və gözəl Avropanın mədəniyyəti
ortasında artan türk irqini, Kaspi dağlarının və soyuq Skitiyanın
ən ucqar dərinliklərinə qədər
dəf edin... Bu zalım, bu
hissiz və mərhəmətsiz xalqa acımayın!" deyə
yazan və bütün xristian dünyasını erməniləri
"vəhşi" türklərin
zülmündən xilas
etməyə səsləyən
bir ədəbiyyatın
"qan qoxumayan tək dastan"ı (Kine) Avropada olduğu kimi, bizdə də dünya ədəbiyyatının
parlaq nümunəsi sayıla bilərmi? Baxmayaraq ki, Kamoens bəzən
hətta Homerlə müqayisə edilir, ona bənzədilir. Hətta "bir qitənin deyil, bütün qitələrin,
yəni əbədiyyətin
fatehi" (C. Meric) adlandırılır... Fəqət, "Luziadlar" dünya ədəbiyyatı çərçivəsində
həm də bizim ədəbiyyatımız
sayıla bilərmi?
Məncə, sayılmamalıdır.
Kamoensdən 500 il sonra həmin Skitiyanın ucqarlarında
doğulan Çingiz Aytmatov dünya ədəbiyyatı faktını
29 yaşında Böyük
Çöldəki böyük
məhəbbətin timsalında
yaratdı. 29 yaşlı
yazıçının ədəbi
zehniyyəti dünya ədəbiyyatı adlandırılan
məkanı, az qala, bir göz qırpımında
fəth etdi. Danyar bizlərə Məcnundan daha yaxın, Cəmilə avropalılara
Cülyettadan daha doğma oldu. Bunu "hər halıyla öyünən,
qürurlu və məğrur Parisdə"
"Cəmilə"ni mütaliə
və tərcümə
edərkən "Romeo ilə
Cülyettanın... "xəyalları gözlərinin
önündən bir anda silinib gedən"
Lui Araqon da sezdi. Çünki
Cəmilə ilə Danyarın sevgisini yaradarkən Çingiz Aytmatov Afroditanın və Dionisin eşqanə və sərməst cazibəsinə
uğramadı, Olimpə
yüksəlmədi, Avropadakı
ədəbi təmayüllərə
bəlkə də etina etmədən öz ədəbiyyatının
ruhuna - Çölə,
Çöldəki insanın
içinə, içindəki
sevgiyə endi.
Mədəniyyət əbədi dövriyyədədir. Əli bəy Hüseynzadə
1927-ci ildə Orhan Seyfi Orhona verdiyi
bir müsahibəsində
deyirdi ki:
"Bən Asyayi-Vustada (Orta Asiyada) yunan
mədəniyyətinə bənzəyən
bir mədəniyyət
bulunmuş olduğunu
1915-ci ildə Berlinə
səyahətlərimdən birində Lukovdan duymuşdum... Yusuf Akçura ilə bəni Forges Museumu gəzdirərkən Asyayi-Vustada
bulunmuş bir heykəl göstərdi.
Bu heykəl
çox mütənasib,
çox sənətkaranə
yapılmışdı. Yunan
heykəllərini o qədər
andırıyordu ki, müsyö Lukova:
- Əcəba, oralara
o zamanlar yunan mədəniyyəti təsir
etmiş olmasın? - dedim. Lukov həyəcanla cavab verərək:
- Xeyr, - dedi. Bu,
orada müstəqil və yunan mədəniyyəti
ilə əlaqəsi olmayaraq peyda olan bir mədəniyyətin
əsəridir. Türküstanın
ötəsində, Çinə
doğru olan o çöllərdə biz hər
addımda böyük
bir mədəniyyətin
asarına rast gəliyorduq.... Yunanları mavi gözlü
olaraq təsvir etməzlərmi? Oradakı türklərin
bir qismi də mavi gözlü
imiş.
Lukov bizi bu heykəldən sonra bir divar
parçasının önünə
gətirdi. Böyük bir divar.
Orta Asiyadan söküb gətirmişlər. Bu divarda bir freska
təsvir ediliyor.
Və bu freskadakı insan rəsmləri də mavi gözlü
idi. Lukov bu freska haqqında
məlumat verərkən:
- Görüyorsunuz ki, - dedi - Avropanın o zamankı freskalarından heç də geri deyildir. İştə Asyayi-Vustada yunan
mədəniyyətinə bənzəyən
bir mədəniyyət
bulunmuş".
Heykəl, freska yaradan bir mədəniyyətin şübhəsizdir ki, elə o miqyasda bir ədəbiyyatı da olmalıydı. Əgər
Zolyanın dediyi kimidirsə, demək ki, yunan mədəniyyətinin
dan qızartısı
öncə Orta Asiya steplərində, Kamonesin ikrahla "qaranlıq ucqarlar" adlandırdığı Skitiyanın
dərinliklərində görünməyə
başlamışdı.
XX əsri Avropanın
qürubu kimi təsnif edən Şpenqlerdən sonra fransız filosofu Reno Genonun gələnəksəl,
tradisionalist görüşə
görə, modern Avropa
xəstədir. Genon qürub edən
Avropanın səmtini
Şərqə - təsəvvüf
dünyasına, sufizmə
doğru yönəltmək
istədi. Amma bütün
izmlərə sevgiylə
qucaq açan Şərq dünyası
(və təkcə Şərq deyil, Qərbin özü də) Genonun təlim etdiyi tradisonalizmə başqa izmlərə göstərdiyi
ilgi və iltifatı göstərə
bilmədi. Halbuki Genondan öyrənəcəyimiz
çox şeylər
vardı. Çağdaş ədəbiyyatda dünyanın,
insanın metafizik, ezoterik aspektlərdən incələnməsi Genon fəlsəfəsinin iştirakı
olmadan bəlkə də heç mümkün deyil.
Bu günün dünya ədəbiyyatını sufizmlə
sürrealizmi, tezislə
antitezisi çulğaşdıran,
sintez edən Adonis yaradır...
XX yüzilin 20-ci illərində
Şərq modern ədəbiyyat
yoluna irfandan (mistisizimdən), Qərb isə kosmopolitizmdən çıxdı. Coys və Ezra Pound, təxminən
oxşar taleli Cibran Xəlil və Cavid...
Şərqin irfandan ayrılışı,
təsəvvüfdən qopuşu,
ədəbiyyatda modernizmin
gəlişməsi ilə
deyil, ədəbiyyatın
qərbləşməsi ilə
səciyyələndi. Qərb ədəbiyyatında
Dünya İnsanı
doğulurkən, Şərq
ədəbiyyatında Kamil
İnsan qürub etdi.
Azər TURAN
Ədəbiyyat qəzeti.- 2017.-
25 noyabr.- S.6.