Orxan Vəlinin Nahit
xanıma məktubları
Nahit Gelenbevi Fıratlı Damar (1909-2002) türk ədəbiyyatındakı bir çox şairlə (Can Yücel, Səbahaddin Ali, Edip Cansever, Necib Fazil Kısakürek, Cahit Sıtkı Tarancı, Orxan Vəli, Ece Ayhan, Turqut Uyar, Cemal Süreya) qurduğu yaxın dostluq və sevgi münasibətləri ilə tanınmışdır. Ədəbiyyat tarixinə isə Orxan Vəli ilə yaşadığı əfsanəvi eşq münasibətilə daxil olmuş, yaddaşlara "Orxan Vəlinin sevgilisi Nahit xanım" kimi hopmuşdur. Aralarındakı münasibət 1950-ci ildə şairin ölümünə qədər davam etmişdir. O, həm də Orxan Vəlinin şeirlərinin ilk oxucusu idi. Şair "Eşq rəsmi keçidi" adlı məşhur şeirində də məhz Nahit xanımı təsvir etmişdir:
"Hiç birine bağlanmadım
Ona
bağlandığım kadar
Sade
kadın değil, insan
Ne
kibarlık budalası
Ne malda
mülkte gözü var
Hür
olsak der
Eşit
olsak der
İnsanları
sevmesini bilir
Yaşamayı
sevdiği kadar."
***
Nahitim!
İstanbul olduqca gözəl şəhərdi. Amma mənim nəzərimdə
gözəl və çirkin şəhər yoxdur. Sadəcə, sənin olduğun, sənin
olmadığın şəhər anlayışı var. Belə
ki, son məktubunda mənim Ankaraya gəlməyim haqqında
danışarkən yəqin ki, nə vaxtsa mütləq gələcəyimi
vurğulayırsan. Ankaraya qarşı
xüsusi rəğbətim olmasa da, bu dediklərini
oxuduğum andakı halımı təsəvvür edə
bilməzsən. Səni görmək
üçün hansısa şəhərə gəlirəm,
görürəm və ömrümün sonuna qədər mənim
yanımda olursan. Çox əcaib, amma
çox xoş hissdir bu.
Həyatımda çoxlu sayda sevincli günlərim olub. Fəqət
hamısından gözəl, hamısından sevincli ola biləcəyinə ümid etdiyim bircə
gün olacaq. Həmin gün səninlə, həm
də heç zaman ayrılmayacaq kimi
yaşayacağımıza inanacağım gündür.
Belə bir günün gələcəyi sənin
ağlına gələ bilməz. Doğrusu,
mənim də həmçinin. Amma həyatda
bundan başqa heç bir istəyim yoxdur. Bu
gün sənə də, mənə də qeyri-mümkün
görünən xoşbəxtlik günlərin birində
gerçəkləşərsə, bütün ömrüm
boyu baş verən itkilər üçün kədərlənməyə
həmin andan son qoyacağam. Təkcə həmin
sevinc mənə orta həddə yaşamaq üçün
kifayət edəcək. O böyük, o yeganə səadət
üçün Allaha, taleyə, ya da nəyəsə inanmaq
lazımdırsa, inanmaq istəyirəm. Səni nə çox
sevirəmmiş... Sənə nə qədər
bağlı imişəm, heç demə bütünlüklə
səndən ibarət imişəm. On ildən bəridir
sənin üçün az qala dəli
olduğum vaxtlar olub. Bütün bunlara baxmayaraq, səni sevmək
üçün bu on illik zaman nə qədər az imiş - indi başa düşürəm. Bəlkə bu məktublarım, bu sətirlərim sənə
qəribə gəlir. Amma əmin ol,
azacıq da mübaliğə etmirəm. Əksinə,
könlümdəkilər yazdıqlarımdan daha
böyük, daha əzəmətlidir. Bəzi
zamanlar, ən çox da kədərli anlarımda səni niyə
tanıdım deyə düşünür, əsəbiləşərdim.
İndi də eyni şeyi düşünür,
amma başqa duyğular yaşayıram. Yaxşı
ki, səni tanımışam. Səni
tanımasaydım, həyatımda bu cür sevgi olmasaydı, həyatım
boşluqla dolu olacaqdı. Həmin
boşluqdan ancaq öz içimdəki sevmək qabiliyyəti
ilə qurtula bilməzdim. Çünki
heç kəsi səni sevdiyim qədər sevə bilməzdim.
Heç kim sənin qədər gözəl,
sənin qədər yaxşı, sənin qədər mükəmməl,
sənin qədər mənim ola bilməzdi. Bu kəlmələr
duyub düşündüklərimi o qədər adiləşdirir
ki, təsəvvür belə edə bilməzsən. Bayaq Allaha inanmaq haqqında danışdım. Allaha inanan insanların necə
inandıqlarını, necə sevdiklərini bilirik. Hər halda mən səni daha çox sevirəm.
Daha çox da inana bilərəm.
Yeni şeirlər yazıb-yazmadığımı
soruşursan.
Olsaydı, göndərərdim. İnsan bəzən bu cür susqunlaşır.
Eyni zamanda şeir haqqında düşünmədiyimi də
deyə bilmərəm. Bu yəqin ki, daha böyük bir dövr
üçün hazırlıqdır. Yaxın
günlərdə yeni şeirlər yazacağıma ümid
edirəm. Onsuz da son şeirlərimi yazarkən
də böyük bir həmləyə
hazırlaşırdım. Hələlik əlimdə
başqa bir iş var. "Varlık" yayınları
üçün Fransız şeir antologiyası
hazırlayıram. Bu səbəbdən də
ancaq ədəbiyyat tarixinə dair kitablar oxuyuram. Buna
baxmayaraq bu iş məni şeirdən uzaqlaşdıra bilməz.
Əksinə, fransız şeirlərini oxuduqca
mütəmadi olaraq şeir haqqında düşünürəm.
Nahitim, məktubu evə yollayarsan. Çünki
İstanbula gedə bilmirəm. Hər
gün getmək baha başa gəlir. Qazanc
mənbələrim məhdudlaşıb. Halbuki
İstanbula məktub gəlmiş olduğunu
düşünüb onu ala bilməməyə məhkum olmaq
böyük əzabdı. Ehtiyat üçün sənə
ev ünvanımı yazıram.
… Məni sevindirəcək, xoşbəxt edəcək
xəbərlərini gözləyirəm. Səni
unuda bilmirəm. Sənsiz dayana bilmirəm.
Orxan Vəli
15 iyul
1947
***
Nahit!
Bir həftədən çoxdur sənə məktub
yazmışam. Bu günə qədər cavab
alacağımı düşünürdüm. Bəlkə susqunluğun incikliyindəndir. Elədirsə, çox mütəəssir olaram.
Çünki zənnimcə, sənin məktublarına
ehtiyac duyduğumu demişdim.
Deyəsən, Ankaraya gəlməyimin bəzi şərtlərlə
mümkün olduğunu yazmaqla səni müşgül vəziyyətə
salmışam. Bəlkə də bu səbəbdən
yazmamısan. Amma nə lüzum var ki? Mənim Ankaraya gəlməyim
vacib deyil axı. Yəni burada qalsam, mənimlə
dostluğun davam edə bilməz? Dostluq
dedikdə yoldaşlığı nəzərdə tutmuram.
Əvvəldən bəri mövcud olan
dostluğumuz. İnan ki, dünyada
heç nədən zövq ala bilmirəm. Bütün bu əzablı günlər içində
ancaq səni axtarıram. Bir müddət
buna dözərəm. Bilirəm, bu
heç cür düzəlməyən bədbin hava artıq
səni bezdirib.
Amma nə edim, dəyişə bilmirəm. Bu cür zəif
iradə ilə həyatdan zövq ala bilmək ancaq
möcüzə sayəsində mümkün olacaq. Mən əsgərlikdə olarkən bir məktub
yazmışdın. Məktubda "Bəs
bizim möcüzə gözləməyə haqqımız
yoxdu?" deyirdin. Onsuz da deyəsən,
bizim bircə o haqqımız qalıb. Bəlkə də
bir gün bu əzablardan yorulub üsyan edərək bu cür
möcüzənin gerçəkləşməsinə nail ola bilərik. Hər halda bu məktubum
sənə çatdıqda cavab yaz, Nahit. Heç
olmazsa, bir-iki kəlmə yaz. İstəsən
məndən küs. Əvvəllər
olduğu kimi gileylən. Səsini
duymuş kimi olum.
Səndən
cavab alana qədər heç nə
yazmayacağam. Daha doğrusu, yaza bilməyəcəyəm.
Çünki həyatım hisslərimdən
ibarətdir. Nə danışa bilərəm
axı? Bilirsən, bir ildir şeir
yazmıram. Bu günlərdə bir
şeir yazdım. Onu sənə göndərirəm.
Fəqət, bunu oxuyarkən vəziyyətimi
düşünməyə çalışma. Şeir
budur: (Hələ adını qoymamışam.)
Garibim
Ne bir
güzel var avutacak gönlümü
Bu
şehirde,
Ne de bir
tanıdık çehre;
Bir tren
sesi duymaya göreyim,
İki
gözüm,
İki çeşme.
Dediyim kimi, məktubunu gözləyirəm, Nahit. Gözlərindən
öpürəm.
Orxan Vəli
(Ancaq səni
axtarıram. )
***
Canım
Nahitim!
İlk dəfədir ki, səndən məni məmnun edən
məktub aldım. Xəstəliyinə görə isə kədərləndim.
Amma madam ki, sağalmısan, rahatam. Keçmiş olsun. Sənə məktub
yazmağımı "zəhmət çəkmək"
kimi hesab etməyinə heyrətləndim. Düşünürəm
ki, keçən dəfəki məktubumda vəziyyətimi
izah etmişdim. Məni yuxuda görmüsən
- sevindim. Demək, hərdən də olsa
məni düşünürsən.
Qəm-qüssəmi sıxıntılı olmağıma
yozursan, amma bu sıxıntının səbəbi sevgi deyil. Hər dəfə
vurğuladığım kimi, "sevgi" dedikdə səndən
başqa heç kim haqqında
düşünə bilmirəm. Aşiq
olub-olmadığını soruşduqları zaman "bəli"
deyə cavab verməyinə nə məna verəcəyimi
bilmirəm. Bəlkə də həmin
cavabı verdiyin insan bunu özünə
ünvanladığını düşünüb.
Sualı verənin kim olduğunu bilsəm,
bir nəticəyə gələrdim yəqin.
Fehamet xanımın evində şeirlərimi
oxumağında pis heç nə görmürəm. Əleyhimə
danışan kimlər idi? Bu sualı əleyhimə
danışmalarını mühüm hadisə hesab etdiyim
üçün soruşduğumu düşünmə.
Səbahaddin (Ali) burada nə vaxta qədər
qalacaq? Hər halda gəldiyi zaman görərəm.
Yəqin ki, aramızda narazılıq yaradan
heç nə baş verməyib. Sevgi məsələsindəki
fikirləri ilə məni səndən
uzaqlaşdırması məsələsinə gəldikdə,
heç də elə olduğunu düşünmürəm.
Məni heç kəs səndən
uzaqlaşdıra bilməz.
Kitabımın çap olunduğunu yenə
başqalarından eşitmisən. Amma yenə səhv
eşitmisən, çünki kitabım (yeni kitabım) hələ
bu gün çıxır. İlk nüsxəni
dünən axşam götürüb sənin
üçün imzalamışam. Bu
gün bu məktubla birlikdə poçtla göndərəcəyəm.
İt-bat olmaması üçün
ayrılıqda göndərmək istəyirəm. Belə
olan halda ola bilər ki, məktubumdan bir
gün sonra gəlib çatsın. Nəfis
hazırlanması xüsusundakı istəyin xoşuma gəldi.
Nəşr işləri ilə özüm məşğul
oldum, yaxşı alınması üçün
çalışdım. Zənnimcə,
çox pis deyil. Sənin xoşuna gələcəkmi,
bilmirəm. Fikrini öyrənmək istərdim.
Haralarda çap olunduğumu soruşursan. Bir-iki yerdə - "Varlıq", "Tanin",
"Zincirli hürriyyət"də. Sonuncunun
ilk nömrəsi bu gün İzmirdə çıxacaq.
Amma deyəsən, "Tanin"lə
yollarımı ayırmalı olacağam. "Məmləkət"
qəzetinə yazmağımı istəyirlər.
"Tanin" az pul verir. Yaxşı ki,
ora üçün az yazmışam - cəmi
iki yazı. Məndən çox şey gözlədiyini
deyirsən. Bu günlərdə şeirdə
yenilik etməyi mən də istəyirəm. Zənnimcə, son günlərdə
yazdığım şeirlər o qədər də pis deyil.
Bununla belə, daha böyük, daha möhkəm
təkan lazımdı. İnşallah,
olacaqdır.
Məni görmək istəyinə həm sevinir, həm
də kədərlənirəm. Mənim səndən
ötrü nə qədər darıxdığımı təsəvvür
belə edə bilməzsən. Ağlımda,
fikrimdə ancaq sənsən. Sənsiz
yaşamaq mənə həqiqətən çətin gəlir.
"Bir çarə fikirləş" deyirsən.
Elə bilirsən, fikirləşmirəm? Ancaq o barədə düşünürəm.
Neçə dəfə "Mənə səni daha çox
hiss etdirəcək nəsə göndər" dedim, amma göndərmədin. Həsrətlə
öpürəm.
Orxan Vəli
Türkcədən
uyğunlaşdırdı: Xatirə NURGÜL
Ədəbiyyat qəzeti.- 2017.- 25 noyabr.- S.7.